Xaçmazda “Fedya” ləqəbli narkotacir tutuldu
Xaçmaz sakinində narkotik maddələr aşkarlanıb.

"Ölkə.Az" xəbər verir ki, DİN-dən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənov şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 510 qram heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyi 780 manat pul maddi sübut kimi aşkarlanaraq götürülüb.  

Dindirilmə zamanı Fədai Həsənov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ölkə.Az

Şirvanda polis əməkdaşının törətdiyi qəza ölümlə nəticələndi
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Baku TV xəbər verir ki, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı 24 yaşlı Murad Şərifov idarə etdiyi minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sürcü - Şirvan sakini, 40 yaşlı Ələsgər Soltanov və piyada Şirvan sakini, 52 yaşlı Eldar Ələkbərov ağır xəsarətlərlə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirlib.

Piyada aldığı ağır xəsarətlərdən orda vəfat edib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Bakı məktəblisi özünü üçüncü mərtəbədən atıb?

Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 N-li məktəb şagirdinin intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Məktəbdən “Report”a bildirilib ki, təhsil müəssisəsinin 10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının arxasınca məktəbə gəlib və məktəbdə olan zaman yıxılaraq ayağından xəsarət alıb.

Qeyd olunub ki, təcili tibbi yardım çağırılıb və məktəblinin ayağında sınıq olduğu aşkar edilib:

“Həkimlər ona müvafiq tibbi yardım göstərib, zəruri tədbirlər görülüb. Hazırda məktəblinin vəziyyəti qənaətbəxşdir”.

Əlavə edilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılacaq.

Xatırladaq ki, sosial şəbəkədə şagirdin özünü 3-cü mərtəbədən atmasına ilkin  səbəb kimi direktorun onu sinifdən-sinfə keçirməməsi və məktəbdən uzaqlaşdırması göstərilib.

“Protiv” gedən “Porsche” keçiddə piyadanı belə vurub öldürdü - 90 UD 900 – REAL VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avrosfer.az xəbər verir ki, hadisə paytaxtın Həsən Əliyev küçəsində olub.

90 UD 900 dövlət nömrə nişanlı, “Porsche” markalı avtomobil ilə əks istiqamətə çıxaraq yüksək sürətlə hərəkət edən sürücü piyada keçidindən keçən gənci vurub. Hadisə nəticəsində piyada yerindəcə keçinib.

Qeyd edək ki, qəza hadisəsi bir müddət əvvəl baş verib.

Videonu təqdim edirik:

 
Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş
İyunun əvvəllərində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub.

“Qafqazinfo”nun məlumatına görə, o, U-20 milli komandamızda çıxış edib. 

Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib. Həmin müddətin başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb. 

Onun həbsdən azad olunmasının vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən rədd edilib. O, həbsdə qalıb. 

Azərbaycanda polis onu söyən qonşusunu güllələdi
Daxili İşlər Nazirliyi ötən gün Bərdə rayonunda bir nəfərin qonşusu tərəfindən topuğundan güllələnməsi haqqında məlumat yayıb.

Belə ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Yusif Kərimov onu söyən qonşusu Aftandil Əliyevə tüfəngdən açdığı atəşlə topuq nahiyəsindən xəsarət yetirib. Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

“Qafqazinfo”nun məlumatına görə, qonşusunu güllələyən şəxs polisdir. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddətdir ki, xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədov barəsində araşdırma başlanılıb.

“Unikal.org”un məlumatına görə, idarədə Q.Məmmədova aid torpaq sahələrinin, yaşayış evləri və mənzillərin hansı yolla əldə edildiyi araşdırılır.

Qeyd edək ki, Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə mənzillərin verildiyi iddia olunur.

Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır
Son günlər Şirvan şəhərində koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

Məsələ ilə bağlı Redaktor.az-a Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər üzrə ümumilikdə 394 nəfər virusa yoluxub:

“Virusa yoluxanlardan 294-ü sağalıb, aktiv xəstə sayı isə 84 nəfərdir. Onlardan 27-si xəstəxanada, 57-si ev şəraitində müalicə alır. Ümumilikdə 16 nəfər dünyasını dəyişib”, - deyə bildirilib.

Azərbaycanda iki vəzifəli şəxs barəsində cinayət işi başlandı
1 saylı Respublika Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın öz xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bununla bağlı Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə məlumat yayıb. 

Keçirilmiş tədbirlər nəticəsində Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq 2020-ci ilin 2 iyun və 5 avqust tarixlərində xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, həyata keçirilmiş qeyd edilən operativ tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun həmin vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Göstərilən faktlara görə Baş İdarədə Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulub, 5 sentyabr 2020-ci il tarixdə o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, habelə, 5 sentyabr 2020-ci il tarixdə Səriyyə Tanverdiyeva Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Masallıda 32 yaşlı kişi qətlə yetirilib
Sentyabrın 7-də saat 01 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakini, 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Malik Şiriyevə bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti