![]() |
|
Sürücülər əksər hallarda təbii ki, yazılan cərimədən narazı qalırlar. Hətta qayda pozduqlarını bildikləri halda belə yazılan cərimənin ağrı-acısı 2-3 gün çəkir. Bu günlər ərzində də sürücü cəriməni yazan polisi cəzalandırmağın yollarını axtarır, sonra cəriməni sildirmək və ya ləğv etdirmək üçün yollar axtarır. Nəhayət, bəzi sürücülər anlayır ki, artıq gecdir, qayda pozub və cərimə ödənməlidir. Amma bir qisim sürücü də var ki, cərimənin ləğvinə çox ciddi cəhd edir. Bəs, sürücülərin dili ilə desək, cərimə hansı hallarda ləğv edilə bilər? Yəni, qanunda inzibati protokola və ya elektron qərara hansı hallarda xitam verilməsi nəzərdə tutulur? Əvvəlcə ondan başlayaq ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipindən bəhs olunur və qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
Digər tərəfdən, Məcəllədə deyilir ki, əgər şəxs onun barəsində tərtib olunmuş elektron qərardan və ya inzibati protokoldan şikayət edirsə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Yəni, bu məqamda konkret olaraq Dövlət Yol Polisi və ya Bakı Nəqliyyat Agentliyi protokolun, yaxud, qərarın düzgün tərtib edildiyini sürücüyə sübut etməlidir. Əgər ortada şübhə doğuran məqamlar varsa məsələ bu şübhələr onun xeyrinə həll edilir.
Ona görə də, Məcəllədə deyilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır. Yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.
O ki qaldı cəriməni necə ləğv etdirmək məsələsinə, bu barədə İXM-nin 53-cü maddəsində bəzi məqamlara diqqət yetirmək lazımdır. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar var və bu hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
Məsələn, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə və xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda.
Gəlin, bu sadaladıqlarımla ayrı-ayrılıqda qısaca tanış olaq. Birincisi, inzibati xəta hadisəsi baş verməyibsə buna görə kimisə cərimələmək olmaz. Bunun üçün səhvən cərimələnən şəxsin aidiyyatı quruma müraciət etməsi lazımdır. Əgər bir şəxs xətanı məcburən, daha dəqiq desək, son zərurət həddində törədirsə buna görə onu cərimə etmək qanunsuzdur. İXM-nin 19-cu maddəsi “Son zərurət” adlanır və orada qeyd olunur ki, təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
Üçüncü məsələ ləğv edilmiş qanunlardan ibarətdir və təbii ki, hansısa qayda və ya cərimə qanundan çıxarılıbsa buna görə kimisə cərimələmək hüquqa ziddir. Bundan əlavə, barəsində inzibati tənbeh tədbiri seçilmiş şəxs öldükdə həmin tədbirlər ləğv edilir. Əgər ölmüş şəxsin adına avtomobil varsa onun hüquqi varisi ölüm haqqında sənədi DYP-yə təqdim etməlidir. Bundan sonra cərimələrə xitam verilir və avtomobil hüquqi varisin adına təkrar qeydiyyata alınır. Bu zaman ləğv edilmiş cərimələrə görə ödəniş tələb edilə bilməz.
Nəzərdə tutulmuş müddətin başa çatması da önəmli məsələdir. Qanuna görə, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Amma bu müddət davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.
Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda (asanpay.az saytında) yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Bütün bu sadaladıqlarım sürücülərin hüquqlarıdır. Amma əvvəldə də qeyd etdiyim kimi, onların əməl etməli olduğu vəzifələr də var ki, bu da qaydalara uyğun hərəkət etməkdir. Qaydalar demişkən, İnzibati Xətalar Məcəlləsinin 10-ci maddəsində qeyd olunur ki, dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayıb həyata keçirməlidirlər. Yəni, dövlət qurumları xətaların baş verməməsi üçün ciddi işlər görməlidirlər. Bunun üçün kifayət qədər hüququ baza var. Sadəcə, bu sahəyə ciddi yanaşmaq lazımdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yükdaşıma xidmətindən istifadə edən müştərilərə yükün lazımi ünvana çatdırılması prosesini onlayn izləmək imkanı yaradıla bilər. Bu barədə “Report”a səhmdar cəmiyyətinin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. Onun sözlərinə görə, hazırda qurumun mütəxəssisləri bu yeniliyin üzərində işləyirlər.
"2020-ci il üçün əsas prioritetlərdən biri 2017-ci ildən yaradılmasına başlanılmış ADY SMART Avtomatlaşdırılmış İdarəetmə Sisteminin daha da inkişaf etdirilməsi, onun departamentin bütün xidmət və şöbələrini tam əhatə etməsiə nail olmaqdır, Bu baş tutduqdan sonra həm görülən işlərin keyfiyyəti artacaq, həm vaxta qənaət olunacaq, həm də daha effektiv nəzarət mexanizmi qurulacaq. Bununla da "Azərbaycan Dəmir Yolları" müştəri məmnuniyyətini artırmağı hədəfləyir”.
E.Əhmədov vurğulayıb ki, ADY SMART əməliyyat sistemində xüsusi olaraq “Müştəri xidmətləri” modulunun işlənib hazırlanması nəzərdə tutulub: “Müştəri özünün “şəxsi kabinet"i vasitəsilə ona məxsus yüklərin ölkə ərazisində hərəkətinə nəzarət etməklə yanaşı, yükdaşımalar üçün onlayn sifariş vermək, yükün vaxtında vaqonlarla təmin olunmasını izləmək, eyni zamanda vaqon parkının texniki vəziyyətinə, təmir normativlərinə nəzarət etmək imkanına malik olacaq”.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, qurum tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.
Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.
Analoji genişləndirmə işləri Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağınadək genişləndiriləcək. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır.
Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi işləri aparılır.
Bundan başqa, magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.
Ümumilikdə, ölkə başçısının tapşırığına uyğun olaraq, sözügedən hissədə yenidənqurma işlərinin 2020-ci ilin iyun ayına qədər yekunlaşdırılması nəzərdə tutulur.
"Trans-Sibir magistralı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin sinergiyası həm Rusiya, həm də Azərbaycan üçün sərfəlidir".
Bunu rusiyalı ekspert İvan Pyatibratov deyib.
"BTQ layihəsinin Rusiya üçün önəmindən danışırıqsa, təbii ki, onun üçün siyasi mənada üstünlüyü ilk sırada dayanır. Bəzi ekspertlər onu “antiRusiya” layihəsi kimi qiymətləndiriblər, çünki dəmir yolu xətti Rusiya ərazisindən keçmirdi, lakin bu infrastruktur Trans-Sibir ekosisteminə daxil olacaq”, - deyə o, qeyd edib.
İ.Pyatibratov qeyd edib ki, Trans-Sibir magistralı ilə BTQ-nin sinergiyası Rusiyanın Yaxın Şərqdə təsirini, eləcə də iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirir: “Ticarət əlaqələri hökumətləri daha çox birləşdirir. Bununla yanaşı, Rusiya BTQ üçün geniş iz ölçülü (reyslər arası məsafə) dəmir yolları tikməyə hazırdır. Bu isə Rusiyanın həmin əməkdaşlıqda real marağını göstərir. Azərbaycan üçün isə Trans-Sibir magistralına inteqrasiya iqtisadi üstünlük verir. Əgər əvvəllər BTQ-nin rentabelli olması yük dövrüyyəsinə görə sual doğururdusa, hazırda bu sual aradan qalxıb. BTQ sərfəlidir və nüfuzludur”.
O vurğulayıb ki, layihədən əvvəlcə Çin məhsullarının Qərbə ixracını həyata keçirmək üçün düşünülüb və artıq öz məqsədi üzrə fəaliyyət göstərəcək: "Trans-Sibir magistarlının dövriyyəsində Çin məhsulları üstünlük təşkil edir. Rusiya 100% prosesi tezləşdirəcək. Yaxın Şərqin əhəmiyyətinin artdığı bir vaxtda Rusiya ilə Azərbaycanın birgə fəaliyyəti çox vacibdir”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, sərnişinlərin səyahət planınını daha rahat təyin etmələri üçün ölkədaxili hərəkət edən qatar biletini 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər.
Qeyd edək ki, yeni qayda 23 yanvardan etibarən qüvvədədir.
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan problemlərin aradan qaldırılması istiqaməində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini davam etdirir.
Azərbaycan Avtəmobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə imzalanan sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun 17 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədi ilə 7.8 mln.manat ayrılıb.
Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda sözügedən rayonun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 180 min kv.m-ə yaxındır.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Bu Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbirstanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq nəinki sözügedən qəsəbə üzrə, həmçinin Suraxanı rayonunun bütün qəsəbələri üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.
Ümumilikdə ötən il ərzində Bakı şəhərinin 12 rayonu üzrə 300 km-dən artıq uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 600 min kv.m sahəsində asfaltlanma işləri aparılıb.
Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür. Bu tədbirlər çərçivəsində agentlik tərəfindən 2019-cu ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan yeni bağlantı yol tikilərək istifadəyə verildi. 2020-ci ildə də bu çərçivədə Yasamal rayonu ərazisində tikinti işləri aparılır. Avtosfer.az xəbər verir ki, söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir. Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.
Tikinti layihəsinə uyğun olaraq 700 m-lik ərazidə yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının salınıb. Bura optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də sürətlə davam etdirilir. Yolun qalan 500 m-lik hissəsində də mövcud örtüyün sökülərək yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.
Bundan başqa yeni yolu kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.8 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına 3500 p/metr yeni səki daşı düzülür.
Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılacaq. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.
Bütün işlər AAYDA-nin rəhbərliyinin şəxsi nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. İşlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yol boyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.
Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolları, küçə və prospektlərin təmiri və yenidən qurulması istiqamətində işlərini davam etdirir.
Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdi ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.
Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla 1000 m uzunluğunda genişləndirilib. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Bu çərçivədə prospektə 1000 p/metr beton səki daşı qoyulub.
Prospektdə işlər “İnşaat norma və standartları”na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünəı qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Prezident İlham Əliyevin sərəncamına əsasən, anoloji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində start verilib.
Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşdırılıb. Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, eni isə 12 m təşkil edir. Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.
Ölkə başçısının sərəncamına əsasən növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti- (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib. Yol-xeber.az xəbər verir ki, bununla əlaqədar digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Bu gündən sürət hədlərinin endirilməsi təmin olunub.
Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.
Bakı Nəqliyyat Agentliyi sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.