![]() |
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin, Moskva prospekti – Cavadxan küçəsi – 3-cü mikrorayon dairəsi və ya Tbilisi prospekti – Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – 3 mikrorayon dairəsi istiqamətlərindən istifadə edərək, Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərdlər.
Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin, Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.
Bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. “Sərnişin çoxluğunun olacağını nəzərə alaraq, indidən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyaya, məktubla müraciət olunub ki, sərnişin sıxlığının aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görsünlər ki, qeyri-qanuni daşımalara yol verilməsin və bunun qarşısını alsınlar. Odur ki, süni qiymət artımına yol verənlər cəzalandırılacaq”- N. Allahyarova deyib.
DANX sözçüsü əlavə edib ki, fürsətdən istifadə edib fərqlənmə nişanı əldə etmədən müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olanlar barəsində ciddi tədbirlər görüləcək: “İndiyədək də belə tədbirlər görülüb. Belə fakt təsbit olunarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görülməsi üçün aidiyyatı qurumlara məlumat veriləcək. Bizə indi də belə məlumatlar daxil olur və biz də öz növbəmizdə bu məlumatları müvafiq qurumlara yönləndiririk. Amma hesab edirəm ki, yollar açıldıqdan sonra xəttə lazımı sayda, dövlət qiymətləri ilə tənzimlənən avtobuslar buraxılacağından qeyri-qanuni daşımalara ehtiyac qalmayacaq”.
N. Allahyarova əlavə edib ki, biz məhdudiyyətlər dövründə qeyri-qanuni olaraq sərnişinlərin baha qiymətə daşımalarını proqnozlaşdırırdıq. “Bildiyiniz kimi məhdudiyyət olanda, və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründədə bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı.
Statistika olmadan onu deyə bilərəm ki, karantin dövründə DİN tərəfindən respublika yollarında qurulan postlar, DANX-ın yollarda keçirdiyi reydlər nəticəsində bunun qarşısı alındı. Bundan sonra da qeyri-qanunu sərnişin daşıma və ya baha qiymətə daşımalarla bağlı məlumat daxil olarsa, bu faktlar barəsində ciddi tədbirlər görüləcək”- DANX sözçüsü bildirib.
Bu barədə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, karantin rejiminin sərtləşdirilməsi və sərnişin azlığı ilə əlaqədar olaraq Bakı-Sumqayıt xəttinə 20 avtobus buraxılırdı. “Amma karantin rejiminin yumşaldılmasından və bir çox yerlərdə iş yerlərinin bərpasından sonra sərnişin sayı artıb. Sərnişin axınının sıxlığını nəzərə alaraq adi vaxtda olduğu kimi xəttə hərəkət edən bütün 33 avtobus xəttə buraxılıb. Artıq sərnişinlərə Bakı və Sumqayıt istiqamətində rahata hərəkət edə biləcəklər”.
Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yol-xeber.az-a verilən məlumata görə, bu məqsədlə Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır. 17 km uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5.0-7.0 metr arasında dəyişir. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranıb. Yol boyu mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdır. Bu üzdən boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac vardır. Sadalanan problemləri aradan qaldırılması üçün hazırda avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur. Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yararsız örtük mexanizmlə sökülüb daşınır, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılır, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilir, yatağın normativ eninin alınması məqsədilə isə qaya tipli süxurlar və dağ yamacları mexanizmlə kəsilir. Bundan başqa yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 468 paqon-metr uzunluğa malik müxtəlif diametrli dairəvi su ötürücü metal və dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, boru başlıqları dəmir-betonla inşa edilir, həmçinin 10 metr uzunluğunda olan yeni dördbucaqlı su keçdii inşa edilir, yolun 1-ci km-də yerləşən bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur. Sadalanan işlərə paralel olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılır və yol 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə 100 min kv.m sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub.
Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 112 yol nişanı, 480 siqnal quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qeyd edək ki, ötən il əsaslı şəkildə yenidən qurulan 20 km-lik Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci km-dən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumata görə, aprelin 27-dən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır. Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.
Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsi ilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, mayın 1-dən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.
Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini daha intensiv istifadə etmək üçün çalışırıq. Təkcə bu ilin aprel ayında bu marşrutla daşınan vaqonların sayı yanvar ayına nisbətən təxminən 2,8 dəfə, yüklərin həcmi isə 2,4 dəfə artaraq müvafiq olaraq 344 vaqon və 10,194 min tona çatıb”
Yol-xeber.az-ın məlumatına görə “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirıb.
Onun sözlərinə görə, Azərbaycan və gürcüstanlı tərəfdaşları ilə intensiv şəkildə videokonfrans və telefonla əlaqə saxlanılır: "Mövcud vəziyyət bütün ölkələri ticarəti davam etdirmək üçün alternativ yollar hazırlamağa sövq edir. Gündəlik ehtiyacları davamlı və effektiv şəkildə qarşılamaq üçün həmkarlarımızla birgə əlaqəli şəkildə çalışırıq".
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu şəraitdə ictimai nəliyyat sektorunda hansı addımların atılması məqsədəuyğun hesab olunur?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, müəyyən məsafə saxlamaq şərtilə avtobuslarda eyni vaxtda 30-40 nəfər sərişin daşınmasına icazə vermək olar:
"Pandemiya dövrü ilə bağlı sərnişinlərin ictimai nəqliyyatda davranış qaydaları xüsusi həssaslıq tələb edir. İctimai nəqliyyat insanların çox ünsiyyətdə olduğu, çox toplaşdığı yerlərdən biri sayılır. Odur ki, bu dövrdə avtobuslarda sosial məsafənin saxlanılması çox önəmlidir. Təəssüf ki, sərnişinlər bu məsələyə könüllü şəkildə riayət etmirlər. Aydın məsələdir ki, bu gün bizdə avtobus sayı azdır. Azərbaycanda təqribən 2 min civarında avtobus var və indiki şəraitdə bundan artıq avtobus gətirmək mümkün deyil. Həm "Bakubus” MMC, həm də digər daşıyıcı şirkətlər bu avtobuslarla sərnişindaşımanı maksimum şəkildə həyata keçirməyə çalışırlar. Sosial məsafənin qorunması məqsədilə avtobuslarda sərnişinlərin yalnız oturacaqlarda əyləşməsinə icazə verilir. Amma düşünürəm ki, bu məsələdə daşıyıcıları da nəzərə almaq lazımdır. Çünki normal halda 70-80 nəfəri daşıya biləcək avtobus bu gün 12-15 nəfəri daşıyır. Düşünürəm ki, ayaq üstə dayanmağa qabil olan sərnişinlərin də avtobusa minməsinə imkan vermək lazımdır. Bu məsələni həm dispetçerlər tənzimləyə, həm də avtobus sürücüləri mikrofonla elan edə bilərlər.
Bu gün ara məsafəsini qorumaq şərtilə avtobusda ayaq üstə də sərnişin daşımaq mümkündür. Məsələn, oturacaqlardan əlavə, əlillər üçün nəzərdə tutulan yer, avtobusun salonunun orta hissəsi də boş olur ki, bunlardan da istifadə etmək olar. Sıx təmasa səbəb olmadan, arada təqribən 1 metrlik məsafə saxlamaqla bunu etmək mümkündür. Çünki müəyyən iş yerləri açıldıqca metronun bağlı qaldığı təqdirdə vəziyyət daha da çətinləşəcək. Bu baxımdan sərnişinlərin yolda qalmaması üçün qeyd etdiyim məsələləri nəzərə almaq lazımdır. Bu gün metronun bağlı olması ilə yanaşı taksilərin də sayı azdır. Çünki fərqlənmə nişanı olmayan taksi sürücüləri fəaliyyət göstərə bilmirlər. Nəticədə əsas yük avtobusların üzərinə düşür. Adi halda 70-80 nəfəri daşıyan avtobusun indi 12-15 nəfər daşıması qeyri-adi mənzərə yarada bilər. Odur ki, sərnişinlərin ayaq üstə getməsinə də imkan yaratmaqla bir avtobusda təqribən 30-40 nəfər də daşımaq olar. 12 metrlik avtobusda 15 nəfər adamın daşınması bu gün üçün bir qədər uyğunsuzdur”.
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması üçün hərəkət məhdudlaşdırılsa da, xüsusi karantin rejimi dövründə fasiləsiz işləyən müəssisələr az deyil. Bunlardan biri "Azərbaycan Dəmir Yolları” QSC-dir (ADY). Qurumun Mətbuat katibliyi şöbəsinin müdiri Natəvan Bayramova pandemiya dövründə təmsil etdiyi səhmdar cəmiyyətinin fəaliyyəti ilə bağlı "Report"a müsahibə verib.
- Hazırda yalnız Abşeron dairəvi dəmir yolu xəttində qatarlar hərəkət edir. Amma onların hərəkət cədvəlinə dəyişiklik edilib. Gündəlik bu qatarlarla nə qədər sərnişin daşınır? Azalma varmı?
- Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 19-dan Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlar istisna olmaqla, həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərdə sərinişin daşınması dayandırılıb. Karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə işləyir. Karantin günlərinə olan statistikaya görə, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə gün ərzində 1 200-ə yaxın sərnişin daşınır. Halbuki adi günlərdə həmin göstərici 15 000-ə yaxın idi.
- Hazırda sərnişindaşımada hansı məqamlara diqqət yetirilir? Stansiyalarda dezinfeksiya işləri necə həyata keçirilir?
- Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADY-nin Həkim-Sanitar Xidməti Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarında gündəlik dezinfeksiya işləri aparır. Virusla mübarizə tədbirləri çərçivəsində Abşeron dairəvi dəmir yolu xətti istiqamətindəki bütün stansiya, vağzal və dayanacaqlarda, eyni zamanda vaqonların içərisində xüsusi dezinfeksiyaedici məhlullarla dolu avadanlıqlar quraşdırılıb. Bütün sərnişin qatarları tibbi qutularla, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin edilib. Bütün stansiyalarda müəyyən məsafədən bir "Məsafə saxla” lövhələrinə rast gələ bilərsiniz. Bu da sərnişinlərimizin sağlamlığına xidmət edən vacib xatırlatmadır. Bələdçilər və nəzarətçilər vaqonlarda sərnişinlərin tək-tək əyləşməsinə diqqət yetirirlər.
- ADY-nin ölkədə koronavirusla mübarizəyə nə kimi töhfəsi oldu?
- Bu günlərdə ADY-nin kollektivi də dövlət baçısının sosial həmrəylik nümayiş etdirməklə bağlı tövsiyələrinə uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürdü. Çağırışa QSC-nin törəmə şirkətləri də qoşuldu. Belə ki, "ADY Express” MMC 100 min, "ADY Konteyner” MMC 50 min manat vəsaiti Fonda ianə etdi. "Azərbaycan Dəmir Yolları” və Rusiya taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru "Azrustrans” MMC də Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü. Bununla yanaşı, ADY koronavirusu müəyyən edən 10 mindən çox tibbi müayinə məhsullarını alaraq, aidiyyəti üzrə paylanılmasını təşkil edib.
- Xüsusi karantin rejimi dövründə ADY-nin fəaliyyəti necə tənzimlənir?
- Beynəlxalq yükdaşımalar zamanı digər yerüstü nəqliyyat vasitələrindən fərqli olaraq, dəmir yolu ilə yükdaşımalarda dəfələrlə az sayda insan əməyindən istifadə edilir və bununla da sərhədləri keçən sürüclərin sayı, eləcə də yoluxma riski minimal olur. Xüsusi karantin rejiminə əsasən, ADY ölkəmizdəki epidemioloji vəziyyətin və ictimai sağlamlığın qorunmasına öz töhfəsini vermək məqsədi ilə bu qlobal səylərə qoşulub. Regiondakı epidemioloji vəziyyətlə bağlı məhdudiyyətlərə baxmayaraq, ADY region ölkələrindəki tərəfdaşları ilə birgə səylər nəticəsində yükdaşımaları əvvəlki qaydada davam etdirir. Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır. ADY tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınması təmin edilir. Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə ADY-nin Həkim-Sanitar Xidməti ölkə ərazisinə daxil olan yük qatarlarında mütəmadi dezinfeksiya tədbirləri həyata keçirir. Dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara və Yalama sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb. Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir. Azərbaycan - Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyası da avtomatlaşdırılmış dezinfeksiya qurğusu ilə təmin ediləcək. Hazırda sərnişindaşıma sahəsində məhdudiyyətlər tətbiq edilsə də, Azərbaycan dəmiryolçuları, xüsusən də QSC-nin yükdaşıma şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində fasiləsiz çalışırlar. Beləliklə, ölkədə müxtəlif məhsullara olan təlabatın ödənməsində çətinlik yaranmasın deyə Rusiya, İran və Gürcüstandan bütün yüklərin vaxtında və təhlükəsiz Azərbaycana çatdırılması həyata keçirilir.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur. Yol-xeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O qeyd edib ki, sərnişinlərin sayında artım əsasən pik saatlarda olur: "İlk olaraq xatırladım ki, hazırda xüsusi karantin rejimidir və bu vəziyyətdə sərnişindaşımalar da rejimin qaydalarına uyğun təşkil edilir. Sərnişinlərimizdən də xahiş edirik ki, bunu məhz bu cür qəbul edib və buna uyğun hərəkət etsinlər. Gündəlik istər müntəzəm, istərsə də ekspres xətlər üzrə sərnişindaşıma prosesinə yetərincə avtobus cəlb edilir. Hətta ekspres xətlər üzrə əlavə 100-ə yaxın ehtiyat avtobus da daha çox tələbatın olduğu ərazilərə toplanılır və zərurət olduqda xəttə çıxır. Lakin aparılan müşahidələr də onu göstərir ki, sərnişin axını hər ötən gün artır. Hazırda gündəlik daşınan sərnişin sayı 550-600 min arasında dəyişir. Daha çox sərnişin axını səhər və axşam saatlarında müşahidə olunur. Günorta saatlarında isə avtobuslar demək olar ki, boş hərəkət edirlər".
M.Ağayev bildirib ki, bu cür epidemik durumda sərnişindaşımanın ayaqda saxlanılması baxımından avtobuslar fasiləsiz fəaliyyət göstərir:
"Qarşıya çıxan çətinliklərə baxmayaraq, bütün qüvvə və səylərimizi ona səfərbər etmişik ki, avtobuslar dayanmadan fəaliyyət göstərsin. Bunu etməkdə də əsas məqsədimiz həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşlarımızı nəqliyyat xidmətləri ilə təmin etməkdir. Bu gün nəqliyyat sektorunda çalışan minlərlə əməkdaş bu məqsəd üçün dayanmadan çalışırlar".
BNA rəsmisi deyib ki, gündəlik olaraq ərazilər üzrə aparılan müşahidələr onu göstərir ki, bəzi vətəndaşlar karantin rejimi qaydalarına əməl etmir və ya müvafiq icazələri məhz səhər saatlarında alırlar. Bu da öz növbəsində əlavə çətinliklər yaradır.
Koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi tətbiq olundu. İctimai nəqliyyatda da bir sıra məhdudiyyətlər tətbiq olundu. Metropolitenin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması, ekspress marşrut xətlərinin işə salınması, ictimai nəqliyyatda sosial məsafə qaydalarının tətbiqi və s. tədbirləri buna misal göstərə bilərik.
Bəs koronavirus Bakının ictimai nəqliyyat sektoru ilə bağlı diqqətdən qaçan hansı problemləri üzə çıxardı? Karantin dövründə əldə etdiyimiz hansı təcrübələrdən postkoronavirus dövründə də istifadə etməliyik?
Yol-xeber.az-ın məlumatına görə məsələ ilə bağlı ANN.Az-a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, karantin dövründə Bakının ictimai nəqliyyatında ciddi alternativlərə ehtiyac olduğu ortaya çıxdı:
"Bir nəqliyyat vasitəsinin bağlanması digərinin həddən artıq yüklənməsinə səbəb olur. Sərnişin sayının az olduğunu nəzərə alaraq avtobusların həmin sərnişinləri daşıya biləcəyini düşünsək də, koronavirus dövrünün sosial məsafə qaydaları bu sayı məhdudlaşdırmağa məcbur edir. Karantin rejiminin bitdiyi və normal həyata geri dönüldüyü bir vaxtda metro və avtobusların yükünü azaldacaq yerüstü nəqliyyat şəbəkəsinin qurulması əhəmiyyətli olar. Yüngül relsli dəmiryolu sisteminə keçid həyata keçirilməlidir. Çünki hər hansı bir fors-major vəziyyətlər, bununla bağlı olaraq metronun bağlanması bir sıra ciddi fəsadlara yol açır. Biz gələcəkdə belə böhranlarla yenidən qarşılaşmayacağımıza dair sığortalanmamışıq. Bu hadisələr bizi gələcəyə daha hazırlıqlı olmağa vadar etməlidir".
Ekspert əlavə edib ki, postkoronavirus dövrünün təcrübələrinə gəldikdə isə Bakı Nəqliyyat Agentliyinin (BNA) təklif etdiyi və hal-hazırda fəaliyyət göstərən ekspress avtobusların istifadəsini davam etdirmək olar. Həmçinin geniş küçələrdə avtobus zolaqlarını yaratmaqla və zolaqlardan istifadəyə ciddi nəzarət etməklə nəqliyyatdakı boşluqları doldurmaq mümkündür:
"Xüsusi zolaqların ayrılması avtobusların intensiv hərəkətinə və insanların mobilliyinə birbaşa təsir edəcək. Avtobus marşrutlarına ayrılmış xüsusi zolağın olması onların tıxacda qalmasını mümkünsüz edərək insanların prioritetinin dəyişməsinə səbəb olacaq. Həmçinin nəzərə almalıyıq ki, karantin dövründə də avtomobillərin yoxlanılması ilə bağlı qurulan postlar avtobusların nəqliyyat sıxlığında gecikməsinə və xüsusi zolaq probleminin aktuallaşmasına səbəb oldu".
"Yaxşı olar ki, biz postkoronavirus dövrünə iş saatlarının başlaması və bitməsi ilə bağlı fərqli saatlı, "sürüşkən" qrafikləri tətbiq edək. Bu da eyni anda sıxlığın yaranmasının qarşısını alar", - deyə ekspert vurğulayıb.