![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2 iyul - Azərbaycan Polisi Günü münasibəti ilə agentliyin inzibati binasının mühafizə xidmətini həyata keçirən Mühafizə Polisinin polis nəfərlərini qəbul edib.
Qəbul zamanı İdarə Heyətinin sədri Saleh Məmmədov polis nəfərlərinin hər birini Polis Günü münasibətilə təbrik edib, onların simasında daxili işlər orqanlarında çalışan bütün əməkdaşlara fədəkar, şərəfli və əzmli işlərində uğurlar arzu edib.
Yol-xeber.az" xəbər verir ki, Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.
Görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləri üzrə yük dövriyyəsinin artırılması imkanları və bu imkanların dünya bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.
Görüş zamanı dəmir yolu qurumlarının rəhbərləri Orta Dəhliz üzrə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqabətədavamlı və rəqəmsal xidmətlərin göstərilməsi üçün hazırda üzərində işlənilən layihələri müzakirə ediblər.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Bundan əlavə, ADY nümayəndə heyəti işgüzar səfər çərçivəsində yerli logistika şirkətləri ilə təşkil olunmuş "Dəyirmi masa"da iştirak ediblər.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qax rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan hesabat iclası keçirilib.
Agentliyin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.
Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilən mükəmməl strategiya və uğurlu xarici və daxili siyasətin dayandığını qeyd edib.
İdarə Heyətinin sədri prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirildiyini və bir sıra nailiyyətlər əldə edildiyini qeyd edib.
44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yenilədiyini, milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qisminin Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə etdiyini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışdığını qeyd edən Saleh Məmmədov bildirib ki, cənab Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri modern səviyyədə reallaşır.
İclasda çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov ölkə başçısının müvafiq Sərəncamı əsasında yol infrastrukturuna xidmət göstərilməsi və infrastrukturun möhkəmləndirilməsi üçün yeni alınan maşın-mexanizmlər, həmçinin istismarda olan yol texnikaları üçün alınmış ehtiyat hissələri barədə məlumat verib. Qeyd edilib ki, yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar respublika ərazisində yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb olunub. Ehtiyac yarandıqca da yeni texnikaların alınması istiqamətində işlər davam etdiriləcək.
Daha sonra çıxış üçün söz Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizova verilib. Kamran əzizov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulduğunu, bu layihələrdən 7-nin tikintisinin artıq başa çatdığını, proqrama əsasən digər avtomobil yolları layihələrinin 2026-cı ilədək başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.
Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 19-da lokal antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolları üzrə tikinti işlərinə artıq start verildiyini qeyd edən Kamran Əzizov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamlarına uyğun olaraq işğaldan azad olunmuş şəhər ərazilərində yerləşən küçə və yolların layihələndirilməsi və yenidən qurulması işlərinə başlanılıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən cari ilin beş ayı ərzində ümumilikdə 70,5 min nəfər əhalinin yaşadığı 68 yaşayış məntəqəsini birləşdirən 263,1 km uzunluğa malik 10 kəndlərarası avtomobil yolu layihəsinin icrası davam etdirilib. Bununla yanaşı paytaxt Bakı ərazisində də vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən tikinti və təmir işləri davam etdirilib.
Sonda ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tədbirlərin operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
YOLUNUZ AÇIQ OLSUN...
.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 30-da və 31-də Yardımlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Yardımlı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbula gələn 264 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
21 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 92 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Yol-xeber.az" xəbər verir ki, Mayın 24-də Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Nazir Adrian Efros və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov moldovalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir.
Ölkələrimizin müvafiq strukturları arasında uzun illərdir ki, mövcud olan sıx və işgüzar əlaqələri diqqətə çatdıran general-polkovnik V.Eyvazov qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı olduğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə yeni töhfə verəcəyinə əminliyini bildirib.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efros səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.