Kranın aşması nəticəsində bir nəfər öldü
Xəbər verdiyimiz kimi, Bakıda kran doqquzmərtəbəli yaşayış binasına düşüb.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində kranın sürücüsü dünyasını dəyişib.

 
Faktı Səhiyyə Nazirliyindən təsdiqləyiblər: Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb. 
DTX filial müdirini saxlamayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə xəbərlərə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı qeyd edib ki, yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

“Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov DTX tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir məsələ ilə bağlı şahid qismində dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir”,- deyə F.Talıblı əlavə edib.

Onun sözlərinə görə, bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur.

Azərbaycanda qanunsuz hərəkətlər edən vəzifəli şəxslə bağlı cinayət işi başlandı

İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb.
İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında üç il müddətinə Əflatun Həsənova verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şirvanda AİLƏ FACİƏSİ

Bu il fevralın 26-da Şirvan şəhər ərazisində şəhər sakini Pərvanə Nağıyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə Şirvan Şəhər Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə "Ölkə.Az"a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla zərəçəkmişin əri Sahib Nağıyevin ailə-məişət münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı Pərvanə Nağıyevanı boğması və daha sonra bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DTX-nin həbs etdiyi vəzifəli şəxslə bağlı  RƏSMİ AÇIQLAMA

Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyev deyil, onun müavini saxlanılıb.

Bunu Biləsuvar İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şahin İsgəndərov deyib. O bildirib ki, əməliyyat çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun müdir müavini Ədalət Mürsəlov saxlanılıb, lakin sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, Unikal.org saytı Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyevin saxlanılması barədə məlumat yayıb. (Axar.az)

BDU tələbəsinin ölüm işi

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İstintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan iki nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, bir nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Müdafiə Nazirliyi gecə cəbhədə baş verənlərlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 46 dəfə pozub.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Mingəçevirdə qısqanc ər arvadını qətlə yetirib

Mingəçevir şəhərində arvadını qətlə yetirməkdə təqsirli bilinən Elnur İsayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası sentyabrın 17-ə təyin edilib.

Qeyd edək ki, bu il mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E. İsayev Mingəçevir şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

E. İsayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Deputatın qardaşı oğlunun cinayət işi icraata götürüldü

Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Əmiraslanov barəsində olan cinayət işi icraata götürülüb.
“Report” xəbərinə görə, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Rəsmi məlumata əsasən, E.Əmiraslanovun bir neçə vətəndaşa məxsus pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi barədə Baş Prokurorluğunun “Çağrı Mərkəzi”nə daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq 8 iyun 2020-ci il tarixdə toplanmış material əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaqla E.Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etmək vədi ilə 20 min manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək vədi ilə 12 min manat, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsi həbsdən azad edilməsində köməklik göstərmək vədi ilə 20 min manat məbləğdə pul vəsaitini ayrı-ayrı vətəndaşlardan qəbul etməklə, təkrarən dələduzluq etməsinə, eləcə də vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Əmiraslanov 14 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmaqla 26 avqust 2020-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sükan arxasında foto çəkdirən məktəb direktoru barəsində cinayət işi başlandı
Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində cinayət işi başlanılıb.

"Report”un xəbərinə görə, 23 yanvar 2019-cu il tarixdə Saatlı rayon Prokurorluğunun təqdimatı əsasında maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.  

Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi E.Rzayevi məktəb direktoru vəzifəsindən azad edib və müəllimlik fəaliyyətinə xitam verib. Onun cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb və 5 000 manat cərimə olunub. 8 aydan sonra Nərimanov Rayon Məhkəməsi E.Rzayevin barəsində işə bərpa barədə qərar çıxarıb. 

Qərardan narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Apelyasiya protesti Şirvan Apelyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun icraatına verilib və sentyabrın 7-də məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, E.Rzayev məzuniyyət vaxtı "BakuBus” MMC-yə məxsus avtobusun sükanı arxasında foto çəkdirib sosial şəbəkədə paylaşaraq sürücü işləməsi təəssüratı yaradıb. Bu da sosial şəbəkələrdə "məktəb direktoru sürücü işləyir" xəbərinin yayılmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi isə məlumat yayaraq həmin şəxsin "BakuBus” MMC-də işləmədiyini və bunu paylaşım xatirinə etdiyini bildirmişdi.

Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru E.Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Xəbər lenti