Prezident Afaq Məsuda ilə bağlı sərəncam imzaladı

Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla təqaüd Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə verilib.

 

 

 
Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və HAMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb.

Bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.

"Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.

Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək".

Prezident Cenni Consonu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.

Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni Conson Azərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını və beynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirib.

Qonaq bu çərçivədə “Franklin Templeton” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımların atıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırıldığını deyib.

2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da həmin məsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson bu işbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğun olaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli, səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadə edib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq təcrübəsinə toxunaraq, “Franklin Templeton” ilə tərəfdaşlığın strateji əhəmiyyətini qeyd edib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunu bildirib.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton” şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir.

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı sərəncam

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabinetinə təqdim olunub.

Bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 87-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, Ədliyyə Nazirliyi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.

Həmçinin, müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

"Trampın İrəvan-Bakı sülhünə nail olması üçün qızıl fürsəti var"

Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün qızıl fürsəti var.

Bu barədə "The Wall Street Journal" nəşri yazır.

Nəşrin yazdığına görə, Ermənistan və Azərbaycan fikir ayrılıqlarını həll etməyə çalışır və bu, ABŞ-nin maraqlarına uyğundur.

"Yeni seçilmiş prezident Trampın Ukraynadakı müharibənin həlli ilə bağlı vədini söyləmək, çox güman ki, yerinə yetirməkdən daha asan olacaq. Bununla belə, Trampın Ermənistan və Azərbaycan arasında onilliklər boyu davam edən düşmənçiliyə son qoyulması daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar təklif edən sülh üçün bir fürsəti var.
İki tarixi düşmən son bir ildə sakitcə danışıqlar aparır və irəliləyiş ərəfəsindədir", - nəşr yazır.

Nəşr hesab edir ki, İrəvanla Bakı arasında münaqişənin həlli və sülhün əldə edilməsi əlçatandır. "Bunun üçünsə yalnız Vaşinqtonun sülhü təmin edə biləcəyi son təkan lazımdır”, - nəşr qeyd edib.

Süjetin isterikası davam edir: Qadağa qoyuldu

Ermənistanda jurnalist Dmitri Kiselyevin aparıcısı olduğu “Rossiya 1” telekanalında “Həftənin xəbərləri” verilişi qadağan edilir.

Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan "Kiselyevin proqramı ölkədə qadağan oluna bilərmi?" sualına “Bəli, mütləq” cavabını verib.

Ermənistanın Xarici İşlər Nazirliyi yayıma görə Rusiya səfirinə etiraz notası təqdim edib.

Səfirin çağırılmasına səbəb “Vesti Nedeli” verilişində Ermənistanın suverenliyinə qarşı “süni şəkildə yaradılmış sözlərin” səsləndirilməsi olub.

Dmitri Kiselyev özü bəyan edib ki, o, konkret hansı bəyanatların İrəvanı qəzəbləndirdiyini bilmir.

Xatırladaq ki, “Rossiya seqodnya” agentliyinin baş direktoru, teleaparıcı Dmitri Kiselyev "Həftənin xəbərləri" (Вести недели) verilişində Azərbaycanın əsas hissəsini onun anklavı olan Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi boyunca magistralın açılmasının zəruriliyini bəyan edib.

Orada Kiselyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatla bağlı öz öhdəliyinə və Azərbaycan prezidenti İlham Əliyevin bu yolun açılması ilə bağlı qəti tələbini görməzdən gəlir.

Bundan əvvəl, Azərbaycan prezidenti İlham Əliyev yerli mətbuata müsahibəsində Zəngəzur dəhlizinin nə olursa olsun açılacağını bildirib. Kiselyevun fikrincə, Ermənistan buna qarışmamalıdır. O, həmçinin əlavə edib ki, Azərbaycan qonşusu üçün təhlükə mənbəyi deyil.

Qeyd edək ki, 2024-cü ilin martında Ermənistanda jurnalist Vladimir Solovyovun proqramlarının yayımı da qadağan edilib.

İrəvanın "ölüm sazişi": Bakı üçün açılan unikal şanslar...

Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişi İrəvan bunu balanslaşdırılmış xarici siyasətin təzahürü kimi qələmə verməyə cəhd etsə də, əslində, bu, Ermənistanın Rusiyanın təsir dairəsindən sürətlə uzaqlaşaraq Qərbin qucağına sığınması deməkdir. Lakin Ermənistanın Rusiyanın liderliyi altında KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB  kimi hərbi, iqtisadi və siyasi birliklərində yer alması, onun Qərb ölkələri və strukturlarına sıx inteqrasiya cəhdi daban-dabana ziddiyyət təşkil edir. Bu, İrəvanın "iki stul" siyasətidir və bu siyasət uzun müddət davam edə bilməz. Çünki Ermənistanın yerləşdiyi coğrafi məkan "iki stul" taktikasını balanslaşdırılmış siyasət kimi həyata keçirməsinə imkan vermir. İrəvan iki tərəfdən birini seçməlidir. Hazırda beynəlxalq aləmdə ciddi geosiyasi əhəmiyyət kəsb etməyən İrəvanın belə bir seçimi, təkcə Ermənistan deyil, bütövlükdə bölgənin sabitliyinə, təhlükəsizliyinə ciddi təhdid və gərginlik, böhran vəd edir.

