Abşeronda sərnişin avtobusu piyadanı vurdu: vəziyyəti ağırdı - FOTO
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib

Abşeron rayonunda sərnişin avtobusu piyadanı vurub. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı magistral yolunun Atyalı yaşayış sahəsinin ərazisinə düşən hissəsində baş verib. 114B nömrəli marşurut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yolu keçən, hələlik adı, soyadı açıqlanmayan 30-35 yaşlı kişini vurub.

 

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 Müharibələrdən daha çox can alan bəla: yol qəzaları
Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı düşünün

BMT-nin qərarı ilə hər il noyabr ayının sonuncudan əvvəlki bazar günü Ümumdünya yol qəza qurbanlarının anım günü kimi qeyd olunur. Yol-xeber.az xəbər verir ki, hər il yol qəzalarında 1 milyondan artıq insan həlak olur ki, Azərbaycan da bundan kənarda qalmır. Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir.

Respublika ərazisində xidmət aparan yol polisi əməkdaşlarının bilik və bacarıqları, hadisələrə çevik reaksiyaları, vətən-polis münasibətinin xüsusi texniki vasitələrin köməyi ilə minimuma endirilməsi müsbət nəticələr verməkdədir. Ancaq çox təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da son nəticədə ağır qəzalara səbəb olur.

Baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir, bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir.

 

Daha sonra yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır.

Ümumilikdə yol qəza qurbanlarını dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğun mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol nəqliyyat hadisəsi əsl faciədir.

Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü
Faktla bağlı araşdırma aparılır

Qaradağ rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Oxu.az xəbər verir ki, maşın Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalova məxsus olub.

Hadisə zamanı R.Zeynalovun həyat yoldaşı Əminə Zeynalova və onun sürücüsü Rövşən Cabbarov ölüb.

Maşında olan R.Zeynalov və onun oğlu ağır yaralanıb.

 

Qeyd edək ki, gecə Qaradağ rayonunda “Hyundai” markalı avtomobil yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bakında avtomobil yoldan çıxaraq aşıb - VİDEO
Yol qəzasının təfərrüatlarını Suraxanı polisi araşdırır

Bakının Suraxanı rayonunda avtomobil aşıb. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza aeroport şossesində qeydə alınıb. 1994-cü il təvəllüdlü İbrahim Kazımov idarə etdiyi "VAZ 2115" markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkəri sıradan çıxıb və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü İ.Kazımov və onun üç sərnişini xəsarət alıb. Yaralılardan sürücü ilə yanaşı 1992-ci il təvəllüdlü Ülvi Orucov xəstəxanaya yerləşdirilib. Digər iki nəfərə isə yerində ambulator tibbi yardım göstərilib.

Yol qəzasının təfərrüatlarını Suraxanı polisi araşdırır.

 

 

Yevlaxda avtomobil qatara çırpılıb
Faktla bağlı araşdırma aparılır


Yevlaxda avtomobil qatarla toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun 9-cu kilometrliyində, dəmiryolu keçidində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Tərtər rayon sakini, Ələsgərov Arif Əziz oğlunun idarə etdiyi minik maşını idarəetməni itirərək dəmiryolu keçidində qatara çırpılıb. Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda sürücünün diri-diri yandığı dəhşətli hadisənin VİDEOSU YAYILDI
Yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Biləsuvar rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. FHN-dən Yol-xeber.az-a bildirilib ki, noyabr 22-də saat 03:49-da nazirliyin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 04:10 dəqiqədə DYMX-nın ilk yanğın avtomobili hadisə yerinə çatıb. Hadisə yerindən DYMX-nın əməkdaşı verilən ünvanda “Kamaz” markalı yanacaqdaşıyan avtomobilin açıq alovla yanması və avtomobildə 1 nəfərin qalması barədə məlumat verib.

Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət, 6 texnika cəlb olunub.

Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçən idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtoçənin yanar hissələri, çəndə olan 38 ton “Aİ-93” (benzin) markalı yanacaq yanıb. Hadisə zamanı avtomobilin sürücüsü Kələntərov Yavər Rəşid oğlunun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

 

Yanğın saat 05:40 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 08:41 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

 

Bakı-Astara yolunda yanacaq daşıyan maşın aşaraq alovlanıb
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

Bakı-Astara yolunda yanacaq daşıyan maşın aşıb. 

APA-nın məlumatına görə, yanacaq daşıyan maşın aşdıqdan sonra alışıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda  yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvanın Daxili İşlər naziri sələfinin qərarını ləğv etdi
General-leytenant Fazil Ələkbərov əmr imzalayıb

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin “Mühafizə Şöbəsi haqqında Əsasnamə” təsdiqlənib. Oxu.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əmr imzalayıb. Əmrlə qərara alınıb ki,  Əsasnamə Şərur rayon mühafizə bölməsi və Culfa rayonlararası mühafizə bölməsi xidmətlərinin fəaliyyətində rəhbər tutulsun. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 11.03.2003-cü il tarixli, 23 nömrəli əmri ilə təsdiqlənmiş əsasnamə ləğv edilib.

Mühafizə Şöbəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsidir. Şöbə müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi işini təşkil edir.

Xatırladaq ki, Naxçıvanın Daxili İşlər naziri F.Ələkbərov sələfi Əhməd Əhmədovun qərarını ləğv edib. Ə.Əhmədov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 16 iyun 2000-ci il tarixli fərmanı ilə Daxili İşlər naziri təyin olunmuşdu. O, Ali Məclis Sədrinin 28 iyul 2017-ci il tarixli sərəncamına əsasən, vəzifəsindən azad edilib.

Bakıda baş verən avtobus qəzası ilə bağlı rəsmi AÇIQLAMA - FOTO
Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq

Bu gün səhər saat 07 radələrində Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Yol-xeber.az-a verilən məlumata görə, "Mercedes" markalı qeyri-müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə hadisə "Mercedes" markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

 

Dünən yol qəzalarında 3 nəfər ölüb
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabr ayının 20-də törədilən 15 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Xəbər lenti