![]() |
|
Aprelin 25-də Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
“Yol-xeber.az” xəbər verir ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2025-ci ilin I rübündə də məqsədyönlü şəkildə davam etdirilib.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7.829 cinayətin 87 faizi açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.
Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Əllərdə qanunsuz saxlanılan 2.309 odlu silah aşkarlanıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi, o cümlədən müraciətlərə baxılması üzrə fəaliyyətin nəticələrinin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vurulmuş maddi ziyanın 96 faizinin istintaq prosesində ödənildiyini nəzərə çatdırıb.
Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.
Kollegiya iclasına yekun vuran nazir qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsini tələb edib.
Bütün ərazi polis orqanlarının rəislərindən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasının zəruriliyini və müvafiq sahədə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında polis orqanlarının istintaq və təhqiqat qurumlarının mühüm rolunu, bu istiqamətdə işin düzgün təşkilinin cinayətlərin açılmasında və araşdırılmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində əhəmiyyətini də qeyd edib. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Ərizə və şikayətlərə baxılması, eləcə də qanunçuluğun qorunması vəzifələrinin icrası kimi vacib məsələlərə toxunaraq bu istiqamətlərdə görülən işlərin xüsusi nəzarətdə saxlanıldığını, müraciətlərin obyektiv və həssaslıqla araşdırıldığını, qaynar xətlərə daxil olmuş və sosial şəbəkələrdə yayımlanmış məlumatlara çevik reaksiya verildiyini, bütövlükdə əldə edilmiş nəticələrin müsbət olduğunu bildirib.
Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən daha 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını diqqətə çatdırıb. Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, insanların həyat və sağlamlığının yol-nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını tələb edib, habelə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri müəyyən edib.
Yekunda polis-media əlaqələrinin vəziyyətinə toxunaraq Daxili İşlər Nazirliyinin mediaya ən açıq qurumlardan biri olduğunu qeyd edərək Mətbuat Xidmətinin fəaliyyətinin daha səmərəli təşkili, informasiya məkanında rolunun artırılması, görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə operativ çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
“Yol-xeber.az” xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutmuş görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
ATƏT nümayəndə heyətinə Azərbaycanın təşəbbüskarı olduğu “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi çərçivəsində ölkəmizin nəqliyyat-logistika potensialı haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar çərçivəsində Bakı Limanının ADY-yə birləşdirilməsi ölkəmizin tranzit imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq dəhlizlərlə yükdaşımaların daha səmərəli təşkilinə töhfə verəcək.
Tərəflər birgə həyata keçirilən layihələrin və təşəbbüslərin Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edərək ümumilikdə regionun dayanıqlı inkişafına təkan verəcəyini bildiriblər.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Gəncə şəhərində vətəndaşları qəbul edib.
“Yol-xeber.az” xəbər verir ki, Qəbuldan əvvəl AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov və Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Gəncə şəhəri “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçirilən qəbulda Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçiriblər.
Yol-xeber.az" xəbər verir ki, Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu, eyni zamanda, tikilməsi nəzərdən keçirilən yeni dəmir yolu körpüsünün layihələri barədə məlumat verilib. Qeyd olunub ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin bu ilin sonunadək tamamlanması planlaşdırılır. Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.
Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək, Çin–Mərkəzi Asiya–Azərbaycan–İran–Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. Eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək, Körfəz ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.
Tikilən avtomobil yolu I texniki dərəcəyə malik olmaqla, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. Paralel olaraq, təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə ediləcək və regionun nəqliyyat-logistika potensialının daha da artmasına töhfə verəcək.
Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaqdır.
Nümayəndə heyəti, həmçinin Azərbaycan ərazisində tikintisi sürətlə davam edən, strateji əhəmiyyətə malik Horadiz–Ağbənd dəmir yolu xətti ilə də əyani tanış olublar. Bu dəmir yolu xətti regionun əsas nəqliyyat xətlərindən biri olmaqla yanaşı, həm müxtəlif nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, həm də beynəlxalq yükdaşımaların səmərəli təşkili üçün yeni imkanlar yaradacaq.
Həmsədrlər daha sonra İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ikinci körpü olan Ordubad-Siyahrud avtomobil körpüsünün layihəsi və yerləşəcəyi yer üzrə ərazi imkanlarını nəzərdən keçiriblər. Körpünün koordinatlarının müəyyənləşdirilməsi və texniki parametrləri ilə bağlı təkliflər dinlənilib və bu istiqamətdə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.
Nümayəndə heyətləri, həmçinin Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılan işlərlə də tanış olublar. Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad SES-in ümumi tikinti işlərinin 60 faizi yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır. Həmsədrlər, həmçinin Culfa sərhəd-keçid məntəqəsinə də baş çəkib və məntəqənin mövcud şəraiti ilə tanış olublar.
Həmsədrlər İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edərək, iki ölkə arasında ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və Prezidentlərin tapşırığına müvafiq olaraq mövcud layihələrin başa çatdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd ediblər.
Baş nazirin müavini 30 illik işğal müddətində ermənilər tərəfindən dağıdılan və talan edilən ərazilər barədə iranlı naziri və nümayəndə heyətini məlumatlandırıb.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Yol-xeber.az" xəbər verir ki, Şahin Mustafayev və Fərzanə Sadiq həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.
Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.
Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.
Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 184 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.
Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.
Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.