Yol polisi nömrəsiz maşın saxladı, sərnişin özünü bıçaqladı - Maşından silah-sursat çıxıb
C.Rəfiyev xəstəxanaya yerləşdirilib

Ağcabədi rayonunda yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün Dğvlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə PPXB-nin əməkdaşları çağırılıb. Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülüb, digər dövlət qeydiyyat nişanının isə evdə olması bildirilib.

C.Rəfiyev xəstəxanaya yerləşdirilib. S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Cəlilabadda yük və minik avtomobilləri toqquşub

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, “QAZ 53” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Bu avtobus sürücüsü "kamikadzedir"? - Sərnişinlər təhlükədə - VİDEO
Əks istiqamətə çıxaraq ölüm saçır

Bakıda qaydaları kobud şəkildə pozan avtobus sürücüsü kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, 65 nömrəli müntəzəm marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü qoşa xəttin tələblərini kobud şəkildə pozaraq tam olaraq əks istiqamətə çıxır. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin önünü kəsir. Ümid edirik ki, təqdim olunan gprüntülər əsasında DYP və BNA sürücünü aşkar edərək cəzalandıracaq. 

 

Bakıda ŞOK: "Kamaz"ın altında düşməkdən son anda xilas oldu - VİDEO
Sürücü düz getməli olduğu halda sağa gedir və xilas olur

Bakıda sürücü qəzadan son anda xilas olub. Yol-xeber.az xəbər verir ki, zolaq ilə hərəkətdə olan zaman sürücünün üzərinə yolayrıcında "Kamaz" markalı yük maşını sürüb. Peşakarlıq nümayiş etdirən sürücü düz getməli olduğu halda sağa dönərək qəzadan son anda xilas olur. Görüntüləri təqdim edirik:

 

 
Bakıda avtomobil gölməçədə batıb, sürücü xilas edilib
Vətəndaşa köməklik göstərilib

Bakıda avtomobil gölməçədə batıb.

Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

DİN-dən Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi məsələsinə - RƏSMİ REAKSİYA
Sosial şəbəkələrdə N.Əkbərovanın ögey övladlarına işgəncə verməsinə dair məlumatlar yayılıb

Daxili İşlər Nazirliyi Azərbaycanda iki azyaşlı uşağın valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə  bildirib ki, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edərək, mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Hüseyn və Qulunun ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib:

“Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb. Hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

 

Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrindən aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib”.

“Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”, - deyə DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə N.Əkbərovanın ögey övladlarına işgəncə verməsinə dair məlumatlar yayılıb.

Yolu keçən qadını maşın belə vurdu – Suiqəsd, yoxsa diqqətsizlik – REAL VİDEO
Sürücünün fikri sağda olan zaman əlində çörək, orta yaşlı bir qadın yolu keçir

Bakıda piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. “Hyndai” markalı avtomobilin sürücüsü yola çıxmaq istəyir. Bu zaman sağdan maşın gəlib-gəlməməsinə baxır. Sürücünün fikri sağda olan zaman əlində çörək, orta yaşlı bir qadın yolu keçir. Qəfildən hərəkətə gələn sürücü avtomobili düz qadının üstünə sürərək onu vurur. Hadisə nəticəsində qadın xəsarət alır. Sürücü isə avtomobili saxlamaq əvəzinə bir az da irəliyə gedir.

Hadisəyə baxanda ilk baxışdan qəsd kimi görünür. Amma diqqətlə araşdırdıqda sürücü diqqətsizliyi önə çıxır. Belə ki, fikri sağda qalan sürücü piyadanı görmür və onu vurur. Videonu təqdim edirik:

 

Avtobus qayda pozdu, yol polisi onun hərəkətinə göz yumdu - VİDEO
Buna görə də avtobus sürücüləri özlərini toxunulmaz hiss edir

Hər gün səhər saatlarında Bakı-Sumqayıt yolunun üzü şəhər istiqamətində (Beynəlxalq Avtovağzalın yanında) tıxac yaranır. Tıxacın başlıca səbəblərindən biri sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsidir. Avtosfer.az xəbər verir ki, dekabrın 7- də qeyd etdiyimiz yolda hərəkət edən marşrut avtobusunun sürücüsü, yol polislərinin gözü qarşısında 1.11 xəttinin tələbini pozaraq sol zolağa keçib. Eyni qaydanı pozan digər sürücülər saxlanılsa da avtobus sürücüsü məsuliyyətdən kənarda qalıb. Buna görə də, avtobus sürücüləri onlara qarşı olan nəzarətsizlikdən sui-istifadə edərək özlərini toxunulmaz hiss edirlər və yol hərəkəti qaydasını pozub qəza törədərək onlarla insanın həyatını məhv edirlər.

 

Sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb - Bakıda
Yol-nəqliyyat hadisəsində xəsarət alan A.Əzimovun nitq qüsurlu olduğu bildirilir

Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində “VAZ-2107” markalı avtomobil 45 yaşlı Akif Əzimovu vuraraq xəsarət yetirib. Yaralının yaxınlarının dediyinə görə, hadisəni törədən sürücü yaralı A.Əzimovu avtomobilinə mindirərək naməlum istiqamətə aparıb. Zərərçəkənin qohumları bildiriblər ki, paytaxtın xəstəxanalarına, morqlara və polis idarələrinə müraciət etsələr də, heç bir yerdən A.Əzimovla bağlı məlumat ala bilməyiblər.

Hazırda yaxınları A.Əzimovun axtarışına başlayıblar.

Yol-nəqliyyat hadisəsində xəsarət alan A.Əzimovun nitq qüsurlu olduğu bildirilir.

Azərbaycanda məmur yol qəzası törədib, ölən və yaralanan var
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti