Mənfi xarakterli informasiyalar cəmiyyətə çatdırılarkən detallar təqdim edilməməlidir. Məsələn, intiharla bağlı xəbər verilərkən detallar təqdim edilməməlidir, oxucunu intihara həvəsləndirməməlidir. Eləcə də işgəncə və zorakılıq xəbərlərində detalların təqdim edilməsi yolverilməzdir.

Bu sözləri Axar.az-a media eksperti Zeynal Məmmədli mediada, televiziya kanallarında heç bir maarifləndirici mahiyyəti olmayan uşaq təcavüzü, qadın zorakılığı, işgəncə, intihar kimi məlumatlar və onlarla bağlı video-görüntülərin verilməsinə münasibət bildirərkən deyib.

Ekspert əlavə edib ki, hər bir informasiyanı yayarkən çox diqqətli olmaq vacibdir:

“Adam var gündəmə gəlmək və ya sevgilisinin, ailəsinin diqqətini çəkmək üçün intihara cəhd edir. Səbəblər müxtəlif ola bilər. İntiharın özündən yox, onun səbəblərindən danışmaq, olayları ümumiləşdirmək lazımdır. Olayların detallarına varmadan, ad çəkmədən məlumat verilməlidir. Çox təəssüflənirəm Azərbaycan mediasında incəlik, həssas yanaşma artıq yoxa çıxmaq üzrədir. Faciə, onun qurbanları adları və fotoları ilə təqdim edilir. Polisə düşmüş uşaqların üzü açıq çəkildə göstərilir”.

Z.Məmmədlinin sözlərinə görə, hər nə qədər cəmiyyətdə mənfi situasiyalar doğursa da, problemi ört-basdır etmək olmaz, sadəcə təqdimat zamanı detallara varılmamalıdır:

“Bir hadisə problemdirsə, sosial bəladırsa, mütləq bundan bəhs etmək lazımdır. Jurnalist bunu elə göstərməlidir ki, ölüm hadisəsi, zorakılıq, ailədaxili münaqişə oxucuda həyəcan, təftiş yaratmasın. Oxucu buna problem kimi yanaşsın. Jurnalist başlığa “dəhşətli qətlin təfərrüatı” sözlərini çıxaranda oxucu həyəcan keçirəcək, detallara varacaq.

Bizim televiziyalar kriminal xəbərləri elə formada çatdırır ki, cəmiyyətdə dedi-qodu, qeybət mövzusuna çevrilir. Bu, çox qorxuludur. Qadınlar, uşaqlarla bağlı zorakılıq halları barədə məlumat yayarkən oxucuya, tamaşaçıya təqdim olunan görüntülərə də həssas yanaşmaq lazımdır. Əgər bir informasiyanın detallı çatdırılması çox vacibdirsə, informasiya aydın olmursa, səhnələşdirmə üsullarından istifadə etmək lazımdır. Əks halda cəmiyyəti biganələşdiririk.

Məsələn, son vaxtlar gündəmdə olan ərinə xəyanət etdiyi deyilən xanımın videosunun yayımlanması biabırçılıqdır. Bizim media sözügedən videonu az qala xəbərləmək üçün yox, sanki əyləndirmək, kimlərisə qorxutmaq, təbliğat üçün verdi. Bu yanaşma qətiyyən doğru deyil”.

Z.Məmmədli bildirib ki, Mətbuat Şurası, eləcə də Milli Televiziya və Radio Şurası bu məsələlərlə xüsusi məşğul olmalı, həm dövlət qurumları, həm də ictimai təşkilatlar cəmiyyətdə müzakirə edilən problemin aradan qaldırılmasında fəallıq nümayiş etdirməlidir.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı isə hesab edir ki, məlumat verilərkən insan beyninə mənfi informasiya ötürmək düzgün deyil:

“5-6 il əvvəl belə məlumat yayılmışdı ki, hansısa ata qızına təcavüz edib. Bu məlumatı eşitdiyim an qohumlarımgildəydim. Ata-qız yanaşı oturmuşdu və həmin verilişə baxırdılar. Bir anda hər ikisində durğunluq yarandı, araya sükut çökdü sanki. Çünki bu məlumat birbaşa atanın da, qızının da beyninə o informasiyanı ötürdü ki, belə bir şey ola bilər.

