Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən yaxşı hava limanıdır - FOTO

"Skytrax World Airport Awards" mərasimi Londondan onlayn rejimdə yayımlanıb

Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.

Bu barədə qurumun məlumatında deyilir

Aparılan auditin nəticələrinə əsasən Azərbaycan paytaxtının hava limanı illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı hava limanı seçilib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.

COVID-19 koronavirus infeksiyasının yayılması və bütün dünyada beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə əlaqədar bu il "Skytrax World Airport Awards" mərasimi Londondan onlayn rejimdə yayımlanıb.

AZAL prezidenti Cahangir Əsgərov söyləyib: “Hava limanımız növbəti dəfə ən nüfuzlu Skytrax mükafatına layiq görüldüyü üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə diqqəti və daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edərək beynəlxalq aləmdə yeni mühüm uğurlar qazanır. Bu gün belə bir yüksək mükafata layiq görülməyimiz hamımız üçün böyük şərəfdir. Əksər uçuşların dayandırılmasına baxmayaraq, əminəm ki, hava əlaqələri yenidən bərpa olunduqdan sonra Bakı hava limanı ən yüksək səviyyədə bütün növ xidmətlər göstərməyə davam edəcəkdir".

"Skytrax" şirkətinin baş icraçı direktoru Edvard Pleysted bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportu özünü regionun ən yaxşı hava limanı kimi nümayiş etdirməyə davam edir və sərnişinlərə yüksək səviyyədə xidmət göstərir. Sərnişinlərin rahatlığı, geniş çeşidli xidmətlər, eləcə də mükəmməl düşünülmüş dizayn kimi əsas amillər hava limanına bu cür yüksək səviyyəni qoruyub saxlamağa imkan verir".

"Skytrax" tərəfindən aparılan və dünyanın 550 hava limanı arasında sərnişinlərə xidmət səviyyəsini və şəraiti qiymətləndirən yoxlama dünya hava limanları sənayesi üçün keyfiyyət göstəricisi hesab olunur. Aparılan yoxlama və təqdim edilən mükafat hava limanının nəzarəti və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyü və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir. Yoxlama zamanı "Skytrax" şirkəti həmçinin altı ay ərzində 100 ölkədən olan sərnişinlər arasında sorğu aparıb.

Ümumi uzunluğu 39 kilometr olan Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozavand, Ağarx, Aratlı Curuğlu, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadığından asfalt-beton örtüyü yararsız vəziyyətə düşmüşdür.  
  Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2020-ci il tarixli,  1761 nömrəli Sərəncamına müvafiq olaraq altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış və cari ilin may ayında sözügedən avtomobil yolunun əsaslı şəkildə təmir olunmasına başlanılmışdır.
  Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən hissələrində yol yatağının, həmçinin piyada səkilərinin inşa edilməsi, kənarlarına səki daşları düzülməsi üçün hazırlıq işləri görülür. Bunun ardınca yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir ediləcək, avtomobil yoluna  asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaqdır. 
  Bundan başqa Ağsu-Qaradağ yolunun, həmçinin 9 yaşayış məntəqəsinin giriş yollarında yenidən qurulması layihəsi çərçivəsində yeni avtobus dayanacaqları, məlumatverici lövhələr, yol nişanları və siqnal dirəkləri quraşdırılacaq, yolun üfüqi nişanlanma, yol-cizgi və yolgöstərici xətləri, piyada zolaqları çəkiləcəkdir. 
  Rayonun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla bu kəndlərin əhalisinin sosial rifah halına müsbət təsir etmiş olacaqdır.

Sabahdan metro açılır
Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.

Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Suraxanıda 31.6 km yol təmir edildi, daha 17.9 km təmir olunur – FOTO
Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-dən çoxdur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, imzalanan sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun 17 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədi ilə 7.8 mln.manat ayrılmışdır. Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-dən çoxdur. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb. Bu Telman Nərimanov, 14 iyul, B.Məmmədkərim, Vahid Xəlilov, Göl, H.B Zərdabi, Yuxarı və Aşağı mədən küçələri, həmçinin göl ətrafı yol, həmçinin I və II köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən 20-ə yaxın dalan, döngə və yollarda da təmir işləri görülüb.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılıb.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.

