![]() |
|
Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nəqliyyat daşımaları sahəsində yeni güzəştlər (azadolmalar) nəzərdə tutulub.
Bu barədə “Yol-xeber.az”a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Belə ki, 2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri aşağıdakı hallarda 2 il müddətinə yol vergisindən azad olunacaq:
Dəmir yolu ilə daşınan yüklər: Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
Yük daşımaları: Xarici avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.
Qanunun tətbiqi ilə bağlı qaydaların təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Qeyd olunan azadolmalar ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və alternativ dəhlizlərlə rəqabətqabiliyyətliliyinin təmin olunmasına səbəb olacaq. Bu vergi güzəştləri xarici avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşımalar arasında inteqrasiyanı stimullaşdıraraq ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, nəqliyyat sektorunda daha sürətli və səmərəli daşımaların təmin edilməsinə, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcək.
Avropada qazın qiymətində bahalaşma başlayıb.
Ukrayna üzərindən qaz nəqlinin dayandırılmasının dəqiqləşməsi Avropanın qaz bazarında fyuçerslərin qiymətinin 5 faiz artmasına gətirib çıxarıb.
Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadan tranzitlə bağlı yeni müqavilə olmayacaq.
Ukraynanın baş naziri Denis Şmıqal ölkəsinin 2025-ci il yanvarın 1-i saat 07:00-da (Moskva vaxtı ilə 08:00) Rusiyadan qaz tranzitini dayandıracağını bildirib. Eyni zamanda o qeyd edib ki, tranzitin bərpası Avropa Komissiyasının tələbi ilə mümkün ola bilər, amma Rusiya qazı olmamaq şərtilə.
V.Putin MDB dövlət başçılarının Minsk zirvəsində qazın Avropaya Polşa üzərindən nəqlinin mümkün olduğunu deyib.(musavat.com)
Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək
Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək.
O da məlumdur ki, bazarlarda bir sıra məhsulların qiyməti dükanlarla müqayisədə nisbətən aşağıdır. Tikinti materiallarından tutmuş, geyim məhsullarına qədər bir sıra məhsullar bazarlarda daha sərfəli qiymətə olduğu üçün əhali ora gedir. Xüsusən “Sədərək”, “Binə” və digər böyük bazarlarda sahibkarların çoxu vergi vermir. O baxımdan yeni qərar bazarlarda qiymətlərin artmasına necə təsir edəcək?
İqtisadçı Elmir Səfərli deyir ki, vergi uçotunda olmaq ilk növbədə sahibkarların özləri üçün faydalıdır. Çünki bütün ödənişlər artıq qeyri-nağd üsulla aparılır. Buna görə də bank hesablarına və daxil olan maliyyə vəsaitinə nəzarət etmək üçün vergi uçotuna durmaq şərtdir: “Bununla da onlar həm dövriyyələrini, həm də vergilərini rəsmi şəkildə göstərəcəklər. 2025-ci ildən etibarən müəyyən sahibkarıq növləri var ki, onlara xüsusi güzəştlər tətbiq ediləcək. Xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğin 20 faizi, yəni ümumi dövriyyənin 5 faizi qədər mənfəət vermə kimi şanslar ortaya qoyulur. Bu da sahibkarlar üçün faydalıdır. Onlar müəyyən qədər 15 faizli böyük vergidən azad olunacaqlar. Bunun iqtisadiyyata da böyük təsiri var. Büdcə gəlirinin, vergiyə daxil olmaların artırılması üçün önəmli şərtdir. Bu faydalar sahibkarlara izah edilməlidir ki, yayınmasınlar, əksinə, can atsınlar. Bu zaman hər iki tərəfə - həm dövlətə, həm də sahibkarlara sərfəli olacaq”.
Ekspert deyir ki, bu dəyişiklik qiymət artımına təsir etmir: “Qiymət artımına maya dəyərinin artması təsir edə bilər. Verilən vergilərin həcmi artırılarsa, qiymət artar. Bunların heç biri baş vermədiyi üçün qiymət artımından söhbət gedə bilməz. Hər hansı sahibkarın vergi uçotunu bəhanə edib qiyməti qaldırması süni artımdır”. /Musavat.com
Kult.az Yeni il gecəsi ilə bağlı Bakı restoranlarının bəzilərinin qiymətlərini təqdim edir:
“Valentino Baku” restoranı - konsert proqramı və menyu daxil olmaqla qiymətlər 100-150 manat arasındadır;
“Baku castle”restoranı – menyu, şou proqram, ardınca atəşfəşanlıq daxil olmaqla, 5 yaşa qədər uşaqlar üçün ödənişsiz, 5-8 yaşa qədər üçün yarı qiymət, böyüklər üçün adambaşı 140 manatdır;
“Cratos” restoranında yemək, konsert proqramı daxil olmaqla bir nəfərlik biletin qiyməti 200-250 manat, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz, 5-12 yaş arası uşaqlar üçün isə yarı qiymət təşkil edir;
“Manzara Baku”da isə canlı musiqi, sehrli şou, atəşfəşanlıq, müsabiqələr və hədiyyələr daxil qiymət, bir yer 250 manatdır;
“Niaqara” restoranında bayram menyusu və şou proqramları daxil qiymət adambaşı 200-250 manatdır;
“Fairmont Baku”da yerləşən restoranlarda isə qiymətlər müxtəlifdir. Belə ki, “BAR19”da əyləncə qiyməti 295, 355 və 385 manatdır. “Alov"da qiymətlər 195, 255 və 285 manat, LE BİSTRO-da isə 120, 180 və ya 220 Manatdır
“Hilton Baku” otelində yerləşən CİLANTRO restoranında Yeni il gecəsi adambaşı 190 manatdır. Uşaqlar üçün santa və şou proqramlar da keçirilir;
SKY GRİLL restoranında qiymət band qrupu, şou proqram, set menyu ilə içkilər daxil adambaşı 400 manatdır. Yalnız 15 yaşdan yuxarı şəxslər qəbul edilir;
360 BAR-da da uşaqlara icazə yoxdur. Set menyu, içkilər, fərqli şou proqramları daxil olan Yeni il şənliyi adambaşı 450 manatdır;
“Teleqüllə”də 2 nəfərlik menyu 400 manata təklif olunur.
Azərbaycanda bəzi şəxslər vaxtından əvvəl pensiyaya çıxa bilərlər.
rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır. Bu məsələ ötən gün milli məclisin komitə iclasında müzakirə edilib.
Əvvəllər bir çox mədəniyyət işçiləri və digər sahələrdə müəyyən iş təcrübəsi olanlar erkən pensiya almaq hüququnu malik idilər.
Bəs mövcud qanunvericiliyə görə, başqa hansı sahələrdə çalışan şəxslər erkən əmək pensiyasına çıxa bilərlər?
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu siyahıya yenidən baxılması və əhatə dairəsinin genişləndirilməsi lazımdır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidən "Xəzər Xəbər"ə bildirildi ki, riskli sahələrdə çalışan şəxslərin 5 il tez pensiya alması mümkündür. Lakin bunun üçün müəyyən şərtlər var.
Nazirlikdən o da qeyd edilib ki, nazirlər kabinetinin müvafiq qərarı ilə sözügedən siyahıya 65 yeni peşə və vəzifə əlavə edilib, eyni zamanda aktuallığını itirən 25 peşə sahəsi siyahıdan çıxarılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
“Sea Breeze Uzbekistan”ın tikintisi Emin Ağalarova 10 milyard dollara başa gələcək.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənd vilayətinin Bostanlıq rayonundakı Çarvak sahilində “Sea Breeze Uzbekistan” turizm mərkəzinin tikintisinə başlamaq barədə razılığın əldə edildiyini açıqlayıb.
Layihənin tamamilə xarici investorlar hesabına həyata keçirilməsi planlaşdırılır.
Yeni il bayramı ərəfəsində quzu əti və hind quşuna, eləcə də meyvələrə tələbat artıb.
Xəzər TV məlumat verir ki, yeni il bayramı ərəfəsində bölgələrdən gətirilən məhsullar ötən ilə nisbətdə daha boldur. Xüsusilə kənd toyuğu və hind quşu bu il ötən illərlə müqayisədə bazara daha çox gətirilib. Hazırda bazarda quzu ətinin 1 kiloqramı 22-23 manata, hind quşu ətinin 1 kiloqramı isə 14-19 manata təklif edilir.
Meyvələrə gəlincə, alma 1 manatdan başlayır. Cənub bölgəsinə yağan qar-çovğun narıngi və portağalın da qiymətinə təsir edib. Narıngi 1.50 manata, portağal 2.50-3 manata satılır. Banan 2.20, kivi 2.50, armud 3.50 manat, nar 2-3 manat arasında, xaricdən gətirilən üzüm 4 manata, limonun 3-4 ədədi 1 manata, heyvanın kiloqramı 2-3 manata satılır. Qızıləhmədi almasının kiloqramı 4.50 manatadır. Ananasın qiyməti isə 5-6 manat civarındadır.
Ətraflı süjetdə:
Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası təsdiqlənib.
Bu barədə Nazirlər Kabineti qərar verib.
Bu qayda ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir, habelə onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana - Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsi üzrə təşkilati və hüquqi məsələləri tənzimləyir. Bu qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, bu qayda ilə müəyyən edilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.
Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzində strateji əhəmiyyətli mal üzrə bazar payı iki faizə bərabər və ya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər. Ötən ildə strateji əhəmiyyətli mal üzrə bazar payı iki faizə bərabər və ya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək agentlik tərəfindən əldə edilir. Bazar iştirakçılarına onların hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin mal üzrə təmin etməli olduğu minimal həcm barədə agentlik tərəfindən hər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.
Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı tərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:
- bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;
- bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmi müəyyən edilir.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturası üzrə bazar iştirakçıları tərəfindən təmin edilən minimal həcm bazar iştirakçısının hesablanmış payına vurulmaqla bazar iştirakçısı tərəfindən müvafiq strateji əhəmiyyətli mal üzrə təmin edilən həcm hesablanır.
Bazar iştirakçıları hesabat ilinin 1 oktyabr tarixindən növbəti ilin 30 sentyabr tarixinədək onlar tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə anbar qalığının bu Qaydada göstərilən bildirişdə qeyd olunan minimal həcmini təmin edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verir.
Bu barədə agentli xəbər verir.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılacaq.
Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolunda müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
- Yolun ümumi uzunluğu: 3896 metr
- Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə
- Hərəkət zolağının sayı: 6 zolaqlı
- Hərəkət zolaqlarının eni: 3.5 m
- Tunellərin sayı: 4 ədəd
- Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 104 min ABŞ dollarından aşağı düşüb.
“kriptovalyuta son 24 saat ərzində 2,9 % ucuzlaşaraq 103,581 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 53 milyard ABŞ dolları həddinə enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,34 % azalaraq 3,856 min ABŞ dolları olub.
İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “XRP”dir (7,02 % azalıb).
Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,21 % azalaraq 3,62 trilyon ABŞ dollarına düşüb.