![]() |
|
Husilər Tel-Əvivdəki Ben-Qurion hava limanı və İsrailin şərqində yerləşən “Sdot-Mixa” hərbi bazasına raket zərbəsi endiriblər.
Lent.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya məlumat verib.
Məlumata görə, hücum iki ballistik raket vasitəsilə həyata keçirilib.
Bundan əlavə, husilər Aşkelon bölgəsində yerləşən İsrail obyektinə pilotsuz uçuş aparatı ilə hücum etdiklərini də açıqlayıblar.
"Hans Kloss" profili ilə tanınan məşhur hərbi bloqer Xocavənd rayonunun Ağoğlan qəsəbəsindən paylaşım edib.
Oxu.Az xəbər verir ki, görüntülərdə qəsəbədəki evlərdən birinin divarından "Böyük Ermənistana aparan tunel"i görmək mümkündür.
Düşmən zabiti tərəfindən qazılmış bu sığınacağın girişi pianino ilə bağlanmışdı.
Tunel mina və partlamamış sursatdan təmizlənən zaman aşkarlanıb.
Həmin görüntüləri təqdim edirik:
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı ABŞ və Rusiya arasında əsl qarşıdurma poliqonuna çevrilməyə başlayıb. Belə ki, Ukrayna savaşını bir gün ərzində dayandıracağını vəd etmiş ABŞ prezidenti Donald Tramp öz sözünü tuta bilməyən siyasi lider durumuna düşüb. Böyük ehtimalla Ağ Ev sahibi belə cəlbedici vədlər verərkən, Rusiyanın çöküş mərhələsində olmasını nəzərə almışdı. Prezident Donald Tramp ümid edirdi ki, Rusiyanın gələcək taleyi böyük şübhə altında olduğu bir situasiyada Kreml ciddi müqavimət göstərməyə risk etməyəcək. Və nəticədə ABŞ öz planlarına uyğun şəkildə Ukrayna savaşını dayandıran tərəfə çevriləcək.
Əslində, ilk baxışdan Tramp adminstrasiyasının Ukrayna savaşı ətrafında yaranmış vəziyyətlə bağlı hesablamaları qətiyyən yanlış görünmürdü. Çünki Rusiya beynəlxalq izolyasiya vəziyyətində idi. Kreml qlobal baykot ilə üzbəüz qalmışdı. Beynəlxalq proseslərdə oyundan kənar vəziyyətə salınmışdı. Və Kreml hətta Rusiya sərhədləri daxilinə sıxışdırılaraq, beynəlxalq təcrid durumu ilə barışmağa da başlamışdı.
Onu da qeyd etmək lazımdır ki, Rusiyanın üzləşdiyi qlobal təcrid kampaniyası Kremldə ciddi ruh düşkünlüyünə də yol açmışdı. Kremlin beynəlxalq siyasi-diplomatik blokadadan çıxmaq cəhdləri isə ardıcıl uğursuzluqlarla nəticələnirdi. Üstəlik, Rusiya ciddi maliyyə-iqtisadi mühasirəyə də məhkum qalmışdı. Yəni, Kreml Rusiya lazım olan iqtisadi-ticari əməliyyatları reallaşdırmaq imkanından məhrum olunmuşdu. Və belə davam edəcəyi təqdirdə, Rusiyanın tezliklə ölkədaxili siyasi-iqtisadi xaosa məruz qalacağı qətiyyən şübhə doğurmurdu.
Digər tərəfdən, Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar da artıq öz real təsirlərini göstərməyə başlamışdı. Belə ki, ABŞ və Qərbin, xüsusilə də, Avropa Birliyinin bütün sahələr üzrə genişmiqyaslı sanksiyaları Rusiyanın "nəfəsliyini" böyük ölçüdə qapatmışdı. Hətta Kremlin ənənəvi beynəlxalq müttəfiqləri belə, Rusiyanı sanksiyalardan yayındırmağa cəsarət etmirdi. Nəticədə Rusiyanın maliyyə-iqtisadi sistemi böyük sürətlə dərin böhtana doğru yaxınlaşırdı. Və belə davam edəcəyi təqdirdə, Rusiyanın tezliklə Ukrayna savaşının dayandırılması üçün özü Qərbə minnətçi düşə biləcəyi də qətiyyən istisna olunmurdu.
Ancaq Rusiyanın tədricən "böyük fəlakət ssenarisi"nə yaxınlaşdığı bir mərhələdə məhz ABŞ-da yenicə hakimiyyətə gəlmiş Tramp adminstrasiyası Kremlin yardımına yetişdi. Ağ Ev Kremllə birbaşa danışıqlara başlamaqla, Rusiyanın müəyyən mənada, beynəlxalq izolyasiyadan çıxması üçün münbit şərait yaratmış oldu. Kreml başlanğıcda Ağ Evin bəzi şərtlərinə pozitiv reaksiya verməklə, Tramp adminstrasiyasını şirnikləndirməyi də bacardı. Və danışıqlar prosesinin intensivləşdiyi məqam da isə Kreml situasiyanı Rusiyanın xeyrinə çevirməyə qərar verdi.
Nəticədə Kreml Ukrayna savaşında məğlub duruma düşməyə başlayan Rusiya üçün zaman qazanmağa nail oldu. Yalnız öz maraqlarına fokslaşmış ABŞ-ın kollektiv Qərb düşərgəsi ilə ziddiyyətlərinin dərinləşdiyi məqamda artıq Rusiya tədricən şərtləri diqtə etmək niyyətinə düşdü. Çünki Kremldə artıq mövcud situasiyanın Ağ Evi Rusiyaya güzəştə getmək məcburiyyətində buraxa biləcəyi qənaətinə gəlmişdilər. Və Kremlin irəli sürdüyü şərtlər Ağ Evin planlarına sarsıdıcı zərbə vəd etdiyindən danışıqlar prosesi dalana dirənməyə başladı.
Ona görə də, indi Ukrayna savaşının dayandırılmasına yönəlik danışıqlar prosesi məhz ABŞ-Rusiya qarşıdurmasına yol açmaqdadır. Üstəlik, Kreml Ağ Evə təzyiqləri artırmaq üçün savaş meydanında da gərginliyi yüksəltməyə can atır. Yəni, elə bir situasiya yaratmağa çalışır ki, Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirməyə çalışan ABŞ-ın maliyyə-iqtisadi planları real risk altına düşsün. Və nəticədə Ağ Ev Kremlin yeni şərtlərini qəbul etmək məcburiyyətində qalsın.
Maraqlıdır ki, Kreml Ağ Evdən Ukraynaya hərbi müdaxilə üçün bəhanə etdiyi tələblərin icrasını istəyir. Belə ki, Kremlə görə sülh sazişi üçün Zelenski hakimiyyəti dəyişməlidir, işğal olunmuş ərazilər Rusiya sərhədləri içərisinə qatılmalıdır, Ukrayna NATO üzvlüyünü həmişəlik unutmalıdır, bu ölkədə hər hansı xarici hərbi kontingent heç vaxt yerləşdirilməməlidir. Üstəlik, Kreml sülh sazişinin imzalanmasına qədər Rusiyaya qarşı bütün sanksiyaların ləğvini də tələb edir. Və bütün bunlar olduqca ağır şərtlərdir, ABŞ-ın qısa müddətdə onları reallaşdırmağa nail olacağı qətiyyən inandırıcı görünmür.
Ən əsası isə həmin şərtlərin böyük əksəriyyəti ABŞ-ın maraqları ilə kəskin ziddiyyətlər təşkil edir. Ona görə də, Ağ Ev Kremlin bu fürsətcil və maksimalist mövqeyindən ciddi şəkildə qəzəblidir. Əslində, Tramp adminstrasiyasının ən böyük səhvi də məhz Rusiyaya belə şərtlərin irəli sürülməsinə imkan yaratmasıdır. Əgər, Kremllə danışıqlarda hansısa nəticələr gözlənilirsə, bu, yalnız Rusiyanın ağır təzyiqlər altında olduğu şəraitdə mümkün ola bilər. Və Kreml azca boşluq taparsa, mütləq Rusiyanın maraqlarını reallaşdırmağa cəhd göstərər.
Ancaq Tramp adminstrasiyasın indiyə qədər bu önəmli məqamlara əhəmiyyət vermədiyindən, indi Kremllə danışıqlarda ciddi problemlər yaşayır. Bəzi məlumatlara görə, situasiyanı xilas etmək üçün Rusiyaya göndərilmiş ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof da Ağ Evə əliboş dönüb. Yəni, Ağ Ev sahibinin təmsilçisi prezident Vladimir Putin ilə anlaşmağa nail olmayıb. Və Rusiyanın Ukraynada yeni hərbi əməliyyatlara başlaması da bunu təsdiqləyir.
Maraqlıdır ki, prezident Donald Trampın da artıq eyforiyadan ayrılmağa başladığı bildirilir. Belə ki, Ağ Ev sahibinin Rusiya ilə danışıqlar masası arxasında real anlaşmanın mümkün olmayacağı qənaətinə yaxındır. Yəni, prezident Donald Tramp Rusiyanı yalnız məcbur etməyin mümkünlüyünü başa düşdüyü müşahidə olunur. Ağ Ev sahibi ABŞ-ın Rusiyaya qarşı mövcud sanksiyalarını daha bir il müddətinə uzadıb. Bu, Kremlə xəbərdarlıq mesajı xarakteri daşıyan bir addım sayılır. Və əgər, aprelin sonuna qədər Ukrayna savaşı ilə bağlı sülh sazişi mümkün olmazsa, ABŞ-ın Rusiyaya qarşı daha ağır yeni sanksiyalar tətbiq etmək niyyətində olması barədə də məlumatlar mövcuddur.
Türkiyəyə qarşı təhqiramiz davranışlara yol verən Yunanıstan Hərbi Dəniz Qüvvələrinin üzvləri cəzalandırılıb.
Türkiyə mətbuatı xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin tələbələri haqqında başladılan inzibati istintaq tamamlanıb.
Hadisəyə görə məsuliyyət daşıyan bəzi səlahiyyətli şəxslərin 20 günlük həbs edilməsinə, hadisədə əli olduğu müəyyən edilən digər şəxslərə isə daha yüngül cəza verilməsinə qərar verilib.
Qeyd edək ki, bundan əvvəl Yunanıstanda dövlət tərəfindən təşkil edilən “Müstəqillik günü” paradında yunan əsgərləri “Kipr Yunanıstandır” sözlərini qışqırıb, daha sonra isə Türkiyəyə qarşı təhqiramiz sözlər işlədiblər.
Türkiyə Xarici İşlər Nazirliyi hadisəyə sərt reaksiya verərək rəsmi açıqlama tələb edib. Bundan sonra isə Yunanıstan rəsmiləri araşdırma başladıb.
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Donald Trampı və ölkə rəsmilərini öldürməklə hədələyən Pensilvaniya sakini Şon Monper adlı şəxsi həbs edib.
“Reuters” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı Monper yutubda hədələr səsləndirib:
“Pensilvaniya ştatının Butler şəhərinin sakini Şon Moper Prezident Donald Trampa, Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Maska, digər ABŞ rəsmilərinə, eləcə də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına hücum və onu öldürməklə hədələməkdə ittiham olunur”.
Araşdırma zamanı məlum olub ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən az sonra Monper odlu silah alıb.
O, aprelin 9-da həbs edilib və dörd maddə ilə ittiham olunub.
“Çin vətəndaşlarının Ukraynada döyüşməsi ilə bağlı deyilənlər tamamilə həqiqətə uyğun deyil”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.
“Deyə bilərəm ki, bu, tamamilə yalandır. Çin Ukraynadakı nizamlanma ilə bağlı çox düşünülmüş, balanslaşdırılmış və təsdiqlənmiş mövqe tutur. Biz buna görə dostlarımıza minnətdarıq”, - deyə, o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı hərbçilər Rusiya ordusunun tərkibində döyüşən iki Çin vətəndaşını Donetsk vilayətində əsir götürüblər. KİV-də buna dair görüntülər də yayılıb.
ABŞ prezidenti Donald Trampın mübahisəli ticarət siyasəti dünya iqtisadiyyatını çalxalamaqda davam edir. Bu siyasət davam etdirilərsə, bir çox sahələrdə olduğu kimi elektronika məhsullarında da qiymətlərin fantastik bahalaşması qaçılmaz görünür. Mobil telefonlar, noutbuklar, planşetlər, ağıllı saatların əksəriyyəti Çində istehsal olunub. ABŞ mətbuatı Trampın Çin idxalına 145 faiz rüsum tətbiqinin iPhone və onun istehsalçısı Apple-a təsirinə diqqət yetirir. Bəzi analitiklər qeyd ediblər ki, əgər Apple artan xərcləri istehlakçılara ötürsə, ABŞ-da iPhone-ların qiyməti yüzlərlə dollar arta bilər.
Bundan əlavə, tariflər ABŞ dollarının məzənnəsinə təsir edərsə, iPhone və digər cihazların dünya üzrə idxal xərcləri də arta bilər.
Əgər bütün dünyada istehlakçılar tariflərin xərclərini öz öhdəsinə götürsələr, qiymətlərin qalxması qaçılmaz olacaq. Qiymətlər o həddə qədər qalxa bilər ki, smartfonlar ipoteka ilə satıla bilər.
ABŞ iPhone üçün əsas bazardır. Counterpoint Research bazar araşdırması şirkətinin məlumatına görə, Apple keçən il ABŞ-da bazar payının yarıdan çoxunu təşkil edib.
Məlumatlar göstərir ki, ABŞ-da satılan iPhone-ların təxminən 80 faizi Çində, qalan 20 faizi isə Hindistanda istehsal olunub. Reuters xəbər verir ki, Apple bu yaxınlarda Hindistandan ABŞ-a 600 tondan çox iPhone göndərmək üçün təyyarə kirayələyib. Trampın Hindistana tətbiq etdiyi tariflərə görə 90 günlük möhlət verməsi ölkənin Apple üçün əsas istehsal mərkəzinə çevrilməsinə kömək edə bilər. Tramp administrasiyası iddia edir ki, tariflər ABŞ-ın daha çox istehsalını təşviq etmək məqsədi daşıyır. Lakin texnologiya sənayesi məhsulların yığılması və hissələrin əldə edilməsi üçün qlobal təchizat zəncirlərindən çox asılıdır və ABŞ-da Asiya istehsalının sürətinə və aşağı xərclərinə malik ixtisaslı işçiləri tapmaq asan deyil. Fevral ayında Apple, ABŞ-a 500 milyard dollar sərmayə qoymağı vəd edib, Trump administrasiyası yerli istehsalı artıracağına inanır.
Lakin Wedbush Securities-in analitiki Dan Ives, tədarük zəncirlərinin Asiyadan ABŞ-a daşınmasının vaxt aparan və baha başa gəldiyinə diqqət çəkir.
"Təxmin edirik ki, tədarük zəncirinin 10 faizi Asiyadan ABŞ-a köçürmək üçün ən azı üç il və 30 milyard dollar lazım olacaq və bu proses istehsalı ciddi şəkildə pozacaq" - analitik deyib.
İnvestisiya bankı UBS hesab edir ki, Çin istehsalı olan iPhone-lara 125 faiz tarif tətbiq edilərsə, 256 GB-lıq iPhone 16 Pro Max-ın qiyməti 1199 dollardan 1999 dollara yüksələcək.
Hindistanda istehsal edilən iPhone 16 Pro-nun 128 GB versiyası hələlik tariflərdən daha az təsirlənib və onun qiyməti cəmi 5 faiz artaraq 999 ABŞ dollarından 1046 ABŞ dollarına yüksəlib. Bəzi analitiklər ABŞ-da istehsal olunan iPhone-un 3500 dollara başa gələcəyinə proqnozlaşdırırlar.
Dünya əhli diqqətlə ABŞ və Çin dövlətləri arasında başlanmış ticarət savaşının gedişatını izləyir. Tərəflər bir-birini tarif siyasəti ilə “vurmağa” çalışırlar. İlk təşəbbüs ABŞ-dən gəlib.
Tramp administrasiyası Çinin dinamik inkişafını, dünya iqtisadiyyatındakı artan rolunu, bununla paralel, Çinin hərbi qüdrətinin, beynəlxalq ticarət sövdələşmələrinin artmasını durdurmağa çalışdığını gizlətmir.
Hələ ötən il bu vaxt prezidentliyə namizəd Donald Trampla yanaşı, eyni iddiada olan biznesmen Vivek Ramasvami də deyirdi ki, Rusiya ilə münaqişəni bir kənara qoymaq, onunla müttəfiq olaraq Çini boğmaq işinə girişmək lazımdır.
Budur, hakimiyyətə gəlmiş respublikaçılar artıq həmin işlə məşğuldurlar. Aprelin 2-də Trampın dünyanın 185 ölkəsinə idxal rüsumu tətbiq etməsinin sirri çox da dərində deyildi, lap üzdə idi. Hamı bilirdi ki, məqsəd Çinin əl-qolunu bağlamaq, iqtisadi tənəzzülünə rəvac verən mühit yaratmaqdır. İndi Tramp başqa ölkələrə tətbiq etdiyi yeni tarif siyasətini dondurub, amma bunun Çinə aidiyyatı yoxdur. Çinlə ticarət savaşı davam edir.
Bəs ABŞ Çinə bata biləcəkmi? Beynəlxalq müşahidəçilərin fikrincə, bu, çox çətin olacaq və ya heç mümkün olmayacaq.
Çin də, ABŞ də hazırda dünyanın iqtisadi baxımdan ən güclü beş ölkəsindən ikisidir.
Hər iki ölkə nüvə dövlətidir, hərbi baxımdan qüdrətlidir.
ABŞ ərazisinə görə dünyanın 3-cü ən böyük dövlətidir, 9 milyon 833 min 517 kvadrat kilometr əraziyə malikdir.
Çin isə ərazisinə görə dünyanın 4-cü böyük dövlətidir, onun ərazisi 9 milyon 598 min 962 kv.km-dir. Göründüyü kimi, hər iki dövlətin ərazisinin miqyası bir-birinə yaxındır.
Ancaq Çinin bu ərazidə 1 milyard 411 milyon 750 min vətəndaşı varsa və dünyada 2-cidirsə, ABŞ əhalisinin sayına görə dünyada 3-cü yeri tutur və 331 milyon 100 min vətəndaşı var.
Hər iki ölkənin Ümumi Daxili Məhsulunun həcmi trilyonlarla ölçülür – ABŞ 29,168 trilyon (adambaşına 86,601) dollar), Çin - 37.072 trilyon (adambaşına 26,310) dollar. Bu göstəriciyə görə, ABŞ dünyada 8-ci, Çin 79-cudur. Başqa sözə, Çin ABŞ-dən 8 trilyon dollar çox varlı olsa da, ölkə əhalisinin çoxluğu öz sözünü deyir.
ABŞ-nin böyüyüb qüdrət dövlət, dünya hegemonu olması 20-ci əsrdə baş veribsə, Çin 21-ci əsrin fenomenidir. Bu dövlət gerçəkdən də yeni əsrdə bütün sahələrdə möcüzəvi nailiyyətlərə imza atıb.
ABŞ demokratik dövlətdir, bu ölkədə hakimiyyət ümumxalq səsverməsi yoluyla formalaşır, ölkə prezidenti, senatorlar, merlər seçkilərin nəticələrindən asılı olaraq vaxtaşırı dəyişirlər.
ABŞ-də irqi, milli, dini ayrı-seçkiliyə hələ ötən əsrin ikinci yarasında son qoyulubsa, Çində monqollara, uyğurlara və başqa etnik azlıqlara qarşı basqılar davam edir.
Çin qonşu ölkələrlə dinc, yanaşı yaşamağın tərəfdarıdırsa və başqa ölkələrin daxili işlərinə qarışmağı məqbul saymırsa, ABŞ-nin xarici siyasəti aqressivdir, demək olar ki, bütün ölkələrin daxili işlərinə qarışmaq, özünə sərf edən hakimiyyət komandaları formalaşdırmaq istəyir. (Trampın hakimiyyətə gəlişi ilə bu tendensiya bir qədər fərqli səciyyə alıb).
Çin totalitar dövlətdir, 80 ilə yaxındır ki, bir partiya tərəfindən idarə olunur, bütün dövlət vəzifələrinə təyinatlar hakim Kommunist Partiyasının kadr bazasından seçilərək təyin edilirlər.
ABŞ-də söz və mətbuat azadlığı var, insanlar öz fikirlərini sərbəst ifadə edə, vəzifəsindən asılı olmayaraq hər kəsi tənqid edə bilərlər. Çində söz və mətbuat azadlığı deyilən bir anlayış yoxdur, bütün mətbuat orqanları hakimiyyətin total nəzarəti altındadır. Dövlət rəhbərliyini tənqid etmək uzunmüddətli həbslə, hətta edamla cəzalandırıla bilər.
Çində Tramp kimi bir liderin hakimiyyətə gəlməsi mümkün deyil. Çünki dövlət xadimləri çoxsaylı “xəlbir”lərdən keçir, ibtidai pillədən ta ali mənsəbə qədər iyerarixiya nərdivanında qədəm-qədəm irəliləyirlər. Uzun çəkən irəliləmə prosesində hakim partiyanın və dövlətin başında duracaq şəxs özünü hər cəhətdən təsdiqləməli, müdrik rəhbər olacağını sübut etməlidir.
ABŞ-də isə, məlum olduğu kimi, son 3 seçkidə (Tramp, Bayden, yenə Tramp) dövlətin başına “ən müdrik siyasətçi”nin gətirilməsi prosesində axsama, yanılma baş verdi. Başqa sözlə, ABŞ-nin ən mühüm nailiyyəti olan “xalqın demokratik seçimi” rıçağının tətbiqində sapıntılar oldu. Nəticədə ABŞ iki 80 yaşlı siyasətçinin çarpışma meydanına çevrildi.
Çinin dünya ölkələri ilə münasibəti ABŞ-nin analoji siyasəti ilə müqayisədə daha effektivdir. Çünki bu dövlət heç bir ölkəyə qarşı hər hansı bir kəskin iddia irəli sürmür, hər zaman hamıyla anlaşmağa çalışır, borc verir, işbirliyinə can atır.
ABŞ isə artıq başqa dövlətlərə yardımı kəsir, bəzilərini hədələyir, bir çoxlarını borcla yükləyib sındırmağa çalışır, “ağa-kölə” münasibətləri formalaşdırmaq iddiası nümayiş etdirir.
Çində anlayırlar ki, başqa dövlətləri öz qanadının altına almaq üçün tanka, esminetsə gərək yoxdur, sərbəst dönərli valyutalar və nisyə verilən milyon adda materiallar öz işini görəcək.
ABŞ isə hələ də “kökə və qamçı” siyasətindən yararlanmağa çalışır və “qamçı”nın heç bir ölkəyə xoş gəlmədiyini bilsə də, əlindən yerə qoymur.
Çinin iqtisadi dirçəlişinin hərəkətverici qüvvəsi insan resursunda, ucuz işçi qüvvəsindədir, bu ölkədə milyonlarla əməkçi minimal maaşla 8-10 saat işləməyə hazır və qadirdirlər.
ABŞ-də isə zəhmətkeşlər həftədə 4 gün işləmək, daha çox istirahət etmək, bununla paralel saat hesabı olaraq daha çox maaş almaq uğrunda mübarizə aparırlar. Amerikalı fəhlə, tutaq ki, ayda 3-4 min dollardan çox pul qazanmaq istəyirsə, çinli fəhlə 3-4 yüz dollara qane olur. Bu səbəbdən dünyanın ən böyük holdinqlərinin Çində müəssisələri var və onlar yeri işçilərin qüvvəsindən yararlanırlar.
İki ölkənin məhkəmə-hüquq sisteminin arasında ciddi fərqlər var. Çində ağır cinayətlərdə, xüsusilə də dövlət əmlakını mənimsəmədə ittiham olunanların gözünün yaşına baxmırlar, güllələləyirlər. ABŞ-də isə bu cür adamlar ya əvvəlcədən məsuliyyətə cəlb edilmirlər, ya güclü vəkillər korpusunun demaqogiyası ilə sudan quru çıxırlar, ya da bir müddət həbs cəzası çəkib azadlığa çıxırlar.
İndi bu iki qlobal iqtisadi-hərbi-siyasi güc arasında şiddətlənən mübarizə nə onların özlərinə, nə də dünyaya yaxşı heç nə vəd etmir.
Həm ABŞ, həm də böyük ixracatçı ölkələr olmaqla yanaşı, eyni zamanda qlobal idxalın dörddə birini təşkil edən iki ən böyük idxalçı ölkədir. Bununla belə, ABŞ-nin Çindən idxalının qlobal ticarətdə payı 2%-dən azdır və Meksikanın ABŞ-yə ixracından sonra ikinci ən böyük ticarət axınıdır.
Mütəxəssislər proqnozlaşdırır ki, ABŞ və Çindəki korporasiyalar artan tariflərlə üzləşərək ödənişləri minimuma endirmək yollarını axtaracaqlar.
Ekspertlərin proqnozuna görə, Çin və Cənub-Şərqi Asiya ölkələri Aİ, Yaponiya və digər bazarlara tədarüklərini artıracaqlar. Bu yol vaxt aparacaq.
Çinin ABŞ ilə gözlənilən ticarət müharibəsi ərəfəsində istehsalın bir hissəsini Cənub-Şərqi Asiya ölkələrinə köçürmək meylini qeyd edən mütəxəssislər bildirirlər ki, Çin, güman ki, bu təcrübəni davam etdirəcək.
Sonda ataların məşhur misalını xatırlamaq lazım gəlir: “Kök arıqlayınca, arığın canı çıxar”.
ABŞ və Çin kök dövlətlərdir.
Amerikalı qalmaqallı bloger və Rusiyapərəst təbliğatçı Taker Karlson bildirib ki, ABŞ "Rusiya ilə müharibəni uduzub” və Ukraynanın guya Vaşinqtonu "heç vaxt maraqlandırmadığını” deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Karlson amerikalı konspiroloq Aleks Consonla söhbətində bildirib.
"Zənnimcə, Vaşinqton hələ də başa düşmür ki, biz indicə Rusiya ilə müharibəni uduzduq. Bu müharibəni ABŞ aparırdı – Pentaqon, Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi. Bu heç vaxt Ukraynaya aid olmayıb”, – o deyib.
O iddia edir ki, ABŞ-ı guya nə Ukrayna, nə də bu müharibədə həlak olan "yüz minlərlə” insan maraqlandırır. Karlsona görə, bu, Rusiya və ABŞ arasında müharibədir və guya Vaşinqton onu uduzub.
"Biz sadəcə Ukraynanı məhv etdik. Heç kimin vecinə deyil. Bu, Rusiyaya qarşı müharibə idi, amma biz uduzduq. Və bu məni narahat edir, çünki heç kim bunu açıq demir – biz öz gücümüzü həddindən artıq qiymətləndirdik”, – deyə təbliğatçı vurğulayıb. O əlavə edib ki, "təkəbbürlü” ABŞ "adi bir müharibədə Rusiyaya uduzduğunu etiraf edə bilmir”.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko isə Karlsonun açıqlamalarına istehzayla cavab verib. O qeyd edib: "Taker Karlsonu oxuyanda və ya görəndə həmişə onun Mərkəzi Kəşfiyyat İdarəsinə düşmək istəyib, lakin IQ-sü yetərli olmadığından seçilmədiyini xatırlayıram”.
Xatırladaq ki, ötən ilin fevralında Karlson Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq müsahibə almışdı. Müsahibə zamanı Kreml rəhbəri özünün başlatdığı təcavüzkar müharibədə Rusiyadan başqa hər kəsi günahlandırmış və tanış təbliğat ritorikasını təkrarlamışdı.
İlin sonunda isə Karlson yenidən Moskvaya gedərək Rusiya xarici işlər naziri Sergey Lavrovla geniş müsahibə aparmışdı.
Yaxın vaxtlarda jurnalist Ukrayna prezidenti Vladimir Zelenskini "diktator” adlandıraraq, onun guya "xristianlara qarşı çıxması” və ölkədə dili və kitabları qadağan etməsi kimi əsassız iddialar irəli sürmüşdü.