Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə

Son dövrlərdə Azərbaycanın xarici siyasətində müşahidə olunan aktivlik, xüsusilə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, həmçinin aparıcı güc mərkəzlərinin nümayəndələrinin Bakıya gəlişi, Cənubi Qafqazda geosiyasi balansın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ekspertlərin fikrincə, bu proseslər həm ölkəmizin beynəlxalq nüfuzunun artdığını, həm də regionda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllinə doğru ciddi irəliləyişlərin əldə olunduğunu nümayiş etdirir.

Məhz bu kontekstdə İrəvanla sülh sazişinin yaxın aylarda imzalanması və Zəngəzur dəhlizinin açılması ehtimalı aktuallıq qazanır. Mövcud diplomatik dinamika və regional aktorların maraqlarının üst-üstə düşməsi bu gözləntiləri daha da gücləndirir.

Yaxın zamanda sülh sazişi razılaşdırılmış mətn üzrə imzalana və paralel olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı yekun nəticə əldə oluna bilərmi?

Siyasi şərhçi Asif Nərmanlı Globalinfo.az-a açıqlamasında baş verən son hadisələrin Zəngəzur dəhlizi layihəsi və onun bir hissəsi olduğu Orta dəhlizdə güc mübarizəsinin kəskinləşdiyini göstərdiyini bildirib:

“Əsas səbəb Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-ın Orta dəhlizdəki proseslərə hələlik müdaxilə etməməsidir. Bu, o demək deyil ki, Vaşinqton ümumiyyətlə prosesdən kənarda qalacaq, əksinə, Çinlə geosiyasi rəqabət kontekstində bu bölgədə güc balansına nəzarət, Ağ Ev üçün vacib məsələdir. Sadəcə olaraq, Tramp administrasiyasının cari prioritetləri Vaşinqtonu müəyyən qədər arxa planda saxlayıb. Buna qədər isə ABŞ və Avropa Birliyi Orta dəhliz marşrutunda, xüsusilə də Cənubi Qafqaz seqmentində Ermənistanı tranzit ölkəyə çevirməklə bağlı ortaq yanaşma nümayiş etdirirdilər. İndi isə AB bu prosesi təkbaşına irəli aparmağa çalışır.

Məhz bu kontekstdə ittifaq rəsmilərinin Mərkəzi Asiyaya son səfərlərini qiymətləndirmək olar. Prezident İlham Əliyevin Çin səfəsini isə bu tendensiyaya qarşı yönəlmiş strateji həmlə kimi dəyərləndirmək mümkündür”.

Ekspertin sözlərinə görə, Bakı üçün əsas hədəf Orta dəhlizin Cənubi Qafqaz hissəsində öz planını reallaşdırmaq, yəni Zəngəzur dəhlizinin açılmasını təmin etməkdir:

“Bu plan təkcə Bakıda deyil, Ankarada da dəstəklənir, hətta Londonda da maraqlı tərəflər mövcuddur. Hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq üçün Orta dəhlizlə bağlı güc mübarizəsindəki balansı diqqətlə izləməliyik. Bir tərəfdə Avropa Birliyi, digər tərəfdə isə Azərbaycan, Türkiyə və Böyük Britaniya yer alır.

Mövcud situasiya Azərbaycanın daxil olduğu blokun xeyrinə görünür – xüsusilə də siyasi, iqtisadi və nəqliyyat-logistik imkanlar baxımından Cənubi Qafqazda təsir gücü artmaqdadır. Üstəlik, İlham Əliyevin Çin səfəri zamanı Pekinin Azərbaycanın sülh gündəliyinə dəstək verməsi onu göstərir ki, Bakı ilə İrəvan arasında aparılan danışıqlarda Zəngəzur dəhlizinin açılması şərti Pekin tərəfindən də qəbul olunur.

Lakin sülh sazişinin tezliklə imzalanması və Zəngəzur dəhlizinin yaxın aylarda açılması hələ də sual altındadır. Birincisi, güc mübarizəsində tərəflərdən heç biri tamamilə prosesdən çəkilməyib və yekun nəticə hələ müəyyən deyil. İkincisi isə, texniki məsələlər var. İrəvan sülh sazişinin imzalanması üçün konstitusiyasını dəyişdirməlidir. Eyni zamanda, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində praktiki işlər görülməlidir. Fikrimcə, yaxın aylarda konkret nəticələrdən çox, Zəngəzur dəhlizi ətrafında mübarizənin daha da kəskin mərhələyə keçdiyinin şahidi olacağıq”.

Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb

Nazirlər Kabineti ölkə Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Balaxanı Sənaye Parkının ərazisinin
genişləndirilməsi məqsədilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

Yol-xeber.az-ın məlumatına görə, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”

“Mənə yenidən etimadla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə özüm və prokurorluq orqanları əməkdaşları adından dərin təşəkkürümü bildirirəm".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş prokuror Kamran Əliyev deyib. K. Əliyev namizədliyini dəstəklədikləri üçün deputatlara təşəkkürünü bildirib.

“Respublikamızın bugünkü uğurlarının əsasını Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz onun yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edildi, bütün ərazilərdə suverenliyimiz bərpa edildi”, – K. Əliyev daha sonra çıxışına əlavə edib.

Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə uğurlu bərpa işlərinə başlanıb, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb: “Yeni prokurorluqlar – Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorluqları təsis edilib. Siyasi iradədən qaynaqlanan, hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur. Bunlardan birincisi, dövlətçiliyin daxili və xarici təhdidlərdən mühafizəsidir".

Kamran Əliyev yenidən Baş prokuror təyin edildi -

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Parlament Kamran Bayram oğlu Əliyevin növbəti dəfə Baş prokuror təyin edilməsinə razılıq verib.

***


Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimat Milli Məclisə daxil olub.

Bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi.

Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq

Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq.

Bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında təqdimata baxılıb və plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti sabah başa çatır.

Prezident yük maşınının sükanı arxasında - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında Az-Tex-İmport MMC-nin IVECO markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib.

Açılış zamanı Prezident IVECO markalı yük və xüsusi təyinatlı avtomobilin sükanı arxasına keçib.

Həmin görüntüləri təqdim edirik:

 

İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.

Əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkədəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.

Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.

Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkədə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.

Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirildi ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb.

Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.

Dövlətimizin başçısı zavodu işə saldı.

Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.

Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.

Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak etdi.

“Az-Tex-İmport” MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub.

Müəssisə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. “Az-Tex-İmport” MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb.

Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir.

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

azerbaycan-yaxin-dostu-israille-munasibetlerin-genislenmesine-xususi-ehemiyyet-verir

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.

Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Cari ilin yanvarında Davosda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.

Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

Layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.


Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar

Xəbər lenti