Bu maşınların Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş-çıxışı məhdudlaşdırılır
Azərbaycanda xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır.

Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürdü.

Yol-xeber.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi koronavirus (Covid-19) infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürüb.

Əməkdaşlar daşıma gəlirlərindən formalaşan aylıq mükafatları hesabına Fonda könüllü şəkildə yardım edib.

Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb                        - RƏSMİ AÇIQLAMA
Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olmayan hər hansı bir şəxsi maşında gətirməsinə icazə yoxdur

“Martın 19-dan bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi, çox sayda insan geri qaytarılıb”.

Yol-xeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarına baxmayaraq, insanlar qaydalara riayət etmək istəmir:

 

“Qaydalar qüvvəyə mindiyi gündən bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi geri qaytarılıb. Təkcə ötən sutka ərzində Bakı-Ələt yolunda 814 avtomobil, Bakı-Şamaxı yolunda 182, Bakı-Quba yolunda isə 114 avtomobil geri qaytarılıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 19-da, saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.

Bununla bağlı dəfələrlə media vasitəsilə məlumat verilib. Lakin buna baxmayaraq, insanlar həm öz, həm də ətrafdakı insanların sağlamlıqlarını təhlükə qarşısında qoyacaq addımlar atırlar”.

K.Əliyev onu da bildirib ki, rayon qeydiyyatında olan şəxslərin çoxu yük maşınlarının içərisində paytaxta keçməyə cəhd ediblər:

“Yük maşınlarının (ərzaq məhsulları, kənd təsərrüfatı malları və digər yükləri daşıyan yük maşınları) sürücülərinin harada qeydiyyatda olmasından asılı olmayaraq, onların şəhərə giriş-çıxışına icazə verilir. Lakin onların Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olmayan hər hansı bir şəxsi maşında gətirməsinə icazə yoxdur.

Həmin sürücülərin yanında ikinci sürücü kimi bir şəxsə icazə verilir. O halda ki, onların hər ikisinin həmin yük maşınını idarə etmək üçün müvafiq sənədləri olsun”.

Ölkədaxili qatarların hərəkəti dayandırılır — SON DƏQİQƏ


Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı (Böyük Kəsiyə kimi) sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarının hərəkəti dayandırılır.
Martın 18-dən 29-dək olan tarixlər üçün bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.

Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edir.
Metronun da fəaliyyəti dayandırılır? — RƏSMİ AÇIQLAMA


"Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur”.
Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də, vətəndaşların ən çox istifadə etdikləri metroda sərnişinlərin sıxlığı müşahidə olunmaqdadır. Bu isə virus təhlükəsindən ehtiyatlanan insanlarda əlavə stress yaşadır.

O baxımdan, mümkün riskləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər çərçivəsində Metropolitenin fəaliyyətinin dayandırılması ehtimalı xeyli güclənib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bu məsələyə münasibət bildirib.
Bəxtiyar Məmmədovun sözlərinə görə, Metropolitenin fəaliyyətinin dayandırılması hələ ki müzakirə olunmur:

"Metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur.

"Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur.

Qərargahın və aidiyyatı səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.
Prezident bu agentliyə vəsait ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 850,0 (səkkiz yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

DYP sözçüsü: “Bakı maşınları rayonlara gedib qayıda biləcək”
Koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Report”un suallarını cavablandırıb.

BDYPİ sözçüsü ilə müsahibəni təqdim edirik:

- Kamran müəllim, martın 19-dan martın 29-dək Bakı şəhərində qeydiyyatda olan avtomobillər şəhərdən sərbəst olaraq çıxıb, daha sonra geri qayıda bilərmi?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan maşınların giriş-çıxışına icazə veriləcək.

- Bəs Bakı qeydiyyatında olan avtomobillər respublikanın hər hansı bir rayonuna gedib qayıda bilərmi?

- Əlbəttə, gedib qayıda biləcək.

- Belə başa düşülür ki, Bakı qeydiyyatında olan avtomobili idarə edən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər də rayona gedib qayıda biləcəklər...

- Xeyr! Məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan edilir.

- Kamran müəllim, bəs şəxsi avtomobillərində sərnişin aparıb-gətirənlər necə tənzimlənəcək?

- Əgər həmin avtomobil sürücülərinin Bakıya gətirdiyi şəxslər postlarda yoxlanılacaqlar. Paytaxt qeydiyyatında olanlar şəhərə buraxılacaq. Qeydiyyatda olmayan sərnişinlər isə Bakıya buraxılmayacaqlar.

- Elə şəxslər var ki, rayon qeydiyyatındadır, lakin hazırda Bakıda işləyirlər. Yaxud da paytaxtda müvəqqəti qeydiyyatda olan məcburi köçkünlər həmin müddətdə rayona gedib gələ biləcəklərmi?

- Əgər həmin şəxslər rayon qeydiyyatındadırlarsa, onda onların Bakıda qalması məsləhətdir. Nə ehtiyac var gedib-gəlməyə? Karantin elan edilibsə, ciddi rejimdirsə, bunu başa düşmək lazımdır. Çünki virusun yoluxma ehtimalı çoxalır. Gərək insanlarımız da bunu başa düşsünlər. Bu qərar insanlarımız üçündür. 

Zərdabda 7 km uzunluğunda yolun yenidən qurulmasına start verilib - FOTO
Zərdab rayonunda bu il 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.  Yol-xeber.az xəbər verir ki, Zərdab rayonunda bu il 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. 

Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib, bəzi hissələrində torpaq yatağının genişləndirilməsinə ehtiyac var. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.

 

Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Torpaq işləri 70 min kv.m sahəni əhatə edir.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası həyata keçiriləcək. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunacaq. Yolun çiyin hissələri də dağıldığından çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılacaq. 

Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların normal ötürülməsini təmin etmək məqsədi ilən müxtəlif diametrlərə malik yeni suötürücü borunun quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub.

Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yol boyu xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişini şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

 

 
Xırdalanda yol düzəldi, sürücülər düzəlmədi:  Nəzarət niyə yoxdur? - VİDEO
Sürücülər əks istiqamətə çıxıb

Xırdalan şəhərində qayda pozan iki sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Yol-xeber.az xəbər verir ki, görüntü Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 592 saylı xətt üzrə fəaliyyət göstərən marşrut avtobusu və digər minik avtomobili əks istiqamətə çıxaraq axına qarşı hərəkət ediblər. Həmin sürücülər qarşıdan gələn avtomobilin hərəkətinə mane olub. 

Xırdalan şəhərinin yolları bərbad olan vaxtlarda yol polisləri sürücülərə güzəştlər edirdi. Yollar təmir olunduqdan sonra sərt addımlar atılacağı bildirilirdi. Heydər Əliyev prospekti və digər küçələr tam təmir olunub istifadəyə verilməsinə baxmayaraq sürücülər hələ də özbaşnalıq edir, yol polisi isə susur.

 

Bakıya giriş-çıxış bağlanır? — RƏSMİ AÇIQLAMA


Bakıya giriş-çıxışı məhdudlaşdıran qanunun hazırlanacağı barədə məlumat yayılıb.
“Ölkə.Az” olaraq məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova ilə əlaqə saxladıq. O, bütün proseslərin nəzərə alındığını bildirib.

“Bütün proseslər rəhbərlik trəfindən nəzərə alınıb, addımlar atılacaq. Bizdə dəqiq məlumat olan kimi, mediaya açıqlama veriləcək”,- deyə Məmmədova deyib.
Xatırladaq ki, bu barədə millət vəkili Fazil Mustafa "Teleqraf.com"a açıqlama verərək "Qərarın qəbul olunması ehtimalı var. Bütün hallarda qaydalar sərtləşdiriləcək”, - deyə qeyd edib.

Xəbər lenti