metroda-gedishaqqi-artirilir

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

QSC-dən “Yol-xeber.az”a verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.

***

“Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil. Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.

“Bakı Metropoliteni” QSC metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.

İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq”, - qurumun yenilənmiş məlumatında bildirilib.

Qeyd edək ki, iddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi.



“İçərişəhər” stansiyasında sərnişin eskalatorda müvazinətini itirib və zamanında olunmuş müdaxilə sayəsində fəsad baş verməyib, xəsarət halının qarşısı alınıb. Yol-xeber.az" xəbər verir ki, Bu zaman eskalatorun fəaliyyətində qısa müddətlik fasilə yaranıb. Belə hallarda “Stop” açarının işə salınması qəfil təhlükələrin qarşısını almaq üçün vacib vasitədir.
Sərnişinlərimizin təhlükəsizliyi bizim üçün çox vacibdir.
Nazirlikdən qrip əleyhinə vaksinlə bağlı açıqlama

Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlik əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.



2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən təxminən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişinə xidmət göstərməklə rekorda imza atmışdı.

Yol-xeber.az" xəbər verir ki, Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmış qatarların xəttə buraxılması, yeni dayanacaqların istifadəyə verilməsi, bayram günləri və həftəsonları əlavə reyslərin artırılması və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi ilə əlaqədar olmuşdur. Bununla yanaşı, müştərilərə xidmətlərin təqdim edilməsi və müştərilərlə əlaqələrin qurulması sahələrində sürətli rəqəmsallaşma, eləcə də qatarların daxilində, stansiya və dayanacaqlarda modernləşdirmə və təkmilləşdirmə işləri də müştəri məmnuniyyətinin yüksəlməsinə xidmət etmişdir.

İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarlar sərnişinlərin mənzil başına daha rahat və təhlükəsiz çatdırılması məqsədilə 2024-cü ildə Bakı–Ağstafa–Bakı marşrutu üzrə istifadəyə verilib. Sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilib. Bundan başqa, ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.

Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyən ADY 2024-cü ildə Bakı–Balakən–Bakı istiqamətində sərnişindaşımanın bərpası üçün bütün hazırlıqlarını tamamlayıb, Yevlax–Balakən sahəsində dəmiryol infrastrukturunda təmir işləri görülüb. 2025-ci il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Hər iki istiqamətdə hərəkət edən qatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatan olmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsə də turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkan verir.

Müştəri məmnuniyyətinin təmin edilməsi üçün sərnişindaşımada rəqəmsal həllərdən də geniş istifadə edilib. Əsas yeniliklərdən biri rayonlararası (şəhərlərarası) marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin göstərilməsinə imkan yaradılması olub. Belə ki, hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərək səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.

Bundan əlavə, ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında pulsuz “Wi-Fi” xidməti istifadəyə verilib. Sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə rayonlararası marşrutlar – Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz “W-Fi” xidməti aktiv edilib, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim olunub.

2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq ötən il yüklənmə sayı 172 mini ötüb. 2024-cü ilin sentyabrdan tətbiqinə başlanılan loyallıq proqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradıb. Belə ki, gedişlər üzrə 3% “cashback”, eləcə də qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanılması kimi bir sıra funksiyalar mobil tətbiqdən istifadəni populyarlaşdırıb. Həmçinin 2024-cü il 1 noyabr tarixindən rayonlararası (şəhərlərarası) marşrutlar üzrə dinamik qiymət siyasətinə keçilib. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana bilirlər.

Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə Abşeron dairəvi üzrə stansiyalarda QR kod sorğu stikerləri yerləşdirilib.

Bilet kassalarında yeni nəsil pos-terminalların bilet satış sisteminə inteqrasiya prosesi testi aparılıb. Azərbaycan Dəmiryol Muzeyində bilet satış sisteminin və özünəxidmət köşkünün avtomatlaşdırılması işi yekunlaşaraq Abşeron dairəvi bilet satışı sisteminə inteqrasiya edilib.

Sərnişinlərin rahat səyahəti üçün Abşeron dairəvi dəmiryol xəttində də bir sıra yeniliklər tətbiq edilib. Bu marşrut üzrə səfər edən sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında turniketlərin sayı artırılıb, sərnişinlərin platformalara keçidi sürətlənib. Turniket sayı 28-dən 36-ya çatdırılmış Bakı Dəmiryol Vağzalında 1 dəqiqədə maksimum buraxılış gücü 750 nəfərdən 1000 nəfərə, turniket sayının 4-dən 10-a artırıldığı Koroğlu dayanacağında isə 108 nəfərdən 270 nəfərə yüksəlib.

Bütün bu addımlar sərnişindaşıma göstəricilərində yüksək artım tempinə zəmin yaradıb. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə təqribən 8,5 milyon nəfər təşkil edib. Yəni 2023-cü ildə olduğu kimi, ötən il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyondan çox sərnişin daşınıb. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib, 2023-cü ildə bu göstərici 30 min olub.

Hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. ADY əvvəlki illərdə olduğu kimi, ötən il də bütün sərnişinlərə bərabər səyahət imkanlarının yaradılması istiqamətində bir sıra işlər görüb. Buna misal olaraq autizmli şəxslərin cəmiyyətimizə inteqrasiyası üçün bir çox layihələr həyata keçirilib, qatar bələdçiləri həssas qruplarla davranış qaydaları barədə təlimlərə cəlb edilib. Həmçinin autizmli şəxslərin cəmiyyətə qazandırılması istiqamətində çalışan təşkilatlarla sıx əməkdaşlıq edilir, müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Bununla yanaşı, qatarlarda inklüziv səyahətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur. İstər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar Brayl əlifbasında təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.

Bütün bu işlərin görülməsində, mühüm irəliləyişlərin əldə olunmasında ADY-nin işçi heyətinin rolu əhəmiyyətlidir. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşlar yüksək keyfiyyətli xidmət göstərmək üçün etiket qaydaları, müştərilərlə davranış və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak ediblər.

Mütəmadi olaraq sərnişin yönümlü təşəbbüslərlə çıxış edən Azərbaycan Dəmir Yolları 2024-cü ildə də missiyasına sadiq qalaraq sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edib, xidmət keyfiyyətini yüksəldib.

 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yeni il tətilində sərnişinlərin təhlükəsiz, vaxtında və rahat səyahətinin təmin edilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Qeyri-iş günlərində ADY qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 885 nəfər sərnişinə xidmət göstərib.

Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub və 2239 nəfər sərnişin mənzil başına çatdırılıb.

Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunması məqsədilə hər iki istiqamətdə ümumilikdə 14 əlavə reys təyin olunub və bayram günlərində müvafiq marşrutla 10 416 nəfər sərnişin daşınıb.

Bundan başqa, ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Bu istiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 faizdən çox olması həmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. 3, 4 və 5 yanvar tarixlərində bu marşrut üzrə 578 nəfər sərnişinə xidmət göstərilib.

Ümumilikdə tətil günlərində ADY qatarları ilə rayonlararası istiqamətlər üzrə xidmət göstərilən 13 233 nəfər sərnişindən 5686 nəfəri əlavə təyin edilmiş 22 reyslə daşınıb.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişin daşınmışdı. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib. 2023-cü ildə bu göstərici 30 min idi.

 
Bayram günləri zəhərlənənlərin sayı açıqlandı – KTM

Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.

Bu barədə Mərkəzdən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Sabah intensiv yağış yağacaq - PROQNOZ

Azərbaycanda yanvarın 7-də havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

SOCAR bəzi dənizçiləri təxliyə edib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Məktəblərdə 1 həftə dərs olmayacaq

Məktəblilərin qış tətilinin vaxtı bilinib.

Ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonrakı günlər şənbə və bazara düşdüyünə görə ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 3-nə təsadüf edir.

Qeyd edək ki, hər il bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Bəzi yerlərə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkənin bəzi yerlərində arabir yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Balakəndə 3, Mingəçevir, Tovuz, Ceyrançöl, Oğuz, Gəncə, Qəbələ, Naftalan, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şəmkir, Cəfərxan, Neftçala, Şabran, Lənkəran, Cəlilabad, Ağdam, Xocalı, Xankəndi, Lerikdə 2, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 10, Quba, Qax (Sarıbaş), Şahbuzda 5, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Xınalıq, Altıağac, Şəki, Xaltan, Qusar, Qobustan, Sədərək, Naxçıvanda 1 sm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi güclənib, küləyin sürəti Goranboyda 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevir, Tərtərdə 18 m/s, Neftçala, Gəncədə 20 m/s, Şahdağda 19 m/s, Şirvanda 16 m/s-yə çatıb. Bu da sarı xəbərdarlığa uyğundur.

Balakən, Qax (Sarıbaş), Quba, Qusar, Xaltan, Qrız, Daşkəsən, Göygöl, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər lenti