![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.
Rəsmi Ankara Qərb siyasi dairələrinə Suriyanın yenidən bərpa olunma prosesini kobud müdaxilə ilə bloklamaq imkanı tanımaq niyyətində deyil... Bayden administrasiyası terrorizmi hələ də himayə etsə də, Pentaqondan verilən son açıqlama rəsmi Ankaranı məmnun edib, Türkiyə ordusu isə artıq döyüşə hazırlığı vəziyyətinə gətirilib...
"Yeni Müsavat" xəbər verir ki, Suriya böhranı hazırda dünyanın diqqət mərkəzinə yerləşmiş kimi görünür. İndi bu ölkə üzərindən Yaxın Şərqdə öz geopolitik maraqlarını reallaşdırmağa çalışan bəzi dünya nəhəngləri "Suriya böhranı necə həll olunmalıdır" sualına cavab tapmağa çalışırlar. Bu önəmli sualın cavabında xüsusi maraqları olan qlobal güc mərkəzlərinin çoxluğu böhranın nizamlanması prosesini daha da qəlizləşdirir. Və ona görə də, hazırda Suriyanın bərpa olunmasına yönəlik prosesin ciddi maraq toqquşmalarına bağlı ziddiyyətlərlə yükləndiyi müşahidə edilir.
Onu da qeyd etmək lazımdır ki, Əsəd rejiminin devrilməsinə qədər müşahidəçi rolunda özlərini daha "rahat hiss edən" bəzi Qərb dövlətləri və qurumları indi fəallaşmağa cəhd göstərirlər. Halbuki, Əsəd rejiminin mövcudluq dönəmində həmin Qərb siyasi dairələri Suriyada maraqlarının böyük ölçüdə ifadə olunmasından tamamilə məmnun görünürdülər. Hətta Əsəd rejiminin bəşəri hərbi cinayətlərinə baxmayaraq, vərdiş etdikləri dəyərlərin Suriya məkanında diqtə olunmasına da qətiyyən həvəsli deyildilər. Və Suriyada zülmə məruz qalan insanların taleyi onları qətiyyən narahat etmirdi.
Ancaq indi situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, silahlı müxalifət zülmkar Əsəd rejimini devirib, müvəqqəti keçid hökuməti yaradılıb. Qərb siyasi dairələri də dərhal insan hüquqları və azadlıqları ilə bağlı ənənəvi diqtə dəyərlərini xatırlamağa başlayıblar. Çünki Əsəd rejiminin dönəmində beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, Suriyada ələ keçirdikləri mövqeləri itirmək üzrədirlər. Və Qərb siyasi dairələri bunun qarşısını alaraq, Suriyada yerləşmə imkanlarını bərpa etmək üçün yenidən insan hüquqları ilə manipulyasiyalar edirlər, müvəqqəti keçid hökumətinə təzyiq göstərirlər.
Təbii ki, bu, Qərb siyasi dairələrinin onilliklər boyu sınaqdan çıxartdıqları ən effektiv imperialist metoddur. Onlar hədəf ölkələrdən öz istədiklərini adətən, insan hüquqları və azadlıqları üzərindən reallaşdırdıqları şantajla almağa vərdişlidirlər. Ona görə də, hazırda daha çox humanitar dəstək və yardımlara ehtiyacı olan Suriyaya səfər edən yüksək rütbəli Qərb emissarları müvəqqəti keçid hökumətini öz diqtə dəyərləri ilə şantaj edərək, "siyasi bazarlığa" cəhd göstərirlər. Və bu, Qərb siyasi dairələrinin nə qədər təhlükəli, həm də riyakar olduqlarını növbəti dəfə təsdiqləyir.
Əslində, Qərb siyasi dairələrinin əsas narahatlıqlarının pərdə arxası səbəblərini təxmin etmək o qədər də çətin deyil. Belə ki, Suriyada Əsəd rejiminin devrilməsində avanqard dövlət rolu məhz Türkiyəyə məxsusdur. Rəsmi Ankara bu hərbi-siyasi uğuru ilə Qərb siyasi dairələrinin Suriyada reallaşdırmağa çalışdıqları geopolitik layihələri sıradan çıxartmağa nail olub. Yəni, ABŞ və Qərbin uzun illərdən bəri böyük nəticələr gözlədikləri məkrli planlar artıq boşa çıxmaq üzrədir. Və bu, Qərb siyasi dairələrində ciddi təlaş yaradıb.
Məsələ ondadır ki, Türkiyə indi həm də Suriyanın yenidən bərpa olunması prosesində də avanqard dövlət rolunu oynamaq niyyətindədir. Bu isə Yaxın Şərqin yenidən dizayn olunması prosesini də təhdid edən fərqli situasiya deməkdir. Qərb siyasi dairələrinin Suriyada qurduğu məkrli planlara yalnız Türkiyə hədəf ölkə kimi daxil olunmuşdu. İndi isə Türkiyə hədəf dövlət olmaqdan xilas olaraq, geopolitik liderə çevrilib. Və Suriyada hərbi-siyasi üstünlük qazanmaqla, həm Yaxın Şərqin, həm də yeni dünya düzəninin gələcək taleyinə birbaşa müdaxilə etmək imkanlarını öz əlində cəmləşdirməyə başlayıb.
Maraqlıdır ki, hazırda Suriyanın bərpa prosesini müdaxilə edərək, bloklamaq üçün Qərb siyasi dairələrinin əlində insan hüquqları və azadlıqları üzərindən şantaj mexanizmindən başqa bir də terrorizm faktoru qalıb. Ona görə də, ABŞ və Qərb indi PKK/YPG terror təşkilatını daha israrla müdafiə etməyə cəhd göstərir. Çünki bu terror təşkilatı da sıradan çıxarılsa, Yaxın Şərqin yenidən dizayn olunmasında açar dövlət rolunu oynaya biləcək Suriyaya birbaşa müdaxilə mexanizmi qalmamış olacaq. Və Türkiyənin milli təhlükəsizlik maraqlarına qarşı əsas təhdid faktoru aradan qalxacaq.
Ona görə də, Qərb siyasi dairələri müxtəlif bəhanələrlə PKK/YPG terror təşkilatının mövcudluğunu qorumağa cəhd göstərirlər. Halbuki, rəsmi Ankaranın qətiyyətli davranışlarından sonra bunu etmək əvvəlki dövrlərdən fərqli olaraq, indi daha da çətinləşib. Üstəlik, PKK/YPG-ni özünün əsas regional müttəfiqi elan etmiş ABŞ-ın mövqeyində də müəyyən tərəddüdlər müşahidə edilir. Belə ki, səlahiyyət müddəti bitmək üzrə olan ABŞ-ın dövlət katibi Entoni Blinken PKK/YPG-nin toxunulmazlığını təmin etmək üçün əllərindən gələn hər şeyi etdiklərini vurğulayıb. Pentaqondan verilən açıqlamada isə ABŞ-ın silahlandırdığı bu terror təşkilatının Suriya ordusunun tərkibinə daxil ola biləcəyi istisna edilmir.
Belə anlaşılır ki, Tramp adminstrasiyası dönəmində ABŞ-ın daha fərqli hədəflər və Türkiyə ilə qarşıdurmanın nəzarətdən çıxmaması üçün PKK/YPG-ni qurban vermək variantı qətiyyən gözlənilməz olmayacaq. Üstəlik, Türkiyə ilə daha yaxın münasibətlərdə maraqlı olduğunu biruzə verən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da bununla bağlı müəyyən mesajlar verməyə başlayıb. Və Tramp administrasiyasının son mesajları PKK/YPG daxilində ciddi təlaşa yol açıb.
Ona görə də, bu terror təşkilatı indi yeni himayədar axtarışına başlayıb. Belə ki, PKK/YPG rəhbərliyi Fransadan öz qoşunlarını Türkiyə ilə sərhəddə bufer zona yaradılmasına yönləndirməyi xahiş edib. Yəni, rəsmi Parisin də dəstəklədiyi PKK/YPG indi də məhz Fransa ordusunun arxasına sığınmağa ümid bəsləyir. Halbuki, rəsmi Ankara buna dərhal sərt reaksiya verməklə, Fransaya xəbərdarlıq edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransaya Türkiyə sərhədinə qoşun göndərmək cəsarətindən uzaq durmağı məsləhət görüb.
