Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - Qlobal reytinq

Global Terrorism Index 2025 açıqlandı - Azərbaycanın antiterror reytinqi artaraq dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəlib
“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib.

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlarlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.

bu-hefte-3-gun-isleyeceyik

Bu həftə 3 gün - 17, 18, 19 mart rəsmi iş günüdür.

Baş nazirin Qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir.

Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Azərbaycanda iş saatları nə vaxt dəyişdiriləcək?

Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi. Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.

Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.

Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Dövlət qurumları öz işini qurur"

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: "Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq".

"Qısa müddətdə şahidi olacağıq?"

Millət vəkili deyir ki, proqram həm nəqliyyat sektorunun inkişafı baxımından mühümdür, həm də bütövlükdə Bakı şəhərində tıxacın və sıxlığın aradan qaldırılmasına təkan verəcək: "Proqram bu ildən icra olunmağa başlanıb, iki aya yaxın vaxt keçib. Bu, uzun müddət deyil. Biz növbəti dövrlərdə bu proqram çərçivəsində kifayət qədər əhəmiyyətli və Bakının nəqliyyat infrastrukturuna təsir göstərəcək qaydaları müşahidə edəcəyik. Biz bütövlükdə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsinin qısa müddətdə şahidi olacağıq".

Proqramın məqsədi

Məlumat üçün bildirək ki, proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək. Proqram Bakı şəhərinin Baş Planına (2020-2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

"Bunun üçün vaxt lazımdır"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, iş qrafikinin dəyişməsi kompleks yanaşma tələb edir və bunun üçün vaxt lazımdır: "Bu, bir qərarla qısa müddətdə həll olunası məsələ deyil. İş qrafikinin dəyişdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bundan əlavə, bu dəyişiklik işəgötürənlərin rəyi əsasında həyata keçirilə bilər. Kollektivi çox olan iş yerlərində qrafikin dəyişdirilməsi şəhərdə tıxacların azalmasına səbəb ola bilər. 10-15 nəfərin işlədiyi müəssisələrdə bunu tətbiq etmək mümkün olmayacaq".

"Tıxac yaradan amillər araşdırılmalıdır"

Hüquq müdafiəçisi deyir ki, əvvəlcə əsas tıxac yaradan amillər araşdırılmalıdır: "Əsas tıxac yaradan müəssisələr məktəblər, universitetlərdir. Yay aylarında da insanlar işə gedir, amma nəqliyyatda problemlər qış aylarında olduğu kimi deyil. Səbəb təhsil müəssisələrinin tətildə olmasıdır. Qərar qəbul olunur, icraçılar hərtərəfli araşdırma aparıb, monitorinqlər keçirdikdən sonra addım atırlar. Bu məsələnin dərhal həll olunması mümkün deyil. Ola bilər ki, bir müddət sonra bu məsələyə qayıdılacaq".

Qayda pozan sürücüləri gözləyən ən ağır cəza hansıdır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr və inzibati cəzalar sürücülərin məsuliyyətini artırmaq və yol təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qanunvericiliyə əsasən, qayda pozuntusunun növü və ağırlıq dərəcəsindən asılı olaraq, sürücülər müxtəlif məbləğlərdə cərimə edilə və ya daha sərt inzibati cəzalara məruz qala bilərlər.

Bəs sürücüləri gözləyən ən yüksək və ən aşağı cərimə hansılardır? Ümumiyyətlə, sürücünün qayda pozuntusuna görə ala biləcəyi ən ağır inzibati cəza hansıdır?

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə bildirib ki, ən aşağı inzibati cərimə məbləği 10 manatdır və bu, müəyyən xırda qayda pozuntularına görə tətbiq edilir:

"Ən yüksək inzibati cərimə məbləği isə 12 min manatdır və törədilən qayda pozuntusunun xarakterindən asılı olaraq daha ciddi hallarda nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qayda pozuntusunun ağırlığından asılı olaraq nəqliyyat vasitəsinin idarəetmədən kənarlaşdırılma, habelə  hakim tərəfindən inzibati tənbeh növündə inzibati həbs, sürücülük hüququnun məhdudlaşdırılması haqda qərarlarda da qəbul olunur".

Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə münasibət bildirilib.

Qeyd olunub ki, Əmək Məcəlləsinin bir sıra maddələrində azyaşlı uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının tətbiq olunması müəyyən edilib.

Belə ki, Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaş yarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Məcəllənin 94-cü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı müəyyən edilə bilər.

İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Məcəllənin 244-cü maddəsinin tələblərinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir.

Eyni zamanda Məcəllənin 243-cü maddəsinin tələblərinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.

Bundan başqa, Məcəllənin 79-cu, 98-ci, 117-ci, 127-ci, 130-cu, 133-cü 211-ci, 240-cı, 242-ci, 245-ci və s. maddələrində əmək müqaviləsinin bağlanılmasında və xitam verilməsində, əmək şəraitinin təmin edilməsində və əmək münasibətlərinə dair bir sıra digər məsələlərdə azyaşlı uşağı olan qadınlar üçün digər güzəşt və imtiyazlar müəyyən edilib.

Həmçinin hökumətin yuxarıda qeyd olunan təklifə cavab olaraq o da bildirilib ki, hazırda Əmək Məcəlləsində dəyişikliklər edilməsi, habelə əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.

Həqiqi hərbi xidmətin müddəti ilə bağlı QƏRAR VERİLDİ

Alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.

Bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, müddətli həqiqi hərbi xidmətin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq ki, bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq.

Qeyd olunanlar nəzərə alınaraq sözügedən təklifin qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir.

DTX əməkdaşlarının maaşı ilə bağlı QƏRAR

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Eyni zamanda “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

sumqayiti-sarayla-birlesdiren-yeni-korpuden

Sumqayıtı Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün martın sonu - aprelin əvvəlində istifadəyə veriləcəyi ilə bağlı məlumat vermişdik.

“ Aznews.ws yeni körpünün görüntülərini paylaşıb.

Görüntülərdən də aydın olur ki, artıq körpüdə son tamamlanma işləri aparılır və istifadəyə hazır vəziyyətə gətirilib. Avtomobillər üçün açılmasa da, piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

Sözügedən görüntüləri təqdim edirik:

Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu cəsarət onda haradandır?

Son günlər sosial şəbəkələrdə və mediada geniş rezonans doğuran Musa Kılıç məsələsi getdikcə daha qalmaqallı məcraya yönəlir. Türkiyə vətəndaşı olduğu deyilən, özünü “uzman fizioterapevt” kimi təqdim edən bu şəxs barədə ortaya çıxan yeni faktlar cəmiyyətin haqlı qəzəbinə səbəb olub.
Səhiyyə Nazirliyində peşə ixtisasının tanınması üçün keçirilən imtahana qatılan Musa Kılıç tələb olunan keçid balını toplaya bilməyib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, ona yalnız akademik tanınma şəhadətnaməsi təqdim edilib. Bu sənəd isə Kılıça yalnız növbəti təhsil pilləsinə keçmək hüququ verir - yəni həkimlik fəaliyyətinə icazə vermir! Bəs o zaman sual yaranır: Musa Kılıç illərdir necə və hansı əsaslarla klinikalarda çalışıb?

Bakupost.az onunla bağlı sensasiya sayıla biləcək məlumat əldə edib.

Sayt xatırladıb ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Musa Kılıçın saxta sənədlərlə fəaliyyət göstərdiyini, buna baxmayaraq, il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdı. “Bundan sonra Musa Kılıçın fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlıları təhqir etdiyi səs yazısı yaydı və hamıya meydan oxudu. Bəs Musa Kılıç bu gücü haradan alır? Ümumiyyətlə, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına haradan başlayıb?

Kılıçın Azərbaycana ayaq açması onun gürcü əsilli zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Bundan sonra o, çalışmaq üçün müxtəlif klinikalara mürciət edib. Özünü peşəkər həkim kimi təqdim edən Musa Kılıça ilk qapını 2018-ci ilin axırında Bakı Bərpa Mərkəzi açıb. Amma o, burada uzun zaman işləyə bilməyib və bir neçə aydan sonra həmin mərkəzdən qalmaqalla ayrılıb. Daha sonra Musa Kılıç ARS Reabilitasiya Mərkəzində çalışıb, bir müddət sonra isə “İstanbul NS” klinikasına transfer olunub. Onun bu klinikada işləri pis getməyib, aylıq qazancı 40-50 min civarında olub. Sonradan elə bu qazanc üstündə rəhbərliklə arası dəyib və işdən uzaqlaşdırılıb. Bir müddət sonra isə o özünə “Medera Hospital”da yer edib. Bu günə kimi də həmin hospitalda fəaliyyət göstərir.

Maraqlıdır ki, adları çəkilən klinikalar onu işə qəbul edərkən ixtisasça həkim olduğunu təsdiqləyən sənədi niyə yoxlamayıblar? Tutaq ki, klinika rəhbərləri öz qazancları üçün buna göz yumublar. Bəs Səhiyyə Nazirliyi?

Yayılan videolardan, sənədlərdən də görünür ki, bu adam yüksək məbləğdə pul əldə edib. Görəsən, vergi orqanları bunu niyə görməyib? Və ən əsas sual: saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qopartdığı bir milləti niyə təhqir edir? Onda bu nifrət haradandır? Bu məqam üzərində düşünməyə dəyər. Məsələ ondadır ki, Musa Kılıç Türkiyənin Artvin bölgəsindədir. Bu bölgədə isə ermənilər çox yaşayır.

Biz indiyə kimi yalnız ermənilərdən bu cür davranış görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüb hər cür düşmənçilik ediblər", - sayt qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Musa Kılıç açıqlama almaq istəyən jurnalisti təhdid edərək, Azərbaycan millətini təhqir edib. Bununla bağlı yayılmış səsyazısında o, Azərbaycan xalqı barəsində ""gerizakalılar", necə “arsız millətsiz”, “qanınız pozuk” kimi ifadələr işlədib, azərbaycanlı jurnalist haqqında isə belə deyib: “Bir arsız öz vətənindən qaçıb, Amerika vətəndaşlığı alıb, oradan buradakı adamları ilə işbirliyi edir, siz də oturub ona alət olursunuz, rədd olun, şərəf yoxsulları”.

Bəs “Medera Hospital”ın rəhbərliyi bütün bunlara necə göz yumur? “Həkim”də bu cəsarət haradandır?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı olaraq, adıçəkilən klinika ilə əlaqə saxlayıb, mövqe almağa çalışsaq da, klinika rəhbərliyindən “sizinlə hüquqşünasımız əlaqə saxlayacaq” deyə cavab aldıq.

Eyni cavabı özünü Musa Kılıçın köməkçisi kimi təqdim edən şəxsdən də aldıq: “Vəkillərimiz sizinlə əlaqə saxlayacaq”.
Musa Kılıçın özü İnstagram səhifəsində yayılan səs yazısı ilə bağlı açıqlama yayıb. O, təhqiredici ifadələri diplomunun saxta olması ilə bağlı fikir səsləndirənlərə ünvanladığını deyib: “Haqqımda bəzi sənədlər paylaşıldı, amma sonradan gerçəklərin ortaya çıxmasına sevindim. Təəssüf ki, haqqımda doğru-dürüst araşdırılmayan məsələlər var.

Mən Bakıya insanlara daha yaxşı sağlamlıq xidməti göstərmək üçün dəvət edilmişəm. Azərbaycan xalqını öz xalqımdan heç vaxt ayırmamışam. Dövlətlərimi nə qədər sevdiyimi şəxsi səhifəmdən bilirlər. Bakıda qalmağımın səbəbi xalqın mənə olan sevgisi və inamıdır.

Mənə "rədd ol, get öz ölkənə", "saxtakar", "diplomsuz" deyənlər oldu. Yayılan səsyazısındakı ifadələrim həmin şəxslərə ünvanlanıb.

Daha bir məsələni qeyd etmək istərdim ki, Azərbaycana gəlməzdən əvvəl bir azərbaycanlı qızla evlənmişəm. Yəni evlilik seçimim azərbaycanlı bir qız olub".

Göründüyü kimi, o, sanki bu açıqlama ilə özünü təmizə çıxartmağa, Azərbaycan xalqına qarşı səsləndirdiyi alçaldıcı ifadələri ört-basdır etməyə çalışır.

Musa Kılıç bundan sonra bütün paylaşımlarının şərh bölməsini bağlayıb.

O, həmçinin baş verən qalmaqaldan sonra səhifəsində Gürcüstanda təhsil aldığını, Türkiyədə isə uzmanlıq kurslarında iştirak etdiyini bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir. Lakin ictimaiyyət bu işin sonunun necə nəticələnəcəyini gözləyir.

Onu da əlavə edək ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma hallarına görə əsasən cərimələr tətbiq olunur. Bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq edilir.

Amma sual açıq qalır: Musa Kılıç sadəcə cərimə ilə canını qurtaracaqmı?



ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 mart tarixində bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edir.
Yol-xeber.az" xəbər verir ki,   Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün Bakıdan və Ağstafadan səfər edə bilərsiniz.
 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Xəbər lenti