 

Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 17.9 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Əmircan qəsəbəsində 6 km uzunluğa malik Üzeyir Hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 4.9 km olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbirstanlığa gedən yolda, həmçinin 7 km-lik Zığ-Hövsan avtomobil yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Artıq sözügedən layihə çərçivəsində Hövsan qəsəbəsində İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, İlqar Əhlimanov və Rasim Şahsuvarov küçələrində, həmçinin Əmircan qəsəbəsində Vladimir Balandin küçələrində isə təmir işləri davam etdirilir.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-yə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

 

Bakıdan rayonlara və əks istiqamətdə necə gəlmək olar?
Ölkəmizdə karantin rejiminin yumşaldılması ilə əlaqədar rayonlararası gediş-gəliş bərpa edilib.

 ATV xəbər verir ki, buna baxmayaraq Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə şəhər və rayonları ilə bağlı məhdudiyyətlər qalmaqdadır. İndi çoxlarını düşündürən məsələ rayonlararası gediş-gəlişin necə tənzimlənməsi və şəhərdən bölgələrə, eyni zamanda əks istiqamətdə gediş-gəlişin mümkün olub-olmaması məsələsidir. Bu suallara cavab öyrənmişik.

Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Bakı qeydiyyatında olanların digər bölgələrə səfərinə icazə verilmir. Baş Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi Kamran Əliyev deyir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkəran sakinləri yalnız SMS və iş yerindən arayış əsasında hərəkət edə bilərlər. Bu da rayonlara getmək üçün deyil.

Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran sakinləri öz yaşadığı ərazidə icazə əsasında hərəkət edə bilərlər. Onların digər rayonlara gediş-gəlişinə icazə yoxdur. Məhdudiyyət ləğv olunmuş rayon sakinlərinə yalnız həmin rayonlararası hərəkətə icazə verilir". 

Ancaq müəyyən hallarda vətəndaşların Bakıdan rayona eyni zamanda əks istiqamətdə hərəkətinə icazə verilə bilər.

Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Əgər şəxsin daimi qeydiyyat yeri rayondursa, onun iş yeri fəaliyyətə başlayıb, onun məlumatları icazə portalına yerləşərsə, Bakıya gələ bilər. Eləcə də Bakıda olan şəxsin hansısa rayonda iş yeri barədə qərar varsa, məlumatları icazə portalına daxil etməlidir, sonra hərəkətə icazə verilə bilər".

Bundan başqa yalnız 2 halda 8103 nömrəsinə SMS göndərməklə Bakıya gəlmək olar.

Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Rayon xəstəxanasından göndəriş varsa, Bakıda müayinə-müalicə olunmalıdır. Yaxın qohumun dəfnində iştirak üçün 3 indeksindən istifadə edilməldir. 3 indeksindən hansısa yasda, dini rituallarda iştirak üçün deyil, konkret dəfndə iştirak üçün yaxın qohuma icazə verilir".

Qeyd edək ki, ötən sutka ərzində karantin rejiminin pozulmasına görə respublikanın avtomobil yollarında 486 nəfər inzibati məsuliyyətə cəlb edilib. Aprelin 1-dən bu günədək xüsusi karantin rejiminin pozulmasına görə 47 min 963 hərəkət iştirakçısı cərimələnib.


Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5.2 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.

 

Söhbət Bakı-Quba-Rusiya Federsiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü km-dən ayrılan və Qullar kəndinə gedən avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur. 

 

Qusar rayonunun Qullar avtomobil yolu uzun illər istismar olunaraq təmirlər arası istismar müddətini keçmişdi və örtük yararsız vəziyətdə idi. Belə ki, örtükdə çalalar və deformasiya əmələ gəlmiş, örtüyün profili bir çox yerlərdə itmişdir. Bundan başqa yolun çiyin hissələri də deformasiyaya uğrayaraq çala-çuxurlu və palçıqlı idi. Hazırda yolun əsaslı şəkildə yenidən qurulması ilə sadalanan bu problemlər aradan qaldırılır.

