![]() |
|
Son dövrdə qlobal birjalardakı dalğalanmaların ardından kriptovalyuta bazarları özünü toparlamağa başlayıb və "Bitcoin” kimi aparıcı rəqəmsal aktivlər yenidən rekord hədlərə doğru yüksəlməkdədir.
Qaynarinfo xəbər verir ki, kriptovalyutaların bazar dəyişkənliyinə qarşı "təhlükəsiz liman” və ya qoruyucu vasitə kimi qəbul olunması gözləntiləri davam etsə də, qiymətlərdəki bu yüksəliş "Bitcoin” mədənçiliyi üçün eyni dərəcədə müsbət mənzərə yaratmır.
Gəlirlik azalır, xərclər isə artır
"CoinShares” tərəfindən yayımlanan son hesabatda qeyd olunur ki, "Bitcoin” mədənçiliyinin iqtisadi mənzərəsi bir çox operator üçün çətinləşib. "Bitcoin” hasilatı üçün tələb olunan yüksək elektrik enerjisi və hesablama gücü xərcləri artıq bir çox hallarda əldə olunan "Bitcoin”in bazar dəyərini üstələməyə başlayıb. Bu isə gəlirlilik marjını ciddi şəkildə daraldır.
Hətta bazarın ən böyük mədənçilik şirkətləri də bu vəziyyətdən təsirlənməkdədir. Məsələn, bir "Bitcoin”in bazar qiyməti təxminən 95.000 ABŞ dolları olduğu halda, onun hasilat xərci 82.000 dolları keçib. Texniki baxımdan az da olsa gəlirli görünə bilər, lakin bu rəqəmlər marjın nə qədər daraldığını ortaya qoyur. "CoinShares”in məlumatına görə, təkcə 2024-cü ilin üçüncü rübündə bir "Bitcoin” hasilatının orta xərci 56.000 dollar idi. Hazırkı göstərici qısa müddətdə təxminən 47%-lik artımı göstərir.
Bu xərclərin ən ağır təsirini isə kiçik və fərdi mədənçilər hiss edir. Coğrafi mövqe və enerji qiymətlərindən asılı olaraq hasilat xərcləri kəskin dəyişir. Məsələn, ABŞ-da kiçik mədənçilər üçün bir "Bitcoin” hasilat xərci təxminən 137.000 dollara qədər yüksəlib. Almaniya kimi yüksək enerji xərcləri olan ölkələrdə isə bu rəqəm 200.000 dolları keçə bilər. Bu, 95.000 dollarlıq bazar dəyəri ilə müqayisədə ciddi və davamolunmaz zərərlər deməkdir.
Xərclərin artmasının əsas səbəbləri
"Bitcoin” mədənçiliyinin bu qədər bahalaşmasının arxasında bir neçə əsas amil dayanır:
Qlobal enerji qiymətlərində artım: Mədənçiliyin əsas xərci olan elektrik enerjisinin qiyməti dünya üzrə yüksəlməkdədir. Qlobal inflyasiya, ticarət müharibələrinin enerji tədarük zəncirlərinə təsiri və süni intellekt kimi enerji tələb edən texnologiyalara artan tələbat qiymətləri daha da artırır.
Avadanlıq xərcləri: Yüksək performanslı və "Bitcoin” hasilatı üçün xüsusi dizayn olunmuş ASIC cihazlarının istehsal və tədarük xərcləri də artmaqdadır.
"Halving” təsiri: Təxminən bir il əvvəl baş vermiş son "halving” hadisəsi, hər blok üçün verilən "Bitcoin” mükafatını yarıya endirib. Bu, bazara daxil olan yeni "Bitcoin” miqdarını məhdudlaşdıraraq qiymət artımını dəstəkləmək məqsədi daşısa da, mədənçilərin gəlirlərini birbaşa azaldaraq gəlirlilik üzərində təzyiqi artırıb.
Mərkəzsizlik ideyasına təhdid
"Bitcoin” ilk yaradıldığında məqsədi mərkəzləşdirilməmiş maliyyə sistemi ilə daha ədalətli iqtisadi mühit formalaşdırmaq idi. Lakin mədənçiliyin getdikcə daha az gəlirli və daha yüksək giriş xərcli olması bu ideala maneə törədir.
"BitInfoCharts”ın məlumatlarına görə, dövriyyədəki "Bitcoin”lərin 90%-dən çoxu ən zəngin 1%-lik ünvanlarda cəmləşib. Bir zamanlar bu qeyri-bərabərliyi azalda biləcək vasitə kimi görünən mədənçilik, hazırda əks təsir göstərir: yalnız böyük sərmayə və inkişaf etmiş infrastrukturla təchiz olunmuş operatorlar bu sahədə qalmağa davam edə bilirlər. Bu isə, mövcud "Bitcoin” varlılarının servetlərini daha da artıraraq mərkəzləşməni dərinləşdirməsi deməkdir.
Gələcəkdə bizi nə gözləyir?
Qiymətlərin yüksəlməsinə baxmayaraq, xərclərin də artması "Bitcoin” mədənçiliyinin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Mədənçilik fəaliyyətləri davam edəcəkmi? Yeni investisiyalar necə yönəldiləcək? Ən əsası isə, "Bitcoin”in mərkəzsizlik və ədalətli paylaşım prinsipləri ilə bu vəziyyət necə uzlaşdırılacaq? Bu suallar qarşıdakı dövrdə ekosistemin diqqətlə izlənilməli məsələlərindəndir. Artan xərclər mədənçilik bazarında daha çox konsolidasiyaya səbəb ola bilər və bu da "Bitcoin”in qlobal sərvət bölgüsündəki bərabərsizlik meyllərini daha da gücləndirə bilər.
“Ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir”.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əməkhaqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır: “Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əməkhaqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir”.
Xatırladaq ki, bir müddət əvvəl ekspertlər tərəfindən əməkhaqqı və pensiyaların vətəndaşın istəyinə uyğun olaraq istənilən bankdan almaq imkanı tanınacağı açıqlanmışdı.
Deputatın izahı: Sahibkarlar bu xərcləri qiymətin üstünə əlavə edirlər deyə..."
Son vaxtlar Azərbaycanda əsas kənd təsərrüfatı məhsulları olan kartof və soğanın qiymətindəki bahalaşma müzakirə gündəmindən düşmür. Artıq bir neçə aydır ki, kartof qiymətləri 1,5-2 manat, soğan isə 1-1,6 manat arasında dəyişir. Həmişə faraş kartofun bazara çıxması ilə aprel ayının ikinci yarısından ucuzlaşma başlansa da, bu il qiymətlərdə düşmə müşahidə olunmur.
Maraqlıdır ki, belə bahalığın müzakirəsi zamanı diqqət yetirilən məsələlərdən biri marketlərdə kənd təsərrüfatı məhsullarının bazarlardan xeyli baha qiymətə satılmasıdır. Bildirilir ki, eyni məhsulun bazar qiyməti ilə market qiyməti arasında 50-60 qəpiyə qədər fərq olur. Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bunun səbəblərinə toxunub. Onun sözlərinə görə, marketlərdə soğanın, kartofun və digər kənd təsərrüfatı məhsullarının qiymətinin artması bir tərəfdən təbii görünür: “Çünki marketlər məhsula əlavə qiymətlər qoyurlar. Ancaq bazarda isə kartofun, soğanın və digər məhsulların qiyməti aşağıdır”.
Komitə sədri söyləyib ki, əhali alış-veriş üçün daha çox böyük marketlərə üz tutur. O, buna səbəb kimi isə marketlərin vizual olaraq görünüşünün və səliqə-səhmanının müştərilər üçün daha cəlbedici olmasını göstərib: “Bu səbəbdən sahibkarı da məhsulu niyə baha atdığına görə qınamaq olmur. Hər kəs bilir ki, ölkəmizdə yarmarkalar və digər satış məntəqələri mövcuddur. Fərdi insanlar rayonlardan gətirdiyi kənd təsərrüfatı məhsullarını burada satırlar və doğrusu, mən də burada qiymətlərin yarıbayarı aşağı olduğuna fikir vermişəm. Dəfələrlə müşahidə etmişəm ki, əgər marketdə doğrudan da qiymət 1.50-2 manatdırsa, orada 0.80-1 manatdır”.
