Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,38 ABŞ dolları, yaxud 0,88% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 43,08 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ölkəyə yeni London taksiləri gətirilə bilər

Bakıda London taksilərinin sayının artırılması nəzərdə tutulur.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, bununla bağlı işlər aparılır:

"Taksi parkının yenilənməsi müasir ölkəmizdə nəqliyyat sektorunun və Azərbaycan cəmiyyətinin prioritetlərindəndir. Bununla bağlı işlər aparılır".

Əlavə olunub ki, vətəndaşlar “1000” nömrəli Çağrı Mərkəzi və ya “Baku Taxi” mobil tətbiqi vasitəsilə xidmətdən istifadə edə bilərlər: "Taksilərdə gediş haqqı taksometr və ya mobil tətbiq vasitəsilə vətəndaşa təqdim olunur".

Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksilərindən hal-hazırda 50-i istifadəyə verilib. Avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində və “Azpetrol” yanacaqdoldurma məntəqələrində mövcud olan elektrik doldurma stansiyalarında, eyni zamanda, ev şəraitində də elektriklə təmin edilə bilərlər. Yeni taksilər smart konfiqurasiyalıdır və 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir. (Trend) 

Gələn il müdafiə və təhlükəsizlik xərclərinə 4 milyard ayrılacaq

2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılan xərc müəyyənləşib.

Bu sahənin ümumi büdcə xərclərində çəkisi 15,3 faiz həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik məsələləri ümumi dövlət xidmətlərindən ( 16,7 faiz ) sonra ayrılan xərclərdə ikinci yerdə durur.

Beləliklə, büdcədə bu sahəylə bağlı proqnozun 15, 3 faiz olduğunu nəzərə alsaq, xərclərin 4 milyarda yaxın olması gözlənilir.

Gələnilki büdcədən koronavirusa görə 600 milyon ayrılacaq

“COVID-19” pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilir ki, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Həmçinin “COVID-19” pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

İnflyasiya 3,1 faiz olacaq

Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilir ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3,0 faiz, sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.

Gələn il üzrə məzənnə 1.7 manat səviyyəsində götürülüb

Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.

Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilir ki, makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb. Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.

Bakıda əhali pullarını daha çox hara xərcləyib?

2020-ci ilin yanvar-iyun aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf ediblər.
Trend xəbər verir ki, vəsaitin 13,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,0 faizi elektrik malları və mebelin, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 10,2 faizi avtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ümumilikdə, hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,0 faiz azalaraq 10 milyard 233,7 milyon manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni səviyyəsindən 1,0 faiz azalaraq 10 milyard 222,8 milyon manat təşkil edib.

Beynəlxalq sərnişin daşımalarda tələb 92% azalıb

Bu ilin iyul ayında koronavirus pandemiyasının təsiri ilə beynəlxalq hava sərnişin daşımalarında tələb ötən ilin eyni dövrü ilə müqayisədə 91,9% azalıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

IATA-nın açıqlamasına görə, Şengen Bölgəsində uçuşların yenidən bərpa edilməsinin beynəlxalq tələbin artmasına kömək etdiyi, ancaq digər beynəlxalq bazarlarda iyun ayına nisbətən "çox az" dəyişiklik olduğu ifadə edilib.

“Əsasən hər 5 potensial sərnişindən 4-ü evdə qaldığı üçün aviasiya sənayesi hələ də iflic vəziyyətdədir”, - deyə qurumun baş meneceri Alexandre de Juniac bildirib.

Avstraliya iqtisadiyyatında 29 ildən sonra ilk yaşandı

Avstraliya iqtisadiyyatı COVID-19 pandemiyası səbəbindən 29 ildən sonra ilk dəfə resessiya dövrünə girib.

Avstraliya Statistika İnstitutunun açıqlamasına görə, şirkətlərin bağlanmasına və minlərlə insanın işsiz qalmasına səbəb olan koronavirus, mövsümi olaraq tənzimlənmiş ÜDM-in ilin ikinci rübündə əvvəlki dövrə görə 7.0% azalmasına gətirib çıxarıb. Proqnozlaşdırılan göstərici isə 6 % olub.

İqtisadi kiçilmə illik bazada 6.3% -ə çatıb. Analitiklər proqnozlarında isə 5.2%-lik azalma gözlənilirdi.

“Qlobal pandemiya və bununla bağlı görülən tədbirlər ÜDM-də 7 %-lik azalmaya səbəb oldu. Bu, 1959-cu ildə qeydiyyatın başlamasından bu günə qədər qeydə alınmış ən böyük 3 aylıq geriləmədir”,- deyə Avstraliya Statistika İnstitutunun Baş İqtisadçısı Brus Hokman bildirib.

Qeyd edək ki, iqtisadçıların proqnozlarına görə, pandemiya Avstraliyada bu il 184 milyard dollarlıq büdcə kəsrinə səbəb olacaq.

SOCAR-da kadr dəyişikliyi olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR-KBR” MMC-nin direktoru Alp Togay Kurum vəzifəsindən azad edilib.

Report xəbər verir ki, şirkətə rəhbərlik Rəşad Firudin oğlu Şabanova həvalə olunub.

Xatırladaq ki, “SOCAR-KBR” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.

Xəbər lenti