Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı
Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləmiş Kazım Məmmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan üç min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda 28 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Xəlilov Elvin Mənsur oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bakıda jurnalist qəzaya düşdü, motosikleti aşdı
Bakıda jurnalist avtomobil qəzasına düşüb.

Milli.Az bildirir ki, qəza anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlar əks tərəfdən keçən avtomobilin təhlükəsizlik kamerasına düşüb.

Milli.Az-ın əməkdaşının idarə etdiyi motosiklet qarşısındakı taksi sürücüsünün kobud səhvinə görə aşıb, jurnalist yüngül bədən xəsarəti alıb. Onun başında moto-dəbilqənin olması ciddi xəsarət almasına mane olub.

M.Ə.Rəsulzadə qəsəbəsinin Azadlıq prospekti hissəsindəki işıqfordan hərəkətə başlayan motosiklet sürücüsü sol zolağın sağ hissəsi ilə hərəkət edərkən 99PR634 dövlət qeydiyyat nişanlı taksi sürücüsünün anidən yavaşlayaraq iki zolaqlı yolda sağ zolaqdan sola dönməsi bədən xəsarəti ilə nəticələnən qəzaya səbəb olmuşdur. Onun güzgülərdən istifadə etməməsi və kobud qayda pozuntusu jurnalistin bazu sümüyünün və sağ qolunun əzilməsi ilə nəticələnib.

Qəza sentyabrın 6-da günorta saat 3 radələrində Məmməd Əmin Rəsulzadə qəsəbəsindən Azadlıq prospekti metro stansiyasına gedən istiqamətdə baş verib.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, iki zolaqlı yolda sağ zolaqdan sola dönmək qadağandır və bu qayda pozuntusu 40 manat cərimə ilə cəzalandırılır. Əgər pozuntusu yüngül xəsarətlə nəticələnibsə o, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Milli.Az görüntüləri təqim edir:

Biləsuvarda qayınana ilə gəlin görün nə işlə məşğul olurmuşlar
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların pul və qızıl-zinət əşyalarını ələ keçirən şəxslər saxlanılıb.

"Ölkə.Az" xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ağayrı kənd sakini A. Mahmudovanı dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçirən Bərdə şəhər sakinləri B. Əliyeva və onun gəlini A. Abdullayeva saxlanılıblar. Onlar zərərçəkmiş şəxsi aldadaraq bildiriblər ki, onun ailəsində baş verəcək  bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. Aparılan araşdırmalarla həmin şəxslərin bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 850 manat pulunu və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində başlanmış cinayət işinin istintaqı davam edir. Hazırda onların başqa bu kimi faktlarda iştirakının olub-olmadığı araşdırılır.

Gədəbəydə polislərə xəsarət yetirən ər və arvadın məhkəməsi başlayır

Bu il iyunun 9-da Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində xidməti vəzifələrini icra edən Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına kənd sakinləri tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə Avtosfer.az-a Gədəbəy rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla Zəhmətkənd Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə kənd sakini Əli Məmmədəliyevin yumruq və əlindəki balta ilə polis əməkdaşı Nurlan Əsgərova hücum edərək dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə, arvadı Tahirə Məmmədəliyevanın isə polis əməkdaşı Yaşar Hüseynovun üzərinə benzin tökməsi və əli ilə ona dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə Əli Məmmədəliyev barəsinə həbs, arvadı Tahirə Məmmədəliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

SON DƏQİQƏ! Azərbaycanlı məşhuru oğlu ov tüfəngi ilə ÖLDÜRDÜ
Tanınmış gitara ifaçısı Nofəl Süleymanov bir az öncə yaşadığı evdə dünyasını dəyişib.

Bu barədə müğənni Asif Kazımov məlumat verib.

O, bildirib ki, musiqiçini oğlu ov tüfəngi ilə vurub. O, Nofəl Süleymanovla yaxın qonşu olduğunu qeyd edib.

Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Polis bu rayonda əməliyyata başladı
Balakən polisi narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

"Ölkə.Az" xəbər verir ki, rayonun Kortala kəndi ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Rizvan İsayev saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin becərildiyi ərazidə ümumi çəkisi 7 kiloqramdan artıq olan 54 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

İstintaqın gedişi zamanı məlum olub ki, Rizvan İsayev həbsdə olarkən tanış olduğu rayonun Mahamalar kənd sakini Xalid Novruzov və onun tanışı, "Baron Eyvaz” ləqəbi ilə tanınan Eyvaz Qocayevlə qabaqcadan əlbir olaraq, may ayında 400 ədəd çətənə bitkisinin şitillərini həmin şəxslərdən alıb, evinin həyətyanı sahəsində becərib. 

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının iyun ayında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğuna görə Xalid Novruzov saxlanılıb. "İş ortağı”nın tutulmasından sonra qorxuya düşən Rizvan İsayev becərdiyi 400 ədəd çətənə kolunun xeyli hissəsini kökündən çıxararaq yandırıb. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, Xalid Novruzovun həbs olunmasından sonra onun həyat yoldaşı Elnarə Keysərovskaya, Eyvaz Qocayev, arvadı Sara Sultanova və həmkəndliləri Vüsal Gözəlov Rizvan İsayevin yaşadığı ünvana gələrək, may ayında ona verdikləri çətənə bitkilərini geri qaytarmasını tələb ediblər. Rizvan İsayev isə həmin narkotik vasitəni yandırdığını bildirdikdə, tərəflər arasında münaqişə yaranıb və onu ölümlə hədələyiblər. Rizvan İsayevin ailəsi məsələyə qarışdıqdan sonra həmin şəxslər qorxuya düşərək ərazidən uzaqlaşıblar.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Eyvaz Qocayev və Vüsal Gözəlov da şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.  oxu24.com

Azərbaycan kəndində “manyak” peyda olub?
Son günlər Salyan rayonunda manyak peyda olduğuna dair məlumatlar yayılıb.

İddia edilir ki, bir həftədir rayonun Xıdırlı kəndində yayılan söz-söhbətlər kənd camaatını narahat edir.  Sosial şəbəkələrdə paylaşım edən şəxslər günlərlədir əhalini qorxu içində saxlayan “manyakların” hələ də tutulmadığını yazırlar.

Məsələni aydınlaşdırmaq üçün Xıdırlı kənd ərazi nümayəndəsi Elçin Nəzirov ilə əlaqə saxladıq. Kənd camaatının iddialarına cavab olaraq Oxu.Az-a açıqlama verən E.Nəzirov bu söhbətlərin əsassız olduğunu deyib:

“Bir həftədir hamı deyir ki, “manyak” peyda olub. Bu qədər camaatdan bir nəfər belə görən olmayıb. Heç kimə xəsarət yetirən yox, toyuğunu oğurlayan, evinə girib oğurluq edən yox. Bu söhbətlər necə yaranır başa düşmürük. Əraziyə polis çağırılıb. Kənddə heç bir qeyri-adi hal yoxdur. Yenə də məsələ araşdırılır, amma xahiş edirik “manyak” gördüm deyən adamlar onun şəklini çəksin, biz də görək. Hər kəsin əlində telefon var”.

DSX-nin həbs olunan vəzifəli şəxslərindən
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətin vəzifəli şəxslərinə qarşı keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin barələrindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

“Report” xəbər verir ki, istintaq orqanının təqdimatına Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o, avqust ayında azadlığa buraxılıb.

Rəsmi məlumata görə, vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılıb.

Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvətalma) maddələri ilə cinayət işi başlanılmış və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilib.

Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplayaraq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilindiyi üçün balıqçılıqla məşğul olan Bakı şəhər sakini Abdullayev Arif Cəfər oğlu, Quliyev Xalis Xudamurad oğlu və 2003-cü ildən 2017-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzəsində Bioresursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Paşayev Fikrət Həsənağa oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Həmçinin istintaqla müəyyən edilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Bakıda əks yolda piyadanı vuran 16 yaşlı sürücü kimdir?

Paytaxtın Həsən Əliyev küçəsində 90 UD 900 dövlət nömrə nişanlı, “Porsche” markalı avtomobillə əks istiqamətdə hərəkət edərək piyada keçidində piyadanı vuran sürücünün görüntüsü yayılıb. 

 Avtosfer.az məlumatına görə, avtomobili sürən şəxs 16 yaşlı Firuz Salmanov olub. Sürücü sosial şəbəkələrdə müxtəlif vaxtlarda “Niva” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək videolar paylaşıb. Eyni zamanda çoxsaylı qayda pozuntuları edib. 

Hazırda idarə etdiyi “Porsche” markalı avtomobil anası Ülviyyə Salmanovanın adınadır. Avtomobili idarə etmək hüququ isə atası Pərviz Salmanova məxsusdur. Pərviz Salmanov parça alqı-satqısı ilə məşğul olur. 

Firuz Salmanov isə avtomobili sürücülük hüququ olmadan idarə edir. 

Qeyd edək ki, hadisə avqust ayının 24-də baş verib. Vurulan şəxsin ağır yaralandığı barədə məlumat verilib. Eyni zamanda onun vəfat etdiyi də bildirilir. 

Hadisənin ciddiliyini nəzərə alaraq qəzanın videosunu təqdim edirik: 

Diqqət: Əsəbləri zəif olanların videoya baxmamağı tövsiyə edilir.

Xəbər lenti