![]() |
|
Bu il Azərbaycan Dəmir Yollarının qatarlarında sərnişinlərə pulsuz simsiz internet bağlantısı təqdim edilib.
Yol-xeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli "W-Fi" internet bağlantısı mövcuddur.
Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı-Balakən-Bakı reyslərini yerinə yetirəcək qatarlarda da aktiv ediləcək.
İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC TR 24028:2024 “İnformasiya texnologiyaları - Süni intellekt - Süni intellektin etimadı doğrultmasına dair icmal” və AZS ISO/IEC TR 24372:2024 “İnformasiya texnologiyaları - Süni intellekt (Sİ) - Sİ sistemləri üçün hesablama yanaşmalarının icmalı” dövlət standartları qəbul edilib.
Dövlət Xidməti xəbər verir ki, sözügedən dövlət standartları Sİ sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalar və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.
Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.
Bu barədə “Yol-xeber.az”a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır.
Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-də isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq.
"Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Yataq tipli qatarlarda sürətin oturaq tipli qatarlara nisbətən daha az olması bir neçə əsas amillə bağlıdır. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişsiz olması üçün sürət tənzimlənir ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlər rahat yata, istirahət edə bilsinlər. Bir məqamı da qeyd etmək lazımdır ki, sərnişinlərin mənzil başına daha tez, yəni gecə yarısı çatması onlara çətinlik yaradır. Belə ki, digər ictimai nəqliyyat növləri gecə saatlarında işləmədiyi üçün sərnişinlərin stansiyadan son mənzilə çatması çətinləşir", - deyə məlumatda qeyd edilib.
ADY bildirir ki, sürətə dəmiryol infrastrukturu və texniki avadanlıq da təsir edir: "Yataq tipli qatarlarda çəkisi daha ağır olan avadanlıqlar və komfort üçün nəzərdə tutulmuş yataq yerləri mövcuddur ki, bu da yüksək sürətə imkan vermir. Oturaq qatarlarda isə sürət əsas prioritetdir, çünki bu qatarlardan daha çox gündəlik iş və sürətli səyahət üçün istifadə olunur. Dünya təcrübəsində də yataq tipli qatarlarda sürət adətən daha aşağı olur, çünki bu xidmətin məqsədi rahat gecə səyahətinin təmin edilməsidir".
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır.
Xəzər TV- məlumat verir ki, söhbət təyyarələrdəki narıncı rəngli "qara qutu"lardan gedir.
Aviasiya məsələləri üzrə ekspert Tolga Özbek bildirib ki, bu qurğu iki əsas hissədən ibarətdir.
Ekspert deyir ki, "qara qutu" yüksək istiliyə, təzyiqə və su altında qalma şəraitinə davamlı materialdan hazırlanır. Bu cihaz, qəza yerlərində asan tapılması üçün narıncı rəngdə dizayn edilib.
Qeyd edək ki, qara qutu ekstremal şərtlərə 1 100 dərəcə istiliyə, 6 000 metr dərinlikdəki su təzyiqinə və güclü zərbələrə dözümlüdür. Əgər təyyarə suya düşsə, 30 gün ərzində suyun altında siqnal göndərə bilir və saniyədə mindən çox uçuş parametrini qeydə ala bilir.
Ətraflı süjetdə:
Yol-xeber.az" xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış sərnişin təyyarəsində həlak olmuş şəxslərin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaradılmış xatirə lövhəsini ziyarət edərək faciə nəticəsində həlak olanların xatirəsinə güllər düzüblər.
Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna təklif edilən yeni - 15-1-ci maddədə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə, səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara verilir.
Layihəyə əsasən, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi qeyd olunan halları təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edildikdən sonra təmin olunacaq. Bu zaman səfərbərlik üzrə hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanun ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında formalaşdırılır və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Həmin elektron qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının informasiya sistemindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunacaq. Eyni zamanda, Elektron Hökumət İnformasiya Sistemi tərəfindən vətəndaşa real vaxt rejimində qeyd olunan sənədin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat göndəriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
Onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.//APA
Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi) hərbi vəzifə sayılacaq.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Tibbi şəhadətləndirilmə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir.
Komitədə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşüləcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Eyni zamanda ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarında tibbi müayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.
Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.
Həmçinin Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir.
Dəyişikliklərdən bir də dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddi azalması ilə bağlıdır.
Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5. Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.
Əsasnaməyə digər dəyişikliklər də edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
"Minimum aylıq əmək haqqının 345 manatdan 400 manata çatdırılmasından dövlət sektoru üzrə 400 min nəfərə, özəl sektor üzrə 300 min nəfərə yaxın, toplam isə 700 min nəfər faydalanacaq".
Bunu açıqlamasında deputat Əli Məsimli "Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncamını şərh edərkən deyib.
Deputat bildirib ki, bundan əlavə Nazirlər Kabineti müəyyən etdiyi dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edəcək. "Bu əsasda Nazirlər Kabineti minimum aylıq əmək haqqının 400 manata çatdırılmasına uyğun olaraq Vahid Tarif Cədvəlinin yeni variantını hazırlayıb təsdiq edəcək", - o qeyd edib.
Deputat əlavə edib ki, Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib:
"Minimum aylıq əməkhaqqı artırılan zaman hökumətin təsdiq etdiyi 19 pilləli Vahid Tarif Cədvəli üzrə Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş büdcə təşkilatlarında çalışan işçilərin aylıq vəzifə maaşlarında artım baş verir. Bu dəfə də sosial, elm, müəyyən dərəcədə təhsil və səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. Hazırkı Vahid Tarif Cədvəlində 1-ci dərəcə üzrə maaş 345 manat, 5-i dərəcə üzrə-406 manat, 10-cu dərəcə üzrə-497 manat,15-ci dərəcə üzrə-607 manat,19-cü dərəcə üzrə isə 1125 manatdır. Gələn ilin yanvarında Nazirlər Kabinetinin qərarı ilə təsdiq ediləcək Vahid Tarif Cədvəlində 1-ci dərəcə üzrə maaş 16 faizə yaxın artıb 345 manatdan 400 manata çatdırılacaq. Vahid Tarif Cədvəlində 2-19-cu dərəcələr üzrə artımın dəqiq məbləğləri gələn il yanvarında məlum olacaq. Bununla belə təxmin etmək olar ki, maaşlar məsələn,5-ci dərəcə üzrə-406 manatdan 470 manata,10-cu dərəcə üzrə-497 manatdan 580 manatın altına,15-ci dərəcə üzrə-607 manatdan 700 manatın üstünə,19-cü dərəcə üzrə isə 1125 manatdan 1300 manatın üstünə çatdırılacaq.
Minimum aylıq əmək haqqının artımından toplam 700 min nəfər faydalanacaq".