![]() |
|
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildə yaradılıb və həmin dövrdən keçən müddət ərzində aidiyyəti dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından və ayrı-ayrı vətəndaşlardan daxil olmuş məlumat və materiallar Komissiya tərəfindən təhlil edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həm itkin düşmüş, həm də əsir-girovluqdan azad edilmiş şəxslərə dair siyahılar tərtib edilib.
Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Qurum AzTV-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlunun Xocalıda azı 3813 nəfərin qətlə yetirilməsi iddiaları ilə bağlı yaydığı açıqlamaya aydınlıq gətirib:
“1 mart 2019-cu il tarixə olan məlumata əsasən, Dağlıq Qarabağ münaqişəsi zamanı 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3170 nəfəri hərbçi, 718 nəfəri mülki şəxsdir. İtkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3888 nəfərdən 196 nəfəri Xocalı soyqırımı zamanı itkin düşmüş şəxsdir. Onlardan 36 nəfəri uşaq, 65 nəfəri qadın, 34 nəfəri qocadır.
196 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanması faktı şahid ifadələrinə əsasən müəyyən edilib.
Komissiyada aparılmış araşdırmalar nəticəsində Xocalı soyqırımı aktı zamanı ermənilər tərəfindən əsir-girov götürülmüş 409 nəfərin azad edildiyi müəyyən edilib. Onların arasında 136 nəfər uşaq, 201 nəfər qadın, 60 nəfər qoca olub.
Siyahılar üzrə adı keçən şəxslərin hər biri barədə Dövlət Komissiyası tərəfindən şəxsi göstəricilər – adı, soyadı, doğum tarixi, yeri, itkin düşdüyü, əsir-girov götürüldüyü tarix, yer və digər məlumatlar tam müəyyənləşdirilib”.
Qeyd edək ki, Hərbi Jurnalistlər Birliyinin sədri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlu Xocalıda azı 3813 nəfər qətlə yetirildiyini, 613 nəfərin meyiti tapıldığı üçün bu rəqəmin hallandığını iddia edib. Onun sözlərinə görə, ermənilər qətliamın miqyasını gizlətmək üçün meyitləri yandırıblar və meyitlər tapılmadığı üçün rəqəm də 613 olaraq göstərilir.
Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur. Tətbiq edilən bu yenilik təkcə Bakı şəhərini əhatə edir. Artıq şagird qəbulunun başlamasına sayılı günlər qalmasına baxmayaraq, bir çox valideyn bu yenilikdən xəbərdar deyil və bunun hansı məqsədlə tətbiq edildiyini də bilmir.
13 mart tarixindən etibarən məktəblərə şagird qəbulu prosesinə start veriləcəyini nəzərə alaraq, məsələnin valideynlərə qaranlıq qalan məqamları ilə bağlı ekspert mövqeyini öyrəndik.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, tətbiq edilən yenilik məktəblərdəki sıxlığın aradan qaldırılmasına hesablanıb:
“Bakı şəhəri üzrə bir çox məktəblərdə şagird sıxlığı yaşanır. Çox insan övladını evinin yaxınlığında, yaşadığı ərazidə yerləşən məktəbə qoymaq əvəzinə evindən, yaşadığı yerdən çox uzaq, hansısa üstünlüklərinə əsasən seçdiyi məktəbdə qeydiyyatdan keçirmək istəyir. Bilirsiniz ki, müəyyən məktəblər var ki, onlara təlabat çoxdur, uzaq ərazilərdən də oralara uşaq gətirirlər. Belə olduğu halda məktəbin yerləşdiyi ərazidə yaşayan məktəblilər üçün həmin məktəbdə yer olmur, olduğu halda da həmin məktəbdə sıxlıq yaranır. Bu sagirdlərin qeyri-bərabər paylanmasıdır. Bu problemin aradan qaldırılması üçün məktəbə qəbulla bağlı yenilik tətbiq edilib.
Bu səbəbdən məktəbə qəbul üçün müraciət edən şagirdlərin valideynlərindən yaşadığı yerin işıq pulu qəbzi tələb ediləcək ki, həqiqətən də bu uşağın həmin ərazidə yaşadığı təsdiqlənsin. Bu təsdiqlənəndən sonra həmin məktəbə əvvəlcə yaxın yerləşən, həmin rayon üzrə qeydiyyatda olan uşaqlar götürüləcək. Əlavə yer qalacağı təqdirdə isə başqa müaciətlər də qəbul ediləcək”.
K.Əsədov bildirib ki, yenilik təkcə Bakı şəhərinə aiddir:
“İşıq pulu qəbzi ərazi üzrə olur. Onun olması həqiqətən də müraciət edənin o ərazidə yaşadığını təsdiq edir. Əgər Nərimanov rayonunda olan məktəbə ərazi prinsipi tətbiq olunsa, məsələn, Yasamal rayonunda yaşayan valideyn uşağı üçün Nərimanov rayonunda məktəb seçə bilməyəcək. Seçə bilməsi üçün məktəbin mikro-ərazisinə daxil olmalıdır. Yəni məktəbin yaxınlığında yaşamalı və ya qeydiyyatda olmalıdır. Sistem o zaman tələb edir ki, həqiqətən də orda yaşayırsansa, işıq pulu qəbzinin abonent kodunu yaz. Onda sistem üzrə həqiqətən də o əraziyə daxil olan kod olsa, sistem müraciəti qəbul edəcək”.
Aparılacaq prosesdən danışan ekspert bildirib ki, hazırda hansısa dövlət orta məktəbində məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir:
“Yalnız Bakı şəhərinin bir sıra məktəblərində uşaqların I sinfə qəbulu mikro-ərazi prinsipi əsasında aparılacaq. Valideyn övladını qeydiyyatdan keçirərkən sistemdə bu haqda müvafiq məlumat alacaq.
Daha sonra, Bakı şəhərindəki mikro-ərazi prinsipi tətbiq olunan məktəblərdə I sinfə onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbul üzrə üstünlük hüquqları təmin olunur:
- valideynləri (qanuni nümayəndələri) məktəbin müəyyən edilmiş mikro-ərazisində yaşayanlar;
- valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
- bacı və qardaşları həmin məktəbdə oxuyanlar.
Ərazi prinsipi tətbiq olunan məktəblərin mikro-ərazisində daimi qeydiyyatda olmayanlar övladlarını yalnız həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər”.
11:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, dövlət başçısı Miroslav Layçak ilə Davosdakı qısa görüşünü məmnunluqla xatırlayaraq, onun ölkəmizə bu səfərinin regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlət başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırıb, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduqlarını deyib. Miroslav Layçak münaqişə ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfərin yaxşı fürsət yaratdığını bildirib.
Ölkəmizin ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlətimizin başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır ki, bu tələblər yerinə yetirilmir. İşğal nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın zəbt edildiyini, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasətinin həyata keçirildiyini deyən dövlət başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirib. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlət başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirib. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparılıb.
Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.
Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
Yel çərşənbəsi martın 12-də, İlaxır çərşənbə - Torpaq çərşənbəsi isə martın 19-u qeyd ediləcək.
Qeyd edək ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 01:58 radələrində baş verəcək.
Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.
"Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.
Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır.
Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb.
Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.
Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 9 nəfər (2017-ci ildə 5, 2016-cı ildə 5), 18-24 yaşlı 1734 nəfər (2017-ci ildə 1566, 2016-cı ildə 1447 nəfər), 25-29 yaşlı 4367 nəfər (2017-ci ildə 4225, 2016-cı ildə 4076), 30-34 yaşlı 4722 nəfər (2017-ci ildə 4 463, 2016-cı ildə 4239), 35-39 yaşlı 4841 nəfər (2017-ci ildə 4657, 2016-cı ildə 4542), 40-44 yaşlı 3856 nəfər (2017-ci ildə 3 707, 2016-cı ildə 3670), 45-49 yaşlı 3581 (2017-ci ildə 3408, 2016-cı ildə 3313), 50-54 yaşlı 3078 nəfər (2017-ci ildə 2 891, 2016-cı ildə 2818), 55-59 yaşlı 2405 nəfər (2017-ci ildə 2275, 2016-cı ildə 2266), 60-64 yaşlı 1865 nəfər (2017-ci ildə 1 875, 2016-cı ildə 1931), 65 yaşdan yuxarı isə 974 nəfər (2017-ci ildə 1062, 2016-cı ildə 1142) narkotik istifadəçisi var.
Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmayıb.
Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən - tiryək, heroin və kokosdan istifadə edirlər.
Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı doğum evində olub.
"Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva doğum evindəki palataları gəzib, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlanıb, uşaqların sağlam böyümələrini arzulayıb.
120 çarpayıdan ibarət tibb müəssisəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunub. Doğum evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.
Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verilib. Hazırda 2 saylı doğum evində 70-dən çox yeni dünyaya gələnlərdən 3-ü küvəzdə saxlanılır.
Tibb müəssisəsində 398 işçi çalışır.
Qeyd edək ki, bu doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.
13:00
Bakıda körpünün üzərində “Renc Rover” avtomobili aşıb.
Axar.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində “Qələbə” dairəsindən “Dərnəgül” istiqamətində gedən körpüdə baş verib.
Hadisə zamanı ölən və yaralanan olmayıb.
Bakıda 55 yaşlı kişi qətlə yetirilib.
Report xəbər verir ki, paytaxtın Nizami rayonunda 41 yaşlı Adil Qazıyev tanışı 1964-cü il təvəllüdlü Fərzalı Nəzirovu bıçaqlayaraq öldürüb.
A.Qazıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son zamanlar sosial şəbəkələrdə saxta profillər vasitəsilə demədiyim sözləri adıma çıxarırlar. Guya mən demişəm ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda zəlzələ daha çox olurdu, amma indi belə deyil və yaxud da dövlət bayrağının üzərindəki ulduz və gerb götürülsün, Heydər Əliyevin şəkli qoyulsun. Səviyyələri və savadları çatmır ki, inandırıcı şeylər yazsınlar. Bunların hamısı yalandır.
Bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Hakim Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi olduğunu xatırladan deputatın sözlərinə görə, radikal müxalifət, başqalarının əlində alət olan qüvvələr təlimat alıblar ki, Elman Nəsirovu qaralayın, ləkələyin:
“Çalışırlar ki, bu yolla fəaliyyətimdən çəkindirsinlər, ictimai fikri əleyhimə yönəltsinlər. Amma bunların hamısı əhəmiyyətsizdir. İnsanlar həqiqəti görür, bilirlər ki, barəmdə yazılanlar həqiqətə uyğun deyil. Onlar yalan söylədikcə, böhtan atdıqca, fəaliyyətimi daha da gücləndirirəm. Bilirəm ki, işimiz haqq işidir. YAP-ın üzvü olaraq missiyamızı çox yaxşı bilirik, Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsi istiqamətində addımlar atırıq. Bilirik ki, satqın qüvvələrin niyyəti nədir... Onlar Azərbaycanda xaos, anarxiya yaratmaq istəyirlər. Bu istiqamətdə xaricdəki drijorların tapşırıqlarını yerinə yetirirlər. Təkcə məni deyil, digər ziyalıları, elm adamlarını, ictimaiyyət nümayəndələrini bu cür ləkələyirlər. Bizi heç kəs yolumuzdan döndərə bilməz, hədəflərimiz Azərbaycanı daha da gücləndirməkdir. Hazırda ölkənin inkişafı istiqamətində Prezident İlham Əliyev çox ciddi islahatlar həyata keçirir. Prezidentin siyasəti xalq tərəfindən müsbət qarşılanır. Biz də həmin siyasətin təbliğatçılarıyıq. Radikal müxalifət bizi buna görə hədəf seçir. Bütün hallarda kişi kimi mübarizə aparmaq lazımdır. Demədiyim sözü mənim adıma necə yaza bilərlər? Mənbəni göstərsinlər? Belə bir açıqlamanı hara vermişəm, harada yazmışam? Mənbə göstərə bilmirlər. Bu, kişilikdən tamamilə uzaq məsələdir”.
Deputat bu cür halların davam edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini qeyd edib:
“Bu cür hallar davam edərsə, hüquqi müstəvidə addım atacağam. Bəzi insanlar bilməlidir ki, insanların şərəf və layəqətini alçaltmaq olmaz, bunun cəzası var. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalar nəzərdə tutulub. Belə insanlar məsuliyyətə cəlb edilməlidir. Hiss olunur ki, cəza mexanizminin həyata keçirilməsi ilə bağlı boşluq var. Baxın, sosial şəbəkələrdə kim nə istəyir, yazır, təhqir edir, insanların şərəf və ləyaqətini alçaldırlar. Xaricdə bəzi şəxslər dövlət başçısını, ayrı-ayrı məmurları təhqir edirlər. Onların əsas silahı təhqir və böhtandır. Bunun üçün müəyyən addımlar atmaq lazımdır. Təsəvvür edin ki, həmin təhqir edənləri məhkəməyə versək, cəzalandırsaq, onlar şou yaradacaqlar. İddia edəcəklər ki, həmin şəxslər “siyasi məhbus”durlar. Bunun nəyi “siyasi məhbus” olur? Qaragüruhçu qüvvələrin sivil müstəvidə polemikaya girmək gücü yoxdur. Sadəcə, bədbəxt insanlardır...”
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 5-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.