![]() |
|
Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması köçürülmələrin edilməsi nəzərdə tutulur.
Bununla bağlı məsələ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik təklif olunur.
Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.
“Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın əlavəsinə əsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun – elektrik enerjisi (bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur.
Qanun qəbul edildikdən sonra qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaq.
Qanun layihəsində o da nəzərdə tutulub ki, fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldilməsi, bununla da fondun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təmin ediləcək.
Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda qiymətləri tənzimlənməyən enerji resurslarının satışından ayrılan vəsaitin də enerji effektivliyi fonduna köçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması və enerji resurslarından səmərəli istifadə sahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadə imkanlarının artması nəzərdə tutulur.
Məsələ müzakirə olunaraq Milli Məclisin plenar iclasında müzakirə olunmasına səsə verilib.
Avropa ölkələri soyuq hava şəraiti və terminallardan mayeləşdirilmiş təbii qazın (LNG) axınının azalması fonunda yeraltı anbarlarından aktiv şəkildə qaz istehlak etməyə davam edir.
"Gas Infrastructure Europe" (GIE) statistikasına əsasən xəbər verir ki, istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından istifadə artıq son 5 ildə analoji istehlak dövrləri üzrə orta göstəricidən 65 faiz, 2023-cü ilə nisbətən isə demək olar ki, iki dəfə çoxdur.
Avropada birjada qazın min kubmetri təxminən 515 dollara satılır.
Noyabrın 17-də Aİ ölkələrində yeraltı qaz anbarlarına vurulan qaz 32 milyon kubmetr təşkil edib. Həmin gün anbarlardan 324 milyon kubmetr qaz götürülüb. Hazırda anbarlar 90,73 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 0,67 faiz bəndi aşağı), onlarda 100,7 milyard kubmetr qaz var. Ayın əvvəlindən anbardan ümumi qaz götürülməsi noyabr ayı üçün ikinci maksimum, vurulması isə 2016-cı ildən minimum həddədir.
Oktyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 456 dollar, noyabrda isə indiyə qədər - təxminən 476 dollar təşkil edib.
Aİ elektrik enerjisi istehsalında külək istehsalının payı oktyabrda 17,9 faiz-ə yüksəlib, noyabrın əvvəlindən isə orta hesabla 14,5 faiz təşkil edir.
Noyabr ayında terminallardan Avropa qaz ötürmə sisteminə daxil olan ümumi LNG daxilolmaları hələ də 2021-ci ildən bəri bu ay üçün ən aşağı göstəricidir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 34 faizi ilə yüklənir.
Bu gün Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzini dünya bazarından aldığından bunlar qiyməti hökumət tərəfindən tənzimlənməyən enerji resursu hesab olunur.
Bu barədə açıqlama verən Milli Məclisi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deputatların qiyməti tənzimlənən və tənzimlənməyən enerji resurları ilə bağlı qaldırdığı məsələyə aydınlıq gətirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, Aİ-98 və Aİ-95 xaricdən alındığından onun qiymətinin tənzimlənməsi mümkün deyil.
“Ona görə də bu məhsulların qiyməti tənzimlənmir. Amma Aİ-92, dizel Azərbaycanda istehsal olunduğundan onların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir”, - Qurbanov qeyd edib.
Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə bildirib ki, əvvəllər bütün enerji növləri Tarif Şurası tərəfindən tənzimlənirdi və bu siyahı geniş idi. “Amma sonradan bu siyahı azaldıldı. Səbəb də bəzi yanacaqların xaricdən alınmasıdır. Amma Nazirlər Kabineti Aİ-95 benzinin tənzimlənən qiymətlər arasında yer alması istiqamətində iş aparır. Ümid edirəm ki, bu məsələ qısa zamanda həllini tapacaq və tənzimlənən qiymətlər arasında yer alacaq”, - Qurbanov qeyd edib.
Ermənistanın enerji asılılığından qurtulması və “yaşıl enerjiyə” keçidi mövzusu yenidən gündəmə gəlib.
ekspert Boris Marçinkeviç SputnikLive proqramında bildirib ki, Ermənistanın Rusiyadan enerji asılılığını azaltması üçün ciddi çətinliklər var. Bu da ölkəni iqtisadi və sosial baxımdan ağır nəticələrlə üzləşdirə bilər.
Hazırda Ermənistan enerji təchizatını əsasən iki ölkədən – Rusiya və İrandan alır. Bu iki ölkədən asılılıqdan qurtulmaq üçün müxtəlif yollar təklif edilir, lakin onların hər biri ciddi problemlərlə müşayiət olunur.
Ekspertin fikrincə ən uyğun çıxış yolu Azərbaycan qazının alışına başlamaqdır. Sitat: "Ermənistanın Rusiya qazından imtina edərək Azərbaycan qazını idxal etməsi mümkün ola bilər".
Boris Marçinkeviç bu məqamda real vəziyyəti və münasibətləri belə xarakterizə edir: "Lakin tərəflər arasında siyasi münasibətlər hələ də kəskin olaraq qalır və bu sahədə razılıq əldə etmək çətindir".
Ekspert daha bir aspektdən Ermənistan üçün böhrandan çıxış yolunun Azərbaycanla münasibətləri normallaşdırmaq olduğunu, normal məntiqin və ağılın bunu diqtə etdiyini göstərir. Lakin Ermənistan cəmiyyəti və rəhbərliyi "normal" ifadəsinə uyğun gələn ağıl və məntiq daşımadıqları üçün hələ də siyasi münasibətlərin yaxşılaşması, sülh müqaviləsi imzalanması istiqamətində qəti addım ata bilmirlər.
Ekspert daha sonra digər variantlar üzərində də gəzişmələr edir. Lakin digər heç bir variant, heç bir təklif Ermənistanı Rusiyanın asılılığından qurtara bilmir.
Məsələn, Boris Marçinkeviç təklif edir ki, kiçik HES-lərin qurulması da çıxış yoludur.
Sitat: "Ermənistanın dağ çayları üzərində kiçik hidroelektrik stansiyalar qurmaq fikri var. Bu layihələrdə Macarıstanın Ganz EEM şirkəti yardımçı ola bilər, lakin bu şirkət tamamilə Rusiyanın Rosatom şirkətinə məxsusdur. Üstəlik, bu cür layihələr geniş elmi tədqiqatlar və böyük zaman tələb edir".
Ekspert deyir ki, Ermənistanın enerji siyasətində böyük dəyişikliklər etmək üçün ABŞ-ın məsləhətlərinə uyğun hərəkət etməsi ciddi çətinliklər və iqtisadi risklər doğurur. Həm texniki imkanların məhdudluğu, həm də geosiyasi çətinliklər bu keçidin yaxın gələcəkdə reallaşdırılmasını çətinləşdirir.
Tək çarə qalır: Azərbaycanla münasibətləri normallaşdırıb, dalan dövlət statusundan və Rusiyanın enerji əsarətindən çıxmaq.
Aparılan təhlillər 2026-2028-ci illərdə Azərbaycanda artımın tamamilə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyini göstərir.
Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
"Növbəti il üçün ölkə iqtisadiyyatının real ifadədə 3,5 % artacağı, istehsal olunan ümumi daxili məhsulun (ÜDM) isə 129,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Növbəti ildə hər iki sektorun iqtisadi artıma töhfə verəcəyi, lakin qeyri neft-qaz sektoru üzrə artımın cari ilin gözlənilən rəqəmi ilə müqayisədə nisbətən zəifləməsi səbəbindən iqtisadi artımın bir qədər zəifləyəcəyi proqnozlaşdırılır.
Baza ssenaridə təqdim olunmuş proqnozlara əsasən, ortamüddətli dövrdə (növbəti il istisna olmaqla) neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ÜDM-in həm nominal, həm də real artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır", - deyə Rəydə qeyd olunub.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-dən əlavə qatar reysləri təyin edir.
ADY-dən "Yol-xeber.az"a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün, hər iki istiqamətə səfər etmək olar.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki,
- COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər
- Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.
Yol-xeber.az" xəbər verir ki, Bu çərçivədə ”Zəfər Yolu”-nun 21.4-cü kilometrində elektron tərəzinin quraşdırılmasına başlanılıb.
Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.
Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl layihə"lərin maliyyələşdirilməsi məqsədilə standartların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, yerli maliyyə bazarında “yaşıl istiqraz"ların emissiya edilməsinə başlayıb.
Bu barədə SOCAR xəbər verir.
Məlumata görə, son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri çərçivəsində dünya maliyyə bazarlarına maliyyə alətlərinin cəlb edilməsi proseslərində beynəlxalq standartların tətbiqini labüd edir. Bu xüsusda, şirkətlərin ESG standartlarının tətbiqinə diqqəti artmaqdadır. SOCAR sözügedən tələblərin icrasının təmin edilməsi məqsədilə son illərdə ESG tətbiqi prosesində dərəcələndirmənin həyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında bir sıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb.
Bununla da, SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və “yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verir. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.
Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin “yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR bütün hazırlığı başa çatdırıb, o cümlədən ESG reytinqi alıb, kredit reytinqini yaxşılaşdırıb.
SOCAR gələcəkdə də ESG standartlarının artan tələblərini, beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün yaşıl maliyyə alətlərindən istifadə edilməsinin həyata keçirilməsinə üstünlük verir və borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusi çəkilərinin mümkün həddə artırılmasını hədəfləyir.
Dünya Bankı yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 milyard ABŞ dolları resurs ayırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon ABŞ dollara ehtiyacı olacaq: "Ölkələr, insanlar, iqtisadiyyatlar, şirkətlər çətin günlər yaşayır. Ona görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankını adından mənim mesajım ola bilər. Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları maliyyə ayırdıq. Bu, iqlimin maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstəklərdən biridir".
Vitse-prezident qeyd edib ki, Dünya Bankı iqlimə davamlı borc müddəaları kimi yeni alətlər təqdim edib: "Ölkələr, xüsusən də kiçik ada dövlətləri fəlakətlərlə üzləşdikdə həqiqətən köməyə ehtiyac duyurlar. Hazırda 14 ölkə ilə müqavilələrimiz var. Bu ölkələr fəlakətlə üzləşdikdə borc ödəmələrini təxirə sala və ya azalda biləcəklər. Bu, çox böyük kömək edir".
Son dövrlərdə kriptovalyutaların qiymətində artış müşahidə olunur, xüsusilə "Bitcoin"in qiyməti yüksəlib. Bu da təbii olaraq hər kəsin diqqətini cəlb edir. Bir çox insan "Bitcoin" və digər kriptovalyutaları almağa başlayıb. Bəzi şəxslər isə necə ala biləcəkləri ilə maraqlanırlar. Kriptovalyuta bazarına daxil olmaq üçün müəyyən texniki biliklər tələb olunur.
"Bitcoin" və ya hər hansı digər kriptovalyuta almadan əvvəl platformanın təhlükəsizlik xüsusiyyətlərini, ödənişlərini və müştəri dəstəyini yoxlamaq vacibdir. Qiymətlər çox dəyişkən olduğu üçün kripto alışları maliyyə məqsədləri və risk tolerantlığına uyğun olmalıdır.
"Bitcoin"i adətən bir neçə kateqoriyaya aid olan müxtəlif nüfuzlu platformalardan almaq mümkündür. Bəzi məşhur seçimlər bunlardır:
Kriptovalyuta birjaları
Ən populyar və etibarlı üsullardan biridir. Bu platformalar həm asan istifadə interfeysi, həm də təhlükəsizlik təmin edir. Platformalarda qeydiyyatdan keçmək, şəxsiyyət təsdiqi (KYC) prosesi keçmək, sonra isə bank kartı ilə və ya kripto köçürməsi ilə balans yükləyərək "Bitcoin" ala bilərsiniz. Ən məşhur kriptovalyuta birjalarına "Binance”, "Coinbase”, "Kraken” və "Bitstamp” daxildir.
"Binance”: Rəqabətli ödənişlər və geniş çeşiddə kriptovalyutalar təklif edən qlobal miqyasda ən böyük mübadilə mərkəzindən biridir.
"Coinbase”: Güclü təhlükəsizliyi ilə tanınır, yeni başlayanlar üçün idealdır, baxmayaraq ki, ödənişlər daha yüksək ola bilər.
"Kraken”: Yüksək likvidlik və möhkəm təhlükəsizlik xüsusiyyətləri ilə məşhur platformadır.
"Bitstamp”: Etibarlılığı və sabitliyi ilə etibar edilən ən qədim mübadilələrdən biridir.
Mobil Tətbiqlər
Bir çox kripto birjalarının mobil tətbiqləri var ki, onlar vasitəsilə hər yerdə rahatlıqla Bitcoin ala bilərsiniz. Məsələn, "Binance” və ya "Coinbase” kimi birjaların mobil versiyaları istifadəyə uyğundur.
P2P (Peer-to-Peer) Platformalar
Birjalar vasitəsilə yox, digər insanlardan birbaşa almağı üstün tutanlar P2P platformalarından istifadə edə bilərlər. "LocalBitcoins”, "Binance P2P” və "Paxful” kimi platformalarda birbaşa olaraq digər istifadəçilərdən Bitcoin almaq mümkündür. Bu üsul bəzi hallarda daha anonim və lokal ödəniş üsulları ilə dəstəkli ola bilər.
"LocalBitcoins”: Bitcoini birbaşa digər istifadəçilərdən almağa imkan verir, çox vaxt müxtəlif ödəniş variantları, o cümlədən nağd pul.
"Binance P2P”: İstifadəçilərə "Binance”ın P2P platformasında heç bir ticarət haqqı olmadan birbaşa digər istifadəçilərdən Bitcoin almağa imkan verir.
"Paxful”: "LocalBitcoins”ə bənzəyir, geniş çeşidli ödəmə üsulları və bir çox ölkədə alıcılara, satıcılara çıxış imkanı.
Kripto Pulqabı (Wallet)
Bəzi insanlar mərkəzləşdirilməmiş platformalardan istifadə edərək Bitcoin almağa üstünlük verirlər. "Exodus” və "Trust Wallet” kimi kripto pulqabıları vasitəsilə də birbaşa Bitcoin almaq mümkündür.
Broker xidmətləri
Broker xidmətləri istifadəçilərə kriptovalyutaların alqı-satqısını həyata keçirmək, qiymət dəyişikliklərini izləmək və digər əlaqədar xidmətlər təqdim edir.
"eToro”: Digər investorları izləmək üçün sosial ticarət xüsusiyyəti ilə Bitcoin almaq və saxlamaq imkanı verir.
"Robinhood”: Bitcoin və digər kriptovalyutaları almağa imkan verən broker proqramı (baxmayaraq ki, onları geri ala bilməzsiniz).
ATM-lər
Azərbaycanda hələ geniş yayılmasa da, bəzi ölkələrdə Bitcoin ATM-ləri vasitəsilə Bitcoin almaq mümkündür. ATM-lər nağd pul və ya kartla Bitcoin almaq imkanı verir.
Ödəniş Xidmətləri və Fintech Platformaları
Maliyyə texnologiyalarının (fintech) əsasını təşkil edən və müştərilərə maliyyə xidmətləri təklif edən rəqəmsal platformalardır. "PayPal” və "Revolut” kimi platformaları qeyd etmək olar.
"PayPal”: Bəzi ölkələrdə mövcuddur, istifadəçilərə Bitcoin almaq, saxlamaq və satmaq imkanı verir, baxmayaraq ki, onu PayPal-dan köçürə bilməzsiniz.
"Revolut”: Bəzi regionlarda mövcud olan bu bank proqramı sizə proqram daxilində Bitcoin və digər kriptovalyutalara investisiya qoymağa imkan verir.
Banklar və investisiya şirkətləri
Azərbaycanda bu sahə zamanla inkişaf edir. Bəzi banklar və investisiya şirkətləri vasitəsilə də almaq mümkündür.