![]() |
|
Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Hövsanda evdə partlayış olub.
Report xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.
Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, qurumun əməkdaşı İbrahim Məmmədov dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
İ.Məmmədovun vəfatı ilə əlaqədar Prezident Administrasiyasının əməkdaşları adından başsağlığı verilib.
“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov evinin qarajından görüntülər paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, Ağalarov instaqram hesabında paylaşdığı sözügedən görüntülərdə həyat yoldaşı Alyona Qavrilovanın “Gelendvagen” və özünün “Rolls-Royce” avtomobilini nümayiş etdirib.
O, həmçinin qızının uşaqlar üçün nəzərdə tutulan kiçik “Gelendvagen”i olduğunu da bildirib.
Eyni zamanda, xalq artisti bir müddət əvvəl “Rolls-Royce”la qəzaya düşdüyünü, hazırda isə onun artıq tam təmir edildiyini deyib. Emin qəza vaxtı çəkilmiş fotoları da paylaşımına əlavə edib.
Paytaxtın Nəsimi rayonu Nizami küçəsində anbarda yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, yanğın səbəbindən ətrafa qatı tüstü yayılmaqdadır.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bakının Bakıxanov qəsəbəsində bir qrup şəxs arasında mübahisə baş verib.
Dərhal əraziyə polislər cəlb olunub və onların müdaxiləsindən sonra mübahisənin böyüməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib.
Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.
DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilmişdir.
Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qubada qaya parçaları yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Quba-Qonaqkənd yolunun 31-ci km-nə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:
“Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq”.
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub.
“Qafqazinfo” Teleqraf-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb.
Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd “Qafqazinfo”ya açıqlama verib: “19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb”.
AQTA-dan Oxu.az-a verilən məlumata görə isə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Həmçinin bildirilib ki, hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb.
Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub.
Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
***
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.
“Çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb”.
Aprelin 18-də vətəndaşların bank kartlarından 21394 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6500, 6000, 2971, 2850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:
“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6500, 6000, 2971, 2850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 32 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
"Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib".
Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub:
"Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb".