![]() |
|
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Prezident bu gün imzaladığı digər sərəncamla Zaur Hüseynovu “Bakı Metropoliteni”nin sədri vəzifəsindən azad edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığımızın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-leytenant T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub.
Bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.
O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər.
“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”, - deputat vurğulayıb.
Ekspert: “Bu da bir həqiqətdir ki...”
Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində “The Washington Post”, “The New York Times”, “Le Figaro” və “Le Monde” kimi mətbu orqanları “yalançı dördlük” adlandırıb.
“Bir sıra Qərb mediası orada keçirilən COP29 iqlim konfransına görə Azərbaycana paxıllıq hissi ilə dolu materiallar dərc etdi, bu, heç bir çətinlik yaratmadı, sadəcə olaraq, ikrah və ikrah hissi doğurdu”, - deyə dövlət başçısı bildirib.
Prezident deyib ki, Azərbaycan mediasının 1 faizini də ABŞ maliyyələşdirə bilməz. ABŞ-da medianı maliyyələşdirməyə nə ehtiyac var? Biz ABŞ-da medianı maliyyələşdirmirik. Niyə bizim mediamızı maliyyələşdirməlidirlər? Onsuz da “Amerikanın Səsi” və “AzadlıqRadiosu” kimi mövcud resursları vasitəsilə gecə-gündüz xalqımızın üzərinə, ölkəmizə çirkab tökürlər".
“Müasir dövrdə biz Qərbin bəzi ölkələri tərəfindən müstəqil siyasət yürüdən ölkələrə qarşı hücumlaırn və təzyiqlərin şahidi oluruq. Bu hücum və təzyiqlər zamanı isə vasitə kimi bəlli mətbu orqanlardan istifadə edilir. Daha doğrusu, həmin mətbu orqanlar vasitəsilə müstəqil siyasət yürüdən, Qərbin müstəmləkə boyunduruğuna qarşı olan ölkələrin əleyhinə çirkin informasiya hücumları, qərəzli kampaniya aparılır”.
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov
Onun sözlərinə görə, bu sırada “The Washington Post”, “The New York Times”, “Le Figaro” və “Le Monde” xüsusi olaraq “fərqlənir”: “Demək olar ki, bu dördlük Qərbin müstəqil siyasət yürüdən ölkələrə qarşı informasiya müharibəsində ön sırada gedir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində adıçəkilən mətbu orqanları "yalançı dördlük" adlandırıb. Çünki məhz bu dördlük başqa olmaqla bir sıra Qərb mediası zaman-zaman ölkəmizə qarşı informasiya hücumları təşkil edir".
V.İskəndərovun sözlərinə görə, oxşar halla COP29 ərəfəsində və tədbir zamanı da rastlaşırdıq: “Bu mətbu orqanlar COP29 iqlim konfransına görə Azərbaycana paxıllıq hissi ilə dolu materiallar dərc etdi. Dövlət başçısının da bəyan etdiyi kimi, bu, heç bir çətinlik yaratmadı, sadəcə olaraq, ikrah və ikrah hissi doğurdu. Bu istiqamətdə daha bir məsələ ABŞ-ın Azərbaycanda media sahəsinə müdaxilə cəhdidir. Bu tamamilə qəbuledilməz bir haldır. Dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan mediasının 1 faizini də ABŞ maliyyələşdirə bilməz. Ümumiyyətlə, ABŞ-da Azərbaycanda medianı maliyyələşdirməyə nə ehtiyac var? Axı biz ABŞ-da medianı maliyyələşdirmirik. Elə isə niyə onlar bizim mediamızı maliyyələşdirməlidirlər? Onsuz da "Amerikanın Səsi" və “AzadlıqRadiosu” kimi mövcud resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar. Lakin bütün bu cəhdlər əbəsdir. Ölkəmiz müstəqil siyasət yürüdür və heç bir qüvvə bizi öz yolumuzdan döndərə bilməz".
Rəşad Məcid
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid belə halların qarşısını almağın həm də dövlətin vacib vəzifəsi olduğunu söylədi: “Cənab Prezident bir dəfə "insinuasiya" termini işlədib, başqasını ləkələmək məqsədilə qəsdən yalan uydurmaq hallarını təsvir edib. Çox təəssüf edirik ki, adıçəkilən mətbuat orqanlarında Azərbaycana qarşı bu cür insinuasiya hallarına yol verilir. Bu media qəsdən və bilərəkdən Azərbaycanı ləkələmək məqsədilə bizə qarşı təxribat xarakterli yazılar dərc edib və nəticədə həmin mətbuat orqanlarının etibarı demək olar ki, tamamilə azalıb. Bu da bir həqiqətdir ki, başqa bir ölkənin və ya ölkələrin digər bir ölkədə medianı maliyyələşdirməsi məqbul deyil, qanuna da ziddir. Belə halların qarşısını almaq dövlətin həm də vacib vəzifəsidir".
Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı Qərb dairələrində Cənubi Qafqazı münaqişə bölgəsinə çevirmək üçün bir sıra media quruluşlarından istifadə edildiyini diqqətə çatdırdı: “Azərbaycan Prezidenti müsahibəsində kifayət qədər geniş məsələlərə toxundu və Azərbaycanın milli maraqlarını, dəyişən dünyaya rəsmi Bakının mövqeyini dolğun və mükəmməl bir şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı. Bəli, bir sıra transmilli media quruluşları Azərbaycana qarşı mütəmadi məqalələr hazırlayır və yayır. Hər dəfə Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər təşkil olunanda bu cür qara PR materiallarının sayı dəfələrlə çoxalır. Elə COP29 ərəfəsində də eyni hal müşahidə olundu. Əgər xatırlayırsınızsa, bu böyük tədbir zamanı erməni diasporası açıq şəkildə deyirdi ki, Azərbaycana qarşı kampaniyanı onlar təşkil edir. Bu "səmimi etiraf" qarşısında adları çəkilən media qurumları utanmaq əvəzinə, Azərbaycana qarşı daha da aqressivləşirdi. Bir şeyi dəqiq bilməliyik ki, kollektiv Qərb Qarabağ zəfərimizi həzm etmir. Onlar ermənilərə hər zaman bizim regionumuzu qarışdırmaq üçün alət kimi baxıblar. İndi alət əllərində qırılıb və onu təmir etməklə yenidən Cənubi Qafqazı münaqişə bölgəsinə çevirmək istəyirlər. Bunun üçün “Amerikanın Səsi”, “AzadlıqRadiosu” və digər bu kimi xaricdən maliyyələşən KİV-lərindən də istifadə olunur. Bu cür media quruluşları Azərbaycanın informasiya məkanına jurnalist peşəkarlığından uzaq, qərəzli bir şəkildə müdaxilə edirlər. Əsas məqsədləri xalqımızın öz liderinə güvənini sarsıtmaqdır. Amma bizim cəmiyyətimiz kifayət qədər rasionaldır. Xalqla iqtidar arasındakı etimadın ölkəmizin gələcəyi üçün nə qədər önəmli olduğunu çox yaxşı bilirik".
Qərbi Azərbaycan İcması (QAİ) Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edib.
Bu barədə QAİ-nin yaydığı bəyanatda bildirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuat orqanına 2004-cü il dekabrın 19-da verdiyi müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və Qərbi Azərbaycan məsələsinə dair bir sıra zərərli və həqiqətə uyğun olmayan fikirlər səsləndirib.
İcma N.Paşinyanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışmasının əsassız olduğunu bildirib:
"Əvvəla qeyd edək ki, Baş nazirin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı və Ermənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmiş İrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən bir termindir".
QAİ bəyanatda qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışdığını qeyd edib:
"Bu baxımdan, İcmanın Ermənistan hökumətinə rəsmi şəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeyd edilməlidir. Ermənistan hökuməti tərəfindən etnik təmizləmə, ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruz qalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüs etməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir. Ermənistanın İcmanın dialoq təklifini cavabsız qoyması isə təəssüf doğurur".
Bəyanatda qeyd olunub ki, N.Paşinyan apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyə çalışır.
"N.Paşinyana xatırlatmaq istərdik ki, revanşist və radikal ideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlə davranmağı bacarmır. Bu və Ermənistanın aqressiv keçmişi nəzərə alınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz".
İcma Baş nazirin sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını bildirib:
"N.Paşinyanın Ermənistan Konstitusiyasında əks olunmuş ərazi iddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimi guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının yer almasını bildirməsi onun sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir".
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
“Report xəbər verir ki, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub. Vurğulanıb ki, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.
R.Mustafayev M.Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.
Tərəflər, həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.
Azərbaycan hökuməti Fələstində 600 şagird yerlik məktəbin inşası üçün vəsait ayırıb.
Bu barədə baş nazir Əli Əsədov Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı D-8-in 11-ci sammiti çərçivəsində “Fələstin və Livandakı vəziyyət” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
Əli Əsədov vurğulayıb: “Daha çox qan axıdılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Azərbaycan İslam dünyasının ayrılmaz hissəsi olaraq, bu çətin dövrdə Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın eskalasiyasını, gücün qeyri-proporsional tətbiqini və mülki şəxslərin ölümünü qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Azərbaycan həmişə Fələstin xalqına maliyyə yardımı göstərmək üçün səylər göstərib.”
Baş nazir əlavə edib ki, Azərbaycan Fələstindəki böhran nəticəsində zərər çəkmiş xalqa humanitar yardım məqsədilə 2 milyon ABŞ dolları ayırıb.
Bu humanitar təşəbbüs Azərbaycan xalqının Fələstin xalqına dəstəyini bir daha təsdiq edir.
Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib.
Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib.
O qeyd edib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür ki, yeni üsuldur:
"Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir".
A.Hacızadə vurğulayıb ki, real göstəricisi isə əslində budur:
"Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)".
“Bu bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminarda bildirib.
“Bu seminar proseslərində onları maraqlandıran məqamları müzakirə edəcəyik. Bir neçə ay əvvəl biz maarifləndirmə layihəsi həyata keçirmişik. Budəfəki layihə fərqli formatda hazırlanıb. Əvvəlki seçkilərdə əldə olunan təcrübəyə geniş yer verəcəyik. Məlumdur ki, bələdiyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək. Ümid edirik ki, bu gün keçirilən seminar məhsuldar olacaq”, - deyə R.Qasımov bildirib.
Sədr müavini, bildirib ki, bu saatlara olan məlumata görə, 6872 nəfər bələdiyyə seçkilərində namizəd olub: “3500-ə yaxın şəxs 21-35 yaş aralığını əhatə edir. 350-ə yaxın şəxsin namizədliyi qeydə alınıb”.
Rövzət Qasımov həmçinin, qeyd edib ki, bu bələdiyyə seçkiləri əvvəlkilərdən bir çox məqamlara diqqət yetirdikdə fərqlənir: “Seçkidən öncə Bələdiyyələrin fəaliyyətini daha təkmil həyata keçirməsi üçün addımlar atıldı. Burda fərqli məqamlardan biri də siyasi partiyaların daha mütəşəkkil qaydada bu seçki prosesinə qoşulma niyətidir. 13 siyasi partiya öz səlahiyyətli nümayəndəsini MSK-da qeydiyyatdan keçirib və onların seçkidə namizəd kimi qeydə alınması üçün dairə seçki komissiyalarına müraciət edib”, - deyə R.Qasımov bildirib.