Rusiya Balkanlardakı vəziyyətdən narahatdır.

Axar.az xəbər verir ki, bunu Yunanıstanın “Efimerida ton sindakton” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Balkanlardakı vəziyyət narahatlıq yaradır. Biz görürük ki, NATO və AB regionun mənimsənilməsi üçün təzyiqlərini gücləndirirlər” – deyə o bildirib.


Dekabrın 12-də Heydər Əliyevin vəfatının 15 ili tamam olacaq.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, “Moskva-Baku” portalı Azərbaycanın ümummilli lideri, dövlət xadimi Heydər Əliyevə həsr edilmiş müsahibələr silsiləsini təqdim edib.

Heydər Əliyevi tanıyan məşhur siyasətçilər, həmkarlar və insanlar onun insani və rəhbər keyfiyyətlərindən danışırlar.

Moskvanın sabiq meri Yuri Lujkovun Heydər Əliyev haqqında xatirələrini oxucuların diqqətinə çatdırırıq.

Heydər Əliyev haqqında söz

Böyük insan Heydər Əliyev haqqında təsirli xatirələrimə başlamazdan əvvəl sevimli ölkəmin – Azərbaycanın vətəndaşlarını salamlamaq istəyirəm: “Salam, əziz Azərbaycan dostlarım!”

Demək istərdim ki, Heydər Əliyev postsovet məkanında görkəmli simalardan idi. Mən uzun illər sənayedə çalışmışam, uzun illər Sovet İttifaqı hökumətinin ali dövlət orqanları ilə qarşılıqlı əlaqədə olmuşam və Heydər Əliyevi sovet dövründən tanıyıram.

Heydər Əliyev haqqında çox şey danışmaq olar və onsuz da düşünürəm ki, bu obrazı açmaq üçün vaxt çatmaz – Heydər Əliyev çoxşaxəli insan obrazına, nadir şəxsi keyfiyyətlərə və bacarıqlara, böyük, dərin dövlətçilik təfəkkürünə malik idi.

Bu insan yalnız ixtisası üzrə təhlükəsizlik məsələləri ilə çox məşğul olan bir şəxs kimi deyil, həm də iqtisadi menecer kimi unikal potensiala sahib idi. Bilirdim ki, Heydər Əliyev əsas təhsilini mülki sahədə alıb. Onun memarlıq və iqtisadiyyatdan yaxşı başı çıxırdı. O, həmin illərdə işlədiyi rəngsiz hökumətdə çox görkəmli bir şəxs idi.

Sovet hökumətində işlədiyi beş il müddətində Heydər Əliyevin potensialına, onun hamını heyrətləndirən yaddaşına, təfəkkürünə müraciət edilib. O, dövlətin inkişafına, ölkənin iqtisadiyyatının inkişafına kömək edirdi.

Demək lazımdır ki, yeni zamanlar onun üçün faciəli dövr idi. 20 yanvar 1990-cı il... Bu hadisələr Heydər Əliyevi çox narahat edirdi. Onlar onun şəxsiyyətinə və baxış sisteminə, prinsip və məqsədlərinə təsir etdi, bu hadisələr onun Sovet İttifaqı rəhbərliyinə, ilk növbədə Mixail Sergeyeviç Qorbaçovun bacarıqsızlığına qarşı etirazına səbəb oldu.

Sovet rəhbərliyi, Mixail Sergeyeviç Qorbaçov bu problemi həll edə bilmədi və ya istəmədi, çox güman ki, bu, onların dövlət vəzifələrini həll edə bilməməsindən irəli gəlirdi, bu vəziyyəti düzəldə və qan tökülməsini dayandıra bilmədilər.

Heydər Əliyev bu hadisələrdən dərin narahatlıq keçirirdi, o, bunu dəfələrlə mənə deyib və onun narahatlıqları nəticəsində Heydər Əliyev 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Bu qərar o zamankı dövlət rəhbərliyinin apardığı siyasətə qarşı güclü etiraz idi. Daha sonra Sovet İttifaqı dağıldı və Azərbaycan müstəqil dövləti formalaşdı.

Bütün bunlar çox çətin və qarışıq siyasi və iqtisadi şəraitdə baş verirdi. Elçibəy meydana çıxdı. Onunla görüşmüşdüm və xatırlayıram ki, Elçibəyin mənimlə tərcüməçi vasitəsilə danışması məni heyrətləndirmişdi.

Mən Azərbaycana ərzaq məsələlərini həll etmək üçün gəlmişəm... Bu, Elçibəy tərəfindən lazımsız və lüzumsuz idi. Azərbaycan xalqı onu dövlət rəhbəri kimi qəbul etmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı. O, hakimiyyətə xalqın tələbi ilə qayıtdı.

Bundan sonra Heydər Əliyevin hakimiyyətə qayıtması ilə qısa zamanda ayağa qalxan Azərbaycanda mənim çoxlu görüşlərim oldu. Nəyin sayəsində? Heydər Əliyevin müdrikliyi sayəsində... O, strateq idi, düzgün başa düşürdü ki, iqtisadiyyatı inkişaf etdirmək lazımdır, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır və bunlar nəticəsində sonradan ərzaq üçün, xalqın həyatı, tikinti, sənaye üçün və hər şeyin inkişafı üçün pul qazanma imkanı yaranacaq.

Mən Heydər Əliyevin daha bir keyfiyyətindən danışmaq istərdim.

Heydər Əliyev xalqının insanı, millətinin lideri idi.

Heydər Əliyev Azərbaycanın inkişafı, suverenliyinin möhkəmləndirilməsi üçün çalışırdı və eyni zamanda, Rusiya ilə, Rusiya xalqı ilə əlaqələri heç bir halda itirmək istəmirdi. Xalqlarımız uzun illər birlikdə olub. Biz faşizmə qarşı birgə savaşmışıq.

İkinci Dünya Müharibəsi illərində Bakı bütün hərbi texnikaların yanacaqla təminatı məsələlərini həll edirdi. Almanlar hədər yerə Bakıya soxulub, neft mədənlərini ələ keçirməyə can atmırdı. Və bu gün biz birgə tariximizi yadımıza salmalıyıq. Əgər biz bir-birimizə nədəsə kömək edə biləriksə, onda bunu etməliyik.

Heydər Əliyev dəfələrlə bizim hakimiyyətimizin nümayəndələrini Bakıda keçirilən Moskva günlərinə dəvət edib. Və bu həmişə böyük qardaşlıq bayramı idi, Heydər Əliyev bu tədbirlərdə şəxsən iştirak edirdi.

Bu gün biz sizinlə böyük dövlət xadimi haqqında danışırıq. Mən Sovet İttifaqı dağıldıqdan sonra öz ölkəsinin inkişafı üçün işləyən bir və ya iki dövlət rəhbərinin adını çəkə bilərəm. Ancaq mənim yaddaşımda Heydər Əliyev “bir nömrə” olub.

Heydər Əliyev haqqında ölkə rəhbəri kimi danışan zaman biz onu şəxsiyyət, güclü iradəli, hər zaman irəliyə baxan insan kimi xatırlayırıq. Çünki belə də olmalıdır. Lider öz xalqını çağırdığı gələcəyi görməlidir. O, cəsarətli adam idi. Ancaq daha bir məqam olmasaydı, Heydər Əliyevin təsviri tam olmazdı.

Sizə Azərbaycanda çoxlarının bilmədiyi bir hekayəni danışmaq istərdim.

Heydər Əliyev gözəl ailə başçısı idi. Heydər Əliyev gənc yaşda həyatdan gedən həyat yoldaşını çox sevirdi. Moskvada işlədiyimiz vaxtlarda işdən bir neçə dəqiqəlik də olsa, sərbəst vaxt tapan kimi Novodeviçe qəbiristanlığına gedib, Zərifə xanımı yad edirdi.

Mən sizə daha bir hekayə danışmaq istəyirəm. Bunu təkcə mən və Heydər Əliyev bilirdi. Və ola bilsin ki, ailəsi və uşaqları da bilirdi. Mən onunla dostluq edirdim. O, məni Azərbaycana dəvət etdi.

O, prezident olanda mən görkəmli bir heykəltəraşın bu xanımın gözəlliyindən ilhamlanaraq hazırladığı büstünü tapdım. Heydər Əliyevin bundan xəbəri yox idi. Azərbaycana olan ilk səfərimdə bu büstü Bakıya apardım. Mühafizəçilərlə danışdım ki, qabaqcadan ona bu haqda heç bir məlumat verilməsin. Azərbaycan çayı içərək başladığımız müzakirəmiz sona çatanda o məni qonaq dəvət etdi.

Mənsə büstün olduğu yan otağa keçməyimizi xahiş etdim. Büstü gördükdə gözlərindən yaş axdı. O anda ağlayan şəxs təkcə bacarıqlı bir idarəçi deyil, həm də böyük ürəkli və həssas qəlbli bir insan idi. Mənim üçün bunların hamısı çox həyəcanlı idi. Və bu Heydər Əliyevdir, o, təkcə müdrikliyi, qüdrətli dövlət təfəkkürü ilə deyil, eyni zamanda, dərin hissləri – insanların taleyi üçün narahatlığı olan böyük insandır.

Onun xatirəsini təkcə onu tanıyan, onunla ünsiyyət quranlar deyil, həmçinin bizim xalqlarımız üçün əbədi olmalıdır. Belə insanlar keçmişə qərq ola bilməz, onlar tarixdə öz yerini tutmalıdır, onlar təkcə hansısa ölkənin ali rəhbərləri üçün deyil, başqaları üçün də nümunə ola bilər, onlar bütün sadə insanlar üçün nümunə olmalıdır.


6 il ərzində Çexiya əks-kəşfiyyatı bir nəfər də olsun casus aşkar edə bilməyib.

Axar.az xəbər verir ki, bunu “Barrandov” televiziyasında çıxışı zamanı Çexiya Prezidenti Miloş Zeman deyib.

“Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin 6 ildir hesabatlarını oxuyuram. Bu dövr ərzində burada heç olmasa bir rus və ya Çin casusun olmasıyla bağlı konkret məlumata rast gəlməmişəm.

Təhlükəsizlik və İnformasiya Xidməti Çexiyada islamçı terrorçuları axtaranda ölkədəki müsəlman icması məndə heç bir qorxu yaratmayıb. Bir müddətdən sonra hansısa icmanın imamı ölkə xaricinə qaçdı, onunla bağlı axtarış elan olundu və terrorizmə dəstəkdə ittiham edildi. Bununla belə bu informasiya xidmətin nə açıq, nə qapalı hesabatında yer aldı”, – deyə o bildirib.


ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyerti ölkəsinin BMT-dəki daimi nümayəndəsi təyin etməyə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Qeyd edək ki, ilin sonunda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli postunu könüllü şəkildə tərk edəcək.


Bu gün Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Axar.az xəbər verir ki, iclasda çıxış edən spiker Oqtay Əsədov 100 il əvvəl dekabrın 7-də Azərbaycan parlamentinin Bakıda ilk iclası olduğunu xatırladıb.

“Mən bu münasibətlə hər birinizi təbrik edirəm”, - deyə spiker bildirib.


Zatulin Rusiya Dövlət Dumasının üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O, erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

Spikerin sözlərinə görə, Zatulin erməni diasporunun maliyyələşdirdiyi MDB-nin adına institut yaratmışdı.

“Lazarev klubunun üzvü olan Eltseyev adında biri var. Mən həmin siyahıya baxan da burada ruslardan başqa, bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazarevin özü də ermənidir. Məsələ bizə aydındır. Belə cılız münasibətlərlə Rusiya-Azərbaycan münasibətlərini pozmaq mümkün deyil”, - spiker bildirib.

Oqtay Əsədov məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət etdiyini bildirib:

“Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.


Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qabaqcadan bəyan etdiyi kimi, Sankt-Peterburqda KTMT-yə üzv ölkələrin qarşılıqlı öhdəlikləri məsələsindən danışıb və qurumda təmsil olunan ölkələrdən gileylənib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Paşinyan bunu Rusiyanın erməni icması ilə görüşündə səsləndirib.

“Biz dəqiq cavab almaq istəyirik. Heç kim bizi günahlandıra bilməz ki, müttəfiqlik öhdəliklərinin hansısa müddəasını yerinə yetirməmişik” - deyən N.Paşinyan Ermənistanı “etibarlı müttəfiq” adlandırıb. Ardınca qeyd edib ki, təəssüf, biz bunu KTMT-dəki digər partnyorlarımız haqqında deyə bilmərik.

“Ona görə də biz deyirik: gəlin münasibətlərimizi aydınlaşdıraq, biz müttəfiqik, ya yox? Əgər müttəfiqiksə, onda biz öz öhdəliklərimizi yerinə yetirməliyik” - deyə, N.Paşinyan üzv ölkələrə xitabən şikayətlənib.

“Anlaşılmaz hərəkətlər”dən bəhs edən erməni baş nazir əvəzi ardınca “biz bilməliyik, kimə inana bilərik, kimə yox” söyləyib.

N.Paşinyan üzv ölkələri Azərbaycanı Qarabağ məsələsini silahlı yolla həll etməkdən daşındırmağa çağırıb.

Maraqlıdır ki, KTMT nizamnaməsinə görə, üzv ölkələrdən birinin ərazisinə hücum edildiyi halda müttəfiq ölkələrin dəstək verməsi nəzərdə tutulur. Dağlıq Qarabağ isə bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi göstərilib və burda antiterror əməliyyatları aparılacağı halda bunun heç bir ikinci ölkəyə aidiyyəti yoxdur. KTMT üzvləri də bu məqamı dəfələrlə dilə gətiriblər.

Buna baxmayaraq, N.Paşinyan müttəfiqlikdən sui-istifadə edərək, işğalı davam etdirməyi və Ermənistan silahlı qüvvələrinə aid ordunu bütün beynəlxalq mötəbər qurumların təkidini rəğmən, işğal edilən ərazilərdə saxlamağı hədəfləyir.

“Sual yaranır: KTMT bu alətdən istifadə edəcəkmi, ya yox? Bizim üçün bu, çox starteji məsələdir. Baş katiblik məsələsi isə ikinci dərəcəlidir, hətta 50-ci məsələdir. Qoy burada həmişə Belarus nümayəndəsi təmsil olunsun, ancaq bütün bunların müqabilində qarşılıqlı öhdəliklər yerinə yetirilsin” - Paşinyan KTMT-nin baş katibi postunda Belarus təmsilçisinin olacağı barədə Prezident Lukaşenkonun dediklərinə reaksiya verib.

Artıq məqsədinə nail ola bilmədiyini anlayan Paşinyan KTMT baş katibliyinə əhəmiyyətsiz məsələ kimi yanaşaraq, deyib ki, bizə belə formal statuslar lazım deyil:

"Bizə qarşılıqlı razılaşmalar və onların tam həyata keçirilməsi lazımdır”.

Maraqlıdır, Belarus və digər KTMT ölkələrindən Paşinyana hansı cavab veriləcək?


Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qazının qiyməti ilə bağlı Avrasiya İqtisadi İttifaqının sammitində yaşanan mübahisəyə görə Vladimir Putindən üzr istəyib.

Axar.az xəbər verir ki, Belarus lideri jurnalistlər qarşısında çıxışı zamanı baş verən xoşagəlməz olaya görə üzrxahlığını ifadə edib.

Qeyd edək ki, Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti zamanı Putin və Lukaşenko arasında mübahisə yaşanıb.

Lukaşenko görüş iştirakçılarının diqqətinə çatdırıb ki, Belarus qaz istehlakçıları üçün 1000 kub metr mavi qaz 130 dollara başa gəlir, Rusiya istehlakçıları üçün isə bu rəqəm 70 dollara bərabərdir.

Buna cavab olaraq Putin qeyd edib ki, əgər Belarus üçün qaza görə bazar qiymətləri tətbiq olunsa, onda onun dəyəri 1000 kub metr üçün 130 dollar yox, 200 dollar olar.

Rusiya lideri qazın qiyməti haqqında fikir mübadiləsini daha sonra bağlı qapılar arxasında davam etdirməyi təklif edib.


Müəyyən ölkələrin himayə etdiyi terror təşkilatları bu gün İrandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər.

Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

Onun sözlərinə görə, terror aktının məhz Çabaharda törədilməsi təsadüfi xarakter daşımır. İran hökuməti bu bölgəyə külli miqdarda sərmayə yatıraraq Azad İqtisadi Zona yaradıb:

“Terror aktından məqsəd ondan ibarətdir ki, ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi vəziyyət də gərginləşsin. İranın sərhədyanı regionlarında xaos yaratmaqla ölkəni parçalamağa çalışanların planları baş tutmayacaq”.

Xatırladaq ki, bu gün səhər saatlarında İranın Sistan-Bəlucistan vilayətindəki Çabahar şəhərinin polis idarəsi qarşısında terrorçu-kamikadze avtomobili partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.


Xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri, Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.

E.Məmmədyarov Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi görüşləri haqqında məlumat verib, həmin görüşün faydalı olduğunu, mövcud formatda intensiv, nəticə-yönümlü danışıqların yaxın gələcəkdə davam etdirilməsinin razılaşdırıldığını bildirib. T.Qreminqerin ATƏT-in nə kimi rol oynaya biləcəyi sualını cavablandıran nazir Azərbaycanın işğal edilmiş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib.

Görüşdə həmçinin Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub. E.Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib.

Tərəflər arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti