Putin İlham Əliyevdən üzr istədi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Prezident 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı paylaşım edib.

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

Sənədə əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Sərəncamda qeyd olunub ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur:

"Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".

Tokayev təyyarə qəzası barədə göstəriş verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə Aktau yaxınlığında baş verən təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.

“Report” xəbər verir ki, Tokayev bunu müşavirə zamanı bildirib.

O, həmçinin hökumət komissiyasına xəsarət alan xarici vətəndaşlara bütün zəruri tibbi və psixoloji yardımın göstərilməsini təmin etməyi, eləcə də həlak olan Qazaxıstan vətəndaşlarının qohumlarına xüsusi diqqət yetirməyi tapşırıb.

Prezident xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - YENİLƏNİB

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları barədə məlumat verib.

Bildirilib ki, burada “İVECO” və “Dong Feng” şirkətlərinin istehsalı olan müxtəlif kommunal işlər üçün nəzərdə tutulan nəqliyyat vasitələri və texnikalar var. Nəqliyyat vasitələrinin əksəriyyəti tam elektrikli olmaqla ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan çalışır.

Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir bölgəsində, o cümlədən Bakıda ardıcıl olaraq yenidənqurma və abadlaşdırma işləri aparılır, digər şəhərlərimizdə olduğu kimi, paytaxtda da ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar həm şəhər sakinləri, həm də paytaxtımızın qonaqları tərəfindən böyük məmnunluqla qarşılanır. Təsadüfi deyil ki, Bakıya gələn turistlər paytaxtımızın dünyanın ən təmiz və gözəl şəhərlərindən biri olduğunu qeyd edirlər.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

 
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Baş nazirin müavini qəza ilə bağlı Rusiyadan narazılıq etdi – Video

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycan tərəfinin AZAL təyyarəsinin qəzaya uğramasının şəraitinin aydınlaşdırılması üzrə işini çox mütəşəkkil adlandırıb.

"Bu barədə Bozumbayev Rusiya mediasının sualını cavablandırarkən deyib.

“Azərbaycanlı həmkarlar identifikasiya işi baxımından çox mütəşəkkil işləyir və lazımi materialı verirlər. İndi biz Rusiya Federasiyası ilə də eyni işi görməliyik. İndiyə qədər Rusiya tərəfində belə mütəşəkkil iş görülməyib”, - o bildirib.

Baş nazirin müavini ilk gündə Rusiya mediasının hadisə yerinə gəlmədiyini də vurğulayıb.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

AZAL Rusiyanın bu şəhərlərinə uçuşları dayandırır

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:

• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Qroznı
• Mahaçqala

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.

Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.

Prezident Vergi Məcəlləsindəki dəyişiklikləri təsdiq edib

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.

Dəyişikliklər yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılması, bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilməsini, dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.

Azərbaycan Çeçenistandan heç bir yardım qəbul etmək niyyətində deyil

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.
Day.Az-a Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Xəbər lenti