![]() |
|
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır", - deyə məlumatda qeyd olunub.
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Yol-xeber.az APA-ya istinadla xəbər verir ki, çaya gələ güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.
Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.
Qeyd edək ki, qəzalı vəziyyətə düşən körpü Quba rayonunun bu istiqamətdə yerləşən 30-dan çox kəndinə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür. Rayonun Pirvahid kəndi istiqamətindən alternativ yol olsa da, sakinlərin yolunu xeyli uzadır.
Aprelin 22-də vətəndaşların bank kartlarından 21 139 manat və 25 dollar oğurlanıb.
“Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ötən gün ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 9100, 6100, 2290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb: “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
“Beş ildir qardaşım Əsəd Həsənovun şəhid olduğu yeri – Ağdamın Mirəşelli kəndindəki səngərləri dağılmağa qoymamışam. Bu yaxınlarda orada şəhid olan oğulların adına abidə inşa etdirdim və bir neçə gün əvvəl açılışı oldu. Açılışdan sonra Ağdam bələdiyyəsi bizə deməmiş, abidənin ətrafında olan səngərləri dağıdıb”.
Bu şikayətlə “Qafqazinfo”ya şəhid Əsəd Həsənovun bacısı Günay Həsənova müraciət edib.
O düşünür ki, həmin səngərlərin olduğu torpaqları şumlamaq şəhidlərin ruhuna hörmətsizlikdir: “Mirəşelli kəndi işğal altında deyildi, bizdə idi. Mənim qardaşım “N” saylı hərbi hissənin qərargah rəisi idi. O və əsgərləri o boyda səngərləri əlləri ilə qazıblar. Sonra da həmin ərazidə çox faciəli şəkildə şəhid olublar. Demək olar ki, onların tikələri o torpaqlara qarışıb. Biz görüntü olaraq gedib məzarları ziyarət edirik. Amma mən hətta həmin hissələri yığıb abidənin altında, Əsədin səngərində dəfn etmişdim”.
G. Həsənova hadisə baş verən gündən şəhid ailələrinin sarsıntı keçirdiklərini deyir: “Ora tarixi yer idi, uşaqlar gələcəkdə gedib o ərazilərdə oğullarımızın necə döyüşdüklərini görəcəkdilər. Həmin kənd döyüş başlayanda ermənilərin ilk hücum etdiyi mövqe idi. Bizə bələdiyyədən dedilər ki, həmin ərazidə bağ salacaqlar. Axı o şəhidlərin sümüklərinin üzərində necə bağ salmaq olar? Elə bil ki, mənim qardaşımın və onunla bərabər bütün şəhidlərin sümüklərini çıxarıb çölə töküblər…”
Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov sorğumuza cavab olaraq bildirib ki, sözügedən ərazi kənd sakinlərindən birinin pay torpağıdır və o, abidəyə təxminən 1 hektara yaxın yer ayıraraq qalan hissəsini şumlayıb: “Mirəşelli ərazisində və ətraf ərazilərdə hektarlarla səngər ərazisi var. Sözügedən ərazi də kənd sakininin pay torpağıdır. Yerin sahibi abidə tikintisini gözləyib, sonradan abidəyə toxunmadan, ətrafda olan 1,5-2 hektar yeri şumlayıb.
Ağdamda 6 mindən artıq insan şəhid olub. Burada olan səngərlərin hamısını qoruyası olsaq, gərək rayonun torpağından istifadə olunmasın. Qəhrəman oğullarımız ona görə şəhid olublar ki, həmin torpaqlar gül-çiçəkli olsun, universitetlər, məktəblər tikilsin, ölkəmiz inkişaf eləsin”.
Qeyd edək ki, Əsəd Həsənov 2020-ci ilin oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub, İmişli rayonunda dəfn olunub. Prezidentin Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları, eyni zamanda III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Xatırladaq ki, şəhid kapitanın xatirəsinə ucaldılan abidənin açılışı aprelin 16-da olub. Abidə qəhrəman döyüşçünü şəhid edən mərminin düşdüyü yerdə qoyulub.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə aprelin 22-də keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
"Report" xəbər verir ki, zərərçəkmiş Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də həyətyanı sahədə heyvan otararkən ermənilərin basdırdığı minaya düşdüyünü bildirib.
“Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”, - deyə o vurğulayıb.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilir. Onların əksəriyyəti ayaqlarının bir hissəsi amputasiya edilmiş mina qurbanlarıdır.
İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəliblər.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilib.
Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrdakı xanım sərnişin rabitədən bir neçə dəfə istifadə edərək maşinistə suallar ünvanlayıb. O, maşinistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsini də soruşub.
Məlumat üçün bildirək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.
Şikayətçi iş adamı Emil Səməndərovun vəkili Asim Abbasov məlumatı saytımıza təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri E.Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Yasamal rayonunda ağaclar kəsilib.
milli.az məlumatına görə, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında "Avant Group" tikinti şirkəti tərəfindən ağaclar qanunsuz formada kəsilib və təbiətə 117 060 manat məbləğində ziyan vurulub.
Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılıb.
Müəyyən olunub ki, ağaclar sözügedən şirkət tərəfindən kəsilib və təbiətə 100 min manatdan artıq ziyan vurulub.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, daha əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən faktla bağlı akt tərtib edilmişdi.
İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.