![]() |
|
“Azərbaycan Dəmir yolları” QSC-də hərəkətin tənzimlənməsində yeni Mikro Prossesor Mərkəzləşməsi sistemi tətbiq edilib.
Yol-xeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət xidmətinin rəisi Elçin Məmmədov BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, Mikro Prossesor Mərkəzləşməsi (MPM) qatarların hərəkətini avtomatik tənzimləyir, vaxta qənaət edir, dəqiq və operativdir, eləcə də səhvə yol vermir.
“Bizim xarici filmlərdə gördüyümüz kimi qatarlar kompüterlər vasitəsilə idarə olunur. Yollar, yol dəyişənlər, işıqforlar və s. bir sistemlə idarə edilir. Hazırda Azərbaycan dəmir yollarında həmin sistem tətbiq edilir.
Bu sistem Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu-baş, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Dəllər, Şəmkir, Alabaşlı, Gəncə stansiyalarında və bu stansiyalar arasındakı 12 mənzildə tətbiq edilir.
Hazırkı vaxtadək “Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyalarında, postlarında, məntəqələrində və mənzillərdə qatarların hərəkəti və manevr işləri rele sistemləri vasitəsilə idarə olunurdu.
Bu stansiyalarda, postlarda, məntəqələrdə və mənzillərdə fəaliyyət göstərən idarəetmə tabloları, Siqnalizasiya Mərkəzləşmə və Bloklama (SMB) qurğuları həm müasir tələblərə, həm də texniki tələblərə cavab vermirdi”, - deyə Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə hazırlanan və tətbiq edilən Mikro Prossesor Mərkəzləşməsi sistemi bir çox üstünlüklərə malikdir:
- Texniki qurğular 60 faiz az yer tutur.
- Mərkəzdən kənarda yerləşən texniki avadanlıqlar 35 faiz azalır.
- Stansiyalararası mənzillərdəki avadanlıqlar ləğv olunur.
- Elektrik enerjisinə 15-18 faiz qənaət edilir.
- Əl əməyi tam avtomatlaşdırılır.
- Baş verə biləcək nöqsanlar əvvəlcədən müəyyənləşdirilir və bu haqda aidiyyəti üzrə məlumat verilir.
- Qatarların hərəkəti və manevr işləri Dispetçer Mərkəzindən idarə oluna bilir.
- İdarəetmə kompüter monitorları vasitəsilə həyata keçirilir.
"Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar". Yol-xeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək: "Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız".
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə işlər davam etdirilir. Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə 42 km uzunluğa malik olan avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Bu problemlərin aradan qaldırılması üçün ölkə başçısının imzaladığı sərəncamdan dərhal sonra, yolun yenidən qurulmasına agentlik tərəfindən kifayət qədər texnika cəlb olunmaqla işlərə başlanıldı və hazırda bu çərçivədə sürətlə və keyfiyyətlə yenidənqurma işləri davam etdirilir.
35 min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol boyu yeni yol yatağı inşa edilib. Bunun üçün yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıq və qalınlıqda yol əsasının işlənilməsi işlərinə də başlanılıb.
Mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan aparılan işlər çərçivəsində müxtəlif diametrli yeni suötürücü borular, həmçinin kollektor su keçdiləri inşa olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə isə əlaqələndirici bitum səpilməklə yola asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 250 min kv.m-dən çox sahəni əhatə edəcək.
Təbii ki, layihənin sonunda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, km göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 ədəd avtobus dayanacağı qurulacaq.
Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, yol boyu yaşayan vətəndaşların hər iki rayon istiqamətində rahat hərəkətinin təmin olunması, yük və sərnişin daşımasının yaxşılaşması ilə ərazi boyu kənd təsərrüfatının inkişafı hədəflənir.
Uzun illərdir ki, nəqliyyat şəraitinin xaotik olduğu "20 Yanvar" dairəsi ətrafında nizamın yaradılması istiqamətində Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, adıçəkilən dairə ətrafında hərəkətin nizamlanması və hərəkət sıxlığının aradan qaldırılması məqsədi ilə layihə işlənib hazırlanıb: "Artıq layihə Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi komissiyasına təqdim edilib. Bundan əlavə, dairə ətrafındakı yollarda qanunsuz parklanma hallarına qarşı intensiv tədbirlər görülməkdədir. 3-cü mikrorayon dairəsi və Moskva prospekti (Şamaxinka adlanan ərazi) istiqamətində qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin kameraları quraşdırılıb. Bununla yanaşı, ərazidə gündəlik olaraq əməkdaşlarımız tərəfindən xidmət təşkil olunub. Dairə ətrafında taksi duracaqları da yaradılıb".
