![]() |
|
Netanyahunun beş gün davam edəcəyi deyilən Bakı səfəri ABŞ-İran nüvə diplomatiyası, eləcə də Əliyev, Ərdoğan və Suriyanın keçid rəhbərliyi arasında pərdəarxası təmaslar fonunda baş tutur; Azərbaycan yeni yaranan regional təhlükəsizlik arxitekturasının mərkəzində...
İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunun da mayın 7-də Azərbaycana gəlməsi gözlənilir. “Yeni Müsavat” İsrail mediasına istinadla xəbər verir ki, Netanyahunun Azərbaycana səfərinin 5 gün davam edəcəyi deyilir.
Yəni səfərin mayın 11-dək davam edəcəyi bildirilir. Eyni zamanda mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi xəbər verilir. Maraqlıdır, eyni vaxtda həm Netanyahu, həm də Ərdoğan Bakıda olacaqlar. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a açıqlamasında liderlərin paytaxtımızda bir araya gəlməsini mümkün sayıb: “Ərdoğan və Netanyahunun görüşü istisna olunmur. Güman ki, geniş müzakirələr olacaq. İsrail üçün Türkiyənin mövqeyi çox vacibdir. Ələlxüsus ona görə ki, artıq İsrail və İran arasında ciddi toqquşma ehtimalı çox yüksəkdir. Bu vəziyyətdə Türkiyənin mövqeyi olduqca vacibdir. Ona görə İsrail istər-istəməz Türkiyə ilə bu və ya digər şəkildə məsələləri həll etməlidir”.
Bir neçə mənbə həmçinin Bakıda qapalı İsrail-İran münasibətlərinin müzakirəsini də istisna etmir. İsrailli iranşünas və jurnalist Mixail Borodkin Pressklub.az-a açıqlamasında bu ehtimal üçün heç bir əsas görmür: “Əlbəttə, İsrail münasibətləri normallaşdırmaqdan məmnun olardı. Çünki bu qarşıdurmanı 1979-cu il inqilabından sonra hakimiyyətə gələn yeni Tehran rejiminin özü, heç bir əsas olmadan, tamamilə ideoloji səbəblərlə başladıb. Həmin rejim elan etdi ki, İsrail onun əsas düşmənidir və məhv edilməlidir. O vaxtdan bəri İran rejimi bu məqsədə çatmaq üçün fəaliyyət göstərir. Ona görə də normallaşma üçün Tehranda mövcud olan yanaşmanın dəyişməsi lazımdır, bu isə yalnız rejim dəyişərsə mümkündür”.
Onun sözlərinə görə, Netanyahunun Bakıya səfəri, ilk növbədə, İsrail və Türkiyə arasında gərginliyin azaldılması üçün Azərbaycanın vasitəçiliyi ilə aparılan danışıqlar və Azərbaycanın ABŞ-ın patronajı altında “Avraam Sazişi”nə mümkün qoşulması ilə bağlıdır.
Yeri gəlmişkən, ötən həftələrdə Bakıda Türkiyə və İsrail nümayəndələrinin görüşü olub. Netanyahunun ofisi bu görüşü təşkil etdiyi üçün Azərbaycan rəhbərliyinə minnətdarlıq edib. İki il əvvəl də tərəfləri barışdıran tərəf Bakı olub. Bu mənada Ərdoğanla Netanyahunun görüşünü təşkil etməkdən Azərbaycan məmnun olardı. Üstəlik, belə bir dialoq dünyanın diqqət mərkəzinə düşəcək hadisəyə çevriləcək. Lakin Qəzza bölgəsində dinc əhalinin hücumlar nəticəsində həlak olduğu, Türkiyə liderinin yəhudi baş nazirinin ünvanına ağır ifadələr işlətdiyi bir zamanda onların bir araya gəlməsi inandırıcı görünmür.
Rüstəm Tağızadə
Yaxın Şərq siyasəti üzrə araşdırmaçı, politoloq Rüstəm Tağızadənin sözlərinə görə, Azərbaycanın Suriya üzrə dayanmış İsrail-Türkiyə dialoqunun vasitəçisi kimi rolu ön və mərkəzdədir. Onun fikrincə, İsrailin Suriyadakı İran və müvəkkil hədəflərinə təkrar zərbələr endirməsindən sonra Ankara və Təl-Əviv qarşılıqlı şübhələr içərisində qalıblar: “Hama və Hələb ətrafında əməliyyatlar sabitliyi poza bilər. Bakı texniki danışıqlara və elçilərin göndərilməsinə ev sahibliyi etməklə sərhəd təhlükəsizliyi, hava məkanında ziddiyyətlərin aradan qaldırılması və Türkiyə bazalarının gələcəyinin aradan qaldırıla biləcəyi neytral zəmin təklif edə bilər”.
Vasitəçilikdən başqa, enerji və müdafiə ticarətinin tərəfdaşlığın əsasını təşkil etdiyini deyən politoloq hesab edir ki, Azərbaycan İsrailin neft idxalının 60 faizindən çoxunu hətta regional böhranlar zamanı açıq qalan marşrutlar vasitəsilə təmin edir: “Bunun müqabilində İsrail müdafiə şirkətləri Bakıya dəqiq idarə olunan hərbi sursatlar, pilotsuz təyyarələr və kibertəhlükəsizlik sistemləri satırlar. Bu, Azərbaycanın İran və Ermənistan qarşısında əlini gücləndirən imkanlardır. Netanyahunun səfərinə, şübhəsiz ki, yeni satınalma memorandumları və aerokosmik və enerji infrastrukturunda birgə müəssisə elanları daxil olacaq, bu da iki ölkəni yüksək paylı qarşılıqlı asılılıqda bağlayır”.
R.Tağızadənin zənnincə, ən təsirli ölçü ortaya çıxan anti-İran oxudur: “Azərbaycan İranın şimal-qərbi ilə həmsərhəddir, burada Tehran uzun müddətdir etnik azərbaycanlılar arasında nüfuz əldə etmək istəyir. İranın Qüds Qüvvələrinin günahlandırdığı Azərbaycan torpaqlarında təkrar-təkrar qarşısı alınan terror planları Bakı və Qüds arasında ortaq təhlükəsizlik təhdidləri anlayışını formalaşdırıb. Eyni zamanda Tehrana hər hansı təcavüzün şimaldan və cənubdan koordinasiyalı cavab tədbirləri riskinin olduğunu göstərir. Beləliklə, Netanyahunun Bakıda olması İranın regional ambisiyalarını cilovlamaq üçün İsrailin daha geniş strategiyasında de-fakto şimal cəbhəsini təsdiq edir”.
Politoloqun bildirdiyinə görə, Tramp üçün bu səfər xatırladır ki, Azərbaycan və Cənubi Qafqaz Yaxın Şərq siyasətində diqqətdən kənarda qala bilməz: “ Stiv Uitkoff kimi ABŞ nümayəndələri artıq Bakının Tehranla nüvə danışıqlarında vasitəçi roluna işarə ediblər. Netanyahunun öhdəliyi Azərbaycanın İranla etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı təkliflərinə ağırlıq əlavə edir. Netanyahunun səfəri Omanda yenilənmiş ABŞ-İran nüvə diplomatiyası və Əliyev, Ərdoğan və Suriyanın keçid rəhbərliyi arasında pərdəarxası təmaslar fonunda baş tutur. Azərbaycan özünü "İbrahim Sazişləri"nin elementlərini, Şanxay Əməkdaşlıq Təşkilatının təhlükəsizlik dialoqlarını və NATO-nun Qara dəniz cinahındakı strateji maraqlarını birləşdirən yeni yaranan regional təhlükəsizlik arxitekturasının mərkəzində yer alır. Bakının bu paralel yollara ev sahibliyi etməsi - İsrail-Türkiyə-Suriya danışıqlarından tutmuş ABŞ səfirlərinin səfərlərinə qədər - onun münaqişələri idarə edə və böyük dövlətlərin rəqabətini kinetik toqquşmalardan daha çox institusional forumlara yönləndirə biləcək çoxtərəfli çərçivə yaratmaq ambisiyasını nümayiş etdirir”.
Ekspertə görə, Netanyahunun Bakı səfəri dərhal nəticə verəcək - silah müqabilində yeni enerji sövdələşmələri, birgə təlimlər haqqında memorandumlar və ola bilsin ki, Azərbaycanın "İbrahim Razılaşmaları"nın iqtisadi ölçüsünə baş vurması və daha dərin gəlir geosiyasi nəticələr verə bilər: “Azərbaycan Avrasiyanın vasitəçilik mərkəzi rolunu möhkəmləndirir. Türkiyə İsraillə soyuq münasibəti azaltmaq üçün üz-üzə qənaət yolu qazanır və ABŞ bir vaxtlar təbii qəbul etdiyi bölgədə təsir rıçaqlarını saxlayır. Ən nəhayət, Netanyahunun bu səfərlə Bakıdakı missiyası Yaxın Şərq-Qafqaz əlaqəsində yeni cəbhə yaratmaq üçün enerji, təhlükəsizlik və diplomatiyadan istifadə etməklə böyük bir strateji oyundur. Bu, Azərbaycanın çoxqütblü rəqabətin əvəzsiz döngəsi kimi yüksəlişini vurğulayır və regional nizamın növbəti mərhələsinin təkcə böyük dövlətlərin paytaxtlarında deyil, Azərbaycanın paytaxtında yazılacağına işarə edir”.
İrəvandakı ruspərəst qüvvələr indidən müxalifəti birləşməyə çağırır; Nikolu kritik seçki sınağı gözləyir - iki fərqli proqnoz
Erməni mediası Nikol Paşinyanın növbəti parlament seçkilərinə hələ il yarım qalmasına baxmayaraq, artıq öz seçki siyahısını formalaşdırmağa başladığı haqda yazır. “Hraparak” nəşri qeyd edir ki, hakimiyyət dəfələrlə növbədənkənar seçkilərə getməyəcəyini bildirib. Məlumatda deyilir ki, siyahı tərtib edilərkən ciddi kriteriyalar tətbiq edilməyəcək, həlledici amil yalnız Mülki Müqavilə Partiyasının liderinin iradəsi olacaq.
Mənbələr bildirir ki, hazırkı deputatların bir çoxu yeni siyahıya düşməyə bilər və parlamentdəki “Mülki Müqavilə” fraksiyasının hazırkı tərkibinin təxminən 80%-i dəyişdiriləcək.
"Nikol Paşinyan erməni seçicisini növbəti dəfə çaşdırmaq və onun səsini almaq, onu yeni kadrların köhnələrin həll etmədiyi problemləri həll edəcəyinə inandırmaq üçün çox da tanınmayan şəxslərdən ibarət tamamilə yeni siyahı təqdim etmək istəyir. Yeri gəlmişkən, onların “Real Ermənistan” adı altında çıxış edəcəkləri barədə şayiələr var", - “Hraparak” yazır.
“Ermənistan əhalisinin təxminən 80%-i indiki hakimiyyətin siyasətini dəstəkləmir. Hesab edirəm ki, 2026-cı ildə "Mülki müqavilə"nin öz hakimiyyətini davam etdirməsi ehtimalı praktiki olaraq qeyri-realdır". “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan belə deyib. Onun sözlərinə görə, seçkilər zamanı hakimiyyətin istifadə edəcəyi hiylələrə, qanun pozuntularına baxmayaraq, onların əksəriyyətin səsini qazanması mümkün olmayacaq. “Hakimiyyətin demək olar ki, hər gün müstəqil və şəffaf seçkilər keçirdiklərini bəyan etmələrinə baxmayaraq, reallıq tamamilə bunun əksidir”.
Bu arada Ermənistanın sabiq prezidenti Robert Köçəryan müxtəlif siyasi qüvvələrə birləşməyi təklif edib. “Bəli, görürəm ki, konkret məqsəd ətrafında birləşmək olar”, - Robert Köçəryan Ermənistan Universitetinin tələbələri və müəllimləri ilə görüşündə belə deyib.
“Bu, bizim birləşmə deyərkən nəyi nəzərdə tutmağımızdan asılıdır. Əgər bununla bütün müxalifətçiləri toplayıb "hamı birlikdə" demək istəyiriksə, bu baş verməyəcək. Gəlin, özümüzü aldatmayaq. Məncə, ümumi məqsəd güdmək, oyun qaydalarını müəyyən etmək, bir-biri ilə danışıqlar aparmaq realdır. Uğur qazananlar koalisiya yaradıb birgə işləməlidirlər", - deyə Köçəryan bildirib.
Eks-prezident əlavə edib ki, 15 və ya 20 birləşmədən ibarət ittifaq yaratmaq qeyri-realdır, nəticə verməyəcək və özünü aldatmağa dəyməz. “Xoş arzular həmişə işlək düstur olmur”, - deyə Köçəryan bildirib.
Keçmiş dövlət başçısının birlik mesajı çox güman ki, mümkün növbədənkənar seçkilərə hesablanıb. Çünki Köçəryan növbəti seçkilərdə qalib gəlmək şansının mümkünsüz olduğunu bilir. Son rəy sorğuları Köçəryanın siyasi reytinqinin 2 faiz civarında olduğunu göstərir. Bu göstərici ilə eks-prezident və onun hazırkı parlamentdə təmsil olunan “Ermənistan” fraksiyası 5 faizlik barajı keçə bilməz. Köçəryan bu birliyi ittifaq şəklində təsvir edir. Bunun qarşılığında Köçəryan onunla birgə addımlayanlara seçkilərdə qalib gələcəyi təqdirdə koalision hökumətdə yer vəd edir. Ancaq bu birliyin heç də asan olmadığını özü də etiraf edir.
Erməni ekspertləri o fikirdədir ki, Köçəryan Moskvanın əmrlərini icra edir və Paşinyana seçkilərdə hər cür əngəl yaratmaq missiyası ona tapşırılıb. Çünki o, həm də Putinin Ermənistan coğrafiyasında ən yaxın adamıdır.
Arif İsmayılbəyli
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli Ermənistanda birləşmiş müxalifətin seçki yolu ilə qələbəsini istisna edir. Onun fikrincə, bu qüvvələrin reytinqi yerlərdə sürünür və erməni xalqı vahid müxalifətə səs verməyəcək. Bununla belə, son bələdiyyə seçkilərində Paşinyanın partiyasının yetərli səs almadığını xatırladan A.İsmayılbəyli hesab edir ki, iqtidarın da nüfuzu əvvəlki deyil: “Gümrü şəhərində kommunistlər qalib gəldi. Bu, Rusiya bağlantısı olan partiyanın qələbəsi idi. Paşinyan koalisiyaya getməli oldu. Köçəryan kommunistlərə də birləşmək üçün çağırış edə bilər. Həmçinin Daşnaksütyun partiyasının birləşmiş müxalifətdə iştirakı gözlənilir. Sadəcə, bu qüvvələr xalqın gözündən düşüb və ermənilər keçmişə - yeni fəlakətə qayıtmaq istəmirlər. Hazırda Paşinyanın komandası da güclü təbliğat aparır. Onlar ictimai rəyə təlqin edirlər ki, iqtidar Ermənistanı Avropaya aparır, müxalifət ətəyindən tutub çəkir və aşağıya, yəni vassallığa dəvət edir. Erməni xalqının belə bir seçimi olduğu nümayiş etdirilir”.
Partiya rəsmisinin fikrincə, seçkilər 2026-cı ildə keçiriləcək və erkən olmasını gözləmir: “Köçəryanın birləşmək çağırışı gələn ilə hazırlıqdan xəbər verir. Əgər Ukrayna müharibəsi o vaxta qədər qurtarsa, Rusiya Ermənistandakı tərəfdarlarını daha aktiv şəkildə dəstəkləyəcək. Moskva Saakaşvili kimi, Paşinyanı da seçki yolu ilə devirmək istəyir. Ona görə ki, hərbi variant, çevriliş mümkün görünmür. Sadəcə, Ermənistanda yeni İvanişvili olmalıdır. Məncə, Paşinyan çətinliklə də olsa qalib gələcək. Çünki Qərb onu dəstəkləyir və Ermənistanda ABŞ kəşfiyyatı iş aparır. Bu fəaliyyət QHT sektorunda xüsusi təsir gücünə malikdir. Hər şeydən ümdə isə Paşinyanın belə bir kritik mərhələdən çıxması üçün Azərbaycan və Türkiyə ilə normallaşma prosesini daha da yaxşılaşdırması qaçılmazdır”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, 2026 Paşinyan üçün həlledici il olacaq. Onun sözlərinə görə, müxalifət yeni liderlə meydana çıxa bilərsə, iqtidara ciddi başağrısı yaradacaq: “Müxalifət xərclənmiş fiqurlarla - Köçəryanla, Sərkisyanla, Saqatelyanla nəticə qazana bilməz. Paşinyan istərdi ki, rəqibləri yenə də bu şəxslərin partiyaları olsun. Amma parlament seçkilərində müxalifətin birliyi ən yaxşı halda fraksiya qurulmasına səbəb ola bilər. Bununla belə, seçkilərdə Vətəndaş Müqaviləsi Partiyası hakim olmağı bacaracaq. Ermənistanda alternativ görünmür. Paşinyanın reytinqi yüksək olmasa da, qarşısına çıxacaq ciddi rəqib yoxdur. Məncə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində indi maraqlı görünmür. Onsuz da Nikol Kremlin sözünə baxır. Hazırda ticarət dövriyyəsi 12 milyardı keçməkdədir. Rusiyaya da bu lazımdır. Sadəcə, təhlükəsizlik sahəsində bəzi addımları Moskvanın xoşuna gəlmir. Amma Ermənistan Rusiyanın əlindən hara qaçacaq ki?”