Digər tərəfdən, xarici işlər naziri Hakan Fidan vurğulayıb ki, Türkiyə Avropanın kiçik ölkələrinin mövqeyinə əhəmiyyət vermək niyyətində deyil. Çünki belə ölkələr ABŞ-ın birbaşa dəstəyi olmadan heç bir qərar qəbul edə bilməzlər. Bununla da, Fransadan Suriyadan uzaq durmaq tələb olunub. Üstəlik, dolayısı ilə eyham vurulub ki, ABŞ PKK/YPG məsələsində mövqeyini dəyişmək üzrədir. Və belə situasiyada Fransa bu terror təşkilatını qorumaq cəhdləri ilə yalnız özünə ciddi problemlər yarada bilər.
Nəhayət, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan PKK/YPG ilə bağlı məsələyə son nöqtəni qoyub. Belə ki, Türkiyə lideri terror təşkilatlarından geopolitik faktor kimi istifadə dövrünün artıq sona çatdığını bildirib. Rəsmi Ankara daha belə cəhdlərə heç bir halda, imkan verməyəcək. Prezident Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, hazırda PKK terror təşkilatı qarşısında cəmisi iki seçim qalıb. İndi bu terrorçu təşkilat ya silahları təhvil verib, təslim olmalıdır, ya da xüsusi əməliyyatla məhv ediləcək. Türkiyə ordusunun ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi isə Suriya və İraqdakı PKK terror təşkilatının sonunun uzaqda olmadığını göstərir.
Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.
“Report” məlumatına görə, diplomatın gələn ay Bakıya gələcəyi və fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub.
Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.
Prezidentin qərarına görə əsasən xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü xarici işlər nazirinin müavini təyin edilib. Eyni zamanda Ferhat Alkan Türkiyənin Mozambik Respublikasında səfiri, Prezidentin baş müşaviri Yakup Caymazoğlu isə İordaniya Haşimilər Krallığında səfir təyin olunublar. Eyni zamanda dövlət başçısı Kuba və BƏƏ-yə də yeni səfirlər təyin edib.
ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir.
Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki səhifəsində yer alıb.
“Birləşmiş Ştatların hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün xəsarət alanların tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunur.
Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibə bütövlükdə Ermənistanın siyasi səhnəsində şok və dağıdıcı bir zəlzələ effekti yaradıb. Erməni politoloqlarının da etiraf etdiyi kimi, Azərbaycan liderinin son müsahibəsi Ermənistanda fövqəladə vəziyyətin yaranmasına və ciddi müzakirələrə səbəb olub.
Bu, Prezident İlham Əliyevin 2021-ci ildə verdiyi müsahibəsində Azərbaycanın Ermənistanın siyasi gündəliyini müəyyən etməsi barədə səsləndirdiyi bəyanatın bariz göstəricisidir. Prezident 2021-ci ildə Azərbaycan televiziyasına verdiyi müsahibədə bəyan etmişdi ki, bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. "Getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, imtina edir. Deyirik ki, tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Biz yeni reallıq yaratmışıq.
Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir", - Prezident həmin müsahibəsində qeyd edib.
Azərbaycan zaman keçdikcə yeni gündəliklər müəyyən edib, onları bir-bir həyata keçirdi. Azərbaycan ötən müddətdə öz suverenliyini bərpa etdi, Qazaxın 4 kəndi geri qaytarıldı, sərhədlərin delimitasiyası prosesinə başlandı, sülh şərtləri bir-bir İrəvan tərəfindən qəbul edilməkdə davam etməkdədir. Qərbi Azərbaycan İcmasının öz ata yurdlarına qayıtması məsələsi, nəinki İrəvanda, artıq beynəlxalq müstəvidə qəbul olunub müzakirə edilir.
Ermənistan o zaman Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh sazişi imzalasaydı, bugünkü kimi çıxılmaz dalana dirənmiş vəziyyətlə üzləşməyəcəkdi. İndi Ermənistan inkişaf mərhələsinə qədəm qoymuş olacaqdı.