M.Ağayev bildirib ki, qeyd edilən ərazidə icra olunan digər mühüm tədbir səkilərin dəmir məhəccərlə əhatələnməsidir: "Aparılan müşahidələr də onu göstərir ki, "20 Yanvar" dairəsində nəqliyyatın hərəkətinə maneə yaradan əsas amillərdən biri də piyadaların dairə ətrafında xaotik hərəkətidir.
"20 Yanvar" dairəsi ətrafında, eləcə də "Şamaxı yolu" adlanan ərazidə hərəkəti çətinləşdirən digər bir süni amil qanunsuz sərnişindaşıma hallarının mövcudluğudur. Biz tərəfdən ərazidə qanunsuz parklanma hallarına qarşı tədbir görülür. Amma tam nəticə əldə olunması üçün mütləq şəkildə qanunsuz sərnişindaşıma fəaliyyətinə qarşı da müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir". (trend)
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.
Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, cari ildə uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulmasına start verilib.
Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.
Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilir, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılır.
Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq bir-çox yerdə müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrin isə asfaltlanması işləri aparılacaq. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.
Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Ekoloji Nəzarət üzrə Yol-patrul Xidməti Bölüyünə məxsus binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.
Avtosfer.az-ın məlumatına görə BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdiriləcək:
“Postun bir hissəsi yolun təmir olunan hissəsinə düşdüyü üçün “Ekologiya postu”nun yerinin dəyişdirilməsi nəzərdə tutulur. Yeni postun dəqiq nə vaxt və nə qədər kənara çəkilməsi barədə tam məlumatım yoxdur”.
“Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa ediləcək və təzə avadanlıqlar quraşdırılacaq. Burada işlər mərhələli şəkildə aparılacaq. Yeni postun bir hissəsi tikilən zaman digər postdakı avadanlıqlar oraya köçürüləcək. Daha sonra isə köhnə “Ekologiya postu” söküləcək”, -deyə K.Əliyev bildirib.
- Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi, Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu–Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Əvvəllər ona heç yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında gözəl asfalt örtüklü yoldur. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. Bu fotoşəkillərdə yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü yoldur.
İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da 70-80 il torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş körpünü də bərpa etmişik.
Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.
Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir.
Prezident İlham Əliyev: Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq.
Saleh Məmmədov: Bu il də Sərəncamınız var, cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda yolun tikintisinə artıq başlanılıb. Sərəncamlarda həmin yolların tikintisinin 2023-cü ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Prezident İlham Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb.
Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.
Prezident İlham Əliyev: Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, yeni yol üzərində yol nişanları və göstərici lövhələr, siqnal dirəkləri və avtobus dayanacaqları quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu nəqliyyatında gediş haqqının bank kartı ilə ödənilməsi üçün layihə həyata keçirir.
Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum”da bildirib.
Onun sözlərinə görə, layihə “Visa” beynəlxalq kart təşkilatının dəstəyi ilə reallaşdırılır.
“Düşünürəm ki, tezliklə dəmir yolu nəqliyyatında bank kartı ilə ödəniş mümkün olacaq”, - AMB rəsmisi qeyd edib.
Xezerxeber.az xəbər verir ki, üçbucaq formasında inşa ediləcək piyada keçidi 3 hissədən ibarətdir. Metal konstruksiyadan ibarət körpünün üstü açıq olacaq.
Qeyd edək ki, hazırda paytaxtın digər ərazilərində də keçidlər inşa ediir. Məsələn, Ukrayna dairəsində tikilən müasir görünüşlü keçidin artıq dəmir konstruksiyası quraşdırılıb və işin 2-cü rübün əvvəlində tamamlanması planlaşdırılır.
Hazırda 10 ərazidə keçid tikintisi həyata keçirilir və daha 6 ərazi üçün layihələndirmə işləri aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Baş DYP İdarəsi xarici ölkə vətəndaşları ilə bağlı daha bir yenilik tətbiq edib. Belə ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısının alınması məqsədilə respublikanın bütün sərhəd məntəqələrində DİN Baş DYP İdarəsinin hazırladığı xüsusi bildirişlərin paylanılmasına başlanılıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev müsahibəsində bildirib.
Tətbiq edilən yeniliklə bağlı məlumat verən şöbə rəisinin sözlərinə görə, buklet və plakat formasında, 5 dildə çap edilmiş bildirişlərdə Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş sürət həddinin aşılmasına, habelə bir çox yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların Azərbaycan Respublikasından getmələrinin müvəqqəti məhdudlaşdırılması qeyd edilib. Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.
K.Əliyev həmçinin bildirişlər paylanılmazdan qabaq, hələ yanvar ayının əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliklərə müraciət edildiyini bildirib.