![]() |
|
20 may tarixindən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir. Təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən, Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb.
Söhbət ümumi uzunluğu 16 km olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə avtomobil yollarından gedir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 38 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılmış yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Yolların eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Bunun ardənca lazımi qarışıqlardan istifadə etməklə 2 laydan ibarət yol əsasının inşası işləri də aparılıb və asfalt-beton örtük salınıb.Tikinti norma və standartlarına uyğun olaraq yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Bu işlər yolun 100 min kv.m sahəsini əhatə edib.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik 11 ədəd suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı km-də yerləşən 46 paqon-metr uzunluğunda olan avtomobil körpüsü təmir edilib.
Təbii ki, tikinti layihəsinin sonuncu mərhələsində yol boyu 15 yerdə avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdıırlıb. üfiqi nişanlanma xətləri çəkilib. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə verilib.
1977-ci ildən başlayaraq hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
“Report” bu məqsədlə Azərbaycan dəmir yolları muzeyində olub. Bu cür muzey Azərbaycanda ilk dəfədir ki, yaradılıb və dəmir yolu nəqliyyatı ilə maraqlananlar üçün maraqlı bir məkandır.
Azərbaycan Dəmir Yolu Muzeyinin yaranma tarixi
1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı-Sabunçu sərnişin dəmir yolu yenidən inşa olunub. 2018-2019-cu illərdə Bakı-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub və həmin tarixi binada Azərbaycan Dəmir Yolu Muzeyi yaradılıb.
Muzey ziyarətçilərinə nə təklif edir.
Muzeyin 3 sərgi zalı var. Birinci sərgi zalında XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. İkinci zalda 20-ci əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Üçüncü zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur.
Burada Birinci və İkinci Dünya Müharibəsində dəmir yolunun rolu ilə bağlı maraqlı faktlar və məlumatlarla tanış olmaq mümkündür.
Perronda hazırlanan zalda qatara çıxış şüşə ilə bağlanıb. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Zalda dəmir yolu nəqliyyatına aid 2 maket, 2 film zalı var. Bu film zallarından biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kinozalda sənədli filmlər, tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən mühəndislər və insanlar barəsində bioqrafik filmlər nümayiş olunur. İkinci mərtəbədə yerləşən kinozalda dəmir yollarının, qatarların və dəmir yolu vağzallarının estetikası və möcüzəsi ilə dolu bədii filmlər nümayiş edilir.
Muzeydə suvenirlərin satışını həyata keçirən mağaza da mövcuddur. Həmçinin, məkanda dəmir yolu tarixini mühüm məqamlarını əks etdirən foto və yazılı materiallar təqdim olunur. Burada Birinci və İkinci Dünya Müharibəsində dəmir yolunun rolu ilə bağlı maraqlı faktlar və məlumatlarla tanış olmaq mümkündür.
Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır. Muzeyin əsas zalında isə 1885-ci ildən 1964-cü ilədək dəmiryolçuların geyindiyi uniformaları görmək olar.
20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş hissədə aparılan təmir işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, günorta saatlarından sözügedən ərazidə hərəkət bərpa olunacaq.
Hazırda ərazidə üfüqi nişanlanma xəttlərinin çəkilişi işləri aparılır.
“icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə olacağı məsələsinə aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir: “Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb. Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, aparılan yenidənqurma işləri çəçivəsində "20 Yanvar" dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün "20 Yanvar" metrostansiyanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa, "20 Yanvar" dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək "oval" formaya salınıb, dairəyə gələn və çıxan yollarda da genişləndirmə işlər aparılıb.
Magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yol hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilib. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılıb. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb.
Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik" ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayı 4-ə çatdırılıb.
Eyni zamanda, şimal tərəfdən (Sumqayıt istiqamətindən) Bakı Beynəlxalq Avtovağzal kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunur.
Bakı Dairəvi-1avtomobil yolu ilə Sumqayıt yolu və "20 yanvar" dairəsi istiqamətinə geri dönməsi təmin etmək məqsədi ilə sözügedən yolun 1-ci km-də yeni geridönmə hissə yaradılır. Bundan başqa, eyni yolla Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyə dönmə yerinin yaradılması istiqamətində addımlar atılır. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.
Analoji addımlar Bakı-Sumqayıt yolunda da atılır. Belə ki, avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.
Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda "Xırdalan dairəsi" istiqamətində "Masazır dairəsi"nədək yolun, həmçinin "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də aparılaraq yekunlaşdırılır.
Layihəyə uyğun olaraq hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılıb, əksdolğu aparılaraq yenidən kipləşdirilib və yeni yol yatağı inşa edilib. Zəruri olan ərazilər üarə yol kənarlarında yeni istinad divarları inşa edilib, genişləndirilmiş hissələrdə yol əsası işlənilərək yeni asfalt-beton örtüyü döşənib.
Analoji genişləndirmə işləri "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Bunun üçün ərazidə dəmir-beton svaylar vurularaq tunellərin divarlartı inşa edilib. Artıq tunelə gələn yolda, həmçini tunelin qapalı hissəsində qazıntı işləri yekunlaşdırılıb. Hazırda tunelin divarlarının üzlənməsi işləri aparılıb, həmçinin qazılmış və genişləndirilmiş ərazilərdə yeni yol yatağı inşa edilir.
Bundan başqa, yenidənqurma işləri zamanı "Xırdalan dairəsi"nə qalxan və düşən hissələrdə 2 hərəkət zlağı enində yerli yolların inşası da yekunlaşmaq üzrədir.
Genişləndirmə işləri zamanı tikinti altına düşən kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi təmin olunub, yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi işləri isə tamamlanır.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini rəhbərliyinin birbaşa nəzarəti altında işlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə masimal dərəcədə maneə yaradılmadan aparılır. Yenidənqurma və genişləndirmə işlərinin may ayının sonu, iyun ayının əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.
Agentlikdən verilən məlumata görə, Tərtər rayonunda cari ildə 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası aparılır. Bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılıb.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılıb. Bunun üçün təqribən 200 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir.
Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində paytaxtın ən böyük tunellərindən biri olan Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub.
Məqsəd sürücülərin istər gündüz vaxtı tunellərə daxil olarkən, istərsə də sutkanın qaranlıq saatlarında sözügedən tunellərdə hərəkəti zamanı hərəkət hissəsini daha aydın şəkildə görməsinə şərait yaratmaq, yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqla hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb.
Anar Nəcəfli
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:
“Uzunluğu o qədər də böyük olmayan avtomobil tunellərində giriş və çıxış hissələr vizual olaraq göründüyü üçün sürücülərin işıqlı, əsasən də günəşli havadan bu cür tunellərə daxil olarkən görmə məhdudiyyəti yaranmır. Lakin daha uzun avtomobil tunellərində sürücülər belə bir problemlə qarşılaşa bilərlər. Məhz bunu nəzərə alaraq agentliyimiz tərəfindən paytaxtın ən böyük tunellərindən birində əlavə işıqlandırma sistemləri quraşdırıb. Artıq sözügedən ərazidə həm gündüz, həm də sutkanın qaranlıq saatlarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.”
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin tunellərdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə mütamadi olaraq işlər aparır. Bu çərçivədə avtomobil tunellərində mövcud işıqlandırma sistemində yaranan problemlər qısa zaman kəsiyində aradan qaldırılır, əlavə işıqlandırma sistemləri qurulur, istiqamətverici və yolgöstərici nişan və yol elementlərinin işıq qayatarıcılığı bərpa olunur.
“Koronavirus (COVID-19) pandemiyasına qarşı alınan tədbirlər çərçivəsində xarici ticarətdə dəmir yolu ilə daşımalara tələb gündən-günə artır. Bu məqsədlə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tutumunu 3 500 ton artırmaq üçün Türkiyə-Gürcüstan sərhəddinin Türkiyə tərəfində yerləşən “Canbaz” stansiyasında konteyner ötürmə sistemi qurulub”.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu “Anadolu” Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə təhlükəsizliyin yüksək olması səbəbi ilə dəmiryol nəqliyyatı vasitəsi ilə yüklərin nəql edilməsinə tələbat artıb: “Xüsusi ilə Orta Asiya ilə xarici ticarət əlaqələrində BTQ-yə tələbdə artım müşahidə olunur”.
“Bakı-Tbilisi-Qarsa artan tələbi qarşılamaq üçün prezident Rəcəb Tayyib Ərdoğan gündəlik əlavə olaraq 3 500 ton yükün daşına bilməsi üçün göstəriş verib. Prezidentin bu göstərişini bu çətin dövrdə sürətlə yekunlaşdırdıq. “Canbaz” stansiyasındakı konteyner ötürmə sistemini işə saldıq.
Hazırda konteyner ötürmə sistemini istifadə edən ilk qatar Qazaxıstan və Azərbaycandan yüklənən 15 vaqon, 27 konteynerdə 1 200 ton mədən, kənd təsərrüfatı məhsulları və ferro silikon xammalını Mersin, Derince və Dənizliyə aparmaq üçün yola çıxıb”, – deyə A. Karaismailoğlu vurğulayıb.
Nazir qeyd edib ki, bu xətt vasitəsilə bu günə qədər 5 250 konteynerdə 240 min ton ixrac malı, 5 300 konteynerdə isə 280 min ton idxal malı və ya Avropaya tranzit yük daşınıb: “Bu da, BTQ-nin nə qədər əhəmiyyətli bir investisiya layihəsi olduğunu göstərir”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. /report/
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir. Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabran rayonunun Gəndov kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.
Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Bu yeni yolun 0-30, 30-53.5, 53.5-73.5, 73.5-92 və 92-150-ci km-lik hissələri əhatə edir. Hazırda tikinti işləri yeni magistralın 1-ci (Yaşma-Giləzi) və 5-ci (Gəndov-Samur) hissələri üzrə yekunlaşır, qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin 1-ci yarısında yekunlaşdırılması planlaşdırılır.
Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.
Ümumilikdə I hissə üzrə (0-30 km) işlər yekunlaşmaq üzrədir. Belə ki, yeni layihələndirilən yolun sözügedən hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.
Layihənin II (30-53.5 km), III (53.5-73.5 km) və IV (73.5-92 km) hissələri üzrə isə hazırda tikinti işləri davam etdirilir.
Ümumilikdə yeni inşa edilən 92 km-lik yol boyu 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.
“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin davamı olaraq, M-1 magistralının V hissəsi üzrə (92-150 km) I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də tamamlanmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 16 km qısa olan sözügedən hissənin uzunluğu 58 km-dir.
Ümumilikdə sözügedən hissədə 20 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir.
Yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində də addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, digərləri isə adi qaydada keçidini təmin edəcək. Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.