![]() |
|
Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Yol-xeber.az-a verilən məlumata görə, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, noyabrın 29-da saat 1 radələrində İmişli şəhərinin ərazisində Beyləqan rayon sakini Cəfər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rövşən İsgəndərovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.
“Report”un Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Saylan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb. Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında sərxoş şəkildə idarə etdiyi müəyyən olub. Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.
Bakıda yol qəzası baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, "Hyundai Santafe" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub.
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən 10 SR 041 dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobilin sürücüsü idarəetmə itirərək qəza törədib.
Zərbə nəticəsində avtomobil ön və arxa təkərləri yerindən çıxıb, avtomobil tamamilə yararsız hala düşüb.
Qəza nəticəsində ölən və ya yaralananların olması barədə məlumat yoxdur.
Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, aralarında mübahisə düşən iki polis əməkdaşı bir-birinə atəş açıb. Nəticədə hər ikisi aldığı güllə yaralarından ölüb. Polis əməkdaşlarını ayırmağa cəhd edən digər bir nəfər isə xəsarət alıb. O, xəstəxənaya aparılıb. Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə mübahisə baş verib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Tovuz rayonunda piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1987-ci il təvəllüdlü Həsənov Anarı "VAZ-2101" markalı avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Avtoqəzalar günümüzün ən aktual problemlərindəndir. “Yol terroru” hər gün can almaqda davam edir. Yol qəzaları ilə bağlı statistik məlumatlar ümumilikdə qəza və hadisələrlə bağlı məlumatlar sırasında ilk yerləri tutur.
Son 3 gündə yollarda baş verən qəzaların dəhşət saçan statistikası belədir. Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 22-də saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Masallı rayon sakini Xəzər Yusifli idarə etdiyi “MAN” markalı yük avtomobilini körpüdən dəmir yolu xətinin üzərinə aşırıb. Nəticədə sürücü və sərnişini Əzim Məmmədov hadisə yerində ölüblər. Həmin gün 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Culfa rayon sakini Yavər Kələntərov idarə etdiyi “DAF” markalı avtomobili aşırıb və sonradan qoşqusundakı yanacaq çənində yanğın baş verib. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
2 saat sonra daha bir qəza Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Zaqatala rayon sakini Ş.Abramov idarə etdiyi “Mercedes-Benz V 220" markalı avtomobili yolun üzərində aşmış vəziyyətdə olan ”Shacman" markalı avtomobilə vurub. Nəticədə onun sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində də həmin gün daha bir qəza qeydə alınıb. M.Abdullayev idarə etdiyi “VAZ-2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini Aybəniz Əlimirzəyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Həmin gecə 23 radələrində Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində rayon sakini M.Məmmədov idarə etdiyi “VAZ-21063" markalı avtomobillə yolu keçən Mayak qəsəbə sakini Oruc Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131" markalı avtomobili çaya aşırmışdır. Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.
Növbəti gün, noyabrın 23-də Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində kənd sakini Mehman Əhmədov idarə etdiyi “QAZ-2410" markalı avtomobili qarşıda gedən Şəmkir rayon sakini F.Mahmudovun idarə etdiyi ”KamAZ" markalı avtomobilin qoşqusuna vurub. Nəticədə M.Əhmədov və sərnişini Vüqar İbadov hadisə yerində ölüblər. Daha bir qəza Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Fəridə Əbilovanın idarə etdiyi “Kia” və S.Ömərovun idarə etdiyi “VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə F.Əbilovanın sərnişini Rəsmiyyə Eminova hadisə yerində ölüb.
Noyabrın 23-də 20 radələrində Cəlilabad şəhərinin ərazisində şəhər sakini Mirzəbəy Cəfərov idarə etdiyi “VAZ-21063" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Noyabrın 24-də də ölkə qəzasız ötüşməyib. 23 radələrində Səbayel rayonu ərazisində Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurmuş və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109" markalı avtomobilə dəyib. Nəticədə A.Musayev hadisə yerində ölüb.
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini M.Hüseynov idarə etdiyi “VAZ-2103" markalı avtomobillə yolu keçən Məmmədağa Gülməmmədovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Daha bir qəza isə Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində Tərtər rayon sakini S.Nuriyev idarə etdiyi ”Renault" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rauf Həsənovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yol qəzalarında hər gün insan ölümləri baş verir. Aktuallığını saxlayan problemin qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Daha effektiv metodlar varmı? Yol qəzalarının qarşısının alınması tam mümkün olmasa da, bu hadisələrin sayının azalmasına necə nail olmalı?
“Bu problemə qarşı mübarizə aparmaq üçün bir neçə istiqamətdə tədbirlər görülməlidir. Yol qəzalarının baş verməsində müxtəlif səbəblər var. Bu məsələdə əsasən yol hərəkəti, onun təşkili, sürücü hazırlığı, hərəkət iştirakçılarının hazırlıq səviyyəsini qeyd etməliyik. Bu problemlər yol qəzalarının baş verməsində əsas səbəblərdəndir. Yol qəzaları ilə bağlı effektiv metodlarla mübarizə aparılmalıdırsa, bu amillər nəzərə alınmalıdır.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, ölkədə hər gün 2-3 nəfər yol qəzalarında həyatını itirir. Ekspert deyir ki, yol qəzalarının əsas səbəbi yol hərəkəti qaydalarının pozunlması nəticəsində baş verir. Ekspertin qənaətinə görə, yol nəqliyyat hadisələrinin baş verməsinin digər səbəbi isə yolların işiqlandırılmamasıdır: «Amma insan amili də unudulmamalıdır. Azərbaycanda yol hərəkəti iştirakçıları hazırlıq, təhlükəsizlik baxımından çox zəifdir. İstər piyada, istərsə də sürücü qismində. Bəziləri elə zənn edir ki, yol hərəkəti qaydaları cərimə yazmaq üçün tətbiq olunub. Bu qaydalar əslində sağlam və normal yaşamaq, təhlükəsizlik üçündür. Əksər sürücülər bunu dərk etmir və ona görə də qəzalar baş verir. Sürücü və ya piyadalar yol hərəkəti qaydalarını pozurlar. Bu isə ağır nəticələrə səbəb olur. Qaydalara əməl olunsa, yol qəzaları, müvafiq olaraq ölüm halları da bu həddə olmaz".
Tanınmış aşıq Namiq Fərhadoğlu qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Tbilisi prospektində qeydə alınıb. Aşıq Namiq Fərhadoğlunun idarə etdiyi “Kia” markalı avtomobil “Range Rover” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. N.Fərhadoğlunun avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
Ötən gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən törədilmiş16 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.