Hər bir kütləvi informasiya vasitəsində informasiya siyasətini bu KİV-in başında duran şəxslər müəyyən edir. Rəhbərlik düşünməlidir ki, cəmiyyət üçün daha çox xeyirli olan məlumatlar, məsələlər insanların diqqətinə çatdırılsın. Şəxsən mənim rəhbərlik etdiyim saytlarda ümumiyyətlə qeyri-etik məsələlər yer almır. Mən o tip xəbərlərin saytlarımızda yayımlanmasının əleyhinəyəm. Amma elə redaktorlar var ki, bir xəbərin ucundan tutub bir ay həmin informasiyanı tirajlamaqla məşğul olur. Yəni yanaşmalar fərqlidir. Azərbaycanda 9 milyon insan varsa, bir o qədər fərqli düşüncə var. Amma istənilən halda mental dəyərlərə hörmətlə yanaşmaq lazımdır. Bizim dostlarımız düşünməsinlər ki, başqa ölkələrdə bundan da pis, bundan da ağır hadisələr baş vermir. Belə məsələlərin qabardılmasına ehtiyac yoxdur. Fikrimcə, belə məsələlər nəinki maarifləndirmə xarakteri daşıyır, hətta əks-effekt verir. Bəzən biz bu məsələlərlə insanların beyninə mənfi emosiyalar, fikirlər salırıq”.

BakuPost.az saytının rəhbəri Elçin Zahiroğlu da idarəçiliyində olan saytda bu tip məlumatların verilməməsinə üstünlük verir:

“İctimai əhəmiyyət kəsb etməyən məişət hadisələrini xəbərə çevirmirik. Oxucularda gərginlik yaradan, stressə səbəb ola biləcək məlumatlardan qaçmağa çalışırıq. Bəzən bir neqativin və əslində heç kimə lazım olmayan hadisənin rəngi bütün ölkəni bürüyür. Bunun qarşısını almaq lazımdır.

İki-üç gün əvvəl yayılan bir meyxanaçının əmisi oğluna yubka geyindirməyi – namus məsələsinə görə adamı cəzalandırması görüntüləri bəlkə də ilk olaraq mənə gəlmişdi. Bu nə fakt kimi maraqlıdır – belə hadisələr bəşəriyyət yaranandan var, nə bunun yayılması hansısa problemin həllinə kömək edəcək, nə də bir maarifləndirmə tərəfi var. Eləysə, bu murdar görüntüləri oxucumuz niyə seyr eləsin ki?!

Ona görə də biz həmin videoları yayımlamadıq, amma təəssüf ki, bir neçə sayt manşet elədi. Hesab edirəm, bu tipli hadisələrin hətta ictimai əhəmiyyəti olsa belə, ehtiyatla, peşəkarlıqla, heç kimin heysiyyəti ilə oynamadan təqdim etmək lazımdı. Xəyanət etdiyi üçün əri tərəfindən işgəncəyə məruz qalmış, saçları qırxılmış qadının məsələsini fakt kimi maraqlı saymaq olardı, amma qadının üzünü göstərmək biabırçılıq idi. Əlbəttə, xəbərdən qaçmağın əleyhinəyik, amma bizim xəbərimiz kiminsə həyatını, kimilərinsə əsəbini zədələməməlidir”.

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov İrana səfər edəcək.

Report xəbər verir ki, səfər İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq.

Qeyd olunur ki, O.Əsədov bir sıra, o cümlədən İran parlamentinin sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın Ali rəhbərinin nümayəndəsi kontr-admiral Əli Şamxani ilə görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də təhlükəsizlik məsələləri müzakirə olunacaq.


Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.

Bakıpost.az-ın məlumatına görə, struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib.

Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib.


Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn və “psixoloq” olduğu deyilən Nərmin Şahmarzadə bir neçə gündür ki, əsas müzakirə mövzusuna çevrilib. Gənc qızın şəhidimiz haqqında dediyi fikirlər onun gələcəkdə bu sahədə karyerasını da sual altında qoyub. Belə ki, hər kəs gənc “psixoloq”un özünün psixoloqa ehtiyac olduğunu bildirir. Hətta Nərmin Şahmarzadənin timsalında digər psixoloqlarımızla bağlı mənfi rəylər formalaşmağa başlayıb. Belə mənfi rəylər bu gün də Loqos Psixologiya və Nitq Mərkəzinin direktoru və psixoloqları haqqında səsləndirilib.

Daha əvvəl sözügedən mərkəzdə çalışmış və adının açıqlanmasını istəməyən şəxsin Axar.az-a göndərdiyi məktubda mərkəzin direktorunun və psixoloqlarının bu sahədə təhsili olmadıqları qeyd edilib:

“Təranə Məmmədova aldadaraq tora saldığı psixoloqlara kontrakt imzaladır, sonra isə istismar etməyə başlayır. Mütəxəssis haqqını tələb etdikdə o, 20 min manat istəyərək, məhkəmə və öz qohumları ilə qorxudur. Tək istəyi digər bütün psixoloji mərkəzlərin “torbasını tikməkdir”. Maraqlıdır, Təranə Məmmədova necə oldu qəflətən fəlsəfə elmləri doktoru oldu? Niyə “Loqos” mərkəzinin heç bir tibbi diplomu olmayan işçiləri Əli Nağıyev, Elmir Əkbər pasientlərə resept yazır? Səhiyyə Nazirliyi gərək bu cinayətin üstünü açsın. Bir-iki ay saxta kurslar keçmiş “psixoloqlar” camaatı soyur. Açığı, mən və digər onu tanıyanlar ondan qorxuruq. Ona görə də açıq-aşkar heç nə yaza bilmirik. Ancaq müvafiq qurumlardan yoxlama gəlsə, bütün qanun pozuntularının üstü açılar”.

Səsləndirilən iddialara cavab verən Loqos Psixologiya və Nitq Mərkəzindən isə irəli sürülən iddiaların əsassız olduğu bildirilib:

“Bizim mərkəzimizdə klinik psixoloqlar da var və onlar elmi dərəcələrini artırıblar. Təranə Məmmədovanın fəlsəfə elmləri doktoru olmaması ilə bağlı irəli sürülən fikirlər isə tamamilə yalandır, o öz səhifəsində belə diplomunu paylaşıb. Bundan başqa, Elmir Əkbər psixoterapevt, Əli Nağıyev isə klinik psixoloq olduğu üçün onların pasientlərə resept yazmaq hüquqları var”.

Mərkəzin nümayəndəsi 20 minlik kontraktın isə özəl sektorlar üçün vacib olduğunu bildirib:

“Kontrakt məsələsinə gəldikdə, qeyri-dövlət sektorunda da müqavilə olur. Biz yeni işçi götürdükdə onun daha da inkişaf etməsi üçün şərait yaradırıq. Əməkdaşlarımız üçün mütəmadi olaraq xaricdən mütəxəssislər gətirir və efirə çıxması üçün sərmayə ayırırıq. Bütün bu qaydalar demək olar ki, bütün özəl sektorlarda var”.

2018-ci ilin on bir ayında avtomobil nəqliyyatı ilə 995 min 957 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə 2 milyon 91 min 71 ton təşkil edib.

Daxili işlər orqanlarında yeni təyinat olub.

Report xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi təyin edilib.


Axar TV paytaxt əhalisinin Yeni il əhval-ruhiyyəsini əks etdirən süjeti təqdim edir:


Rüşvət almaqda təqsirləndirilən Amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rauf Sultanovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi apellyasiya şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Sultanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən Rauf Sultanovun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsinə tövsif edilib. İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə pul alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinib.

Rauf Sultanov bundan əvvəl Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə həbs olunub.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alğı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan Rauf Sultanov apellyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apellyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsif edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvəsində saxlanılıb.

Rauf Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Hüquq müdafiəçisi olan Rauf Sultanov azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.

Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

BNA-dan Axar.az-a verilən məlumata görə, bu, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədardır.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilib.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 15-dən yanvarın 3-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Axar.az-a verilən məlumata görə, bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən ehtiyat avtobuslar ayrılıb.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada www.bbak.az saytından daha öncədən əldə edə bilərlər.

Xəbər lenti