Elektrikli avtomobil sahiblərinin 92%-i benzin və ya dizelə qayıtmaq istəmir

Aparılan sorğunun nəticələrinə görə, elektrikli avtomobil sahiblərinin əksəriyyəti gələcəkdə yenə də elektriklə işləyən avtomobillərə üstünlük verəcəklərini bildirib. Bunun əsas səbəbi isə yalnız iqlim problemləri ilə bağlı deyil.

Milli.Az xəbər verir ki, elektrikli avtomobillərin satış həcminin artım tempi son vaxtlar əhəmiyyətli dərəcədə azalır. Ancaq dəyişməyən məqam odur ki, artıq elektrikli avtomobil sahibləri bu texnologiyaya çox sadiqdirlər.

Yeni bir sorğunun nəticələrinə əsasən, iştirakçıların 92%-i daxili yanma mühərrikli avtomobilə qətiyyən geri dönmək istəmədiklərini qeyd edib. İştirakçıların yalnız 1%-i yalnız daxili yanma mühərrikli avtomobilə qayıtmaq istəyəcəyini deyib, 4%-i isə hibrid modelləri seçəcəyini bildirib. İştirakçıların qalan 3%-i isə qərar verə bilmədiklərini qeyd edib.

Tədqiqatın detallarını kim aparıb?
Bu araşdırma, elektrikli avtomobil sahiblərinin təşkilatı olan "Global EV Alliance" tərəfindən hazırlanıb. Adından da göründüyü kimi, bu təşkilat elektrikli avtomobil mövzusunda ən tərəfsiz qurum kimi görünməyə bilər. Bununla belə, tədqiqatın metodologiyası olduqca şəffaf təsir bağışlayır.

Sorğu 18 ölkədən, o cümlədən ABŞ, Kanada, Avstriya, Braziliya, Fransa və Hindistandan 23,000-dən çox elektrikli avtomobil istifadəçisinin cavablarını əhatə edib. Nəticələr hər bir ölkənin dünya miqyasında ümumi elektrikli avtomobil parkındakı payına uyğun şəkildə "çəkiyə" salınıb. Bu o deməkdir ki, məsələn, ABŞ-dan gələn nəticələrə İsveçdən gələn nəticələrə nisbətən daha çox əhəmiyyət verilib. Bu yanaşma kiçik ölkələrdə elektrikli avtomobillərin qəbulu ilə bağlı yüksək göstəriciləri daha balanslı formada əks etdirir.

Elektrikli avtomobillərin üstünlükləri
Sorğunun nəticələrinə görə, elektrikli avtomobil sahiblərinin gələcəkdə də elektrikli avtomobil seçmələrinin əsas səbəbləri aşağıdakılardır:

Əməliyyat xərclərinin aşağı olması: İştirakçıların 45%-i bunu əsas üstünlük kimi qeyd edib.

İqlimə müsbət təsir: İştirakçıların 40%-i üçün elektrikli avtomobillərin əsas üstünlüklərindən biridir.
Yerli ətraf mühitə faydaları: 32%
Yaxşı sürüş xüsusiyyətləri: 21%
Daha aşağı təmir xərcləri: 18%

Qısası, araşdırma göstərir ki, elektrikli avtomobil sahibi olmaq daha ucuzdur, daha yaxşı sürüş təcrübəsi təqdim edir və ətraf mühit üçün daha faydalıdır.

Əsas çatışmazlıqlar
Sorğuda həmçinin elektrikli avtomobillərin bəzi mənfi cəhətləri də vurğulanıb. Ən böyük çatışmazlıqlar bunlardır:

Tez doldurma qurğularının az olması və ya tapılmaması
Şarj müddətinin uzun olması
Tez doldurma qurğularının tez-tez nasaz vəziyyətdə olması

Araşdırma nəticələrinə görə, elektrikli avtomobillər həm texnologiya, həm də istifadəçi təcrübəsi baxımından üstünlüklər təqdim etsə də, infrastruktur problemlərinin həlli zəruridir.

Bu ərazilərdə tikililərin inşasına icazə veriləcək - 2025-ci ildən...

Gələn ildən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək.

xəzərxəbər xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.

Bu arada ölkədə neft müqavilələrinin əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında yerləşən tikililərlə bağlı işçi qrupu yaradılıb.İşçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir.

Brifinqdə o da bildirilib ki, Azərbaycanda 400 minə yaxın qeyri-qanuni tikili qeydə alınıb. Bu rəqəm dəqiqləşdirilir.

“Bitcoin”in dəyəri rekord həddə çatdı

“Bitcoin”in dəyəri rekord həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “CoinMarketCap” portalı məlumat yayıb.

Ən məşhur və ən böyük kriptovalyuta olan “Bitcoin”in məzənnəsi maksimum 106 533 dollara çatıb. İkinci ən böyük kriptovalyuta olan “Efir” də 3952 dollara yüksəlib.

İnvestorlar yeni seçilmiş prezident Donald Trampın gələcək administrasiyasının kriptovalyutaya daha uyğun tənzimləmə mühiti yaradacağına ümid etdikləri üçün “Bitcoin” və digər kriptovalyutalar diqqət mərkəzində olub. Bir il ərzində Bitcoin 192% artıb.

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikmək niyyətindədir

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.

Məlumata görə, Mirziyoyev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib. O, Baş nazirin rəhbərlik etdiyi komissiyanın yaradılması və layihənin həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanması, o cümlədən infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.

2025-ci ilin dövlət büdcəsi qəbul edildi

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat olacaq.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

bezi-istiqametlerde-xercler-azaldilir-digerlerinde-artirilir

“Dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım edilir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda deyib.

“Bu məbləğ büdcədənkənar gəlirlərin, eləcə də bu gəlirlərdən kənar formalaşan xərclərin artımı ilə bağlıdır. Bununla bərabər, dövlət büdcəsinin bəzi xərc istiqamətlərində ümumi məbləğ daxilində dəyişiklik edilir. Bəzi istiqamətlər üzrə xərclər ümumilikdə 229,8 milyon manat azaldılır, digər istiqamətlər üzrə həmin məbləğ artırılır. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat nəzərdə tutulub”, - deyə komitə sədri bildirib.

Bu ərazidə evlər kəskin UCUZLAŞDI

Tıxacların artması, ictimai nəqliyyatın bərbadlığı və infrastruktur problemləri ucbatından Bakı və Abşeronun bir çox ərazilərində evlərin qiymətləri ucuzlaşıb. Hazırda ən çox tələb görən qəsəbə və massivlərdə belə satışlar olduqca durğunlaşıb.

Yeni Sabah xəbər verir ki, sözügedən ərazilərdən biri də məhz Xırdalan şəhəridir.

Son illər vətəndaşların daşınmaz əmlak almaq məqsədi ilə ən çox müraciət etdiyi yerlərdən biri olan Xırdalanda yeni tikililərin qiyməti xeyli ucuzlaşıb. Şəhərdə ilin əvvəlki dövrləri ilə müqayisədə qiymətlər 20-25 faiz aşağı enib.

Müşahidə olunan tendensiya satış saytlarında da öz əksini tapıb. Bunun üçün sadəcə bir neçə elana nəzər yetirmək kifayətdir. Məsələn, şəhər ərazisində satışa təklif olunan tam təmirli 2 otaqlı, 50 kvadratmetr sahəsi olan yenitikili mənzilin qiyməti 65 min manat, 36 kvadratmetrlik 1 otaqlı tam təmirli mənzilin qiyməti 37 min manat, 3 otaqlı mənzilin qiyməti isə cəmi 75 min manat dəyərindədir.

Ucuzlaşma təkcə yeni tikililərdə deyil, köhnə beşmərtəbəli binalarda da özünü göstərir.

Yerli realtorlar ucuzlaşmanı bir çox səbəblə əsaslandırırlar. Onların bir çoxu, Xırdalanda illərdir davam edən nəqliyyat problemi, intensiv tıxaclar və kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olmasını qiymət tendensiyasını formalaşdıran başlıca amil kimi görür.

Son aylar paytaxt ərazisində müşahidə olunan dəhşətli nəqliyyat sıxlığı Xırdalandan da yan keçmir. Bu kimi səbəblərdən sakinlərin bir çoxu fərdi yaşayış evlərini satmağa və nisbətən daha əlverişli ərazilərə köçməyi planlaşdırır.

Maklerlər qiymətlərin növbəti il ərzində də ucuzlaşa biləcəyini istisna etmir.

bahalasan-ve-ucuzlasan-mehsullar-aciqlandi

2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 104,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 faiz, qeyri-qida məhsulları üzrə 102,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,0 faiz təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,0 faiz təşkil edib.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin noyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,8 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi laboratoriya xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

10 dekabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yüksək səviyyəli nümayəndələri ilə görüşü olub.

Görüş zamanı IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional infrastruktur və enerji meneceri Kamila Rodrigez və digər rəsmiləri ilə vaqon parkının genişləndirilməsi, yeni maliyyələşdirmə üsullarının tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

IFC-nin dəmiryol infrastrukturunun inkişafı üzrə bir sıra iri layihələrə dəstəyi nəzərə alınaraq bu istiqamətdə də tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Arif Ağayev ADY-nin vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi üçün son illərdə gördüyü işlərdən, o cümlədən müasir elektrik qatar və lokomotivlərinin alınması və daxili resurslar hesabına həyata keçirilən layihələrin icrasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 
“Lada”ların qiyməti od tutub yanır – Bazarda Rusiya maşınları kəskin bahalaşdı

Azərbaycanın avtomobil bazarında hər zaman özünəməxsus çəkisi olan “Lada” markasının bir çox modellərində bahalaşma nəzərə çarpır. Məşhur şirkətin “Qranta”, “Kalina”, “Larqus” və “Priora” kimi modellərində kəskin qiymət artımı özünü göstərir. Eyni zamanda, “VAZ 2107”, “VAZ 2106” və “VAZ 2115” kimi buraxılış ili köhnə olan və istehsalı artıq dayandırılmış modellərdə də bahalaşma müşahidə olunmaqdadır.

Yenisabah.az avtomobil satışı saytlarında qiymət artımı tendensiyasını araşdırıb.

Nümunə üçün bir neçə elana nəzərə saldıqda, bahalaşmanı daha dəqiq formada görmək olur. Məsələn, elan saytlarının birində satışa çıxarılan buraxılış tarixi 2011-ci il olan “VAZ 2107” modeli maşının qiyməti 12 min manatdır. 1975-ci ilin “VAZ 2106”sı isə 14 min manata təklif olunur.

“Lada”nın yeni modellərində də nisbi qiymət artımı var. Şirkətin “Priora”, “Qranta” və “Kalina” kimi modellərində buraxılış ili və yürüş məsafəsindən asılı olaraq, 25-30 faiz bahlaşma özünü göstərir.

Realtorlar və satıcılar isə avtomobil bazarında Rusiya maşınlarına tələb hər zaman olduğu kimi, yenə də yüksəkdir. Onların sözlərinə görə, xüsusən aşağı gəlirli vətəndaşlar üçün bu maşınlar “əvəzedilməzdir”. Bazarda olan istənilən qiymət təlatümü demək olar ki, bu növ maşınların satışına heç bir təsir etmir. “Rus maşınlarının” əsas alıcıları sırasında rayonlarda yaşayan və maşından müxtəlif daşıma işlərində istifadə edən vətəndaşlar xüsusi yer tutur.

“Lada”nın buraxılış ili köhnə olan modellərinin qarşıdan gələn utilizasiya prosesindən nə dərəcədə təsirlənəcəyini isə zaman göstərəcək. Köhnə nəqliyyat vasitələrinin kütləvi utilizasiyaya verilməsi bazarda bahalaşmanı daha da artıra bilər.

Xəbər lenti