![]() |
|
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat başlayır.
Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək.
Kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb.
Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Bununla bağlı məlumat Mərkəzi Seçki Komissiyasinin (MSK) rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, 3 min 730 açıq, 2 min 182 qapalı olmaqla, ümumilikdə 5 min 912 yer ayrılıb.
Ayrılan yerlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.
“Archico” MMC-nin texniki direktoru Nazim Şirinov dövlətimizin başçısına və birinci xanıma burada görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verdi.
Bildirildi ki, hotelin interyeri Lahıcın ən məşhur misgərlik ustalarının əl işləri olan Lahıc misgərlik sənətinin nümunələri ilə bəzədilib.
Yeni hoteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq.
Hoteldə idman, “Kids Care” zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək.
Hotelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə “MegaCord” əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift hoteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.
Şahdağın gözəl təbiəti və yeni hotelin təqdim göstərəcəyi xidmətlər qonaqların istirahətini unudulmaz edəcək. Hotelin qarşısında təbii gölün füsunkar mənzərəsi, gölətrafı müxtəlif restoran və kafelər qonaqların istirahətinə xüsusi rəng qatacaq.
Qeyd edək ki, yeni hotelin interyerində milli ornamentlərə üstünlük verilib. Taxtadan hazırlanmış və əl işi olan Qarabağ xalçasının nümunəsi də hotelin interyerini bəzəyən elementlərdən biri olacaq.
Hoteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək.
Məlumat verildi ki, inşaat işlərinin ikinci fazasında hotelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur.
Son illərdə dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Dünyanın ən yüksək standartlarına cavab verən müasir turizm infrastrukturunun yaradılması sayəsində insanlarımızın, eləcə də ölkəmizə gələn turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılır. Bunun nəticəsində həm yeni iş yerləri açılır, həm daxili turizmin potensialı genişlənir, həm də Azərbaycana gələn xarici turistlərin sayı artır. Bütün bunlar, eləcə də ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq Azərbaycanı dünyanın ən cəlbedici məkanlarından birinə çevirib.
Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.
Qeyd edək ki, “Xizək klubu” binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada “Xizək klubu”nun üzvü olanlara, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.
Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində idmançıların, məşqçilərin və azarkeşlərin rahatlığı üçün bütün məqamlar nəzərə alınacaq. Burada 500 nəfərlik tribuna quraşdırılacaq.
Qeyd edək ki, artıq bir neçə ölkə öz idmançılarının Şahdağ Turizm Kompleksinin ərazisində inşa olunan Xizək Stadionu Kompleksində təlim-məşq toplantıları keçirmələri üçün müraciət edib.
Beləliklə, burada yaradılan şərait bir daha Azərbaycanın idman ölkəsi kimi dünyada beynəlxalq rolunu daha da artırmaqla yanaşı, ölkəmizdə idmanın bir çox növü üzrə nüfuzlu yarışların keçirilməsi üçün mühüm layihələrin icra olunduğunu, müasir infrastrukturun qurulduğunu nümayiş etdirir.
Xizək Stadionu Kompleksinin istifadəyə verilməsi ilə gənc nəsildə idmanın bu növünə olan maraq artacaq, bu sahədə idmançılar yetişəcək, ölkəmizi beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edəcəklər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.
təbrikdə deyilir:
“Hörmətli cənab Sədr,
Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycanla Sudan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kuba arasında dostluq əlaqələri xoş ənənələrə əsaslanır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin daha da inkişafına, qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.
Bu xoş fürsətdən istifadə edərək Yeni, 2025-ci il münasibətilə də Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.
Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Azərbaycanın bu məsələ ilə bağlı, sadəcə olaraq, tamaşaçı rolunda olmayacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz otuzillik işğalı, dağıntıları, Xocalı soyqırımını heç vaxt unutmayacağıq. “Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər”, - deyən Prezident əlavə edib ki, Ermənistan bizimlə heç bir sahədə rəqabət aparmaq iqtidarında deyil.
Ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq.
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.
Bu reallıqları Vətən müharibəsinin yaratdığını qeyd edən dövlətimizin başçısı bildirib: “Dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.
İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır.
Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.
Ölkəmizin inamla inkişaf etdiyini söyləyən dövlətimizin başçısı bildirib: “Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır”.