![]() |
|
Azərbaycanın daha iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
Jalə Əliyeva (57 kq) və Ruzanna Məmmədova (62 kq) xalça üzərinə çıxacaqlar.
Alyona Kolesnik (59 kq) isə bu gün bürünc medal uğrunda qarşılaşmada Aurora Russo (İtaliya) - Mariana Çerdivara (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.
Xəbər verdiyimiz kimi, ötən gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşləri keçirilib.
“ “Real” səfərdə “Arsenal”a 0:3 hesabı ilə uduzub.
“Bavariya” da doğma meydanda “İnter”ə 1:2 hesabı ilə məğlub olub.
Matçların videoicmalını təqdim edirik:
“Arsenal” (İngiltərə) – “Real” (İspaniya) 3:0
Qollar: D.Rays, 58; 70. M.Merino, 75.
“Bayern” (Almaniya) – “İnter” (İtaliya) 1:2
Qollar: T.Müller, 85 – L.Martines, 38. D.Frattezi, 88.
“Yuventus” rəhbərliyi Viktor Osimhenin keçidi ilə bağlı futbolçunun transfer hüquqlarına malik "Napoli" ilə danışıqlarda irəliləyişə nail olub.
Offsideplus.az xəbər verir ki, turinlilər nigeriyalı hücumçunu heyətlərinə qatmaq üçün ciddi səylər göstərirlər.
İtaliya mətbuatında yayılan məlumata görə, “qoca sinyora” artıq "Napoli" rəsmiləri ilə müəyyən razılaşmaya yaxındırlar və tərəflər arasında intensiv danışıqlar nəticəsində ilkin anlaşma var.
Digər tərəfdən, hazırda icarə əsasında "Qalatasaray"ın formasını geyinən Osimhenə “Mançester Yunayted” də maraq göstərir. İngiltərə təmsilçisi uzun müddətdir ki, hücum xəttini gücləndirmək istəyir və sözügedən futbolçu bu siyahıda əsas namizədlərdən biridir.
Lakin “Yuventus” transfer mübarizəsində bir addım öndədir. Klub həm oyunçu, həm də "Napoli"nin razılığını almaq üzrədir.
Bu transfer cəhdləri Avropa futbolunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Bakıda karate üzrə Qran Pri keçiriləcək.
Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, aprelin 5-də Sərhədçi Olimpiya İdman Mərkəzində start götürəcək yarışa 4 qitənin 20-dək ölkəsindən 1000 karateçi qatılacaq.
İki gün davam edəcək turnirin açılış mərasimi aprelin 5-də saat 15:00-da olacaq.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 2025-26 mövsümü üçün qüvvəyə minəcək 7 yeni qayda dəyişikliklərini açıqlayıb.
Xarici kİV xəbər verir ki, yeni tənzimləmənin nə dərəcədə tətbiq olunacağı artıq maraq doğurur. Xüsusən də hakimlərin bu məsələdə nə qədər həssas olacağı qaydaların təsirini birbaşa müəyyən edəcək.
Yeni qaydalar aşağıdakı kimi sıralanıb:
1. Qapıçıların vaxt itirmək qaydası - Topu səkkiz saniyədən çox saxlayan qapıçılar indi rəqib komandaya künc zərbəsi verəcək.
2. Kapitan-Hakim Əlaqəsi - Yalnız komanda kapitanının hakimə yaxınlaşmasına icazə veriləcək.
3. Topun buraxılması proseduru - Oyun cərimə meydançasından kənarda dayandırıldıqda, top açıq şəkildə topa sahib olan və ya olacaq komandaya verilir.
4. Kənar müdaxilə - Əvəzedici oyunçu, komanda rəsmisi və ya meydandan kənarda olan oyunçu bilmədən oyunu tərk edən topa toxunarsa, oyun yenidən başlayacaq və intizam tənbehi əvəzinə dolayı cərimə zərbəsi tətbiq ediləcək.
5. VAR Elanları - Şəffaflığı artırmaq üçün artıq hakimlər VAR yoxlanışından sonra qərarlarını elan edə biləcəklər.
6. Köməkçi Hakimin Mövqeyi - Cərimə zərbələri zamanı köməkçi hakimlər oyundankənar xətt hesab edilən penalti nöqtəsində mövqe tutmalıdırlar.
7. Hakim Bədən Kameraları - FIFA oyunçuların davranışını yaxşılaşdırmaq və məşq materialını təmin etmək məqsədilə 2025-ci il FIFA Klublararası Dünya Çempionatı kimi yarışlarda hakimlərin bədən kameralarını sınaqdan keçirəcək.
IFAB 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək yeni hakimlik qaydalarını təsdiqləyib.
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.
Football.az xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçəcək.
O, transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, "Molde"nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, N.Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlən atlar"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Argentina və Braziliya milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.
“Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 14-cü turunda sözügedən komandalar Buenos-Ayresdəki “Mas Monumental” stadionunda üz-üzə gəliblər. Görüşdə Argentina 4:1 hesablı qələbə qazanıb.
Nəticədə Argentina xallarının sayını 31-ə çatdırıb və mundialın əsas mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə 21 xalla 3-cüdür.
Qarşılaşmanın videoicmalını təqdim edirik:
Xəbər verdiyimiz kimi, Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə Belarusla qarşılaşıb. Görüşdən millimiz 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb:
“İlk hissədə hər iki komandanın intensiv oyunun gördük. Balanslı oyun keçdi. İlk 10-15 dəqiqə oyunçularım daha çox arxaya meyilli oynayırdılar, onlara başa saldıq ki, irəli çıxmaq lazımdır, futbol oynamaq lazımdır. Ondan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissə oyuna yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. İkinci hissəyə yaxşı başladıq. Renat Dadaşovu meydana buraxdım ki, fiziki cəhətdən yaxşıdır, topu ona verərək tez itirməyək. Şahin Şahniyarovun oyununu da vurğulayardım, yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və onu dəyişdik. Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib 1:0 irəli keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, qol vura bilər. Buna görə üçlü müdafiə sisteminə keçdik. İrəli iki hücumçu ilə oynayırdıq. Cinahlardan da asmalar edirdik. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün oynayanların hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik”.
- Yekunda yenə uduzdunuz. Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var? Bu nə vaxt tükənəcək?
- Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin.
- Zamiq Əliyev İsveçlə görüşdə də Belarusla görüşdəki kimi səhv etmişdi. Üçüncü matçda ona start heyətində şans verərsiz?
- Unutmayaq ki, Zamiqin 20 yaşı var. Bu gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın. Belə olanları dərhal itirə bilmərik.
- Cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Sizə görə Azərbaycanda cinah müdafiəçisi yoxdur? Niyə Qismət Alıyevi cəlb etməmisiz milliyə?
- Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram, Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiz,o oyunçu niyə oynamır, indi başqası niyə oynamır?
- Portuqaliya Futbol Federasiyasının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini saxlayar, yoxsa yox?
- Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbyacan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.
- Azərbaycan millisində 8 oyunun 7-də uduzmusuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, anlayasız ki, Azərbaycanda sadəcə dəyərli vaxtınızı itirirsiz?
- Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Bu işə köklənmişik.
- Futbol ictimaiyyəti və azarkeşlər bu məğlubiyyətlərə görə əsəbidir. Buna görə üzr istəmək istəyirsiz ki, azarkeşlər sakitləşsin?
- Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3 il+1 il müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər bura bir illik ya 2 illik olsaydı təklif, gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil. Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, əgər danışıqlarda bu cür şərt olmasaydı, 3+1-i nəzərdə tuturam, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik.
- Bu matçlar göstərdi ki, Haiti və Belarusla eyni səviyyədədir. Rusiya Zambiya və Bruney millilərlə qarşılaşır, böyük hesablarla qələbə qazanır. Qələbə ruhunu qaytarmaq üçün belə rəqiblərlə qarşılaşmaq istəyərsiz?
- Əgər inkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Sual yaxşı sualdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə razılaşıb, oynayarıq. Hamı bu nəticələrə sevinər. Daha güclü rəqiblərlə oynayacağıq ki, inkişaf edək.
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.
Fernandu Santuşun çalışdırdığı yığmamız Belarus millisini qəbul edəcək.
Masazırda keçiriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Azərbaycan yığması bir neçə gün öncə Sumqayıtda keçirdiyi ilk yoxlama oyununda Haitiyə 0:3 hesabıyla uduzub.
Yoxlama oyunu 25 mart 21:45.
Azərbaycan – Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan).
“Bank Respublika Arena”.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin II turunda bu gün daha 6 qarşılaşma baş tutacaq.
“Report xəbər verir ki, K qrupunda İngiltərə Latviyanı qəbul edəcək.
G qrupunda Polşa evdə Malta ilə üz-üzə gələcək.
DÇ-2026, seçmə mərhələ
II tur
24 mart
G qrupu
21:00. Litva - Finlandiya
23:45. Polşa - Malta
H qrupu
23:45. Bosniya və Herseqovina - Kipr
23:45. San Marino - Rumıniya
K qrupu
23:45. İngiltərə - Latviya
23:45. Albaniya - Andorra
Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində II tura sabah 6 oyunla yekun vurulacaq.