![]() |
|
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında vizadan azad olunma ilə bağlı sənədlər təsdiq edilib.
Parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzsakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qəraa əsasən, BOKT-ların verdiyi gündəlik kreditlərə dair aşağıdakı tələblər müəyyənləşdirilib:
- milli valyutada verilir;
- maksimum məbləği 500 manatdır;
- gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;
- qaytarılma müddəti maksimum 45 gündür;
- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;
- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;
- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;
- təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;
- restrukturizasiya olunmur;
BOKT-ların risk iştahasına uyğun olaraq kredit risklərinin idarə edilməsi siyasətini Müşahidə Şurası (Himayəçilik Şurası) təsdiq etməlidir.
BOKT kredit risklərinin monitorinqini təmin edən müvafiq qaydalara və informasiya sisteminə malik olmalıdır.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq 1-23 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Tədbir zamanı müştəri məmnuniyyətinin artırılması, təhlükəsizliyin təmin edilməsi və dayanıqlı fəaliyyət prioritet istiqamətlər olub.
Yol-xeber.az" xəbər verir ki, COP29-a hazırlıq işlərinin və tədbirin keçirildiyi dövrdə fəaliyyətin vahid mərkəzdən idarə edilməsi və əlaqələndirilməsi, baş verə biləcək insidentlərin vaxtında aşkar olunması və qarşısının alınması üçün ADY-də qərargah və monitorinq qrupu yaradılıb. Müxtəlif departamentlərdən ayrılmış əməkdaşlar və rəhbər şəxslər növbəli rejimdə çalışaraq qərargahın fasiləsiz fəaliyyətini təmin ediblər. Monitorinq qrupu ümumi hazırlığa və COP29 dövründə stansiya və dayanacaqlarda texniki məsələlərə nəzarət edib, hər hansı nasazlığın vaxtında müəyyən edilərək operativ həlli istiqamətində 24/7 fəaliyyət göstərib.
Sərnişinlərə göstərilən xidmət keyfiyyətinin daha da artırılması məqsədilə 1-23 noyabr tarixlərində stansiya və vağzallarda əməkdaşların sayı artırılıb, 300-dən çox əməkdaş müştəri xidmətləri və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib. Sərnişinlərin COP29 haqqında məlumatlılığının artırılması və səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmiryol marşrutu üzrə yenilənmiş hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb.
Sərnişinlərin rahat səyahətini təşkil etmək, həmçinin vaxta qənaət üçün Bakı Dəmiryol Vağzalında turniketlərin sayı artırılaraq 1 dəqiqədə keçid qabiliyyəti 750-dən 1000 nəfərə, Koroğlu dayanacağında isə 108-dən 270 nəfərə çatdırılıb. Həmçinin COP29 dövründə Bakı və Sumqayıt vağzallarında, Koroğlu dayanacağında qonaq və sərnişinlər üçün əlavə olaraq “sürətli keçid” dəhlizləri yaradılıb.
COP29 dövründə ADY ümumilikdə 10 minə yaxın akkreditasiyalı sərnişin daşıyıb. Ən çox istifadə edilən dayanacaq Koroğlu (5026 nəfər) olub. Sumqayıt vağzalından 1638, Bakı vağzalından isə 1153 akkreditasiyalı sərnişin istifadə edib.
Xarici qonaqların səfəri təkcə Abşeron dairəvi marşrutu ilə məhdudlaşmayıb, rayonlararası istiqamətlər üzrə ən çox səfər edilən şəhər Gəncə olub.
Bundan başqa, ADY-nin inklüzivliyə töhfəsi çərçivəsində Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq məqsədilə taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib, bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri aparılıb. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələri də gücləndirilmiş iş rejimində çalışıb.
Sərnişinlər üçün informasiya əlçatanlığını, yazışma, onlayn axtarış və digər xidmətləri təmin etmək məqsədilə noyabrın 13-dən Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən bütün “Stadler” qatarlarında pulsuz “Wi-Fi” xidməti aktiv edilib, internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilib. Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY həmçinin stansiya və vağzallardakı “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.
Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib.
COP29 günlərində stansiya və dayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidini təmin etmək, onları qatarların hərəkət cədvəli ilə tanış etmək, istiqamətləndirmək, ümumilikdə tədbirlərin uğurlu keçirilməsinə dəstək vermək məqsədilə 28 oktyabr tarixindən etibarən ADY-nin könüllülər qrupu formalaşdırılıb və onların hazırlığına başlanılıb. Könüllülərlə görüşlər keçirilib, COP29 dövründə ümumi fəaliyyət, yarana biləcək risklər və onların aradan qaldırılması, çevik reaksiya, məlumat mübadiləsi müzakirə edilib, onlara sərnişindaşımaya aid elanların mətni, akkreditasiya növləri barədə məlumatlar verilib. Hər bir könüllü xüsusi jilet və yaxa kartı ilə təmin edilib.
ADY könüllüləri 11-23 noyabr tarixlərində Sumqayıt vağzalında, Keşlə, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil və Novxanı stansiya və dayanacaqlarında hər gün saat 07:00-dən 23:00-dək növbəli rejimdə fəaliyyət göstəriblər.
Daşımaların təhlükəsiz və vaxtında təşkili üçün mühafizə xidməti də COP29 dövründə gücləndirilmiş iş rejimində çalışıb. Qatarlarda və platformalarda mühafizə əməkdaşlarının sayı artırılıb. Stansiya və vağzallarda, həmçinin digər infrastruktur obyektlərində asayişin təmin olunması üçün ADY-nin Mühafizə departamentinin və Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə gücləndirilmiş rejimdə günboyu mühafizə xidməti aparılıb.
Sərnişinlər, qatarlar, vağzal və stansiyaların təhlükəsizliyinə 24/7 nəzarət edilməsi üçün Bakı Dəmiryol Vağzalında yerləşən Videomüşahidə Mərkəzinin fəaliyyəti təkmilləşdirilib. Abşeron dairəvi marşrutu üzrə bütün stansiya və dayanacaqlar, eləcə də ADY-nin digər strateji nöqtələri kameralar vasitəsilə fasiləsiz müşahidə edilib. Stansiya və yollarda quraşdırılmış 800-dən çox müşahidə kamerası mərkəzləşdirilmiş şəkildə Videomüşahidə Mərkəzinə inteqrasiya olunub. Beləliklə, müvafiq təhlükəsizlik planları dəqiq icra edilib, hər bir əməkdaş təhlükəsizliyi və nəzarəti tam təmin etmək üçün xüsusi diqqətlə çalışıb.
COP29 günlərində ADY-nin yükdaşıma xidməti də gücləndirilmiş rejimdə işləyib. Yükdaşımalara aid sahə, stansiya, dispetçer məntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarında müntəzəm monitorinqlər aparılıb.
Yükdaşıma və sərnişindaşıma xidmətlərinin fasiləsizliyini təmin etmək üçün dəmiryol infrastrukturuna əsaslı baxış keçirilib, profilaktik tədbirlər görülüb, dəmir yollarının müntəzəm diaqnostikası aparılıb.
COP29 günlərində Hərəkət vasitələrinin təmiri departamenti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Belə ki, sərnişin və yük qatarlarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək nasazlıqların operativ aradan qaldırılması məqsədilə qrafik əsasında əməkdaşlar sahələr üzrə bölünüb, xüsusilə də Bakı və Sumqayıt vağzallarında, həmçinin Koroğlu dayanacağında fəaliyyət göstəriblər.
Bundan başqa, təmirdə olan lokomotivlərin vaxtında istismara qaytarılmasının təmin olunması, təmirə gəlmiş teplovozlardakı nasazlıqların aradan qaldırılaraq istismara qaytarılması üçün bu sahədə ixtisaslaşmış mütəxəssislərin işə cəlb olunması təmin edilib.
