Bakıda yeni park salınır

Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Bir müddət əvvəl sosial şəbəkə hesablarında Yasamal rayonunda yerləşən ağaclıq ərazi ilə bağlı yayılan məlumatlara dair bildirmək istərdik ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.

Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti faəliyyətindən söhbət gedə bilməz.

Yeni tikililərdə mənzillərin qiyməti ucuzlaşacaq – VERGİ AZALDILDI

"Tikinti ilə bağlı “Vergi Məcəlləsinə” edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşdi. Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir".

Bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, yeni dəyişlik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək: "Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Anlaşıqlı olması üçün bu nümunəyə nəzərə salaq: mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Yəni bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq. Ayındır ki, gəlir nə qədər çox olursa ödənilən vergi məbləği də o qədər artır. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Bu isə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalmasına və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan verəcək.

Yeni dəyişilik xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına və eləcə də həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq artıq bu ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq".

Bakıda artıq altı yeni metro stansiyasının yeri müəyyənləşdirilib

"Yeni metro stansiyaları metropolitenin imkanlarını 40%-dək artıracaq".

Yol-xeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, görüləcək işlərin bir daha təhlili aparılıb:

"Vaxtilə metronun inkişaf konsepsiyasında 40-a yaxın stansiyanın inşası planlaşdırılırdı.

Eynilə Bakı şəhərinin Baş planında da 2040-cı ilə qədər inşa olunacaq metro stansiyaları ilə bağlı planlar var. Maliyyə resursları həmişə məhduddur. İstənilən dövlətdə, o cümlədən bizdə də bu belədir. Ona görə ayrılan vəsaitdən səmərəli istifadə edilərək istənilən halda 10 yeni metro stansiyası inşa ediləcək".

R.Hümmətov vurğulayıb ki, bəzi ekspertlər və sakinlər düşünürlər ki, metronun "Dərnəgül" və "Koroğlu" stansiyaları bağlanmalıdır.

Əlavə edib ki, 10 yeni metro stansiyasının inşa edilməsi 2030-cu ilə qədər olan plana daxildir:

"Xocəsən - Ağ şəhər - Babək prospektinin kəsişməsində metro stansiyasının inşası planlaşdırılır. Altı metro stansiyasının yeri müəyyənləşdirilib. Birində bir neçə ildir, işlər gedir, orada işlərin yaxın dövrlərdə bitməsi gözlənilir. "Nizami", "Sahil" stansiyalarının yaxınlığında və Sahil bağı ərazisində digərlərinin inşası nəzərdə tutulub. "Port Baku" hazırda cazibə mərkəzidir, həmçinin iş mərkəzidir. İnsanların oraya marağı böyükdür. Orada yeni stansiyanın yaradılması nəzərdə tutulur.

İstər metronun "Sahil", istərsə də "Xətai" stansiyalarının yaxınlığında olan yeni stansiyaların mövcud şəbəkə ilə birləşdirilməsini düşünürük.

Əlavə dörd stansiya isə mövcud olan "yaşıl xətt"in, yəni "Dərnəgül"dən başlayaraq "Xətai"yə qədər gələn və oradan davam edən stansiyalar inşa etməklə "Həzi Aslanov"a birləşdirilməsidir".

Nazir müavini qeyd edib ki, bundan əlavə, metronun "28 May" stansiyasında ciddi işlərin görülməsinə ehtiyac var:

"Biz düşünürük ki, ilk işlər buradan başlanmalıdır. Həm "yaşıl", həm "qırmızı xətt" tarixən gəlib bir xətdən, tuneldən keçir. Bu da qatarlar arasında vaxt intervalının azaldılmasına, gələcəkdə yeni inşa olunacaq stansiyalar üzrə hərəkətə mane olan amildir. Ona görə də ilk növbədə "yaşıl xətt" "qırmızı xət"dən ayrılmalıdır. Metronun "İçərişəhər" stansiyasında geri dönmənin qatarın daxil olduğu xətt üzrə mümkünlüyü intervallara təsir göstərir. Bu səbəbdən orada geri dönmə dairəsinin qurulması planlaşdırılır.

"Həzi Aslanov" stansiyasında mövcud şərait nəzərə alınaraq işlərin görülməsinə ehtiyac yaranıb ki, bu işlər tamamlanmalıdır. Bütün bu yeni stansiyalara xidmət edəcək yeni "Xocəsən" deposunun inşası və tamamlanması, eləcə də "Dərnəgül"də "yaşıl xət"də xidmət göstərəcək yeni metro stansiyasının inşasına ehtiyac var".

O əlavə edib ki, bütün bu görülən işlər gələcəkdə metro vasitəsilə əlavə 90 milyona yaxın sərnişinin daşınmasına şərait yaradacaq və şəhər daxilində sərnişin hərəkətinə ciddi dəstək verəcək.

Tramvaylar Bakıya qayıdır - Əsas küçələr BƏLLİ OLDU

Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.

Ölkə.az-ın məlumatına görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov brifinqdə bildirib.

O qeyd edib ki, tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır.

"Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 May" metrostansiyasına qədər əhəmiyyətli ola bilər", - nazir müavini qeyd edib.

Rəhman Hümmətovun sözlərinə görə, "SeeBreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər.

Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.

Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir. (Daha ətraflı aşağıdakı cədvəldə)

Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək

"2024-cü ildə Bakı şəhəri üzrə 476 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 28 milyon nəfər çoxdur".

Oxu.az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib:

"Bunlara nümunə olaraq 33, 46, 56 nömrəli marşrutları göstərmək olar. 200 avtobus təmir edilərək daşımaya qaytarılıb, həmçinin 165 ədəd elektrik avtobus daşımalara cəlb edilib. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb".

O qeyd edib ki, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən ölkəyə 100-dən artıq yeni avtobusun gətiriləcəyi gözlənilir.

Mərkəzi Bankın sədrindən yeni qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib.

Bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. İndiyə qədər valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu.

AMB-nin Hüquq və təşkilati işlər departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Azərbaycanda yeni kredit qaydaları: Kimlər ala biləcək?

Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.

Qaydaları şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır:

“Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?

Davranış kredit skorinqi modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni, vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu modeli dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir.

Bu zaman ən ciddi çağrışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmləri və vəriblardan (dəyişənlərdən) istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron formularından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq.

Digər məqam Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu nəzərə aldıqda orta hesabla 3 milyard manata yaxın kredit bu model vasitəsi ilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsi ilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil.

Bütövlükdə, davranış kredit skorinqi modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılı olacaq”.

Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək

Azərbaycanın üç rayonunda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

"Trend" xəbər verir ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.

Belə ki, Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda isə 44 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.

Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 10,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir

Ölkəyə xaricdən maşın gətirilməsində əsas məqamın gömrük ödənişləri ilə bağlı olduğunu desək, yanılmarıq. Belə ki, bir çox halda “xaricdən almaq ucuz başa gəlir” deyə alınan minik avtomobillərinin yekun qiyməti məhz gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclərdən asılı olaraq dəyişir.

Bəs qanunla ölkəyə avtomobil idxal olunan zaman hansı ödənişlər edilməlidir?

“Qafqazinfo xəbər verir ki, qanunvericiliyə görə, ölkəyə avtomobil gətirilərkən aşağıdakı ödənişlər olunmalıdır:

İdxal gömrük rüsumu - yeni və ya işlənmiş olmasından, daxili yanma mühərrikinin həcmindən asılı olaraq hər santimetrə görə 0,4-1,2 ABŞ dollarına, elektrik mühərrikli olanlarda isə gömrük dəyərinin 15 faizinə bərabərdir.

Əlavə dəyər vergisi - gömrük dəyərinin üzərinə digər ödənişlər də əlavə edildikdən sonra alınan göstəricininin 18 faizi.

Aksiz vergisi - 600 manatdan başlayır, mühərrikin həcmindən, avtomobilin istismar müddətindən, həmçinin mühərrikinin benzin və dizel olmasından asılı olaraq dəyişir.

Utilizasiya haqqı - ölkəyə gətirilən minik avtomobilinin yaşı 4-7 il arasındadırsa, 400 manat, 7 il və daha çox olarsa, 700 manat təşkil edir.

Vəsiqə haqqı - 30 manat

Gömrük yığımları - gömrük dəyərindən asılı olaraq 15 manatdan 1000 manatadək dəyişir.

Gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı - 30 manat

Elektron gömrük xidmət haqqı - 30 manat

Elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi - 5,4 manat

Standartlara uyğunluğa dair verilən verilən sertifikat üçün dövlət rüsumu – 30 manat

Bu ödənişlər əsasında aparılan hesablamaya görə, hər hansı bir Avropa ölkəsindən 20 min ABŞ dollarına alınıb 1000 dollar da Azərbaycana gətirilərkən xərclənən 2500 kubsantimetrlik dizel mühərrikə malik 2015-ci ilin istehsalı olan minik avtomobili üçün 18 min 881,8 manat cəmi gömrük ödənişləri etmək lazımdır. Bu avtomobilin mühərriki benzin olarsa, gömrük ödənişlərinin cəmi 1097,4 manat daha az - 17 min 784,4 manat təşkil edəcək.

Alınan avtomobilin istehsalçı ölkəsi Azərbaycanla Sərbəst Ticarət Haqqında Saziş imzalamış dövlətlərin sırasında olarsa, bu halda ödənişlərdən biri - idxal gömrük rüsumu ödənilmir. Belə ki, “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişə əsasən, bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara, eyni ölkə mənşəli və eyni ticarət edən ölkə olduğu təqdirdə СТ-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir.

Bu sırada 10 ölkə var və onlar aşağıdakılardır:

1. Rusiya

2. Moldova

3. Ukrayna

4. Gürcüstan

5. Türkmənistan

6. Özbəkistan

7. Qazaxıstan

8. Qırğız Respublikası

9. Belarus

10. Tacikistan

Beləliklə, yuxarıda qeyd edilmiş dizel mühərrikli minik avtomobili bu ölkələrdə istehsal edilib və oradan Azərbaycana idxal edilərsə, bu halda gömrük ödənişlərinin cəmi 18 min 881,8 manat yox, 12 min 863,8 manat (6 min 18 manat az) olacaq. Bu avtomobil benzin mühərrikli olduqda isə gömrük ödənişlərinin cəmi 11 min 766,4 manat təşkil edir.

Bundan başqa, son illərdə ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.

Məsələn, qiyməti 50 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı elektrik mühərrikli avtomobil üçün cəmi gömrük ödənişləri 325,4 manatdır.

Həmçinin hazırda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı əlavə dəyər vergisindən azaddır. Bu baxımdan ölkəyə gətirilən qiyməti 30 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı hibrid avtomobil (mühərrikinin həcmi 2000 kubsantimetr) üçün cəmi gömrük ödənişləri 5005,4 manatdır. Bu avtomobil 2016-ci il istehsalı və benzin mühərrikli olarsa gömrük ödənişlərinin cəmi 16 min 180,8 manata təşkil edəcək. Dizel mühərriklidə isə bu məbləğ 16 min 393,2 manat olacaq.

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 2,1 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 4,7 bənd çoxdur.

Ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,8 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur.

Xəbər lenti