![]() |
|
Anar Cəfərov Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Texniki Baxış Şöbəsinə rəis təyin edilib.
Unikal.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, A.Cəfərov bu təyinatadək BDYPİ-nin Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") rəisi olub.
Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti xəbər verir.
Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.
Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.
“Unikal” xəbər verir ki, xüsusi pul mükafatının məbləği 1500 manatdır.
Mükafat yalnız Prezident İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.
Könüllülər şəxsiyyət vəsiqələri ilə müvafiq bank filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.
Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.
Milli.az xəbər verir ki, bununla bağlı artıq gəlib evləri ölçüblər.
Bəs proses necə həyata keçiriləcək?
Vətəndaşların sözlərinə görə, hələ ki gəlib evlərə, əraziyə baxış keçirirlər, puldan, kompensasiyadan danışan yoxdur. Sakinlər bildirir ki, ilkin olaraq 18 evin sökülməsi nəzərdə tutulub.
Məsələ üzrə əmlak eksperti Elnur Fərzəliyev deyib ki, əmlak dövlət ehtiyacı üçün alınan zaman vətəndaşların torpaqları bazar qiymətinə uyğun olaraq dəyərləndirilməlidir.
Əgər həmin qiymət sakinləri təmin etməsə, bu zaman tərəflər arasında razılaşma necə olmalıdır?
Bu zaman vətəndaşlara 20 faiz artıq kompensasiya verilərək həmin ərazilərdən köçürülür. Əgər vətəndaş yenə də razı olmazsa, vətəndaş əmlakını özü qiymətləndirərək məhkəməyə müraciət edə bilər.
AYDA-dan bildirildi ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən həyata keçirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
“Report” xəbərə görə, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata - baba yurdlarına qayıdır.
Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.
Son illərdə ölkənin müxtəlif bölgələrində, həmçinin paytaxt Bakıda icra başçılarının “tikinti maqnatı” kimi fəaliyyət göstərməsi və bu sahədə qanunsuz addımlar atması ilə bağlı xəbərlər geniş müzakirə mövzusu olub. Qeyri-qanuni yollarla inşa edilən və satılan binalar həm əmlak bazarında neqativ təsirlər göstərib, həm də tikinti sahəsində qanunvericiliyin pozulması ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
Modern.az məlumatına görə, Bakıda icra başçılarının bina tikintisi ilə məşğul olmasına qadağa qoyulub. Artıq icra başçıları paytaxt ərazisində çoxmərtəbəli binaların, həmçinin həyət evlərinin tikintisi və satışı ilə məşğul ola bilməyəcəklər.
Bakı şəhərində qanunsuz tikinti hallarının qarşısını almaq məqsədilə yeni qaydaların tətbiq olunduğu bildirilir. Bu qadağa ilə paytaxt ərazisində qanunsuz tikintilərin azalması və tikinti sahəsində şəffaflığın təmin edilməsi məqsədinin güdüldüyü qeyd olunur.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar yerli icra strukturlarının fəaliyyətinə daha ciddi nəzarət ediləcəyini göstərir. Qərarın qəbul edilməsində ötən il təsdiqlənmiş Bakının Baş Planı da mühüm rol oynayıb. Baş Plan paytaxtın şəhərsalma qaydalarının nizamlanması, qeyri-qanuni tikintilərin qarşısının alınması və müasir şəhərsalma standartlarının tətbiqi məqsədi daşıyır. Bu sənəd çərçivəsində Bakı şəhərində tikinti sahəsində fəaliyyətlərin ciddi nəzarət altına alınması və şəffaflığın artırılması nəzərdə tutulur.
Ekspertlər deyir ki, icra başçılarının tikinti fəaliyyətinə qadağa qoyulmasının əmlak bazarına və şəhərsalma qaydalarına mühüm təsiri olacaq. Qeyri-qanuni tikintilərin azalması nəticəsində bazarda rəqabət mühiti sağlamlaşacaq.
Eyni zamanda tikinti sahəsindəki bu qərar şəhərin ümumi arxitekturasının Baş Plana uyğun şəkildə inkişafına töhfə verəcək və şəhərsalma qaydalarının daha dəqiq tətbiqinə imkan yaradacaq.
Bu dəyişikliklərin tikinti sektoru və əmlak bazarına nə kimi təsiri olacaq?
Onu da nəzərə çatdıraq ki, Prezident İlham Əliyev dəfələrlə şəhərsalma qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmadan heç bir binanın tikilməməsi barədə xəbərdarlıq etmişdi.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bakı şəhərinin ən son Baş Planı 1986-cı ildə təsdiq edilmişdi ki, artıq bütün tikililər ona uyğun olaraq inşa olunmalı idi. Lakin daha sonra Sovet İttifaqının dağılması, Birinci Qarabağ müharibəsi və digər amillər insanların böyük bir hissəsinin böyük şəhərlərə, xüsusən də Bakıya axın etməsinə səbəb oldu. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları və evlər demək olar ki, paytaxtın bütün infrastrukturunu alt-üst etdi və Bakı plansız şəkildə tikildi. 2018-ci ilə qədər çoxmənzilli binaların inşası ilə bağlı sərəncamları yerli icra hakimiyyətləri verirdi ki, 2018-ci ildən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yarandı və tikinti ilə bağlı, xüsusən də çoxmənzilli yaşayış binalarına dair bütün sərəncam hüquqları bu komitə tərəfindən təsdiqlənir. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları artıq yeni Baş Planın qurulmasına ciddi şəkildə problemlər yaradır və sıxlıq əmələ gəlir ki, bu da həmçinin insan sıxlığı ilə bərabər, avtomobillərin də hərəkətində ciddi problemlər yaradır. Tikinti işlərini həyata keçirən insanların böyük bir hissəsi vəzifəli şəxslər olub ki, onların himayədarlığı ilə Bakı şəhərində bu qədər pərakəndə çoxmənzilli yaşayış binaları plansız şəkildə tikilib”.
Ekspert qeyd edir ki, əksər hallarda hansısa tikinti sahibi görünməyən tərəf olur. Görünən tərəf sıradan bir şəxs, yəni icraçı direktor qismində görünür. İstər icra hakimiyyətləri, istərsə də digər böyük vəzifəli şəxslər adətən tikintilərlə bağlı bu cür addımlar atırlar. Tikintini maliyyələşdirən, yaxud digər icazələrin alınması həmin şəxslərin özləri tərəfindən aparılsa da, görünən tərəflər tam başqadır. Hazırda vəzifəli şəxsin böyük biznes fəaliyyəti ilə məşğul olması qanunvericilikdə qadağan olunduğu üçün onlar istər tikinti, istərsə də digər sahələrdə də görünməyən tərəf kimi çıxış edirlər. Təbii ki, gələcəkdə də bu cür hallar baş verə bilər, çünki həmin şəxslər rəsmi olaraq həmin şirkətlərdə görünmürlər, həmin şirkətləri yalnız və yalnız maliyyələşdirən və kənardan idarə edən şəxslərdir.
Ölkəmizdə tikinti ilə bağlı peşəkar şirkətlər mövcuddur və həmin peşəkar şirkətlər bu gün də fəaliyyət göstərirlər, lakin onların daha sürətlə quruculuq işlərində rollarının olması üçün xüsusən də tikinti şirkətlərinə müəyyən güzəştlər tətbiq olunmalıdır. Çünki Bakı şəhərinin Baş Planı təsdiq olunub və 2040-cı ilə qədər paytaxt Baş Planda əks olunan formada olmalıdır. Təbii ki, həmin söküntü və tikinti işləri, xüsusən də köhnə yaşayış məntəqələrinin sökülməsi və yenidən tikilməsi daha çox özəl sektor tərəfindən həyata keçirilir. Özəl sektorun bu işi daha sürətlə apara bilməsi üçün müvafiq sahəyə ciddi şəkildə dəstək olunması tələb olunur. Əks halda, paytaxtda mövcud olan yüzlərlə, hətta minlərlə istismar müddətini başa vurmuş binanın gələcəkdə sökülməsi gecikərsə, zəlzələ, sürüşmə və təbii fəlakət baş verəndə artıq paytaxt şəhərində çox sayda çoxmənzilli binaların uçub dağılması qaçılmaz ola bilər".
Bu gün Bakı-Sumqayıt qatarının Xırdalan stansiyasında sıxlıq yaranıb.
Sərnişinlərin “Qafqazinfo”ya bildirdiyinə görə, sıxlığa səbəb naməlum şəxsin qatar yoluna çıxması olub.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bu gün səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkətdə olan qatarın qarşısına Xırdalan istiqamətində qəfildən insan çıxıb: “Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əraziyə baxış keçirilən zaman həmin şəxs aşkar edilməyib.
ADY bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”.
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında fasiləsiz xidmət aparıldığını qeyd etməklə yanaşı, bir daha sürücülərə müraciət edərək onları dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Smartfonlarımızda nə saxlanılmaz. Əlbəttə ki, çoxlu SMS.
Bu SMS-lərdən bəziləri maliyyə təhlükəsizliyiniz üçün real təhlükə yarada bilər.
Bu SMS-lər fırıldaqçılar üçün xüsusi maraq kəsb edir, çünki onlar fırıldaqçılara istifadəçilərin şəxsi məlumatlarına giriş əldə etməyə imkan verir.
Nəticədə, təcavüzkar telefonunuzda ona lazım olan məlumatı əldə edərsə, pul oğurlaya bilər.
Ekspertlərin sözlərinə görə, şəxsi məlumatlarınız, o cümlədən maliyyə məlumatları, həmçinin smartfonunuzda saxlanılan login və parollar onu həssas edir.
Bu cür məlumatlar fırıldaqçıların əlinə keçərsə, pulsuz qalma riskiniz var.
Bunun qarşısını almaq üçün mütəxəssislər adətən qeydiyyat zamanı xidmətlər tərəfindən göndərilən parol və loginlərdən ibarət məlumatları smartfonunuzdan silməyi məsləhət görürlər.
Siz həmçinin şəxsi məlumatlarınızı, sənədlərin fotoşəkillərini və ya yazışmaları telefonunuzda saxlamamalısınız.
Sizə SMS vasitəsilə göndərilən şübhəli keçidlər daha böyük təhlükə yaradır.
Çox vaxt onlara klikləmək smartfon sahibinin pul itirməsi ilə başa çatır.
Buna görə də ekspertlər bu cür mesajları dərhal silməyi məsləhət görürlər.
Şəxsi hesabınıza daxil olmaq üçün çoxsaylı keçidləri olan SMS mesajları da potensial təhlükə yaradır.
Onların vasitəsilə fırıldaqçılar hesablarınıza giriş əldə edə bilərlər.
Biz onları silirik. Eləcə də banklardan hesab, onun qalığı, qalan vəsait və s.(lent.az)