 

Tikinti layihəsinə uyğun olaraq, yol yatağı buldozerlə kəsilərək profilə salınır, yararsız torpaq yatağı qazılaraq çıxarılır, daha onra əks-dolğu aparılaraq yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülməklə yol yatağı inşa olunur. Bunun ardınca optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, qum-çınqıl qarışığından isə əsasın üst layı tikilir.   

 

Marşrut boyu mövcud suötürücü borular yayrsız vəziyyətə düşdüyündən, boruların əvəzlənməsi və əlavə olaraq yeni boruların quraşdırılmasına ehtiyac var idi. Bu çərçivədə yeni dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də aparılır.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına başlanılıb. Asfaltlanma işləri yolun 30 min kv.m-dən çox sahəsini əhatə edir.

 

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, 5.2 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəıişində problemlərə səbəb olurdu. Bu üzdən Qusar rayonunun Qullar kəndinin yolunun yenidən qurulması kənd əhalisinin istər rayon mərkəzinə, istərsə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq.

 
 
Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB
Yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub

“Bakı-Sumqayıt yolunda yerləşdirilən beton arakəsmələr ərazidən götürülür”. Bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, yenidənqurma işləri çərçivəsində Bakı-Sumqayıt şossesində qoyulmuş beton arakəsmələr yoldan kənarlaşdırılır: “Sözügedən ərazidə yerləşdirilən beton arakəsmələrlə bağlı bəzi vətəndaşlar tərəfindən agentliyə müraciətlər ünvanlanıb. Ümumilikdə, vətəndaşların müraciətləri nəzərə alınaraq, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb. Ortaq razılıq əsasında, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub. Hazırda ərazidə qoyulan dəmir-beton maneələr yoldan kənarlaşdırılır”.

Azərbaycanda şəhərdən kəndə axın sürətlənib
“Şəhərdən kəndə axın hələ bir neçə il əvvəl başlayıb. Koronavirus pandemiyası ilə əlaqdar isə insanların paytaxtdan bölgələrə axını sürətlənib. Çünki paytaxtda iş yerləri qapadılıb”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bilirib.

Deputat qeyd edib ki, əvvəllər kənddən şəhərə kütləvi axın vardısa, indi bunun əksi müşahidə olunur:

“Bölgələrdə ölkə rəhbərinin tapşırıq və göstərişlərinə uyğun olaraq görülən işlər, aqrar sektorun inkişafı artıq şəhərdən regionlara axına səbəb olub. Bu da təbiidir, çünki artıq insanlarımızın kənddə torpaqdan qazanmaq imkanları genişlənib. Digər tərəfdən, kəndlinin gəlir yerləri var. Bunlar taxılçılıq, pambıqçılıq, heyvandarlıqdır.

Bu sahələr xüsusilə dövlət tərəfindən verilən subsidiyalar hesabına getdikcə daha çox inkişaf etməyə başlayıb. Artıq insanlar paytaxtda qərarlaşmır, rayonlarda nəninki mövsümü işlər görürlər, həmçinin torpaq sahələrini icarəyə götürməklə, müəyyən sahibkarlara qoşulmaqla kənd təsərrüfatının inkişafına nail olurlar. Ötən ilin nəticələri üzümçülük, pambıqçılıq, tərəvəzçilik, baramaçılıqda nəzərəçarpacaq inkişafın olduğunu deməyə əsas verir”.

Komitə sədri qeyd edib ki, pandemiyadan sonra şəhərdəki iş yerlərində yaranmış səngimələr də aqrar sahənin inkişafına özünəməxsus təkan verib:

“Ölkə rəhbəri də öz çıxışlarında bildirib ki, karantindən çıxış mərhələli şəkildə olacaq. Çünki pandemiya ilə əlaqədar qoyulmuş qadağaları birdən-birə aradan qaldırmaq mümkün deyil. Bu dəqiqə elə sahələr var ki, həyati əhəmiyyəti yoxdur, insanlar mütləq şəkildə evdə oturmalıdırlar. Amma kənd təsərrüfatı elə bir sahədir ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün fəaliyyəti bir an belə dayandırıla bilməz.

