![]() |
|
Quba şəhərində baş verən qəzanın görüntüləri yayılıb. Kadrlardan da görünür ki, zərbənin təsirindən sürücü və sərnişin avtomobildən çölə düşüb.
Shimal.News-un əldə etdiyi həmin qəzanın görüntülərində “VAZ-21015” toqquşmadan sonra havada uçaraq su kanalına düşür. Sonra sürət səbəbindən bir neçə dəfə aşır.
Hadisə mayın 1-i saat 16:00 radələrində Barlı kəndi ərazisində qeydə alınıb. Şahidlər bildiriblər ki, qəzaya səbəb yüksək sürət olub. Quba-Xaçmaz istiqamətində hərəkət edən “VAZ-21015” və “Tofaş” markalı avtomobillər idarəetməni itiriblər. Nəticədə “VAZ” su kanalına düşüb. Digər avtomobil isə yol kənarına çırpılıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslərə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev, onun müavini olmuş Mehdi Mehrəliyev, idarənin inspektoru Zaman Əbdulrəhimov və sahibkar Ramin Məmmədzadənin məhkəməsi başa çatıb.
Bildirilib ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdulrəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.
Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdulrəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma) maddələri, Ramin Məmmədzadəyə isə 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə M.Əliyevə 20 min, M.Mehrəliyevə 25 min, Z.Əbdulrəhimova 25 min, R.Məmmədzadəyə isə 24024 manat cərimə cəzası verilib. Onların müəyyən müddət vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb.
Qeyd edək ki, faktlar üzə çıxdıqdan sonra vəzifəli şəxslər işdən çıxarılıb və M.Əliyev həbs edilib. Daha sonra məhkəmənin qərarı ilə o, ev dustaqlığına buraxılmışdı.
Xəbər verdiyimiz kimi, Ağcabədidə baş verən ağır qəzada iki hərbçimiz həlak olub.
unikal.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.
Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər.
Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Son günlərdə məktəblilərin oğurlanması ilə bağlı insanlar arasında səsyazmalar yayılır.
Bu da təbii olaraq valideynlər arasında narahatlıq və təşvişə səbəb olub.
Sosial şəbəkələrdə yayılan səsdə uşaqların məktəblərin qarşısından oğurlandığı iddia edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Ölkə.Az-a bildirib ki, yayılmış məlumatlar həqiqəti əks etdirmir:
"Belə hal baş verməyib. Yayılan səs yazısı 6 il əvvələ aiddir. Həmin vaxt da məsələ araşdırılmışdı", - deyə o əlavə edib.
Aprelin 29-u vətəndaşların kartlarından daha 36 min manat oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 14 900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodu kimi məxfi məlumatları başqaları ilə bölüşməməyə çağırıb.
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.
Terror hadisəsindən 16 il ötür.
Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib.
Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.
Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib.
Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", -DİN-dən bildirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin cinayət işi üzrə təfərrüat bilinib.
Musavat.com xəbər verir ki, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Elxan Əvəzlinin qətli qisas məqsədilə törətdiyi məlum olub.
Elxan Əvəzli 2022-ci ilin yanvar ayında baş leytenant Yusif İsmayıl oğlu İsmayılovu, kiçik gizir Amil Fuar oğlu Cəlilzadəni və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il yanvarın 3-də saat 00:30-da Laçın rayonunun Malxələf kəndi ərazisində saxlanılıb.
Elxanın əvvəlcə mərhum baş leytenant Yusif İsmayılovla aralarında problem olub. Belə ki, Elxanın xidmətdə olan zaman yatması, sonra da hərbi hissə ərazisindən çəkdiyi videonu sosial şəbəkələrdə paylaşması narazılıq yaradıb. Buna görə Yusif İsmayılov Elxanı cəzalandırıb - onun digər hərbçilərlə birlikdə yemək yeməsinə icazə verməyib, həmçinin onun xidmətdən uzaqlaşdırılmasını da tələb edib.
Məlumata görə, digər qətlə yetirilən hərbçilər baş leytenanta yaxın hərbçilər olduqlarından onu dəstəkləyiblər. Onlar da Elxana qarşı fərqli münasibət göstərərək onu danışdırmamağa, birlikdə süfrə arxasında oturmamağa başlayıblar.
Elxanın sözlərinə görə, bundan sonra həmin şəxslər tərəfindən təhqir olunub, şərəf və ləyaqəti alçaldılıb. Sonuncu dəfə isə xidmətə çıxmaq üçün geyim istəsə də, ona üst geyimi verilməyib. Son 4 ayda ələ salınan, təhqir olunan Elxan qisas almaq qərarına gəlib.
O, ilk olaraq baş leytenantı qətlə yetirib. Daha sonra isə avtomata ikinci darağı taxaraq digər iki hərbçini qətlə yetirib və hərbi hissədən qaçıb.
Apellyasiya və kassasiya şikayətləri verən Elxan əməlinin Cinayət Məcəlləsinin 129-2-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsinə tövsif edilməsini istəyib.
Məhkəmələr onun şikayətini təmin etməyib və ömürlük azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.