"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçəcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Belə ki, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31- i dekabr və 01, 02, 03, 04, 05 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.

Belə ki, dekabrın 27, 28, 29 –u və yanvarın 01-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.

 

Geriyə Tbilisidən sərnişin axını əsasən 02, 03, 04 və 05 yanvar 2020-ci il tarixlərində gözlənilir.

Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 04 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat 800-da Bakıdan yola düşəcək qatar saat 1145-də Gəncəyə çatacaq. Saat 1600-da isə Gəncədən yola düşəcək və saat 1945-də Bakıda olacaq.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Bakıda bu avtobuslar səhərə qədər işləyəcək — SİYAHI


Bakıda bir neçə marşrut xətt avtobusları səhərə qədər işləyəcək.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:“Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.
Rayona gedəcək sərnişinlərin DİQQƏTİNƏ!


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti dekabrın 25-dən respublikanın 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edib.Xidmətdən verilən xəbərə görə, ötən il Yeni il bayramı ilə əlaqədar ümumilikdə respublika üzrə 54542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin daha çox olması səbəbindən ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu və Cocuq Mərcanlı xətti əlavə olaraq üç avtovağzalımızdan hərəkət etdiyi üçün bayram ərəfəsində sıxlığın daha çox olacağı ehtimalı var: “Ona görə sərnişinlərimizə tövsiyə edirik ki, biletləri bir neçə gün öncədən kassalardan əldə etsinlər. Region avtovağzallarından ən çox sıxlığın Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəranda müşahidə ediləcəyi ehtimal olunur. Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-nə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək”.Gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:“Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.  /BakuPost/
"Dairəvi dəmir yolu tıxacları aradan qaldıra bilər"
Dairənin istifadəyə verilməsinin əhəmiyyəti nədir və hansı potensial imkanları var?

Gələn ilin fevralında Abşeron dairəvi dəmir yolu xəttinin açılışı nəzərdə tutulur. Bir qədər əvvəl isə həmin xəttin üzərində yerləşən Pirşağı dəmir yolu stansiyasının açılışı olub. 


Dairənin istifadəyə verilməsinin əhəmiyyəti nədir və hansı potensial imkanları var?


Nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, Abşeron dairəvi dəmir yolu layihəsinin reallaşması nəqliyyat yükünü azaldaraq tıxacları aradan qaldıra bilər: "Müxtəlif dünya təcrübələri göstərir ki, sürətli elektrik qatarları sərnişin daşınmasında kifayət qədər ciddi paya və əhəmiyyətə malikdir. Abşeron dairəvi dəmir yolu əslində konsept olaraq çox əhəmiyyətli bir layihədir. Dairəvi yolun açılışı nəqliyyat yükünü azalda və tıxacları aradan qaldıra bilər".

 


"Bu məsələnin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, dairəvi yolun infrastrukturu formalaşdırıldıqdan və tikinti tamamlandıqdan sonra dairənin əhatəsinin genişləndirilməsinə zərurət yaranır. Belə ki, Bakının mərkəzindən, həmçinin Xırdalan, Binə və Şıxov istiqamətlərindən dairəvi dəmir yolu sisteminə qoşulmağa imkan verən əlavə xətlərin çəkilməsi mümkün olsa, onda bu yol sərnişin daşınmasında kifayət qədər ciddi əhəmiyyətə malik olacaq. 


Məsələn, Lökbatandan kimsə Sumqayıta getmək istəyirsə, bizə həmin xətti dairəvi yola birləşdirmək lazım olacaq. Nəticədə sərnişin Bakıya girmədən dairəvi dəmir yolu xəttinin imkanlarından istifadə edərək Sumqayıta və ya Binəyə çata biləcək. Digər tərəfdən, həmin dairəvi yola xidmət edəcək mərkəzi stansiyaya metro xətti çəkməklə onun da birbaşa dairəvi yola çıxışı təmin oluna bilər. Bu vaxt periferiyadan hava limanı istiqamətində gedən sərnişinlərin yenə də şəhərə girmədən birbaşa hava limanına çatdırlması təmin ediləcək. Yəni bu formada şəbəkələşmiş bir sistem qurmaq mümkündür", - İ.Hüseynli qeyd edib.


Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var. 

Bütün marşrut xətlərinin BakıKart sisteminə keçidinə başlanıldı
Digər marşrut xətləri də nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha iki marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. 25.12.2019-cu il tarixindən 39, 26.12.2019-cu il tarxindən isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 39 və 202 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.
Məlumat üçün bildiririk ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

Bakı Dəmir Yolu Vağzalının binasında “Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı fotosərginin açılışı olub. Tədbir Macarıstanın ölkəmizdəki Səfirliyinin təşəbbüsü əsasında “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Sərgi elektrik lokomotivi üçün yüksək gərginlikli üçfazalı mühərrik və dəyişən cərəyanlı generator ixtira edərək, “Elektrik qatarın atası” kimi məşhurlaşan macar mühəndisi və alimi Kalman Kandonun 150 illiyinə həsr edilib. Məşhur mühəndisin ixtiraları Macarıstan, İtaliya, Fransa, İngiltərə və bir çox ölkələrin dəmir yollarının elektrikləşməsində əvəzedilməz rol oynayıb. Onun ixtiraları hələ də aktuallığını saxlayır, çünki bütün müasir elektrik lokomotivlərinin iş prinsipi onun ixtira etdiyi sistem üzrə işləyir.
Sərginin açılışında qonaqları salamlayan “Azərbaycan Dəmir Yolları” QSC  sədrinin  müavini Zaman Novruzov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycan və Macarıstan “Dəmir Yolları Əməkdaşlıq Təşkilatının” üzvüdür və bu çərçivədə əməkdaşlıq edir. Azərbaycan dəmir yollarının 140 illik yubileyi ərəfəsində olduğunu qeyd edən Zaman Novruzov keçmiş Sovet məkanında ilk elektrik qatarının 1926-cı ildə məhz ölkəmizdə istifadəyə verildiyini diqqətə çatdırıb. O, son beş ildə Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı layihələr barədə məlumat verib. Bura infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yeni qatarların alınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Abşeron dairəvi yolunun bərpa edilməsi ilə yanaşı vağzal və stansiyaların tikintisi və bərpası da daxildir. Qeyd olunub ki, Bakının rəmzi binalarından sayılan Bakı Dəmir Yolu Vağzalı infrastruktur binası olmaqla yanaşı, şəhərin mədəni mərkəzlərindən birinə çevrilir. O sərnişinləri, şəhərimizin sakinlərini və qonaqlarını bu məkana maraqlı incəsənət, musiqi və digər mədəniyyət tədbirlərinə dəvət edib.
Macarıstanın Azərbaycandakı səfirinin müavini Laslo Mak dəmir yollarının hər bir ölkə üçün önəmli infrastruktur olduğunu, sənayenin, iqtisadiyyatın və turizmin inkişafına təkan verdiyini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu mənada ən yaxşı nümunə olduğunu deyib. Avropanın ən qədim və inkişaf etmiş dəmir yollarından birinin Macarıstanda olduğunu bildirən diplomat onun regiondaxili ölkələrin əlaqələrinin güclənməsində əhəmiyyətini xüsusi vurğulayıb. Sərgidəki fotoların Budapeştdəki dəmir yolu infrastrukturunda lentə alındığını və 150 illik tarixin mühüm məqamlarını əks etdirdiyini söyləyib.
Sərgidəki fotoların müəllifi Aydın Sadıqov təşkilatçılara təşəkkürünü bildirib. Fotoqraf ekspozisiyanın il ərzində 3-cü sərgisi olduğunu qeyd edib. Fotoları Avropanın ən böyük muzeylərindən sayılan Budapeşt Dəmir yolu muzeyində lentə aldığını nəzərə çatdırıb. Sərgi hər bir ziyarətçi üçün Macarıstan dəmir yollarının inkişaf tarixi ilə tanışlıq fürsətidir. Fotoqraf bundan əvvəl Azərbaycanın tarixi məkanlarını əks etdirən fotosərgisini Budapeştdə sənətsevərlərin ixtiyarına verib.
“Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı fotosərgi dekabrın 28-dək davam edəcək

Bakıda 104 nömrəli marşrutun hərəkət istiqaməti dəyişəcək
Hərəkət istiqaməti alternativ küçələrlə təşkil ediləcək

Sabahdan "Azərsu" ASC tərəfindən aparılan təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyi üçün, 104 nömrəli müntəzəm marşrutun və digər nəqliyyat vasitələrinin hərəkət istiqaməti alternativ küçələrlə təşkil ediləcək.

 

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

BNA 15 yolayırıcına sarı tor çəkib
İl ərzində həmçinin 81 küçədə mühəccər, 126 yerdə isə tumba qoyulub

Bakı Nəqliyyat Agentliyi (BNA) 2019-cu ildə yol təhlükəsizliyi ilə bağlı 133 küçə və prospektdə pandus quraşdırıb. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, il ərzində həmçinin 81 küçədə mühəccər, 126 yerdə isə tumba qoyulub. Agentlik il ərzində 261 piyada xətlərini yenidən bərpa edib, 1275 yerdə yol nişanları quraşdırılıb, 15 küçə və prospektin kəsişməsində sarı torlar çəkilib.
Xırdalan dairəsi ətrafında genişləndirmə işləri aparılır
Giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə, prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.

Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.

 

Anoloji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.

Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır. Yaxın müddət ərzində bu çərçivədə də işlərə başlanılması planlaşdırılır.

Bundan başqa magistarl yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.

Nümunəvi sürücülərin mükafatlandırılacağı xəbərinə — DİN-dən AÇIQLAMA


Dünya ölkələrində belə bir praktika mövcuddur ki, il ərzində və ya daha çox müddətdə qayda pozmayan nümunəvi sürücülərə mükafatlar təqdim olunur. Bu hal sürücülərə qaydaları pozmamaq üçün stimul yaradır.
Baku.ws Azərbaycanda belə bir halın mövcud olub-olmamasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlayıb ki, ölkəmizdə yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiəsi işinin daha da təkmilləşdirilməsi məqsədilə DYP xidmətində bir sıra uğurlu islahatlar həyata keçirib, innovativ metodların tətbiqinə geniş yer verib:

"Müasir texnologiyaların tətbiqi sayəsində yaradılmış elektron müraciət forması təklif, ərizə və şikayətlərin qəbulu və onların baxılması nəticələrinə dair rəsmi məlumatların çatdırılması işinin daha etibarlı və operativ həllinə imkan vermiş, www.dyp.gov.az rəsmi internet saytının, info@dyp.gov.az elektron poçt ünvanının yaradılması isə təşəbbüskarların DYP xidmətilə bilavasitə və daha çevik əlaqələndirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə həmin şəxsə aid qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol barədə məlumatların əldə edilməsinə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə aparılmasına imkan yaradılmışdır.
Fəaliyyətimizin prioritet istiqamətlərindən biri olan vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yerli televiziya və radio kanallarının böyük əksəriyyətində yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təbliği ilə bağlı proqramlar hazırlanaraq dinləyicilərin canlı yayıma qoşulmaları və yol hərəkəti təhlükəsizliyi ilə bağlı onları maraqlandıran və ya narahat edən sualların DYP subyekti tərəfindən birbaşa cavablandırılması, eyni zamanda təklif və ya şikayətlərinin qəbulu təşkil olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, fəaliyyətimizi tənzimləyən qanunvericilik aktlarında ictimaiyyət, KİV nümayəndələri və digər mənbələr tərəfində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və ya yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı DYP qurumlarına verilən məlumatların pulla mükafatlandırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, ölkəmizdə bərqərar olan vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi polis və cəmiyyət münasibətlərinin yüksək etimad, qarşılıqlı hörmət və ali insani dəyərlər üzərində qurulması tərəflər arasında ünsiyyətin maddi qarşılıq müqabilində formalaşdırılması təcrübəsinin yayılmasını əhəmiyyətsiz edir.

Odur ki, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təmin olunması, habelə DYP xidmətinin fəaliyyəti ilə bağlı Sizi maraqlandıran məsələlərlə əlaqədar yuxarıda qeyd olunan resurslar vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə, habelə təqdim etmək istədiyiniz sənədlərin surətini, fotoşəkilləri və ya videomaterialları info@dyp.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz".

Xəbər lenti