Bakıda qızlar karantini pozaraq, qrup halında...
Bakıda reklam şirkətlərindən birinin sahibi, model Fidan İbrahimova karantin qaydalarını pozaraq özünə təmtərahlı doğum günü keçirib.

Redaktor.az xəbər verir ki, F. İbrahimova  doğum günündən çəkilən görüntüləri sosial media hesabından paylaşıb.

Daha ətraflı videodan izləyin:

Həbsdə olan sabiq icra başçısı məhkəməyə gətirilib
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından apelyasiya şikayətinə baxılması üçün məhkəməyə gətirilib.

“Report”un xəbərinə görə, işə Bakı Apelyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılır.

***
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, işə Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi sentyabrın 2-də istintaq orqanının təqdimatı təmin edərək V.Hacıyevin həbs müddətinin daha 3 ay uzadılması barədə qərar çıxarıb. 

Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Ermənistanın iki zabitini beynəlxalq axtarışa verdi

Azərbaycan Ermənistan ordusunun iki zabitini beynəlxalq axtarışa verib. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən açıqlamada qeyd olunub ki, bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının  qanunsuz işğalının  davam etdirilməsi  olduğunu nümayiş etdirməkdədir. Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar  işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə  hər vəchlə  vəziyyəti yenidən  gərginləşdirməyə  çalışdığından xəbər verir. 

Ermənistan tərəfinin təxribat xarakterli vaxtaşırı hücumları sülh prosesinin üzərindən xətt çəkməklə Beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının  qətnamə və qərarlarına  qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərin davamı olaraq, Ermənistanın xüsusi xidmət orqanlarının tapşırığı ilə respublikamızın təhlükəsizliyi zərərinə - ölkəmizin müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə yolların, əlaqə vasitələrinin dağıdılmasına yönəldilən partlayışlar, o cümlədən təxribatların, habelə ölkəmizə qarşı ağır və xüsusilə ağır cinayətlərin törədilməsi ilə vəzifələndirilmiş silahlı qüvvələrin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Alaverdyan Qurqen Vladimiroviçin avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçib müdafiə mövqelərimizə basqın edərkən Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmiş və bu barədə ictimaiyyətə ətraflı məlumat verilib.

Məlum olduğu kimi  2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə iriçaplı artilleriya qurğularından istifadə etməklə mövqelərimizi ələ keçirmək məqsədilə atəşə tutmuş, o cümlədən təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini hədəfə almaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

İyulun 12-dən başlayaraq Qazax rayonunun Xanlıqlar, Tovuz rayonun Ağdam və Dondar Quşçu kəndlərində dinc mülki əhaliyə qarşı törədilmiş, həmçinin avqustun 23-də diversiya-kəşfiyyat qrupunun icra etdiyi cinayət əməllərinin davam edən hərbi qarşıdurma fonunda baş verməsi Ermənistan silahlı qüvvələri tərəfindən planlaşdırılaraq törədilməsi və eyni xarakterli olması nəzərə alınmaqla həmin faktlarla bağlı başlanmış cinayət işləri bir icraatda birləşdirilərək Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsif edilməklə sülh və insanlıq əleyhinə olan cinayətlər kimi qiymətləndirilib.  

Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Qurqen Alaverdyanın ifadəsi və digər istintaq sübutlara əsasən, Q.Alaverdyanın Azərbaycanın işğal olunmuş ərazisində qanunsuz yaradılmış silahlı birləşmədə kəşfiyyat bölüyündə tağım komandiri olmaqla cinayətkar birliyin tərkibində təcavüzkar müharibənin aparılmasında iştirak etməsinə, habelə işğalçı Ermənistan tərəfindən yaradılmış cinayətkar birlikdə (təşkilatda) struktur bölməsinə rəhbərlik etməsinə, 23 avqust 2020-ci il tarixdə xidmət etdiyi qanunsuz silahlı birləşmənin komandiri Vazgen Vartanyanın göstərişi ilə 2 nəfər erməni hərbçisi ilə - Armen Camalyan və istintaqın hazırki mərhələsində şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın etməsinə, habelə çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) digər üzvləri ilə birlikdə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamasına, gəzdirməsinə və qanunsuz olaraq döyüş sursatını, partlayıcı maddələri daşımasına, cinayətkar birliyin (təşkilatın) tərkibində odlu silahdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması təhlükəsi yaradan partlayışlar, yanğınlar törətməyə, yəni terrorçuluğa cəhd etməsinə, cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iki nəfərdən çox üzvlərini milli ədavət və düşmənçilik niyyəti ilə, eləcə də terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd etməsinə, həmçinin çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) tərkibində partlayışlar törətməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Həmçinin, Ermənistan vətəndaşları, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda yerləşən postlarında müdafiəni təşkil edən qanunsuz silahlı birləşmənin komandiri Vartanyan Vazgen Baxşikoviç və  tağım komandiri Camalyan Armen Gneloviçin də eyni əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 276 (casusluq), 279.2 (silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci ( qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə), 29, 214.2.3 (terrorçuluğa cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Baş Prokurorluğun təqdimatı əsasında məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin “İnterpol”-un Milli Mərkəzi Bürosuna göndərilib. 

Baş Prokurorluq tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir düşdükdən sonra video-açıqlamasında Vazgen Vartanyanın polkovnik rütbəsində olduğunu bildirmişdi.

Mingəçevirdə qısqanc ər arvadını öldürüb
Mingəçevir şəhərində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Elnur Usayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, Cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin icraatıva verilən cinayət işi üzrə məhkəmə hazırlıq iclası sentyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu il mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən olunub.

Daha sonra Elhur İsayev Mingəçevir Şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub. O, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 44 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

“Çopur Ramiz” ləqəbli narkobaron tutuldu
Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

"Ölkə.Az" xəbər verir ki, alınmış əməliyyat məlumatları əsasında keçirilmiş tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan rayonun Yuxarı Tala kənd sakini Ramiz Quliyev saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər,  “Çopur Ramiz”in yaxınları - əvvəllər oğurluğa görə, məhkum olunmuş  Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Yevlaxda polisə müqavimət göstərən şəxslərin məhkəməsi başlayır

Bu il mayın 18-də Yevlax şəhəri ərazisində xidməti vəzifələrini icra edən Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma-zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla Yevlax rayon sakinləri Qulu Quliyev, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayevin rayon sakinlərinin arasında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Yevlax RPŞ-nin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimət göstərib yerdən götürdükləri daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla polis əməkdaşları Eşqin İbrahimov, Şamil Nəcəfov və Vasif Fəttayevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qulu Quliyev Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayev isə Cinayət Məcəlləsinin 221.3 və 315-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək,  məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Abşeronda sürücü və sərnişindən qadına qarşı İYRƏNC HƏRƏKƏT
Abşeronda qadına qarşı quldurluq edən şəxslər saxlanılıb.

"Ölkə.Az" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə  müraciət edən Xırdalan şəhər sakini Ş.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib. 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini S.Mehralıyev və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Bakıda oğlan sevdiyi qızı küçədə qətlə yetirib
Bakıda sevdiyi qızı bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Pərviz Paşapurun cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, hadisə Yaamal rayonu ərazisində baş verib. Şəki şəhər sakini 24 yaşlı Pərviz Paşapur yaşadığı evin qarşısında 18 yaşlı Günel Nəsirovaya 8 bıçaq zərbəsi vurub. Sonuncu xəstəxanaya çatdırılıb və orda çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Hadisədən təxminən 4 saat sonra Pərviz Paşapur könüllü polisə gələrək təslim olub.

İstintaqla müəyyən olunub ki, Pərviz Paşapur mobil telefonla mərhumun anasına zəng edərək qızı Günelin onunla danışmadığı halda onu öldürəcəyi ilə hədələyib. 

Bundan sonra Paşapur əvvəllər elçi göndərməsinə baxmayaraq Günelin ona ərə gəlməməsini bəhanə edib sonuncunu həyatdan məhrum etmək qərarına gəlib.

Bu məqsədlə o saat 16:40 radələrindən Şərifzadə küçəsində marketin qarşısında Günelin işdən çıxmasını gözləyib.

Saat 21:00 radlərində Günelin iş yoldaşı ilə işdən çıxmasını görən Pərviz onun arxasınca gəlib və evin qarşısında Nəsirovanı yerə yıxıb üzərindəki bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürüb.

Təqsirləndiriən şəxs qismində dindirilən Pərviz Paşapur bildirib ki, Şəki şəhərində qeydiyyatda olsa da valideyinləri ilə Bakıya köçüblər. Əvvəlcə Biləcəri qəsəbəsində yaşasalar da atası həbs olunandan sonra anası ilə birlikdə Yasamal rayonuna köçüblər.
Elə Yasamalda da qonşusu Güneli görüb və sevib. Təxminən 1 ildən sonra valideyinlərini onlara elçi göndərib. Amma Günelin anası qızını öz bacısı oğluna ərə verəcəyini bildirib. 

Pərviz bildirib ki, bir müddət Günellə telefonda danışıblar. Amma sonradan Günel telefon əlaqəsini kəsib və onun zənglərinə cavab verməyib. Buna görə qızın anasıTamella Nəsirovaya zəng edən Pərviz Günelin onunla əlaqə saxlamasını tələb edib və əks təqdirdə onu öldürəcəyi ilə hədələyib. Bu məqsədlə Günelin anası polis bölməsinə şikayət edib. Həmin məsələ araşdırlıb və Pərviz sərbəst buraxılıb. 

Bir müddət sonra Günel daha münasibət saxlamaq istəmədiyini bildirib və ona zəng vurmamağı xahiş edib. Pərviz isə fikrinin ciddi olduğunu və onunla münasibətini davam etdirəcəyini deyib. Bu səbəbdən Günel mobil nömrəsini dəyişib. Pərviz isə hər gün onun satıcı işlədiyi marketin qarşısına gedib onu görüb. 

Hadisə baş verən günü Pərviz "20 Yanvar" metrosunun qarşısında bir ədəd bıçaq alaraq Güneli görmək üçün marketin qarşısına gəlib. Axşam saatlarında qız cavan oğlanla birlikdə çıxıb yaşadığı evə tərəf gedib. Pərviz də onların arxalarınca yollanıb. Günelin yaşadığı evin qapısının yanında ona yaxınlaşan Pərviz anası ilə danışmaq istədiyini bildirib. Cavab olaraq qız acıqlı şəkildə ondan getməsini istəyib. 

Paşapurun sözlərinə görə küçədə heç kim olmayıb. O, Günelin sözlərinə dözməyib cibindəki bıçağı çıxarıb və qızın sağ böyrünə, bel və digər nahiyyələrinə zərbələr endirib oradan qaçıb.

Küçədə sevdiyi qızın qanına bulaşan əllərini yuyub və taksi ilə dəniz kənarı parka gəlib. Cinayətdə işlətdiyin bıçaqı orada dənizə atıb. Daha sonra isə polis bölməsinə gələr təslim olub.

Məhkəmə prosesi zamanı Pərviz Paşapur elan edilmiş ittihamla özünü qismən təqsirli hesab edib. O, törətdiyi əməldən peşman olduğunu bildirməklə, Günel Nəsirovanı qorxutmaq məqsədi ilə vurduğunu qeyd edib. 

Sonda məhkəmənin hökmü ilə Pərviz Paşapur 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Lənkəranda ağır yol qəzası

Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Günəhir kənd sakini Asif Fərəcovun idarə etdiyi 99-JR-725 dövlət qeydiyyat nömrəli “Ford” markalı yük avtomobili ilə İstisu kənd sakini Mais Kəlbiyevin idarə etdiyi 42-CN-713 qeydiyyat nömrəli “VAZ 2107” markalı avtomobil toqquşub.

Ağır bədən xəsarətləri alan minik avtomobilinin sərnişinləri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri, 1979-cu il təvəllüdlü Mahir Əhmədov yolda dünyasını dəyişib. Digər xəsarət alanlar - 1947-ci il təvəllüdlü Güldərən Əhmədova, 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 2014-cü il təvəllüdlü Hüseyn Mahir oğlu Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli oğlu Kəlbiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti