![]() |
|
ABŞ dövlət katibi Marko Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib.
Bu barədə ABŞ-nin Hökumətin Effektivliyi Departamenti (DOGE) X sosial şəbəkəsində məlumat yayıb.
"Katib Rubio Dövlət Departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir.
Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.
Bazar ertəsi “The Washington Post” qəzeti əldə etdiyi sənədə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır. Vurğulanıb ki, Ağ Ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir. Bu, Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48% azdır.
ABŞ İsraili öz qoşunlarını Suriyadan tədricən çıxaracağı barədə məlumatlandırıb.
Bu barədə “Ynet” məlumat yayıb.
“ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyatının üzvlərinə iki ay ərzində qoşunların mərhələli şəkildə Suriyadan çıxaracağı barədə məlumat veriblər”, - məlumatda bildirilib.
Nəşrin yazdığına görə, İsrail əvvəllər hadisələrin bu cür inkişafının qarşısını almağa çalışsa da, buna nail ola bilməyib. Buna baxmayaraq, İsrail xüsusi xidmət orqanlarının rəsmiləri Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq etməkdə davam edir.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Pentaqon Suriyada 2 minə yaxın ABŞ hərbçisinin olduğunu bəyan etmişdi.
"Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlərin davranışının yeni prinsipinin yaradıcısıdır".
Bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz "Facebook" hesabında yazıb.
O, İlham Əliyevin hər şeyi öz adı ilə çağırdığını, başqalarının fikirləşdiyi, amma ucadan deməyə cəsarət etmədikləri məsələləri səsləndirdiyini vurğulayıb.
ABŞ Rusiyanın “nazı ilə oynamaq” və atəşkəs razılaşmasını uzun müddət gözləmək niyyətində deyil; ekspertin fikrincə, Moskvanın qələbəsi kağızdan düzəldilmiş aslana oxşayır
“Rusiyanın Ukraynada başlatdığı yeni hücum kampaniyası əvvəlcədən məğlubiyyətə məhkumdur”. Bu barədə Böyük Britaniyanın “The Telegraph” saytı yazıb. Analitiklər bildirirlər ki, Rusiya ordusu tank və zirehli texnika çatışmazlığı yaşayır və bu səbəbdən hətta cüzi taktiki uğurlardan belə istifadə edə bilməyəcək. Məqalədə qeyd olunur ki, işğalçı qüvvələrin irəliləməsini Ukraynanın pilotsuz uçuş aparatları (PUA) da ciddi şəkildə çətinləşdirir. Xüsusilə də bu PUA-lar Rusiya ordusunun cəbhə bölgəsinə böyük qüvvələr göndərməsini faktiki olaraq qeyri-mümkün edir.
Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Dmitro Jmaylo "The Telegraph"a bildirib ki, hazırda Rusiya üçün cəbhə xəttində istənilən miqyasda hücum aparmaq mümkün deyil. Onun sözlərinə görə, Rusiya cəbhədə ciddi uğurlar əldə etməyib, lakin bu uğur illüziyasını yaratmağa çalışır. Bununla yanaşı, analitiklər ehtimal edirlər ki, Rusiya ordusu Sumı vilayəti istiqamətində müəyyən irəliləyişlər əldə edə bilər. Bu, Ukrayna qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətindəki hücumlar fonunda həmin istiqamətə çəkilməsi ilə bağlıdır. Lakin nəşr yazır ki, ruslar bu bölgədə yalnız kiçik piyada qrupları ilə, texnikanın dəstəyi olmadan hücumlar həyata keçirə biləcəklər.
Bu arada Ali Radanın bir neçə günə Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadacağı haqda xəbər yayılıb. Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak özünün YouTube kanalında bu xüsusda deyib: “Hərbi vəziyyətin və ümumi səfərbərliyin bu dəfə uzadılıb-uzadılmayacağı ilə bağlı müzakirə aparılmır. Bəli, uzadılacaq və bu, çox yaxında baş verəcək: 15-18 aprel”.
Jeleznyak əlavə edib ki, hərbi vəziyyət daha 90 gün uzadılacaq və bu, avqustda parlament və ya prezident seçkilərinin keçirilməsini mümkünsüz edəcək. Vəziyyətdə köklü dəyişiklik olarsa, parlament uzatma qərarını tez bir zamanda ləğv edə bilər ki, bu da səfərbərliyin dayandırılması deməkdir. Xüsusilə o əlavə edib ki, ABŞ-dan gələnlər də daxil olmaqla, münaqişəni tez bir zamanda dayandırmaq vədləri çox real görünmür.
Bu fonda isə ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna ilə bağlı danışıqlar üçün aprel ayının sonunu son tarix olaraq müəyyən edib. “Ağ Ev Kremldən atəşkəs qərarı gözləyir. Əgər Putin atəşkəsə razılaşmazsa, ABŞ yeni sanksiyalar tətbiq edəcək. Bu sanksiyalar həm Trampın fərmanı ilə, həm də Konqres qanunları ilə ola bilər”, - xəbərdə deyilir.
Məlumata görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ultimatumu Putinlə görüşdə təqdim etməli idi. ABŞ Dövlət Departamenti uzun müddət gözləmək niyyətində olmadıqlarını bildirib.
Son gəlişmələr fonunda Rusiya lideri Putinin 9 maya hansısa uğurla çıxmaq şansı varmı?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Rusiyanın hazırda Ukrayna cəbhəsində yaşadıqları qələbə məfhumu ilə bir araya sığmır: “Cəbhə xəttində hərəkətlilik faktiki olaraq tıxanıb. Nə ruslar, nə də ukraynalılar irəliləyə bilmir, bir növ mövqe savaşı aparırlar. Silahlanma sahəsində tərəflərə hərbi üstünlük qazandıran mühüm dəyişikliklər baş verməsə, heç kimin tıxanma xəttini aşmaq şansı yoxdur. Cəbhədən gələn məlumatların təhlili isə onu göstərir ki, döyüş şəraitini dəyişdirən texnoloji yeniliklər əsasən Ukrayna tərəfində yaşanır. Ukrayna silah sənayesi həm yeni dronların istehsalı, həm də istehsal həcmi baxımından Rusiyanı xeyli üstələyir. Bu isə döyüşlərdə üstünlük qazanma imkanının Ukraynada olduğundan xəbər verir”.
Adətən savaşın tıxanma mərhələlərində tərəflərin məcburən atəşkəsə getdiklərini bildirən Heydər Oğuzun fikrincə, əslində indiki şəraitdə Rusiyanın buna daha çox ehtiyacı var: “Çünki hazırda Ukrayna daha çox üstünlük qazanma imkanına malikdir. Rusiya ABŞ tərəfindən irəli sürülən bu təkliflərdən yayındıqca, öz köhnəlmiş texnologiyaları ilə çətin ki, Ukraynanın öhdəsindən gələ bilər. Üstəlik, bir çox tədqiqat mərkəzlərinin bildirdiyinə görə, Ukrayna bu zamanadək Rusiyanın 4000-ə yaxın tankını və xeyli sayda zirehli texnikasını zərərsizləşdirib. Müharibədən öncəki məlumatlara inansaq, Rusiyanın əlində 6000-ə yaxın tank vardı. Bu isə o deməkdir ki, Rusiya öz tank ehtiyatının üçdə ikisini artıq itirib. Əlində yəqin ki, 1980-ci illərin sınıq-salxaq texnikaları qalıb. Ukraynanın dron istehsalında həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli üstün durumda olması, hər il ən azı 1.5 milyon PUA istehsal etməsi onun bundan sonrakı döyüşlərdə daha yaxşı performans sərgiləyəcəyinə işarədir. Belə vəziyyətdə Rusiyanın israrla müharibəni davam etdirməsi və icrası mümkün olmayan şərtlər irəli sürməsi Ukrayna müharibəsinin tükəndirmə savaşına çevrilməsinə yol açır və təbii ki, ilk növbədə Moskvanın maraqlarına uyğun deyil”.
H.Oğuzun fikrincə, Rusiyanın savaş israrçılığı və maksimalist şərtləri Ukraynanın da müharibəni bitirəcək addımlar atmasını əngəlləyir: “Sirr deyil ki, rəsmi Kiyev dünya birliyi tərəfindən tanınmış ərazilərinin 18-20 faizini itirdiyindən bu torpaqlar üzərində suverenlik haqlarını bərpa etməyənədək atəşkəsə gedə bilmir. Əks halda, Ukrayna ictimaiyyətinin haqlı suallarına cavab tapa bilməyəcəyini düşünür. Moskva isə müharibə başlayandan bəri sərgilədiyi maksimalist mövqeyinin əsirinə çevrilib. Hər iki tərəfin döyüşlərdən geri çəkilməsi üçün uğur hekayəsinə ehtiyacları var. Müharibə tərəfləri isə bir-birinə bu "qələbə sevincini" vermək istəmirlər. Bu da nəticə etibarilə müharibənin tərəflərdən birinin tam məğlubiyyətinə qədər uzanmasına gətirib çıxarır".
Tərəflərin müttəfiqlərinin də müharibənin bitirilməsində maraqlı olmadığını düşünən siyasi şərhçi buna ən bariz nümunə olaraq Almaniya Xarici Kəşfiyyat İdarəsi rəhbərinin bu yaxınlarda səsləndirdiyi fikirləri misal göstərir: “Bilirsiniz ki, bu zamanadək Ukraynaya ən çox hərbi dəstək verən ölkələrdən biri Almaniyadır. Bu ölkə ABŞ-dan sonra Ukraynaya ən çox maddi yardım ayıran müttəfiq kimi tanınır. ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Ukraynanı dəstəkləməkdən imtina etməsi ilə Almaniya faktiki olaraq Ukraynanın ən böyük tərəfdaşına çevrildi. Dolayısıyla, Ukrayna savaşının bitirilməsində əsas söz sahiblərindən biridir. Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl bir müddət əvvəl mətbuata verdiyi açıqlamada belə demişdi: "!Ukraynada müharibə daha 5 il davam edərsə, Avropa daha təhlükəsiz olar". Kahlın bu etirafı göstərir ki, Ukraynanın avropalı tərəfdaşları müharibənin tezliklə bitirilməsində maraqlı deyillər. Bənzər fikirləri Ukraynanın digər müttəfiqləri - Fransa və Böyük Britaniya haqqında da demək mümkündür. Onlar da eynilə Almaniya kimi, bu müharibəyə Rusiyanı tükəndirmə vasitəsi kimi baxırlar. Amma nəzərə almırlar ki, Rusiya ilə yanaşı Ukrayna da tükənir".
Heydər Oğuz hesab edir ki, Trampın bu yaxınlarda başlatdığı ticarət müharəsi də Ukrayna cəbhəsində gərginliyin azaldılmasına imkan vermir və verməyəcək: “Sirr deyil ki, Tramp da ticarət müharibəsinə öz rəqiblərini, xüsusilə də dünya qlobalistlərini tükəndirmə savaşının ən qısa yolu kimi baxır. Onun başlatdığı ticarət müharibəsi qlobalist hakimiyyətləri də ulusalçılarla qarşıdurmaya həvəsləndirir. Beləcə, dünyanın bir tərəfində isti, digər tərəfində isə ticari tükəndirmə savaşı gedir. Hər iki cəbhənin eyni məqsədə xidmət etdiyini nəzərə alsaq, buna "Hibrid Dünya savaşı" da deyə bilərik". H.Oğuzun fikrincə, Moskvanın qələbəsi kağızdan düzəldilmiş aslandan başqa bir şey deyil
Çin illərdir Avropa iqtisadiyyatına problem yaratmaqdadır, lakin Tramp administrasiyasının Pekinə böyük tariflər tətbiq etməsi ilə vəziyyət fəlakətli ola bilər.
Bu barədə “The New York Times” yazıb.
Nəşrin yazdığına görə, indiyədək Amerika bazarları üçün nəzərdə tutulan ucuz Çin məhsullarının bundan sonra Avropa bazarlarına axını başlaya bilər.
Bu fonda Avropada Çin məhsullarının axınının Fransa, Almaniya, İtaliya və Avropa İttifaqının qalan ölkələrində yerli sənayeləri zəiflədərək bazarı boşaldacağı ilə bağlı qorxular artır.
Nəşr yazıb ki, yaranmış vəziyyət Avropa sənayesi üçün ikiqat zərbədir və Avropa bundan qaçmaq istəyir.
Öz növbəsində Avropa İttifaqının rəhbərliyi Çini onun sistemli rəqibi kimi xarakterizə edir. Nəticədə Brüssellə Pekin arasında münasibətlər son illərdə daha da pisləşib.
Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.
O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.
Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda İranla bağlı qərar qəbul edəcəl.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu öz təyyarəsində jurnalistlərə deyib: “Biz tezliklə İranla bağlı qərar verəcəyik”.
Xatırladaq ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə ilk məsləhətləşmələr keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib. İran XİN-in məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Nazirliyin sözçüsü İsmail Bəqayi deyib ki, İran və ABŞ arasında dolayısı danışıqların ikinci mərhələsi Omanda baş tutmaya bilər, lakin bu ölkə vasitəçi rolunu oynamağa davam edəcək. Axios portalının mənbələri qeyd ediblər ki, danışıqların keçiriləcəyi yerin dəyişdirilməsi ABŞ administrasiyasının təşəbbüsü ilə həyata keçirilib. Portal ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin aprelin 19-da Romada keçirilə biləcəyini də yazıb.
Türkiyədə hava dəyişkəndir. Ölkənin bir tərəfində bahar öz təravətini göstərərkən, digər tərəfdə qış hökm sürür.
Türkiyə mediası xəbər verir ki, rəsmi məlumatlara görə, İstanbulda temperatur 18-20 dərəcəyə yüksələcək, cüməyə qədər günəşli hava davam edəcək.
Egey və Marmara bölgələrində, xüsusilə İzmirdə 22 dərəcə istilik müşahidə olunacaq.
Bunun əksinə olaraq, ölkənin şərqində qış hələ də öz hökmünü sürdürür. Ərzurum, Kars və Ağrıda gecələr -5 dərəcəyə enəcək, çərşənbə axşamından qar gözlənilir.
Qara dəniz sahillərində ara-sıra yağış, daxildə isə qısa müddətli günəşli hava olacaq.
Çin hökuməti qlobal avtomobil, yarımkeçirici və aerokosmik sənayelərdə zəruri olan bəzi nadir torpaq metalları və maqnitlərin ixracını dayandırmaq qərarına gəlib.
Məlumatı New York Times (NYT) yayıb.
Qəzet yazır ki, Çin hökuməti avtomobillərin, dronların və raketlərin yığılması üçün lazım olan maqnit və ağır nadir torpaq metallarının bir çox limanlarından daşınmalarını dayandıraraq yeni ixrac qaydaları sistemi hazırlayır.
NYT-nin məlumatına görə, görülən tədbirlər bəzi şirkətlərin, o cümlədən amerikalı hərbi podratçıların istehsal fəaliyyətinə, Yaponiya və Almaniyaya tədarüklərə ciddi təsir göstərə bilər. Qəzetin qeyd etdiyi kimi, nadir torpaq metalları və maqnitlərinin ixracı Çinin ümumi ixracının kiçik bir hissəsini təşkil edir və buna görə də ölkəyə ciddi iqtisadi ziyan vurmayacaq, lakin bunun ABŞ və digər ölkələr üçün ciddi nəticələri ola bilər.
Qeyd edək ki, ixracı dayandırılan məhsulların istehsalı sahəsində Çin 90 faizə qədər paya malikdir. Onların ixracına nəzarət qərarı aprelin 2-də Donald Tramp Çinə qarşı 34 faizlik yeni tariflər tətbiq etdikdən sonra qəbul edilmişdi. Sonrakı dövrdə münasibətlərin gərginləşməsi Pekinin həmin məhsulların ixracının damamən dayandırmasına səbəb olub. Bu, yalnız ABŞ deyil, həmin məhsulların idxalından asılı olan digər ölkələr, o cümlədən Vyetnam, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və ABŞ-la danışıqlara başlayan digər ölkələrə də böyük zərər vura bilər.
Fatimeyi-Zəhranın adıyla təcavüzkar qövmə haqq qazandırmaq – bu nə müsəlmanlıqdır, nə insanlıq!
İran rejiminin Ermənistanla birgə keçirdiyi hərbi təlimin “Ya Fatimeyi-Zəhra” kod adı ilə təqdim edilməsi İslam dünyasında dərin hiddət doğurub. Musavat.com xəbər verir ki, tanınmış ilahiyyatçı-yazar Turan İrfan bu hadisəyə sərt reaksiya verib və bu təlimi “Peyğəmbər Əhli Beytinin adına açıq təhqir” kimi qiymətləndirib.
Turan İrfanın sözlərinə görə, Xocalıda körpə zəhralara qarşı amansızlıq göstərmiş, müsəlman azərbaycanlılara qarşı soyqırımı törətmiş bir toplumla İslamın ismət simvolunu yanaşı çəkmək dini dəyərlərə qarşı həqarətdir:
“Peyğəmbərin qızı, Həzrət Əlinin həyat yoldaşı olan Fatimeyi-Zəhranın pak adını hərbi-siyasi maraqlara alət etmək, onu Ermənistana dəstək niyyəti ilə istifadə etmək – İslamı və bütün müqəddəsləri təhqir etməkdir.”
İlahiyyatçı bildirir ki, bu addım yalnız İran rejiminin deyil, bütövlükdə fars şüubiyyəsinin ikiüzlü siyasətindən qaynaqlanır: “Bu kod ad göstərir ki, məqsəd dini-siyasi qalxan qurmaqdır. Amma Fatimeyi-Zəhranın ismini Xocalı qatillərinin yanında çəkmək, bu müqəddəs adla onlara dəstək nümayiş etdirmək nə dini, nə insani baxımdan izah oluna bilər.”
Turan İrfan vurğulayıb ki, İslamın ilk ismət simasını – Fatimeyi-Zəhranı qorumaq, onun adını belə təhqirdən çəkinmək hər bir müsəlmanın müqəddəs borcudur:
“Əhli Beyti, xüsusilə də Fatimeyi-Zəhranı müdafiə etmək – yalnız onun şəxsini deyil, İslamın öz mahiyyətini müdafiə etməkdir.”