Artıq bu gərginlik ilk növbədə Moskva-İrəvan münasibətlərində özünü büruzə verir və gərginlik kəskinləşən xətt üzrə davam edir.

Moskvanın diqqəti Ukrayna cəbhəsinə yönəldiyindən nə qədər zəifləsə də, Ermənistanı öz təsir dairəsindən uzaqlaşmasına imkan verməyəcək yetərincə təsir mexanizmlərinə malikdir. Bu gün Ermənistan siyasi baxımdan deyil, eyni zamanda iqtisadi və hərbi cəhətdən Rusiyadan asılı ölkədir.

Birincisi, İrəvan təkcə Aİİ üzvü deyil, eyni zamanda Ermənistanın strateji əhəmiyyət kəsb edən iqtisadi, enerji, mədən, dəmiryolu sektoru kimi sahələri hüquqi cəhətdən birbaşa Moskvanın tabeçiliyindədir. 

Bu gün Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşı Rusiyadır və ixracatının da əsasını Aİİ ölkələri təşkil edir. Qərb bazarına rəqabətəqabiliyyətli və Avropa standartlarına uyğun məhsul istehsal edə bilməyən Ermənistanın Aİİ-dən uzaqlaşması iqtisadi cəhətdən ciddi fəsadlara yol açacaq.

Burada digər ciddi məqam isə ondan ibarətdir ki, Rusiya Ermənistan üçün əmək bazarıdır. Ermənistan əhalisinin mütləq əksəriyyətinin yaşamı Rusiya bazarından asılıdır. Bu və ya digər amillər Moskvaya İrəvana təzyiq etmək üçün əlavə imkanlar yaradır. 

İkincisi, Ermənistan hərbi-siyasi blok olan KTMT-də təmsil olunmaqla yanaşı, təhlükəsizlik cəhətdən də Rusiyanın ciddi nəzarətindədir. Bu gün Ermənistan ərazisində rus hərbi bazası mövcuddur, İran və Türkiyə ilə sərhədini rus sərhədçiləri qoruyur. Ermənistanın hava məkanının təhlükəsizliyinə Rusiya nəzarət edir. 

Belə olan halda İrəvanın Moskvadan uzaqlaşması, Ermənistan üçün siyasi-iqtisadi-hərbi cəhətdən ciddi böhranlar vəd edir.  Hansı ki, Moskva artıq İrəvana bununla bağlı ciddi xəbərdalıqlar edir. 

İrəvanın "iki stul" siyasəti, əslində, Cənubi Qafqazda geosiyasi maraqları olan güclərin toqquşmasının daha da dərinləşməsinə və bölgədə əlavə siyasi-hərbi cəhətdən gərginliyin yaranmasına yol açır. Bu da ilk növbədə siyasi, iqtisadi və hərbi cəhətdən zəif olan, ciddi geosiyasi əhəmiyyət kəsb etməyən Ermənistanın maraqlarına cavab vermir. 
Odur ki, belə bir vəziyyətdə İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişinin imzalaması, Ermənistanı üzləşdiyi bu problemlərdən xilas olmağa yox, əksinə, yeni böhranlara sürükləyir.   

Yaranmış vəziyyət İrəvan-Moskva, İrəvan-Tehran münasibətlərini kəskinləşdirəcək. Çünki bu iki ölkə Qərbin bölgədə möhkəmlənməsini istəmir. Qərb istəsə də, lazımi həlledici məqamda Ermənistanın üzləşdiyi böhrandan çıxmasına praktik dəstək verə bilməyəcək.

Nəticə etibarilə İrəvanın "iki stul" adı altında "balans" siyasəti bumeranq effekti verəcək. Sonucda Ermənistanın qeyri-rasional siyasəti bölgədə geosiyasi cəhətdən əhəmiyyətsiz bir coğrafi məkana çevrilməklə yanaşı, erməni dövlətçiliyinin mövcudluğunu sual altında qoymuş olacaq. 

Bu isə Bakıya hədəflərinə nail olmaq üçün yeni unikal şanslar yaratmaqla bərabər, Azərbaycanın geosiyasi cəhətdən daha cəlbedici ölkə mövqeyini önə çıxmasına, regional və qlobal səviyyədə ciddi oyunçu kimi rolunun artmasına səbəb olacaq.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Holdinqin strukturuna daxil edilib.

Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Holdinqə tətbiq edilmir.

Nazirlər Kabineti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

İlham Əliyev dini qurumlarla bağlı sərəncam imzaladı

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Prezident Kayrat Sarıbayı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti