Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA

"2024-cü ildə ölkə üzrə 1 yaşadək ölən uşaqların sayı 1 420 nəfər olub".

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların 804 nəfərini oğlan, 616 nəfərini isə qız uşaqları təşkil edib.

Qeyd edək ki, 1 yaşadək ölən uşaqların cəmi sayı 2021-ci ildə 840, 2022-ci ildə 959, 2023-cü ildə 2 039 nəfər olub.

Mayın 1-dən QÜVVƏYƏ MİNİR

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

Bunu Trend-ə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.

Xidmət rəisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb:

"Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".

X.Mirzəyevin sözlərinə görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik, eləcə də Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.



“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun baş mühəndisləri və əməyin mühafizəsi üzrə məsul əməkdaşları iştirak edib.
 “Yol-xeber.az” xəbər verir ki, Tədbirdə "İş yerlərində təhlükəsiz və sağlam mühitin yaradılması üçün birgə fəaliyyət" mövzusunda təqdimat edilib, innovasiyalar və süni intellekt texnologiyalarının əməyin mühafizəsi sahəsindəki rolu barədə danışılıb.
 Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılaraq təhlükəsiz iş mühitinin formalaşdırılması üçün əməkdaşlığın vacibliyi qeyd olunub, beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr diqqətə çatdırılıb.
Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı-ayrı tikinti şirkətlərinin təşəbbüsü ilə yaşayış yerləri vətəndaşlardan müxtəlif şərtlərlə alınmaqla sökülərək yerində yeni binaların inşası aparılır.

Maraqlıdır, bəs bu zaman sakinlərə ödənilməli olan kompensasiyanın məbləği necə müəyyən edilir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Qafqazinfo”ya bildirib ki, köhnə binalar yeniləri ilə əvəz olunarkən mənzil sahiblərinə kompensasiya olaraq həmin tikiləcək binadan mənzil verilir. Mütəxəssis deyir ki, həmçinin onlara tikinti müddətində kirayə və köçmək xərcləri ödənilir. Yeni bina tikildikdən sonra isə vətəndaşlara yeni binadan əvvəlkindən daha böyük sahədə tam təmirli mənzil verilir.

Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı isə həmin ərazi qiymətləndirilir: “Vətəndaşlara qiymətləndirilən məbləğ üzrə kvadratına görə pul ödənilir. Dövlət ehtiyacları üçün alınan ərazilərdə yeni yolların salınması, infrastrukturların qurulması, parkların salınması nəzərdə tutulur ki, bu zaman daha çox istismar müddətini bitirmiş və qəzalı binalar müəyyən olunur. Qiymət ərazilərə görə dəyişir. Ərazilərin bazar qiymətinə uyğun olaraq vətəndaşlara mənzillərinin hər kvadratmetrinə görə kompensasiya ödənilir”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə deyir ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə birgə aparılan bu proses qiymətləndirmə mərhələsindən keçdikdən sonra kompensasiyanın məbləği müəyyən olunur: “Müvafiq satınalma üzrə tender elan olunur və tenderdə qalib gələn şirkət ərazilərdə baxış keçirdikdən sonra kompensasiya məqsədilə ödəniləcək məbləği müəyyən edir. Yəni həmin ərazinin bir kvadratmetrinin dəyəri hesabladıqdan sonra müvafiq dövlət qurumları vətəndaşlara məxsus olan mənzillərin sahəsini həmin müəyyən edilmiş kompensasiya məbləğinə vurur və bundan sonra bütövlükdə mənzilin kompensasiya dəyəri müəyyən edilir. Tikinti şirkətlərinin təşəbbüsü ilə binaların sökülməsi zamanı isə proses vətəndaşlarla qarşılıqlı razılıq əsasında həyata keçirilir”.

Nazirlər Kabinetinin sözügedən istiqamətdə olan qərarlarından birində - 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin müvafiq rayonlarının icra hakimiyyətlərinə qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılıb.

Lakin məlum məsələdir ki, tikinti şirkətləri çoxmənzilli yaşayış binalarını söküb yenisini inşa etmək üçün xeyli mülkiyyətçi ilə razılıq əldə etməlidir. Bu baxımdan təcrübədə bütün ev sahibləri ilə razılaşmanın əldə edilməsinin mümkün olmadığı hallarla tez-tez rastlaşırıq. Məsələn, tərəflərdən biri müxtəlif səbəblərdən mənzillə təmin edilmə ilə razılaşmır. Bu zaman kompensasiya ödənişinin məbləği mübahisə yaradır. Belə ki, hər kvadratmetrə görə kompensasiya ödənişi hətta bazar qiymətinə uyğun olsa belə, yaşayış sahəsinin kiçik olması qarşı tərəfi narazı salır.

V. Oruc belə hallarda kompensasiya məbləğinin qiymətləndirmə fəaliyyəti əsasında müəyyən edilməsinin məcburi olmasını məqsədəuyğun hesab edir. O, rəhbərlik etdiyi qurum tərəfindən bununla bağlı qanunvericiliyə dəyişikliyin olunmasının təklif edildiyini də əlavə edib.

Torpaq sahələrinə görə kompensasiya ödənişlərinə gəlincə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna görə, torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki 3 ay ərzində alınan həmin torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə torpağın bazar qiyməti əsas götürülür. Həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, bu olmadıqda, 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan torpağın bazar qiyməti əsas götürülür. Hətta 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda isə həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq (rayon, şəhər və şəhər rayonları) mövcud olan torpağın qiyməti nəzərə alınır.

bakidaki-meshur-restoranlar-cerimelendi

Bakının məşhur restoranlarında havaya normadan artıq tullantı atan restoranlar cərimələnib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat yayıb.

Bildirilib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Xəmsə”, “Ağ Çiçəyim”, “Afrodita Palace”, “Arzu”, “Şahzadə”, “Leyla Plaza”, “Kolissa Hall”, “White Palace”, “Qızıl Qaya”, “Golden Baku”, “Baku Castle”, “Qəbələ-Xanlar”, “Xankəndi”, “Çətir”, “Alaçatı Mood”, “Kafe Faiq”, “Tovuz Manqal”, “3 Mərtəbə”, “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: “Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”.

vetendaslar-polis-reislerine-birbasa-muraciet-edecekler

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə DİN tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidməti xəbər verir ki, vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciət edə bilərlər.

Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb.

Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.

fhn-ve-ady-birge-telim-kecirdi

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında birgə taktiki-xüsusi təlim keçirib.

“Yol-xeber.az” xəbər verir ki, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda keçirilmiş təlim baş verə bilən fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Təlim iki mərhələdən – şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi və baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasından ibarət olub. Təlim zamanı baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, ADY-nin mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri cəlb olunub.

Daha sonra hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi, ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı stansiyanın personalına texniki təhlükəsizlik qaydalarına riayət olunması, fövqəladə hallar zamanı həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.

Uğurla keçən təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Artilleriya bölmələri ilə döyüş atışları keçirildi

Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.

Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülüb.

Beləliklə, 28.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi
85 ailə - 341 nəfər köçürülüb.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 102 il ötür.

Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. O, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedib, xəstəlik ocaqlarını aşkarlayıb, göz həkimlərinə mühazirələr oxuyub, əhali arasında söhbətlər aparıb.

Çox keçmədən Zərifə Əliyeva traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Onun təklif etdiyi müalicə metodu respublikada geniş tətbiq olunub və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayıb.

Zərifə Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alimdir.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Zərifə Əliyevanın əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazıb.

Akademik Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.

Xəbər lenti