![]() |
|
Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun gəlini əri Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını açıqlayıb.
“Qafqazinfo” Teleqraf-a istinadən xəbər verir ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıbmış.
O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib.
O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə, onun boğazından tutaraq xəsarət yetirib. Müəllim aidiyyəti üzrə 22-ci bölməyə müraciət edib.
Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı bildirilir. Belə ki, M. Pənahovun evində hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub. Onun bununla bağlı Məzahir Pənahova şikayət etdiyi qeyd olunur.
“Qafqazinfo” xatırladır ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. H. Pənahova iddia edir ki, əri sonradan içki aludəçisinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib.
H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov vəkili vasitəsilə boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib. Amma məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib. Tərəflər arasında başqa bir çəkişmə qadına məxsus qızıl-zinət əşyaları və bahalı geyimlərlə bağlıdır. 300 min manatdan çox qiyməti olan əşyalarla bağlı həllini tapmadığı üçün ailənin keçmiş gəlini yenidən məhkəməyə üz tutacaq.
"Bakı Marafonu 2025" ilə əlaqədar sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.
"Əlavə olaraq qeyd edək ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə 4 may saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq", - deyə məlumatda qeyd olunub.
“28 May stansiyası bağlanır” ifadəsi yanlışdır.
Yol-xeber.az APA-ya istinadla xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu gün, bu, ən çox rast gəldiyimiz ifadədir:
“28 May stansiyası bağlanmır. Bu istiqamətdə AYNA ilə birlikdə komanda işi ortaya qoyacağıq”.
PUA-larla bağlı yeni dövlət rüsumlarının tətbiqi təklif edilir.
Bu, Dövlət rüsumu haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.
Bu barədə "Report"a Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.
Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin son dövrlərdə həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib, görülən işlərin ölkədə hüquqi yardım sisteminin inkişafına və vəkillik institutunun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Sədr dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi müsbət addım kimi yüksək qiymətləndirib.
Sədr bu qərarın vəkillərin sosial təminatının yaxşılaşdırılmasına, onların peşəkar fəaliyyətlərinin stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.
İclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul olunmaları ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunmaları ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda “Fairness” Vəkil Bürosunun təsis olunması məsələləri müzakirə edilərək müsbət qərar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə irad tutulub, 6 vəkilə isə xəbərdarlıq olunub.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komanda-qərargah təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.
Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.
Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.
️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.
Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.
Sözügedən məsələni özündə əks etdirən layihə artıq aidiyəti qurumlara təhvil verilib.
Məsələ ilə bağlı danışan "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, indiyə qədər ölkəmizdə əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur.
Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat olub.
Sahib Məmmədov bildirib ki, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək.
Hazırda saatlıq əməkhaqqı yanaşması xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir.
Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər var.