COP29-a hazırlıq çərçivəsində dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib, yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb.
Azərbaycan Dəmiryol Muzeyi də COP29 günlərində fəaliyyətini gücləndirib. Ziyarətçilər üçün 3 dildə bələdçilik xidmətləri təqdim edilib, 60-a yaxın eksponat haqqında məlumatlar QR kod vasitəsilə əlçatan olub. Muzeyin yenilənmiş kinozalında bir neçə dildə dəmir yolları haqqında sənədli filmlər nümayiş etdirilib. “Zaman qatarı” eksponatı isə ziyarətçilərə Azərbaycan dəmir yollarının tarixinə virtual səyahət imkanı təqdim edib.
COP29 dövründə ADY Muzeyini 300 nəfər ziyarət edib, onlardan 50-si COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gələn xarici qonaqlar – Çin, Almaniya, İsveçrə, Pakistan, Böyük Britaniya, Belarus, Macarıstan, Türkiyə, Braziliya, Rusiya, İrlandiya, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları olub.
Beləliklə, ADY COP29 günlərində yalnız yüksək səviyyədə xidmət göstərməklə kifayətlənməyib, həm də dayanıqlı və müasir həllər tətbiq etməklə öz fəaliyyət sahəsində hədəflərinə doğru inamla irəlilədiyini bir daha nümayiş etdirib.
"Pensiya kapitalından istifadə imkanları bir sıra digər ölkələrdə tətbiq olunur. Ötən gün Milli Məclisin müzakirələrində Sinqapur və ABŞ modelini qeyd etdim. Bu modellər bizim ölkə üçün daha uyğun modellər hesab oluna bilər. Digər ölkələr də həmin modelləri öyrənib tətbiq etməyə çalışırlar".
Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
O əlavə edib ki, bu modelin özəlliyi ondan ibarətdir ki, vətəndaş kapitalının bir hissəsini istehlakı üçün istifadə edə bilir:
"Yəni vətəndaş 65 yaşı gözləmir. Eyni zamanda kapitalın bir hissəsini 65 yaşa saxlayır. Bu o deməkdir ki, missal üçün vətəndaşın 50 min manat kapitalı varsa, həmin kapitalın yarısını 65 yaşı tamam olmadan xərcləmək imkanına malik olur.
Bir məsələni də qeyd edim ki, vətəndaşın nə qədər uzun yaşamağının onun pensiya məbləğinə adiyyəti olmur. Pensiya məbləği vətəndaş daha çox yaşadıqca artır. Kapital pensiya məbləği müəyyənləşəndə lazım olur. Bundan sonra kapital anlayışı olmur, çünki pensiya ineksləşdirilərək artırılır. Yəni vətəndaş nə qədər çox yaşayırsa, onun pensiya məbləği o qədər artır.
Hesab edirəm ki, kapitalın bir hissəsinin istehlakı üçün istifadə imkanları yaranmalıdır. Əgər vətəndaşın kredit borcu varsa və ödəməkdə çətinlik çəkirsə, o zaman həmin kapitaldan istifadə edib xərcləri ödəmək imkanı yaradılmalıdır".
Növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"İşğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı deyim ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib. Burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”, - deyə nazir bildirib.
Balıq bazarında yerli məhsulların qiyməti bahalaşıb, alıcı sayı azalıb.
Səbəb balıq yeminin bahalaşması ilə yanaşı xəzərə mənsub balıqlarının sayının qıtlığı ilə əlaqəlidir.
Xaricdən gətirilən dəniz məhsulları bazarda liderlik edir. Bu siyahıda Qara dəniz məhsullarının sayı birincidir.
Balıq satışı üzrə mütəxəssis İlkin Novruzovun sözlərinə görə, hazırda ən çox levrək, çupra, qızılbalığa tələbat var. Yerli məhsullar isə bazarın 10 faizini təşkil edir:
Onun sözlərinə görə, xarici balıqların içərisində ən bahalısı salmondur. Bu balıq növü əvvəllər 30-35 manat idisə, indi qiyməti 40-45 manat arasında dəyişir. Nərə əvvəllər 50-55 manat idisə, hazırda 40-35 manatdır. Forel əvvəllər 18-20 manata satılırdısa, indi 14 manata qədər düşüb./xəzərxəbər
Azərbaycan Mərkəzi Bankı (AMB) 23 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edib.
Manata nəzərən avronun məzənnəsi 1.7711 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0492 manat, 100 Rusiya rublu 1.6290 manat olub.
“Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı (ADB) regional əlaqələrin gücləndirilməsi məqsədilə “Şimal-Cənub” dəhlizinin Azərbaycandakı əsas hissəsinin bərpa edilməsi məqsədilə 131,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb.
Bu barədə “Yol-xeber.az” kredit müqaviləsinin mətninə istinadən xəbər verir.
Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov və ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.
Bu layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökuməti tərəfindən qarşılanır. Kredit ADB-nin çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi ilə 2 il güzəştli dövr daxil olmaqla 22 il müddətinə veriləcək. Kredit üzrə faiz ödənişləri və digər ödənişlər ildə iki dəfə - hər il mayın 15-i və noyabrın 15-də həyata keçiriləcək.
Vəsait dəhlizin Sumqayıt-Yalama hissəsində 166 kilometrlik magistralın, o cümlədən mülki tikililərin və dəmir yolu keçidlərinin bərpasının başa çatdırılmasına yönəldiləcək. Bu kredit 2017-ci ildə təsdiq edilmiş və ölkənin dəmir yolu əməliyyatlarının müasirləşdirilməsinə yönəlmiş Dəmir Yolu Sektorunun İnkişaf Proqramının əlavə maliyyələşdirilməsidir. Bank ilkin olaraq Azərbaycan Dəmir Yollarına (ADY) 150 milyon ABŞ dolları ayırıb.
Əlavə maliyyələşdirmə ilkin layihənin genişləndirilməsinə və Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 kilometrlik əsas marşrutun, o cümlədən mülki strukturların və dəmir yolu keçidlərinin ümumi bərpasına imkan verəcək.
Layihənin 2025-ci il dekabrın 31-dək başa çatdırılacağı gözlənilir.
Müqaviləyə əsasən, borcalan maliyyə dayanıqlılığının qorunub saxlanması üçün bazar risklərini, o cümlədən adekvat borc xidmətlərinin əhatə dairəsini, həmçinin inflyasiya, valyuta və faiz dərəcəsi risklərini əhatə etməklə yanaşı, yük və sərnişindaşıma tariflərini müntəzəm olaraq tənzimləməlidir. ADY təsdiq edilmiş maliyyə restrukturizasiya planı başa çatdıqdan, yəni 2024-cü ildən sonra borc xidmətlərinin ödənilməsi əmsalını 1,1-dən yuxarı saxlamalıdır.
ADY həmçinin yük və sərnişin qatarlarının təhlükəsiz və səmərəli istismarını təmin etmək üçün relslərin və digər layihə obyektlərinin (layihə dəmir yolu xətti üçün elektrifikasiya, siqnalizasiya və telekommunikasiya avadanlıqları) strukturunun və vəziyyətinin qənaətbəxş saxlanılmasını təmin etməyi öhdəsinə götürüb.
Azərbaycan 1999-cu ildə ADB-yə qoşulandan bəri bank nəqliyyat, energetika, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.
ADB 1966-cı ildə təsis edilib və 49-u regionda yerləşən 68 üzvdən ibarətdir.
"Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb".
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.
O bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik: "Növbəti il biz bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.
Bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.
Bununla bağlı məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:
- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.