T.Rzayev buna görə də əhalinin öz büdcəsini məhz özünün müəyyən qaydada hesablamalı olduğunun zəruriliyini qeyd edib: “Hamı gileylənir ki, filan məhsul niyə marketdə bahadır. Yenə deyirəm, marketə çəkilən xərclər var: buraya onun gətirilməsini, saxlanılmasını və digər məsələləri göstərmək olar. Sahibkarlar bu xərcləri qiymətin üstünə əlavə edirlər deyə, bu da müəyyən qaydada bahalaşmaya səbəb olur”.
Komitə sədrinin sözlərinə görə, digər səbəb isə müəyyən işbazların bazarda qiymətin artırılması üçün təşəbbüs göstərmələridir: “Yəni məhsulu çox ucuz qiymətə alırlar və baha qiymətə satırlar. Ancaq yenə deyirəm, insanlar da öz büdcələrinin qeydinə qalmalı və hesablamalar aparmalıdırlar. Hara sərfəlidirsə, oradan almalıdırlar. Bəzən bir km və ya 500 metr yol qət etməmək üçün yaxında təmtəraqlı marketdən alış-verişə üstünlük verirlər. Belə olan halda sahibkarlar da tələbata uyğun olaraq qiymətləri artırırlar”.
Qeyd edək ki, komitə sədrinin dediklərinə rəğmən, eyni keyfiyyətdə olan məhsullar üzrə bir çox hallarda bazar və yarmarkalardakı qiymətlər market qiymətlərindən demək olar ki, fərqlənmir. İndiki halda kartof və soğanın qiymətləri hər iki satış məntəqəsində demək olar ki, eynidir. Bahalaşmanın əsas səbəbinə gəldikdə, burada əsas rol ölkənin bütün satış şəbəkələrindəki inhisarçılığa və məhsul istehsalındakı azalmaya məxsusdur. Heç kimə sirr deyil ki, Azərbaycanın ən böyük satış bazarı olan Bakı şəhərində piştaxtalara gedən yollar müəyyən qrupların əlindədir. Kəndlinin sahədə 15-20 qəpiyə satdığı soğanı Bakıda piştaxtaya 60 qəpiyə çıxaran məhz həmin inhisarçı qruplardır.
Konkret kartofla bağlı məsələyə gəlincə, rəsmi statistika Azərbaycanın kartofla özünü tam təmin edə bilmədiyini göstərir. 2008-2009-cu illərdə tələbatın 104 faizinə çatan bu göstərici 2023-cü ildə 89,9 faiz təşkil edib. Maraqlıdır ki, ölkədə istehsal olunan kartofun rəsmi statistikanın qeydə aldığı həcmi mövcud tələbatdan xeyli yüksək olsa da, nədənsə özünütəminat səviyyəsində bu, əksini tapmır. Belə ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 850-900 min ton civarında göstərilir. Daha 7,5-8 min ton qida məhsullarının istehsalına sərf edilir. Mal-qara və quş yemi üçün kartof istehlakı sürətlə artaraq 2023-cü ildə 63,8 min tona çatıb. İllik itkilər 65 min ton ətrafında dəyişir. Yəni faktiki istehlak itkilərlə birlikdə 1 milyon tondan cüzi yuxarıdır. Ölkədə kartof istehsalı isə son illərdə 1 milyon tondan aşağı olmayıb. Belə ki, son illərdə ölkədə kartof əkini sahələrində azalma olsa da, rəsmi statistikada ümumi istehsalın artması müşahidə edilir: 2019-cu ildə 56 921 hektar sahədən 1 milyon 4172 ton, 2021-ci ildə 56 104 hektar sahədən 1 milyon 61 958 ton, 2022-ci ildə 54,7 min hektar sahədən 1 milyon 74,3 min ton kartof yığılıb. 2023-cü ildə son illərdə ilk dəfə olaraq kartof istehsalında azalma qeydə alınıb: 1010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof istehsal olunub. Bu azalma 2024-cü ildə də davam edib - cəmi 927,4 min ton kartof yığılıb. Beləliklə də kartof istehsalı 2023-cü illə müqayisədə 8,2 faiz azalıb.
2024-cü ildə ölkədə kartof əkinlərinin sahəsi əvvəlki ildəki 49,4 min hektardan 46,7 min hektara qədər azalıb. Proses bu il də davam edir - birinci rübdə kartof əkinləri əvvəlki ilin eyni dövründəki 27 141,3 hektardan 26 110,1 hektara(3,8 faiz) qədər azalıb.
Bir məqama diqqət yetirmək lazımdır ki, ölkədə istehsal olunan kartofun 350-400 min tona yaxınını istilikxanalarda səpilən faraş kartof təşkil edir. Əsasən Şəmkir, Cəlilabad, Tovuz rayonunda yetişdirilən belə kartof saxlanma üçün yararlı olmayıb, qısa müddətdə istehlak üçündür. Xaricə ixrac olunan da məhz istilikxanalarda yetişdirilən belə kartofdur. Azərbaycanda ildə 70-80 min ton arası faraş kartof ixracı qeydə alınır. 2022-ci ildə kartof ixracı 78 301,42 ton (35 milyon 121,66 min dollar), idxalı isə 159 725,97 ton (41 milyon 788,31 min dollar) təşkil edib. 2023-cü ildə ixrac 30 milyon 930,25 min dollar dəyərlə 71 192,26 ton, idxal isə 44 milyon 213,88 min dollar dəyərlə 162 242,61 ton olub. 2024-cü ildə ixracda kəskin azalma qeydə alınıb: 48,3 min ton. Bu ixracdan əldə olunan gəlir isə 20,5 milyon dollara bərabər olub. 2025-ci ilin yanvar-mart aylarında isə Azərbaycandan 1 009 ton kartof ixrac edilib. Bu göstərici ötən ilin eyni dövründə 1 467 ton təşkil etmişdi. Beləliklə, ixrac olunan kartof çəki baxımından 458 ton və ya 31,2 faiz azalıb. Kartof ixracından əldə edilən gəlir də azalaraq 328 min 850 dollar olub. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 458 min 530 dollar idi. Bu da illik müqayisədə 129 min 680 dollar və ya 28,3 faiz gəlir itkisi deməkdir.
Ölkə üzrə faraş kartof istehsalını ümumi istehsal həcmindən çıxdıqda, yazlıq əkinlərdən kartof istehsalı ilboyu daxili tələbatı təmin etmək üçün yetərli olmur. Üstəlik, ölkəmizdə kartof saxlanması üçün soyuducu anbar ehtiyacları ümumilikdə 300 min tona yaxın qiymətləndirilir. Son illərdə soyuducu anbarların tikintisi dövlət tərəfindən subsidiyalaşdırılsa da, kartof anbarları tikməyə həvəsli sahibkarlar tapılmır. Bunun əsas səbəbi iri istehsalçıların istilikxana kartofuna üstünlük verməsidir. Belə ki, faraş kartof həm əsas ixrac bazarı olan Rusiyada, həm də Azərbaycanın özündə əlverişli məqamda - köhnə məhsulun tükənməyə başladığı aprel-iyun aylarında yetişir. Bu mərhələdə kartofu ixrac etmək, eləcə də daxili bazarda baha qiymətə satmaq mümkündür. Açıq sahələrdə səpilən kartof isə bütün Azərbaycanda təxminən eyni vaxtda - iyun-iyul aylarında yığılır, bazarda bolluq yaranır və qiymət ucuzlaşır. Açıq sahələrdə kartof istehsalında ağırlıq fərdi təsərrüfatlardadır - rayonlarda əhali həyətyanı sahələrində, kiçik ölçülü pay torpaqlarında yetişdirir. Onların əldə etdikləri 5-10 ton məhsulu baha qiymətə anbarlarda saxlamaq imkanı olmadığına görə maksimum noyabra qədər hamısını satmağa çalışırlar. Anbarlarda yalnız iri istehsalçıların məhsul saxlamaq imkanı olur. Onlar da məhsula istədikləri qiyməti qoyurlar.
Ötən il Azərbaycan xaricdən 39 milyon 75,11 min dollar dəyərində 142 min 897,38 ton ərzaqlıq kartof idxal edib. Bu isə idxalın 20 min tona yaxın azalması deməkdir. Ötən il kartofun 66436,09 tonu İrandan, 33131,2 tonu Rusiyadan, 23939,3 tonu Gürcüstandan, 10399,22 tonu Türkiyədən, 8846,64 tonu Belarusdan, idxal olunub. Az miqdarda kartofu hətta Qırğızıstan və Niderlanddan da almışıq.
Rəsmi statistikanın açıq bazasına əsasən 2025-ci ilin yanvar-fevralında Azərbaycanın xaricdən kartof idxalı 11 milyon 615,46 min dollar dəyərlə 39 218,08 tona bərabər olub. Ötən ilin eyni dövründə idxalın 40225,77 ton təşkil etdiyini nəzərə alsaq, bu il həcmin 2,5 faiz azaldığını görərik. Ötən il kartofun əsas hissəsi Rusiya, Belarus və İrandan alınmışdısa, bu il üstünlük Türkiyə və Gürcüstanda, qismən də İranda olub. Bunun əsas səbəbi həm Belarusda, həm də Rusiyada kartof ehtiyatlarının azalması fonunda birincidə ixraca məhdudiyyətin qoyulması, ikincidə isə qiymət konyukturunun əlverşli olmamasıdır.
Kartof istehsalı ilə yanaşı idxalının da azalması ölkədə qiymət bahalaşmasının səbəblərindən birinə də aydınlıq gətirir. Üstəlik, bu il ixrac birbaşa sərhədimiz olan Rusiya və İrandan daha çox Türkiyədən gətirilir ki, bu da nəqliyyat xərclərində artıma səbəb olur.
Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında deyib.
O qeyd edib ki, Trans-Xəzər nəqliyyat marşrutu Azərbaycanın təşviq etdiyi əsas yoldur:
“Digər istiqamət isə Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir. Astara-Rəşt yolunun maliyyələşdirilməsində isə kiçik problemlər var və bu istiqamətdə tərəflər arasında danışıqlar gedir”
Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə neft məhsullarının daşınmasını nəzərdən keçirir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Emil Məmmədov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində mövcud infrastrukturu ölkəni həm xam neftin, həm də neft məhsullarının istehsalı və tədarükündə regionun əsas oyunçularından birinə çevirib:
“Azərbaycan Dəmir Yolları” bu baxımdan mühüm rola malikdir. Son illərdə şirkət məhsulların Azərbaycandan daşınması və ölkə üzərindən tranziti ilə bağlı əhəmiyyətli təşəbbüslər həyata keçirib”.
E. Məmmədov qeyd edib ki, BTQ dəmir yolu hazırda əsasən digər yüklərin daşınmasında istifadə olunsa da, neft məhsullarının bu marşrutla tədarükü də nəzərdən keçirilir:
“Doğrudur, hələlik BTQ vasitəsilə neft məhsulları daşınmır. Amma bu istiqamətdə imkanları qiymətləndiririk”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib və Çin ilə Avropa arasında daha qısa və sürətli nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır. Bu marşrut, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində mühüm bir halqadır.
Xəbər verdiyimiz kimi, Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. Bununla bağlı aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Eyni zamanda, Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı olan Urumçi şəhərinin qardaşlaşması regional əməkdaşlıq baxımından xüsusi diqqətəlayiqdir.
Maraqlıdır, atılan bu addımların ölkəmizə faydalı olacaq nüansları hansılardır?
Mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Çin və Azərbaycan arasında vizasız gediş gəlişin ləğv edilməsi bir müddət öncədən müzakirə edilən əsas mövzulardan idi: “Çünki cənab Prezident də Çinin “Sinxua” agentliyinə verdiyi müsahibədə qeyd etmişdi ki, məhz Azərbaycan və Çin arasında olan iqtisadi potensial bu gün mövcud göstəriciləri ciddi şəkildə artırmağa imkan verir. Bu potensialın reallaşdırılması üçün isə vacib atılmalı olan addımlar vardır və bunlardan biri də viza rejiminin ləğv olunması idi.
Məhz bu rejimin ləğv olunması Orta dəhliz boyunca Çin-Azərbaycan münasibətlərini sürətləndirəcəkdir. Çindən gələn Avropaya gedən yüklərin artmasına, Ələt azad iqtisadi zonasında Çin investorlarının fəaliyyətinin stimullaşdırılmasında, yeni-yeni əməkdaşlıq sahələrinin meydana gəlməsində böyük rol oynayacaqdır”.
Ekspert qeyd edib ki, eyni zamanda da bu faktor çinli investorların təkcə Ələt azad iqtisadi zonasında deyil, bütün ölkə boyunca investisiya fəaliyyətinin həyata keçirilməsinə imkan verəcəkdir: “Ona görə ki, Çin genişlənməkdədir, Çinin ərazisi onun iqtisadiyyatını çiyinlərinə qoyub daşıyacaq qədər deyil. Çin iqtisadiyyatı artıq o sərhədlər daxilinə sığmır. Yeni-yeni müəssisələri təzə torpaqlarda yaratmağa ehtiyac olduğunu bildirirlər və bu, onların fəaliyyətində də görünür. Məhz 2013-cü ildən “Bir kəmər-bir yol” təşəbbüsünün onurğa sütunu bu idi - bir təşəbbüsə Çinin genişlənməsi və Azərbaycan da bu təşəbbüsə ilk qoşulan ölkələrdən olub. Çinin qarşılıqlı viza rejimini ləğv etdiyi 25 ölkə vardır. Azərbaycan 26-cı ölkədir. 26-cı ölkənin Azərbaycan olması, düşünürəm ki, Azərbaycan adına da bir müsbət göstərici olaraq qiymətləndirilməlidir”.
E.Əmirovun sözlərinə görə, bu gün Çin bazarlarında Azərbaycanın kənd təsərrüfatı məhsulları gigiyenik və təbiilik baxımından böyük tələbat olan bir məhsullardır:
“Viza rejiminin ləğv olunması bazarların daha yaxşı araşdırılmasına imkan yaradacaq. Təsəvvür edin ki, işgüzar səfərlər sürətlənəcək, əməkdaşlıq imkanları çıxacaq. Nə qədər çox görüş olarsa, imkanlar bir o qədər bəlli olar.
O ki qaldı Naxçıvan və Urumçi şəhərlərinin qardaşlaşmasına fikrimcə bu, faktdır Zəngəzur dəhlizinin açılmasına və açıldıqdan sonra daha geniş imkanlar ortaya qoymasına öz müsbət təsirini göstərəcəkdir. Eyni zamanda, Naxçıvan məkanının Çinlə əlaqələrinin genişlənməsinə imkan verəcəkdir. Həm Naxçıvanın turizm potensialından çinlilərin yararlanmasına imkan veriləcəkdir, həm də Naxçıvanı Zəngəzur dəhlizi vasitəsilə orta dəhlizinin bir seqmenti üzərində yerləşməsi fürsəti yaradacaqdır”.
Son günlər avtomobil bazarında durğunluq müşahidə olunur. Bu durğunluqdan ən çox avtomobil satışı ilə məşğul olan şəxslər gileylənirlər. Onlar alıcı azlığından şikayət edirlər. Bildirirlər ki, maşın bazarında alıcı yoxdur.
Əslində olan isə alıcıların azalması deyil. Hazırda avtomobil almaq istəyən kifayət qədər şəxs var. Sadəcə alıcılar artıq "4 fara"nın 18 min manata satıldığ maşın bazarına getməyə ehtiyac duymur.