Ermənistan isə müxtəlif spekulyativ hərəkətlərlə, xüsusən də qərbli havadarlarının dəstəyi ilə sülhdən yayınma mövqeyini sərgilədi və nəticədə məğlubiyyətə uğramaqda davam etməkdədir. Ermənistan onsuz da Azərbaycanın qətiyyətli mövqeyi və müəyyən etdiyi gündəlik nəticəsində geri addım ataraq şərtlərini bir-bir qəbul etmək zorundadır və başqa alternativi də yoxdur.
Bunun nəticəsidir ki, İrəvan artıq Bakın sülh müqaviləsi ilə bağlı 17 şərtindən 15-ni rəsmən qəbul edib, digər iki şərtlə də prinsipcə razıdır. Artıq Ermənistanın sülh danışıqlarından bəhanə edərək boyun qaçırmaq və ya bundan spekulyasiya etmək imkanları və vaxt getdikcə daralır. İrəvanın Bakının şərtlərindən boyun qaçırması isə növbəti məğlubiyyətlər deməkdir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Ermənistan tərəfi bunu nə qədər tez anlasa, o qədər onlar üçün yaxşı olacaq. Çünki Ermənistanın nə yaxın, nə də uzaq perspektivdə prosesləri öz xeyrinə dəyişməsi üçün imkanlar görünmür. Əksinə, istər dünyada, istərsə də regionda baş verən proseslər Ermənistanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir. Bununla Bakı təkcə Ermənistanın deyil, bütövlükdə bölgənin gündəliyini müəyyən edərək maraqlarını təmin etməyə imkan verir.
Azərbaycan ərazi bütövlüyünü təmin edib, suverenliyini bərpa etməsinə baxmayaraq, bölgədə davamlı sülhün, sabitliyin, sıx əməkdaşlıq formatının yaradılmasının tərəfdarıdır və siyasətini də bu istiqamətdə həyata keçirir.
Ermənistan rəhbərliyinin uzaq görməyən yanlış siyasəti və havadarlarının əlində alət olması səbəbindən isə bölgədə dayanıqlı sülhü əldə etmək hələ də mümkün olmayıb. Nəinki mümkün olmayıb, İrəvan bu yanlış siyasəti ilə təkcə Ermənistanı deyil, bütövlükdə Cənubi Qafqazı geosiyasi güclərin toqquşma məkanına çevirməyə sürükləyir. Bu isə yeni müharibə deməkdir. Belə bir ssenari reallaşarsa, bu, Ermənistanın bir dövlət siyasi xəritədən silinmə, ermənilərin isə coğrafiyanı tərk etmə təhlükəsi ilə üz-üzə qalacaq.
Nəticədə uduzan tərəf yenə də Ermənistan olacaq. Ermənistandan bölgədə maraqları üçün istifadə edən güclər zamanında olduğu kimi yenə də İrəvana lazımi dəstəyi verə bilməyəcək və geri çəkilmək məcburiyyətində qalacaqlar. Çünki İrəvanın Qərbdəki havadarlarının özlərinin vəziyyəti heç də yaxşı deyil. Ermənistana himayədarlıq edən qərbli liderlərin öz siyasi karyeraları sual altında olduğu kimi, təmsil etdikləri ölkələr də siyasi, iqtisadi böhranlarla, ciddi xarici təhdidlərlə üz-üzədir. Bu da sonunda Ermənistanın gözləntilərinin və xəyallarının puça çıxmasınə gətirib çıxaracaq.
Ermənistan sonunda Azərbaycanın Prezidentinin bəyan etdiyi kimi, gec və xeyirlərinə olmasa da, məcbur olub Bakının şərtlər daxilində sülh sazişi imzalamalı olacaq. Prezidentin dediyi kimi, Zəngəzur dəhlizi də açılacaq, İrəvan müəyyən etdiyi gündəliyə uyğun olaraq Qərbi Azərbaycan icması ilə bir masa arxasında əyləşib onların öz ata yurdlarına dönüşün təmin etmək məsələsini müzakirə edib, istəklərini həyata keçirəcək.
Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
H.Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə müəyyən addımlar atdığını vurğulayıb:
“Sülh sazişi sənədinə imza atılması üçün yerdə qalan bir neçə bənd var ki, onların da tamamlanması lazımdır. Ümid edirik ki, 2025-ci ildə qalıcı sülhə nail olunacaq və firavan bir bölgə görəcəyik”.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Saziş 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.