ABŞ bundan sonra Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq.
Belə bir bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus (Tammy Bruce) çıxış edib.
O əlavə edib ki, artıq Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.
"Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz belə görüşlər üçün dünyanın o biri tərəfinə uçmaq fikrində deyilik", - deyən xanım Bryus əlavə edib ki, ABŞ hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da aprelin 29-da bəyan edib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün yaxın gələcəkdə təkliflər təqdim etməlidirlər, əks halda ABŞ vasitəçi rolundan əl çəkəcək.
Suriyada druz silahlı qruplarının paytaxt Dəməşqin cənubunda başlatdığı qarşıdurma təhlükəli həddə çatdığından çoxsaylı Suriya ordusu təxribatların baş verdiyi Süveyda bölgəsinə yola çıxıb. Suriya ordusunun druz silahlı qruplarının təxribat cəhdlərinin qarşısını almaq üçün hərəkətə keçməsi isə İsrailin kəskin etirazına səbəb olub.
İsrailin xarici işlər naziri Gideon Saar beynəlxalq ictimaiyyəti druz azlığını qorumaq bəhanəsi ilə Suriyaya müdaxilə etməyə çağırıb.
İsrailin nəzarəti altında olan Colan təpələrində məskunlaşan druzların liderlərindən Şeyx Müvafak Tarif İsrailə Suriyada baş verənlərə səssiz qalmaması üçün çağırış edib.
İsrailin müdafiə naziri Yisrael Kats Suriya hökumətini druz qruplarına qarşı hücuma keçəcəyi təqdirdə Dəməşqə hücum edəcəkləri ilə hədələyib. Katz açıqlamasında deyib ki, druzlara qarşı hücumlar davam edərsə, sərt cavab verəcəklər.
İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, orduya hücum əmrini baş nazir Binyamin Netanyahu və müdafiə naziri Yisrael Kats verib.
Ekspertlərin fikrincə, İsrail druzları təxribata cəlb edib onların hüquqlarının müdafiəsi bəhanəsi ilə Suriyaya hücuma keçmək istəyir.
ABŞ dövlət katibi Marko Rubio Ukraynanın Rusiya ilə müharibədə hədəflərinə dair diqqətçəkən açıqlama verib.
“Fox News” telekanalına müsahibəsində Rubio bildirib ki, Ukrayna Rusiya Silahlı Qüvvələrini 2014-cü il sərhədlərinə geri çəkilməyə məcbur edə bilməyəcək.
“Ukrayna Rusiyanı 2014-cü ildə olduğu mövqelərə qaytara bilməyəcək”, – deyə, ABŞ rəsmisi qeyd edib.
Rubionun bu bəyanatı Qərb dövlətlərinin Ukraynaya verdiyi dəstəyin effektivliyi və gələcək strategiyalarla bağlı yeni suallar doğurub. Ekspertlər hesab edirlər ki, bu açıqlama münaqişənin diplomatik həllinə dair çağırışların artmasına səbəb ola bilər.
İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən hədəfə zərbələr endirib.
“The Times of Israel” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın yaydığı birgə bəyanatda bildirilib.
“Bu, Suriya rejiminə açıq mesajdır. Biz Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyik”, - məlumatda deyilir.
Yəmən müharibəsi planlarının paylaşıldığı “Siqnal” qrupuna “səhvən” amerikalı jurnalisti əlavə etdikdən sonra tənqid atəşinə tutulan ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uoltsun tutduğu vəzifədən istefa verəcəyi bildirilir.
Bu barədə ABŞ mətbuatı Ağ Evdəki mənbələrə istinadən yazıb.
Bildirilir ki, martın 15-də ABŞ ordusunun Yəmənə hücum planlarının sızdırılmasında əsas aktorlardan biri olan ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts vəzifəsini tərk edir.
“CBS News”un verdiyi xəbərə görə, milli təhlükəsizlik müşaviri Uolts və onun müavini Aleks Vonq vəzifələrindən gedirlər.
Ağ Ev hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Ukraynadakı müharibə tezliklə bitməyəcək.
Bunu ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News”a açıqlamasında deyib.
ABŞ vitse-prezidenti qeyd edib ki, hər bir tərəf qarşı tərəfin sülhə nail olmaq üçün hansı şərtləri irəli sürdüyünü bilir.
“İndi isə hər şey ruslardan və ukraynalılardan asılıdır. Onlar razılığa gəlməli və bu qəddar və amansız münaqişəni dayandırmalıdırlar. Yoxsa bu müharibə bitməyəcək. Bəli, ukraynalılar hücuma məruz qaldıqları üçün qəzəblidirlər. Amma onlar bir neçə mil ərazidə minlərlə əsgərini itirməkdə davam edirlər. Ümid edirəm ki, hər iki tərəf insafa gələcək. Donald Tramp XXI əsrin ən yaxşı sövdələşməsini təklif edib", - Vens qeyd edib.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) adı dəyişdirilə bilər.
Bunu ŞKTC Prezidenti Ersin Tatar jurnalist Hilmi Daşdemirə müsahibəsində deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində ölkənin adının dəyişdirilməsi barədə iddialara belə cavab verib: “Gözləntim bunun olmasıdır. Mən də bu fikirlə bağlı eyni mövqedəyəm. Federasiya dəftəri qapanıb. Artıq “Şimal” da mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”.
E.Tatar ŞKTC-nin adının Kipr Türk Cümhuriyyəti olacağını istisna etməyib.
Qiyabi pedaqoji təhsil sistemi, xüsusilə regionlarda ucuz və sürətli diplom alma vasitəsinə çevrilib
Özbəkistanda gələcək müəllimlər üçün qiyabi kurslar ləğv ediləcək, müəllimlər yalnız gündüz və axşam təhsil formaları üzrə hazırlanacaq. Bu islahat təhsilin səviyyəsini artırmaq, savadlı müəllimlərin hazırlanmasını təmin etmək üçün zərurət olub.
Məlumdur ki, Azərbaycanda da orta məktəb təhsilinin keyfiyyətini artırmağa ehtiyac var. Bunu xeyli sayda ali təhsilli müəllimin sertifikasiya imtahanlarında yetərli bal toplamaması da sübut edir.
Mütəxəssislər nə düşünür, bizim ölkəmizdə də qiyabi pedaqoji təhsil ləğv olunmalıdırmı? Bu, müəllimlərin savadına, təhsilin keyfiyyətinə müsbət təsir göstərərmi?
Təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycanda müəllim hazırlığı sistemində illərlə mövcud olan qiyabi təhsil forması bu gün təhsilin keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən birinə çevrilib. “Yeni Müsavat”a açıqlamasında ekspert bildirdi ki, bunun əlamətləri yalnız məktəbdəki nəticələrdə deyil, həm də sertifikasiya imtahanlarının nəticələrində özünü açıq göstərir: “Hesabata əsasən, 2023-cü ildə sertifikasiyadan keçən müəllimlərin təxminən 47%-i minimum keçid balını toplaya bilməyib. Ən çox uğursuzluq göstərən müəllimlərin arasında qiyabi təhsil almış şəxslərin üstünlük təşkil etməsi bu təhsil formasının keyfiyyət baxımından nə qədər ciddi problemlər doğurduğunu bir daha sübut edir. "Təhsil haqqında" Qanunun 13-cü maddəsində təhsil formaları sırasında qiyabi forma da tanınır və ali təhsil müəssisələrinə bu formada qəbul mümkündür. Lakin qanunda bu formanın xüsusilə pedaqoji sahədə hansı şərtlərlə tətbiq olunacağına dair konkret normativ çərçivə yer almır. Müəllim peşəsi digər sahələrdən fərqli olaraq, yalnız nəzəri bilik deyil, həm də praktik və pedaqoji bacarıq tələb edir. Tədrisə hazır olmaq üçün auditoriyada keçirilən dərslər, məktəblərdə praktika, laborator məşğələlər, psixoloji hazırlıq və metodoloji tədqiqatlar olduqca vacibdir. Qiyabi təhsil formasında bu komponentlərin ya sayı çox məhduddur, ya da formal şəkildə həyata keçirilir. Qiyabi pedaqoji təhsil sistemi, xüsusilə regionlarda ucuz və sürətli diplom alma vasitəsinə çevrilib. Bir çox halda bu təhsil forması əmək bazarında müəllim kimi işləmək niyyəti olmayan şəxslər üçün sadəcə sosial status, maaş əlavəsi və ya gələcəkdə başqa sahədə işləmək üçün formallıq kimi qiymətləndirilir. Bu isə dövlətin ayırdığı resursların israf olunmasına, təhsil sisteminə isə savadsız və səriştəsiz kadr axınına səbəb olur".
Dünya təcrübəsinə diqqət çəkən ekspertin sözlərinə görə, müəllim hazırlığına strateji məsələ kimi yanaşılır: “Finlandiyada müəllim peşəsi yüksək rəqabətli və yalnız magistr təhsili əsasında əldə olunur. Hər bir müəllim namizədi ilkin mərhələdə psixoloji testlərdən, pedaqoji səriştə ölçmələrindən və real sinif praktikasından keçməlidir.
Niderlandda müəllim hazırlığı yalnız əyani və tam zamanlı formada, ciddi akademik və praktik nəzarət altında aparılır.
Estoniyada müəllim təhsili universitet və məktəb arasında sıx əməkdaşlıqla, əsasən “şagird-müəllim modelində” həyata keçirilir. Bu ölkələrdə qiyabi və ya distant model yalnız müəllimlərin peşəkar inkişafı üçün, yəni artıq işləyən müəllimlərin bacarıqlarının artırılması məqsədilə tətbiq olunur. İlkin müəllim hazırlığında bu formaya yer verilmir. Özbəkistanın atdığı addım bu baxımdan diqqətçəkicidir".
Kamran Əsədov
Kamran Əsədov hesab edir ki, Azərbaycanda sözügedən modelə keçid üçün əsaslar yetərincədir: ""Təhsil haqqında" Qanuna əlavə və dəyişikliklərlə pedaqoji sahədə qiyabi təhsilin mərhələli şəkildə ləğvi qanuniləşdirilə bilər. Bu ləğv qərarı yalnız qadağa kimi yox, eyni zamanda əvəzedici mexanizmlərlə müşayiət olunmalıdır. Qiyabi pedaqoji təhsilin ləğvi müəllim peşəsinin cəmiyyətdəki nüfuzunu artıracaq. Bu, gələcəkdə ali məktəblərə pedaqoji ixtisaslara qəbul olan tələbələrin daha motivasiyalı və məqsədli kontingentdən seçilməsinə səbəb olacaq. Təhsil müəssisələri də daha məsuliyyətli davranacaq, keyfiyyətli dərs keçmək, tələbəyə real bilik vermək məcburiyyətində qalacaq. Tədris prosesinə nəzarət gücləndiriləcək, müəllim hazırlığına sərf olunan vəsait daha səmərəli istifadəyə yönələcək. Əgər bu islahat aparılmazsa, yaxın illərdə məktəblərdə savadsız və qeyri-səriştəli müəllimlərin sayı artacaq, bu da ümumi təhsil keyfiyyətinin daha da aşağı düşməsinə səbəb olacaq. Əldə olunan diplomlar formal olacaq, amma siniflərdə real bilik vermək qabiliyyəti olmayan müəllimlər fəaliyyət göstərəcək. Bu isə təkcə təhsil sisteminə yox, bütövlükdə cəmiyyətin intellektual potensialına ciddi zərbədir. Nəticə olaraq, Azərbaycan da qiyabi pedaqoji təhsilin ləğvi istiqamətində addım atmalı, ali pedaqoji təhsilin forma və məzmun baxımından yenilənməsi ilə bağlı hüquqi və institusional islahatlara başlamalıdır".