Əvvəllər maşın bazarındakı qiymətlər elan saytlarındakından qat-qat aşağı idi. Rayondan maşını gətirən şəxslər "əlimyandı qiymət"ə maşını satıb gedirdilər. Hazırda vəziyyət tam dəyişib. Maşın bazarındakı qiymətlər elan saytındakından daha bahadır.
Məlum məsələdir ki, hazırda Bakıda bəzi modellər var ki, qiyməti həddən artıq şişirdilir. Bunlar sırasında "Çeşka", "4 fara" və "Elantra" modelləri xüsusi yer tutur. Hansı ki, bu maşınlar artıq "qocalıb" və müasir texnologiyalar baxımından çox geridə qalır.
Artıq maşın satışında Instagram və Tiktok elan saytlarını belə geridə qoyub. Dəyərindən olduqca aşağı qiymətə təqdim olunan maşınlar sosial şəbəkələrdə yarım saata satılmaqdadır. Bu da maşın bazarının alıcılıq qabiliyyətini zəiflədən səbəblər sırasındadır.
Bundan əlavə, hər kəsin özü üçün avtomobil gətirə bilməsi də maşın bazarında durğunluğu yaradan amillərdəndir. Belə ki, şəxsi istifadə üçün gətirdiyi maşının bazardakından 2,3 min ucuz olduğunu bilən şəxslər heç maşın bazarına getməyə ehtiyac duymur.
Ümumilikdə isə Çin avtomobilləri Bakıya "ayaq açandan", xüsusilə də BYD destroyer və Changan a05 ölkəmizə gətiriləndən bütün ekonom maşınların bazarı ölüb. Çinin 22 min manata 0 km maşın sürmək imkanı yaratması digər avtomobillərin satışını alt-üst edib./Milli.az/
Bir neçə gündür bazarlara yeni kartof, soğan gətirilsə də, yeni məhsulun piştaxtalara çıxması qiymətləri aşağı salmayıb.
Xəzər TV xəbər verir ki, alıcılar yeni məhsulla yanaşı ötən ildən qalan kartof və soğanın bahalaşdığını deyirlər.
Onların sözlərinə görə, bazarlarda sözügedən tərəvəzlər ən azı 20-30 qəpik bahalaşıb: “Əvvəl kartofun kiloqramı 80-90 qəpik idi. İndi 1,80 manatdır. Hələ evimzin yanında kiloqramı 2,5 manat idi”.
Satıcılar isə yerli məhsulla yanaşı xaricdən də kifayət qədər məhsul gətirdiklərini deyirlər. Onların sözlərinə görə, təzə kartofun baha olması hava şəraitinin məhsuldarlığa vurduğu ziyanla bağlıdır. Köhnə kartofun və soğanın qiymətinin yüksək olması isə təzə məhsulların tam yetişməməsi və tələbatı qarşılamaması ilə əlaqələndirilir.
zərbaycan Mərkəzi Bankı (AMB) aprelin 23-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
""Dərnəgül" elektrik deposunun layihələndirilməsi "Bakı Metropoliteni" QSC-nin "Bakımetrolayihə" İnstitutu tərəfindən aparılıb. Burada depo üçün mühüm olan bütün infrastruktur yaradılacaq".
Qurum rəsmisi əlavə edib ki, layihədə depoda obyektlərin, təsərrüfat və istehsalat sahələrinin qurulması zamanı infrastrukturun tələblərə uyğun olmasına xüsusi diqqət yetrilib:
"Burada hər bir sahənin fəaliyyəti müasirliklə yanaşı, daha optimal, səmərəli və funksional avadanlıqlarla təmin ediləcək. Deponun tərtibatında Yaşıl xətt üzrə qatarların ən müasir mikroiqlim nəzarəti sisteminə xidmət göstərilməsi, eyni zamanda qatarların təmiri üçün lazım olan bütün zəruri infrastrukturun qurulması, mühəndis-sanitariya sahələrinin optimallığı, ekoloji tələblərin standartlarına uyğunluğu, müasir təkəryonma dəzgahının quraşdırılması və digər bu kimi mühüm tələblərə diqqət ediləcək.
Hal-hazırda Bakı metropolitenində gediş haqqı tariflərinə yenidən baxılması aktual deyil".