Bu gün kənd təsərrüfatının qızıl çağıdır, pambıq səpini gedir, taxıl suvarılır. Ona görə də insanların açıq havada, kütləvi şəkildə deyil, sosial məsafəyə riayət edilməklə torpaqda çalışması həyata keçirilməlidir. Bu isə onların həyatı üçün təhlükəli deyil. Ona görə də insanların təsərrüfatla məşğul olması heç də təhlükəli və qaydaların pozulması anlamına gəlmir. Çünki insanlar fəaliyyətinə icazə verilmiş sahədə çalışırlar.

Əgər insan traktorla çiyid səpirsə, yaxud pambığın malalanması ilə məşğuldursa, burada təhlükəli nə isə yoxdur, çünki onlar onsuz da fərdi fəaliyyət göstərirlər, yəni yüzlərlə insan bir yerə toplaşmır. Məsələn, pambıq səpini, taxıl biçini, yaxud tərəvəz yığımı gecikərsə, bu iqtisadiyyata ağır zərər vura bilər.

Onsuz da koronavirusun gətirdiyi bəla ölkə iqtisadiyyatına xeyli dərəcədə zərbə vurub. Onun aradan qaldırılması üçün milyardlarla vəsait ayrılıb. Elə sahələr var ki, orada bir an belə gecikməyə yol vermək olmaz. Aqrar sektor məhz həmin sahələrdəndir”.

Rayonlardan Bakıya gəlmək istəyənlərə
Əməkdaşlarımız hər kəsi maraqlandıran daha vacib bir məsələyə də aydınlıq gətirməyə çalışıblar. Əvvəlki xəbərimizdən də eşitdiyiniz kimi, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxış qadağası hələ də qüvvədə qalacaq. Amma bu gecə saat 12-dən etibarən digər rayonlararası girişə-çıxışa heç bir məhdudiyyət qoyulmayacaq. Bu arada rayonlararası sərnişindaşıyan avtobusların da hərəkəti ayın 31-dək hələki bərpa edilməyəcək.

Rayon qeydiyyatında olan şəxslərin paytaxa girişinə qoyulan qadağa hələ də qüvvədədir.

Bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, gecə saat 12-dən etibarən ölkə ərazisində xüsusi karantin rejmi qaydası nisbətən yumşaldılsa da rayon qeydiyyatında olanların Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna girişinə qoyulmuş qadağa ayın 31-dək qüvvədə qalacaq.

O, cümlədən də adı çəkilən şəhərlərin sakinlərinin rayonlara gedişi də may ayının 31-dək qadağan edilib. Əgər bu qadağalara əməl etməyib, gizli şəkildə getmək istəyən şəxslər aşkar edilsə onlar qanuna uyğun olaraq inzibati qaydada cərimə oluncaqlar. Sabahdan etibarən rayonlar arasında olan müvəqqəti polis postları da yığışdırılacaq.

Xatırladaq ki,rayonlar arasında ictimai nəqliyyatın hərəkəti də hələki bərpa edilmir. Vətəndaşlar yalnız özlərinə aid şəxsi minik avtomobilləri ilə yaşadıqları rayondan başqa rayona gedib gələ bilərlər.

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı da uzadılıb. ''Azərbaycan Dəmir Yolları'' QSC-dən XəzərXəbər-ə verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.

''Azərbaycan Dəmir Yolları'' QSC-nin mətbuat katibi Natəvan Bayramova onu da bildirdi ki, elektrik qatarlarının Abşeron dairəvi xətti üzrə hərəkəti hazırkı qrafiklə davam edir.

Bakı-Sumqayıt yolundakı yeni qoyulmuş beton arakəsmələr sökülür
Bakı-Sumqayıt yolunda yenidənqurma işləri çərçivəsində qoyulan beton arakəsmələr sökülür.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu barədə artıq göstəriş verilib. 

Belə ki, beton arakəsmələr 10-dan çox qəzaya səbəb olub. Eyni zamanda, nəqliyyat ekspertləri və digər aidiyyəti qurumlar bunun fəsadlara səbəb olacağını bildirib. 

Artıq bu gündən həmin arakəsmələr götürülür və məsələyə yenidən baxılacaq.

Xəbər lenti