Asiyada Çin, Avstraliya, Yaponiya və Asiya-Sakit okean regionunun digər 12 ölkəsi dünyanın ən böyük sərbəst ticarət zonasını yaradıb.

Oxu.az xəbər verir ki, saziş Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) onlayn sammiti çərçivəsində Çin və Yaponiya daxil olmaqla, Asiya-Sakit okean bölgəsinin 15 ölkəsi tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, azaldılmış ticarət rüsumları tətbiq ediləcək.

Söhbət “Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq” (RCEP) azad ticarət zonasının yaradılması barədə razılaşmadan gedir.

Saziş on ASEAN üzvü olan ölkənin (Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland, Filippin) nümayəndələri ilə yanaşı, Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın nümayəndələri tərəfindən də imzalanıb.

Bu, Yaponiyanın Çin və Cənubi Koreya ilə eyni vaxtda bağladığı ilk sərbəst ticarət müqaviləsidir.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal edilib.

"Ölkə.Az"ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb.

ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 861,6 manata bərabər olub.

“Naxçıvan Muxtar Respublikasına quru yolla birbaşa reyslərin açılması gediş-gəlişi iki-üç dəfəyə qədər artıra bilər”.
Bunu oxu.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Azərbaycan vətəndaşları İranın ərazisindən keçməklə Naxçıvana gedirdilər. Bu zaman onlar dörd dəfəyə yaxın gömrük yoxlanışından keçirdilər. Bu zaman onlar Naxçıvana 12 saata çatırdılar.

Bunun qarşısını almaq üçün Azərbaycan lokal təkliflər verirdi. Nəticədə, 2019-cu ildə gömrük yoxlanışları iki dəfəyə qədər azaldı və bu yol səkkiz saata kimi azaldıldı. Təsəvvür edin, Azərbaycaın öz ərazisindən Naxçıvana gediş-gəliş olarsa, bu müddət qat-qat aşağı olacaq”.

Qeyd edək ki, 2019-cü ildə Bakı-Naxçıvan avtobus reysləri ilə 41 min 379 sərnişin daşınıb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,04 ABŞ dolları, yaxud 2,54% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 39,94 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankı 5 noyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Avronun məzənnəsi 1.9956, 1 türk lirəsi 0.2014, 1 rus rublu 0.0219, 100 İran rialı 0.0040, 1 gürcü larisi 0.5067 manatdır.

“Gələcəkdə işğaldan azad edilən torpaqlarda aqrar sahənin inkişaf etdirilməsi nəzərdə tutulur”.
Bunu Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda ilk aqrar siğorta mexanizminin fəaliyyətə başlamasına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı hesablamalara və fəaliyyət planlarının hazırlanmasına başlanılıb.

Nazir əlavə edib ki, Ermənistan Azərbaycanın mülki əhalisini hədəfə alır: "Bu xain hücümlar nəticəsində yüzə yaxın mülki şəxs həlak olub və yaralanıb. Yaralanan və ölənlər arasında xeyli sayda fermerlər də var. O cümlədən, fermerlərin evlərinə, təsərrüfatlarına, mal-qarasına külli miqdarda ziyan dəyib. Ermənistanın aqressiyası aqrar sahəyə mənfi təsir göstərir. Təmas xəttində yerləşən xeyli sayda mal-qara təlaf olub, yem ehtiyatları yandırılıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ermənistanın davam edən aqressiyası yüz mindən çox fermerin həyatına mənfi təsir göstərib".

"İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq".
Bunu Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.

"Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olub. Biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik, bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaq. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”, - deyə o, qeyd edib.

"İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq, Dağlıq Qarabağın inkişafına diqqət yetirməyib. Əslində isə Azərbaycan Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirib, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutub".
Bu barədə “Ölkə.Az”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının istehsalına görə keçmiş Azərbaycan SSR-nin ən qabaqcıl iqtisadi rayonlarından biri olub, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılıb: "Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılıb və ya talan olunub".

Məlumatda qeyd olunur ki, Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olub.

Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245,7 MVA olan 2 435 ədəd transformator olub.

Eyni zamanda, 2 000 kilometrlik qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilib.

İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastruktur daha dəqiq qiymətləndiriləcək.

"Dağlıq Qarabağ və ətraf regionlarda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial var", - Nazirliyin məlumatında deyilir.

Hidroenerji potensialı

Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kub metr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə olunur, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində üç iri su elektrik stansiyası mövcud olub ki, bu stansiyalardan biri “Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində Sərsəng su anbarı ilə birgə inşa edilmişdir. Stansiya hər birinin gücü 25 MVt olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin hündürlüyünə görə (125 metr) Sərsəng ölkədə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 mln kVt/saat olmuşdur. Stansiya 1993-cü ildən işğal altındadır.

Kompleksə lazımi texniki xidmətin göstərilmədiyini, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaq.

Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır. Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşən “Xudafərin” Su Elektrik Stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdır. Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilib. Qeyd etmək lazımdır ki, stansiyanın Azərbaycan tərəfində hər birinin gücü 50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.

Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “Qız Qalası” Su Elektrik Stansiyasının isə hər biri 20 MVt olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir.

“Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanmışdır, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

"Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.

2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir. Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq.

Günəş enerjisi potensialı

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kVt·st təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3 000-4 000 meqavattdır. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Külək enerjisi potensialı

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. “Globalwindatlas.info” platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 m/s-ə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavatt kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Geotermal enerji potensialı

Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3 093 m3 /gün, Şuşada isə 412 m3 /gün termal su ehtiyatları mövcuddur. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü müvafiq ərazilər düşmən işğalından tam azad olunduqdan sonra tədqiq ediləcək.

Daş kömür ehtiyatı

Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8,5 milyon ton daş kömür ehtiyatı var.

Azərbaycan dövləti torpaqları işğaldan azad edir. Azərbaycan əsgərinin ayağı dəyən torpaqların sakinləri də yaxın zamanda öz yurd-yuvalarına qayıdacaq. Ərazilərdə Azərbaycan hakimiyyəti də bərpa olunur. Bu məqsədlə Prezident İlham Əliyev oktyabrın 29-da fərman verib. Həmin sənədlər barədə qısa məlumatı diqqətiniz çatdırırıq.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmana əsasən, inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Komendantlıq Azərbaycan hakimiyyətinin yerli qurumu olaraq fəaliyyət göstərəcək. İşğaldan azad edilmiş rayonlarda yerli idarəetmə onlara məxsusdur. Fərmana uyğun olaraq, həmin ərazilərdə dövlətin bütün strukturlarının bərpası nəzərdə tutulub.

İlham Əliyev

Sənəddə müvəqqəti komendantlıqların fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələri açıqlanıb. Onlar mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını, aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanmasını, inventarlaşdırmanı, kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılmasını, saxlanılmasını, aşkar edilmiş sənədlərin uçotunun aparılmasını və sonrakı təhlil üçün mühafizəsini, hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsini təşkil edirlər. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə vəzifələrini yerinə yetirirlər. İşğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb. Fərmana əsasən, əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib: Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, yerli icra hakimiyyəti orqanları.


Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkil edilməsi də nəzərdə tutulub. Sənədə əsasən, bu işlər Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə həyata keçiriləcək. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə zəruri rabitə şəbəkəsinin qurulması, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunması nəzərdə tutulub. “Azərkosmos” ASC isə həmin ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir. İşğaldan azad olunmuş ərazilərdə kommunal infrastruktur da qurulacaq. “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirəcəklər. Eyni zamanda işğaldan azad edilən ərazilər əkinçilik üçün də yararlı torpaqlardır. Bu məqsədlə həmin ərazilərdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi nəzərdə tutulub.

Bu fərman əsasən Azərbaycan işğal edilmiş ərazlilərdə suveren hüquqlarını bərpa edir. Komendantlıq sakinlər yurdlarına qayıtması üçün bütün hazırlıq işlərini həyata keçirəcək. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından sonra ilk qayıdış 2016-cı ilin aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi işğaldan azad edildikdən sonra başladı. Bu, ilk qayıdış idi. Hərbi strateji əhəmiyyətə malik olan Lələtəpə 1994-cü il fevralın 11-12-də qızğın döyüşlər gedən ərazilərdən biri olub. Bu ərazinin azadlığı digər torpaqların da ermənilərdən təmizlənməsi üçün təkan verdi. İndi o yerlərə həyat qayıdıb.


Azərbaycan ordusu işğal altında olan digər torpaqları da düşmənin tapdağından xilas edir. Prezidentin fərmanı həmin ərazilərə həyatın qayıdışından xəbər verir. Fərman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının təsdiqlənməsi baxımından mühüm sənəddir. Bu həm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və həmin ərazilərdə suveren hüquqlarının bərpasının dünyaya bəyan edilməsi deməkdir. Fərmandan da göründüyü kimi, işğaldan təmizlənən ərazilərdə görüləcək çox işlər var. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra oradakı yaşayış evlərini və hökumət binalarını da dağıdıb. 30 il ərzində ermənilər həmin ərazilərdə yalnız hərbi obyektlər – istehkamlar, səngərlər, kazarmalar tikiblər. Odur ki, sənədə uyğun olaraq, işğaldan azd edilən torpaqlarda genişmiqyaslı tikinti işlərinin görüləcəyi nəzərdə tutulur. Prezidentin fərmanları torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha sübut edir. Dövlət başçısı imzaladığı fərmanla işğaldan qurtulan Qarabağda quruculuq işlərinin başladığını bəyan edib.

Qubadlıda aqrar, tikinti, emal və hasilat sənayeləri inkişaf etdiriləcək.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.

Bildirilir ki, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Qubadlı rayonu Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. Qeyd edilən iqtisadi rayon digər iqtisadi rayonlarla müqayisədə mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir.

Adətən, dağlıq relyefə malik mineral resursların istifadə olunduğu coğrafiyalarda turizm sektorunun potensialı daha az nəzərə çarpır. Buna baxmayaraq Kəlbəcər-Laçın iqtisadi rayonu mədən yataqları və turizm potensialı ilə unikal ahəngdarlığa malikdir.

Kəlbəcər və Zəngilan rayonu kimi, Qubadlı rayonu da bu zonada təbii yataqları ilə fərqlənir. Rayonda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qeyd ehtiyatların hər biri Kəlbəcər-Laçın iqtisadi rayonunu digər iqtisadi rayonlardan fərqləndirən əsas cəhətlərdəndir.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tufu, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) daşı xüsusi vurğulanmalıdır.

Qeyd etmək lazımdır ki, rayon ərazisində yerləşən əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur.

Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibində yer alan Qubadlı rayonu təbii ehtiyatlar cəhətdən  Cəbrayıl və Zəngilanla bir çox ortaq xüsusiyyətlərə malikdir. Hər üç rayonda yerləşən mişar daşı yatağı ölkəmizin tikinti sektorunda tələbin qarşılanmasında birbaşa rol oynayacaq.

Belə ki, iqtisadi rayonun tərkibində hasil edilərək sonra istehsal potensialına malik bir sıra tikinti sektoruna yararlı resurslar ölkəmizə həm də idxal edilir. Belə ki, iqtisadiyyatımızın inkişafında drayver roluna malik tikinti sektoru inkişaf etdikcə, tikinti mallarının bir hissəsinin idxalını da artırır. Artıq Cəbrayıl, Zəngilan rayonlarından sonra, Qubadlı rayonunun da işğaldan azad edilməsi ilə tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılaya bilərik.

Rayon ərazisindən Bərgüşad, Həkəri çayları və onların qolları axır. Sözügedən çay suvarma və su elektrik stansiyası üçün əlverişlidir. Belə ki, Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olan iqtisadi cinayətkarlıq sözügedən çayların istismarı ilə də bağlıdır.

Belə ki, 2009-cu ildə inşasına başlanılan üç su elektrik stansiyası 2011-ci ildə fəaliyyətə başlayıb. Qarşıdakı müddətdə daha üç elektrik stansiyasına başlamaq niyyətində olan Ermənistanın arzusunu Azərbaycan ordusu xülyaya çevirdi.

Xüsusilə, sahəli mütəxəssislərin fikrincə, Qubadlı bölgəsinin su ehtiyatlarından istifadə ilə gücü təxminən 40 MGW olan su elektrik stansiyası tikmək mümkündür ki, bu Kəlbəcər-Laçın iqtisadi rayonunun böyük hissəsini su ilə təmin edə bilər. Bundan əlavə, su ehtiyatları vasitəsilə Dağlıq Qarabağın digər suya tələbatlı sahələrinin  inkişafı üçün böyük bir stimul ola bilər.

Sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu.

Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olub.

Nəticə etibarı ilə, Kəlbəcər-Laçın iqtisadi rayonunda yerləşən Zəngilan və Qubadlının işğaldan azad olunmasından sonra iqtisadi rayonun 50 faiz hissəsi Azərbaycan dövlətinin nəzarətinə keçib. Digər rayonlardan bir sıra iqtisadi üstünlükləri ilə seçilən bu zona Azərbaycanın iqtisadi və inklüziv inkişafında da ciddi rol oynayacaq.

Xəbər lenti