Koronavirusun öldürdüyü jurnalistlər…

Dünyanın 1 nömrəli probleminə çevrilən koronavirus müxtəlif peşələrdə çalışan yüzminlərlə insanın həyatına son qoyub. Ölənlər arasında  jurnalistlər də var. “Press emblem campaign” (PEK) qeyri-hökumət təşkilatının hesablamalarına görə, virus martın əvvəllərindən sentyabr ayına qədər 47 ölkədən 366 jurnalistin həyatına son qoyub. Ölənlər arasında ən çox Peru (82), Ekvador (40), Hindistan (36) və Banqladeşdən (31) olan jurnalistlər yer alıb.

PEK-in məlumatına görə, Rusiyada 5, Azərbaycanda isə 4 jurnalist virusun qurbanı olub. Həyatını itirən azərbaycanlı jurnalistlər arasında foto-jurnalist Fərman Bağırov, AzTV-nin  İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nəcəfzadə, İTV-nin redaktoru Əmrah Fəqanoğlu, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev var. (Modern.az)

Baş Prokurorluq gənc müəllimənin intiharı ilə bağlı daha bir məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 


Qeyd edilənlərlə bağlı, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən,  cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə, istintaqın hazırkı mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.

“Ərim məni dəfələrlə döysə də, polis olduğu üçün cinayət işi açılmır”   - FOTO

Bakıda polis əri tərəfindən dəfələrlə döyüldüyünü iddia edən qadının şikayətləri ilə bağlı prokurorluğun cinayət işi başlamamaq barədə qərarını məhkəmə ləğv edib.

“Qafqazinfo”ya müraciət edən Ülkər Quliyeva (ad-soyad şərtidir) bildirib ki, əri tərəfindən döyülməsini sübut edən faktlar olsa da, şikayətinə baxılmır: “Keçmiş ərim Nəriman Həsənov Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin tağım komandiri işləyir. Onunla 2018-ci ilin iyul ayında ailə həyatı qurdum və toydan bir neçə gün sonra məni döyməyə başladı. Bu döyülmə hadisələri sonradan mütəmadi hal olurdu, ailəm dağılmasın deyə susurdum. Bir ilə yaxın Nəriman mənə işgəncə verəndən sonra hüquq-mühafizə orqanlarına müraciət etdim və ondan boşandım.

Həmin müddətdə döyüldükdən sonra qayınatam İdrak Həsənov məni özünün həkim işlədiyi “Diaqnoz” Tibb Mərkəzinə apardı. Orada iş yoldaşlarına dedi ki, hamamda ayağı sürüşüb və yıxılıb. 2018-ci ilin avqust ayında yenə möhkəm döyüldüm və bu dəfə “Baku Medical Plaza” Tibb Müəssisəsinin təcili yardım şöbəsinə apardılar. Yenə də mən ailəmizin dağılmaması üçün döyüldüyümü demədim.

2019-cu ilin mart ayında yenə döyüldüm. Anam məni qarın nahiyəmdə kəskin ağrılar və qanaxma olduğu üçün həkimə apardı. Müayinə zamanı sağ yan divarda 8 mm hematoma aşkar edildi. Orada mənə hamilə olduğum üçün Tibb  Universitetinin Tədris-Cərrahiyə Xəstəxanasına müraciət etməyim məsləhət görüldü və mən həmin xəstəxanaya müraciət etdim. Lakin yenə də ailəmizin dağılmaması üçün Nəriman tərəfindən döyüldüyümü həkimə bildirmədim. Bundan sonra yenə döyüldüm. O zaman mən hamilə idim. Mənə hamiləliyin vaxtından əvvəl düşük təhlükəsi diaqnozu qoyuldu. Mən bu dəfə dünyaya gələcək uşağım üçün dözdüm. Nəriman bir neçə dəfə mənim üstümə bıçaq da çəkmişdi”.

Ü.Quliyeva qeyd edib ki, əri Nəriman Həsənov tərəfindən döyülərkən onun səsini də yazıb və bunları sübut kimi istintaqa versə də, müstəntiq buna fikir verməyib:

“Məni döydüyünə görə qanun qarşısında cavab verəcəyini dedim, o isə “get hara istəyirsən ver, mən heç kimdən qorxmuram, sənə əzab verəcəm” kimi ifadələrlə məni döyməyə davam etdi. Döyülmüş vəziyyətdə ayağımın və qollarımın xəsarət alan yerlərini də telefon vasitəsilə fotosunu çəkmişəm. Səs yazısında Nərimanın məni döyməsi açıq-aşkar anlaşılır və eşidilir”.

Ü.Quliyeva deyib ki, döyülməsini sübut edən kifayət qədər sübutlar olsa da, Nizami Rayon Prokurorluğunun müstəntiqi Tale Səfərov cinayət işinin açılmasını rədd edib:

“Göstərdiyim bütün halları təsdiq edən xəstəlik tarixçələri, ekspertiza rəyləri, səs yazısı, habelə şəkillər olmasına baxmayaraq, heç bir mötəbər sübuta əsaslanmadan əsassız olaraq cinayət işinin başlanması rədd edildi. Müstəntiqin bu qərarından şikayət etdim, məhkəmə qərarı ləğv edib işi yenidən araşdırılması üçün prokurorluğa göndərdi. Keçmiş ərim Nəriman Həsənov polis olduğu üçün istintaqa təzyiq edərək araşdırmalara təsir göstərir”.

Qeyd edək ki, Nəriman Həsənov təhqiqat zamanı bildirib ki, həyat yoldaşı Ü.Quliyeva hamiləlik dövründə pərdə asarkən yıxılıb və xəsarət alıb.

 

İntihar edən gənc müəllimə barədə məktəbin direktoru görün
121 saylı məktəbin direktoru Akif Abdullayev intihar edən ibtidai sinif müəllimisi 27 yaşlı Naidə İsayevanın intim fotoları ilə şantaj olunması haqqında yayılan xəbərlərə münasibət bildirib.

O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı yayılan məlumatların yalan olduğunu deyib.

“O, çox gözəl insan idi. Bu məktəbdə ondan tərbiyəli müəllim yox idi. Başıaşağı tərbiyəli bir qız idi. Bu xəbərlər əsassızdır. Bu xəbərləri yayanlar ... (qeyri etik ifadə işlədir)" 

Qeyd edək ki, 16 sentyabrda 27 yaşlı ibtidai sinif müəllimi Naidə İsayeva intihar edib.

Xaçmazda dəhşətli qətl
Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.

Apa xəbər verir ki, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb. 

R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Cəbhədə silahlar susmadı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

DTX daha bir əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qafqazinfo”nun Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumatına görə, araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək  “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən ediliib.

Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirildi
2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan Kamran Tağı-zadə istifadəsindəki mobil telefondan DİN “102” mərkəzinə zəng edərək atasının qətlə yetirildiyini və evin qarət olunduğunu bildirib.

Baku Tv xəbər verir ki, daxil olan məlumat inzibati əraziyə nəzarət edən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə verilib və əməliyyat qrupu hadisə yerinə yollanıb. Qonaq otağında, divanın üzərində oturaqlı, qana bulaşmış vəziyyətdə kişi meyiti aşkar edilib. 

Məlum olub ki, mərhum 85 yaşlı Əkrəm Tağı-zadədir. Ağır cinayət əməllərini törətdiyinə əsaslı şübhələr olduğuna görə qəsəbə sakini Sakit Mirzəyev həmin gün saxlanılıb. 

Sabunçu rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əkrəm Tağı-zadənin ölümünə - açıq, qəlpəli sınıqlarla əlaqədar beyin maddəsinə qansızma səbəb olub. İstintaqla müəyyən edilib ki, avqustun 20-si saat 10 radələrində Sakit Mirzəyev qonşusu Əkrəm Tağı-zadənin yaşadığı Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən nömrəsiz evdə olarkən sonuncunun ona gəlini Tahirə Tağızadə ilə aralarında intim münasibətləri olması barədə məlumatının olduğunu deyib, iradını bildirib.

 Bunu bəhanə edən Mirzəyev xuliqanlıq niyyəti ilə Tağı-zadəni öldürmək qərarına gəlib. Bu məqsədilə özünün yaşadığı evin həyətinə qayıdıb. Dolabdan əmək alətini götürüb və yenidən qonşusunun evinə gedib. Seçdiyi əzabverici üsulla fiziki imkanlarına görə müqavimət göstərmək iqtidarında olmayan Əkrəm Tağı-zadənin baş nahiyəsinə alətlə ardıcıl zərbələr vuraraq, zərərçəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Sakit Mirzəyev bildirib ki, qonşuluqda yaşayan Əkrəm Tağı-zadəni və onun ailə üzvlərini 2016-cı ildən tanıyıb, hadisədən 4 ay qabaq Əkrəmin oğlu Kamran və arvadı Tahirə ilə onun həyat yoldaşı Mükafatın arasında münasibətlər pisləşib. Belə ki, sonuncu Sakitin Əkrəmin gəlini ilə münasibətinin olduğunu düşünərək, onlarla dalaşıb. Buna görə 12-ci polis şöbəsində araşdırma aparılıb. 

2018-ci il avqustun 20-də səhər işə getməyə hazırlaşanda Əkrəm pəncərədən onu evinə çağırıb. Həmin vaxt qonşusu tək olub, Kamran və Tahirə Salyan rayonuna gediblər. Əkrəm gəlini ilə Sakitin arasındakı intim münasibətdən xəbəri olduğunu deyib. Sakit qonşusuna bir neçə dəfə bunların yalan olduğunu desə də, sonuncu onu və Tahirəni öldürtdürəcəyi ilə hədələyib. Əkrəmin bu sözünə dözməyib və əli ilə onu özündən kənara itələyib. Otaqdan çıxarkən qonşusu arxadan dəmir parçası ilə kürəyindən möhkəm zərbə vurub. Əsəblərini cilovlaya bilməyən Sakit mismar çıxaran аləti götürüb, Əkrəmin evinə qayıdıb və baş nahiyəsinə bir dəfə vurub. 

Məhkəmə hesab edib ki, Sakit Mirzəyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum olunub.

Bakıda tanışını bıçaqlayıb öldürən şəxs TUTULDU

Sentyabrın 16-da Suraxanı rayonu ərazisində Orxan İsayevin üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı İmran Cərullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Cərullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Suallara cavab verilməməsi bizdə şübhələr yaradır”
Bu il mayın 22-də Oğuz rayonunda itkin düşən uşağı ayının parçalaması xəbəri cəmiyyətdə sarsıntı yaratdı və bunun ardınca 13 yaşlı Cəbrayılın meyitinin sadəcə alnında bir yarıqla tapılması haqlı suallara səbəb oldu.

Fotolarda onu ayının parçalamadığı görünsə də, istintaq meyitin tapıldığı gün açıqlama yayaraq, uşağın alnındakı izin ayı pəncəsinə xarakterik olduğunu bildirdi.

İndi isə 13 yaşlı Cəbrayıl Məmmədlinin ailəsi istintaqın gedişatından və nəticəsindən narazıdır.

Mərhum uşağın atası Vüsal Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mayın 21-də axşamüstü təxminən saat 19:30-da oğlu Cəbrayılı su arxına göndərib ki, suyun axınını onların bostanına doğru yönləndirsin:

“Həmin yer kənddən də görünür. Təxminən 40 dəqiqə sonra gördüm uşaq gəlmir, özüm ora getdim. Arxdan bir az aralıda, dərin qaranlıq yerdə velosipedini tapdım, amma uşaq yox idi. Bir az ətrafı gəzib axtardım, oğlumu çağırdım, amma tapa bilmədim. Cəbrayıl ora bir neçə dəfə gedib, heç vaxt velosipedini dərin yerə qoymayıb. Həmişə velosipedi yolun kənarına qoyub suyun axınını dəyişib qayıdırdı. Gecə qonşularla uşağı axtardıq, tapa bilmədik.

Amma elə həmin gecə, hələ uşaq tapılmadan əvvəl kənddə söz-söhbət yayılmışdı ki, Cəbrayılı ayı parçalayıb. Həmin vaxt mən güman edirdim ki, uşaq oruc olduğu üçün aclıqdan meşədə haradasa huşunu itirib. Bu söhbəti kimin yaydığını bilmədim. Səhər saat təxminən 9 radələrində iki qonşumla birgə polis əməkdaşı oğlumun meyitini tapdı. Həmin yer velosipedin tapıldığı yerdən 1 760 metr aralıda, meşənin içindədir. Cəbrayıl orada suyun içindən tapılıb. Uşağın boynunda göyərti izi var idi, bir də alnında kəsik.

Bədəninin başqa heç bir hissəsində cızıq belə olmayıb. Onun meyiti tapılanda qaloşları yox idi. Mən səhəri gün müstəntiqə dedim ki, niyə bununla maraqlanmadınız? Cavab verdi ki, 50 metr radiusda axtarış aparılıb. Kənd adamları ilə gedib ərazini axtardıq, qaloşun birini həmin yerdən təxminən 80 metr aralıdan tapdıq. Mən kənd adamlarına dedim ki, qaloşa əl vurmayın, polisə xəbər verdik.

Sonra kənd sakinləri dedi ki, həmin yerdən bir az aralıda qanlı daşlar və qaloşun digər tayını tapıblar. Sivri və qanlı olan daşın biri də kənara, kolun dibinə atılmışdı. Həmin kol qırılmışdı və üstündə qan var idi. Bir dənə də qanlı ağac parçası tapıldı. Prokurorluqdan ora heç kim gəlmədi, polis əməkdaşları gəlib daşları, ayaqqabıları aparıb ekspertə verdi. Daşlar tapılan yer də tam qumluqdur, orada baş izinə oxşar balaca çökəklik, bir də 2-3 metrlik çaya doğru sürütmək izi var idi.

 
Sonra mən prokurorluğa gedib dedim ki, niyə gəlib hadisə yerinə baxmırsınız?! Sübutları biz tapıb, sizə veririk. Ekspertiza rəyini bizə 50 gündən sonra dedilər. Onda da dedilər ki, uşağın ölümündə insan izi aşkarlanmayıb, onu vəhşi heyvan öldürüb”.

V.Məmmədov qeyd edib ki, ekspert rəyində və istintaqın yekun qərarında məntiqə sığmayan ehtimallar var:

“Ekspertin rəyinə görə, vəhşi heyvan qəfildən Cəbrayılın qarşısına çıxıb, o da velosipedi qoyub meşəyə doğru 2 kilometr qaçıb və ayı, ya da digər vəhşi heyvan onu qovub.

Həmin ərazi sıx kolluqlu meşədir, mən özümü qoruyaraq oradan keçəndə belə qollarım cızıq-cızıq olur. Amma Cəbrayılın qollarında, qıçında cüzi iz belə yoxdur. Ayının iki kilometr qovduğu uşaq necə o sıx kolluqdan cızıqsız keçə bilərdi? Onların rəyinə görə ayı, ya da digər vəhşi heyvan uşağı qovub, çayın qırağında üzündən zərbə vurub, uşaq yıxılıb başı daşa dəyib və huşunu itirərək çaya düşüb. Orada isə ciyərlərinə su getdiyi üçün ölüb. Uşağın ölüm səbəbi kimi çayda boğulması göstərilib.

12 yaşlı uşağı ayı pəncəsi ilə sifətindən vursa, onun üzü dağılar, ayının pəncəsində cəmi bir dırnaq olmur. Həmin kəsiyin kənarında digər dırnaqların izləri olardı. İstintaq da deyir ki, Cəbrayılın alnındakı çapıq heç bir alətin izinə oxşamır. Ayı vəhşi heyvandır, ya insan görəndə qorxub qaçır, ya da parçalayır. Bu necə olur, hansı məntiqə sığır ki, ayı uşağı 2 kilometr qovub, sonda da alnından bir zərbə vurub çıxıb gedir?”

Mərhumun atası bildirib ki, onun konkret olaraq şübhələndiyi adam yoxdur:

“Amma düşünürəm, orada hansısa bir hadisə ola bilər. Kimsə hansısa bir xəlvət iş görə bilər ki, uşaq gəlib onun üstünə çıxar və görər. Bunu kiməsə deməməsi üçün nəsə edə bilərlər. İstintaqın gedişatındakı laqeydlik və açıq qalan suallarımıza cavab verilməməsi bizdə suallar və şübhələr yaradır”. 

 

Xəbər lenti