SOCAR-dan Aİ-92 benzini ilə bağlı

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var.
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi:
“Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət edəcək və bu il bu növ yanacağın idxalına zərurət yaranmayacaq”.

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekabr ayında ixrac edib:

“2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, biz benzini ixrac etmirik, çünki bütün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə artmış daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır”.

Zabrat-Pirşağı dəmir yolu tunelində işlər nə yerdədir?  - Açıqlama

Zabrat-Pirşağı dəmir yolu tunelində tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, bu günədək Abşeron dairəvi dəmir yolu boyunca 10 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişməsi ləğv edilib:

"Həmin ərazilərdə yeraltı tunel tipli avtomobil keçidləri inşa olunub. Hazırda inşası davam etdirilən əlavə 2 tuneldən birində işlər yekunlaşmaq üzrədir. Digəri isə Zabrat-Pirşağı dəmir yolu tunelidir ki, burada tikinti zamanı 70-dən çox ağacın köçürülməsi zərurəti yaranmışdı. Yaxın vaxtlarda həmin ağacların mövsümi köçürülməsinə başlanılacaq. Onu da qeyd edək ki, Zabrat-Pirşağı dəmir yolu tunelində aparılan tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir. Ağaclar köçürüldükdən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək". (Trend) 

Qusarda doqquz subartezian quyusu qazılacaq — SƏRƏNCAM Prezident İlham Əliyev Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Qusar rayonunun əhalisi 8999 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 9 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 630 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
FED uçot dərəcəsini sabit saxladı
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini sabit saxlayıb.

Qafqazinfo xəbər verir ki, bu barədə maliyyə nizamlayıcısının rəhbərliyinin iclasının yekunlarına dair məlumatında deyilir.

“Açıq bazar əməliyyatları üzrə Komitə federal fond üzrə hədəf aralığını 0-0,25% səviyyəsində saxlamaq qərarına gəldi”, - deyə məlumatda qeyd olunub.

Prezident Pirallahıda avtomobil yollarının yenidən qurulması ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Elektrik qatarlarında ilk dəfə gediş haqqını təmassız bank kartları ilə ödəmək imkanı

“Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır.

Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər.

Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.

«Visa şirkəti və bizim strateji tərəfdaşlarımız kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. VISA-nın vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doroş qeyd edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov məsələni şərh edərək bildirib“Biz dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstəririk. Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”.

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov həmçinin bildirib: “Ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır. Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq".

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib“Azərbaycan Beynəlxalq Bankı bir çox meyarlara görə Cənubi Qafqaz regionunun ən böyük maliyyə təşkilatlarından biridir. Bank Azərbaycanda və regionda nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Ölkəmizdə əksər innovativ bankçılıq texnologiyalarının tətbiqi məhz Azərbaycan Beynəlxalq Bankının adı ilə bağlıdır. Bank bu gün də müasir dünyanın yeni çağırışlarına cavab verən müştəri təcrübəsinin formalaşması məqsədi ilə innovasiyalara ciddi yatırımların qoyulmasına davam edir. Dəmir yolu nəqliyyatında təmassız bank kartlarından istifadə də tərəfdaşlarımızla birgə yaratdığımız uğurlu təcrübələrdən biri olacaq və müştərilərimizin rahatlığı və məmnuniyyətinə xidmət edəcək”.

Rumıniyada “SOCAR” brendi altında 50-ci YDM istifadəyə verildi
“Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü və “Neftçilər günü” peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti 50-ci yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

“Report”un məlumatına görə, yeni məntəqə xarici turistlərin və yerli sakinlərin daha çox səfər etdiyi, ölkənin əsas turizm mərkəzlərindən biri olan Sibiu regionunda açılıb. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 3-cü YDM-dir.

SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR YDM şəbəkəsini genişləndirməkdə davam edir.

“Bu ilin sonunadək Rumıniyada SOCAR yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırırıq. Bildiyiniz kimi, cari ildə bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. COVID-19 virusu dünya, o cümlədən, Rumıniya iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma buna baxmayaraq SOCAR Rumıniyada cari ilin ilk 6 ayını mənfəətlə başa vurub, 2020-ci il üçün qarşıya qoyulan strateji inkişaf planını da 100 faiz həyata keçirib” - deyə H. Kərimov əlavə edib.

“SOCAR Petroleum SA”nın İnkişaf departamentinin müdiri Dan Dumitraçe isə bildirib ki, hər bir YDM-də olduğu kimi, bu məntəqədə də müştərilərə benzin və dizel yanacaqları, həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb: “SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur. Hazırda SOCAR Rumıniyanın 24 regionunda “SOCAR” brendli məntəqəyə malikdir”.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.

Neft 39 dollardan satılır

Dünya birjalarında neft markalarının qiymətləri cüzi bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0.23 % artaraq bir barrelə görə 39.92 dollar olub.

WTI markalı neft isə 0.48 % bahalaşma ilə bir barrelə görə 37.51 dollardan satılır.

Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,39 ABŞ dolları, yaxud 0,95% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,50 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Prezident daha bir yol tikintisinə pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

1. Üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti