![]() |
|
Bakıda içkili müştərinin 7 manat təşkil edən gediş haqqına görə kartından 700 manatı özünə göndərən taksi sürücüsü həbs edilib.
"Qaynarinfo" xəbər verir ki, 1996-cı il təvəllüdlü taksi sürücüsü və "ayıq sürücü" kimi də xidmət göstərən Orxan H. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Şakir adlı şəxs Səbail rayonu, Nizami küçəsində yerləşən restoranların birində spirtli içki qəbul edib. Evinə getmək üçün təxminən saat 5:15-də taksi fəaliyyəti ilə məşğul olan Orxan H.-nin avtomobilinə əyləşib.
Təqsirləndirilən şəxs müştərini Nizami küçəsindən Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə aparıb. Zərərçəkmiş şəxs üzərində nağd pul olmadığı üçün mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəyib. Spirtli içkinin təsiri altında olduğu və gözü yaxşı görmədiyi üçün telefonunu taksi sürücüsünə verib və bank tətbiqindən öz kartına 7 manat ödəniş etməsini xahiş edib. Sonra isə ödəniş əməliyyatına baxmadan həmin şəxslə sağollaşaraq mənzilinə qalxıb.
Bir gün sonra əməliyyat tarixçəsinə baxarkən kartdan başqa bir karta 700 manat pul köçürüldüyünü aşkar edib. Məlum olub ki, özünü Orxan kimi təqdim edən taksi sürücüsü 7 manat əvəzinə 700 manatı başqa bir kart hesabına köçürüb. Bu əməliyyat zamanı 7 manat komissiya haqqı da tutulub. O, Orxanla əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu xərclədiyini bildirərək bundan imtina edib.
Şakir polisə şikayət edib və sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə, Orxana 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bu gün saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Göyçay rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, aprelin 27-si saat 18 radələrində 1977-ci il təvəllüdlü Əflatun İsmayılov yaşadığı Ləkçıplaq kəndindəki evdə özünü asıb.
Bildirilib ki, Ə. İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb.
Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.
Son 2 gündə vətəndaşların kartlarından 12 min manatdan artıq pul oğurlanıb.
“Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodu kimi məxfi məlumatları başqaları ilə bölüşməməyə çağırıb.
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, düşən yağıntının miqdarı Quba və Qusarda 10, Xaltanda 5, Şəki, Qrız və Şabranda 4, Oğuz, Qəbələ, Altıağac, İsmayıllı, Yardımlı, Astara, Ağdam, Qax, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Sabirabad, Cəlilabad, Neftçala, Kəlbəcər, Laçın, Şuşa, Xankəndidə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 22, Neftçalada 20, Göyçay və Bərdədə 16 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 15, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 8 dərəcəyədək isti qeydə alınıb.
Ağdaş rayonunda yol qəzası olub, xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov və "Opel"in sürücüsü, 39 yaşlı Maqsud Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Dubay-Moskva reysi ilə uçan sərnişinlər itaətsiz sərnişini özləri saxlayıblar.
lent.az xəbər verir ki, kişinin nalayiq davranışı ucbatından təyyarə Bakıya enməyə məcbur olub və təyyarəyə azərbaycanlı polis əməkdaşları cəlb olunub.
Dubay-Moskva reysi Bakıda uğurla eniş edib. Polis qarışıqlıq yaradan şəxsi təyyarənin salonundan çıxarıb.
Təyyarəyə mindikdən dərhal sonra bir neçə polis əməkdaşı gələrək Aleksandrı saxlayıblar. Görüntülərə əsasən, həmin şəxs döyülməsi barədə polisə şikayət edib.
Hazırda polis "Aeroflot"un ekipajını dindirir, qalan sərnişinlər isə təyyarədə oturaraq Moskvaya aparılmağı gözləyirlər. Onlara 30-40 dəqiqəyə uçuş vəd ediblər.
Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.
Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.
“Onun azadlıqda ilk fotosunu vəkil Aqil Layıc paylaşıb.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Ə.Zeynallı külli miqdarda rüşvət alma və nüfuz alverində təqsirli bilinib.
Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu Azadlıq prospektində - “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.
1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb.
Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və T.Əliyevlə H.Cavadovu ərazi üzrə 22-ci Polis Şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər.
Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib.
Qeyd edək ki, saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Aba El-Sadıkın qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər. 1983-ci il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.
Qeyd edək ki, bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında da aksiya keçirmişdi.
Fotoda: Abdullah Haşim Aba El-Sadık