![]() |
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən istehsal edilə türkmən neftinin alınması üzrə tenderi udub.
Bu barədə “Ölkə.Az” “Argus media”ya istinadən xəbər verir.
Bununla da “SOCAR Trading” “Vitol” şirkəti tərəfindən Türkmənistanda 2017-ci ildən satın alınan neftin bir hissəsini portfelinə qaytarıb.
Bu tenderin nəticəsinə görə “SOCAR Trading” neft bazarının ENOC, “Vitol”, “Rosneft”, “Lukoil” və “Trafigura” kimi nəhənglərini ötüb.
Bazar iştirakçıları hesab edirlər ki, bu, Mahaçqala və Novorossiysk üzərindən tranziti azaltmaq hesabına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkmənistan xammalının tədarükünün artmasına səbəb ola bilər.
SOCAR-ın vitse-prezidentinin müavini Adnan Əhmədzadə “Report”a açıqlamasında sövdələşməni təsdiqləyib.
Məlumata görə, “Eni Türkmenistan” 2021-ci il ərzində hər ay 30-40 min ton “Okarem” nefti göndərməyi planlaşdırır.
Yanvar-noyabrda Türkmənistandan “Okarem” neftinin ixracı 341 min tonadək artıb. Ötən ilin eyni dövründə bu göstərici 310 min ton təşkil edirdi.
Bütün həcm “Transneft” sistemi üzrə Novorossiyskə nəql olunma məqsədilə tankerlərlə Mahaçqala istiqamətində nəql edilir.
Qarabağ Regional Elmi Mərkəzi və Qarabağ Universiteti yaradılacaq.
Bu barədə dünən keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.
Qeyd edilib ki, mərkəzin və universitetin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur.
Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.
Bu ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, yardım işğaldan azad edilən ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub.
Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir. Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.
Azərbaycan rəsmiləri yardıma görə minnətdarlıq ediblər.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,82 ABŞ dolları, yaxud 1,6 % azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 50,88 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli Trend-ə bildirib ki, artıq ərazinin asfalt örtüyünün vurulmasına hazırlıq görülür:
“Yolun asfaltlanmasına hazırlıq işləri başa çatmaq üzrədir. Yaxın günlərdə yolun asfalt örtüyünün vurulmasına başlanacaq. Ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. İki geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək”.
A.Nəcəfli deyib ki, Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb:
“Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı genişləndirilərək profilə salınır və yeni yol əsası inşa edilir.
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.
Nəzərdə tutulan asfalt-beton örtüyünün heç olmasa bir layı hava şəraiti nə qədər ki, buna imkan verir yola döşənəcək ki, artıq rahat şəkildə yoldan istifadə etmək mümkün olsun. Asfalt-beton örtüyünün növbəti laylarının artıq növbəti il hava şəraiti bu işləri görmək üçün əlverişli olan kimi döşənməsi planlaşdırılır. Amma bu müddət ərzində layihə boyu torpaq işləri, yol yatağının və yol əsasının inşası, suötürücü boruların quraşdırılması davam etdiriləcək”.
"Əlbəttə, biz əməkdaşlığımızı dərinləşdirmək arzusundayıq. Bilirəm ki, sizin səfərinizin gündəliyi olduqca genişdir. Biz ölkələrimiz arasında gözəl siyasi münasibətlərimizdən faydalanaraq iqtisadi əməkdaşlıq və daha çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyətə cəlb edilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik. Buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair böyük planlarımız da daxildir. Çünki bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var".
Bunu Prezident İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
"Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir. Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk", dövlət başçısı bildirib.
"Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi bu iki şəhərə səfər etməklə bağlı onların qərarı məni təsirləndirdi".
"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Bizim münasibətlərimizə gəldikdə, hesab edirəm ki, bunun gözəl gələcəyi var. Bu günədək biz siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğura nail olmuşuq. Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq. Bununla da Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaş olacaqdır. Bu, müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Bildiyiniz kimi, biz hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısını təşkil edirik və İtaliya hər zaman burada yüksək səviyyədə təmsil olunur. Həmin toplantıların sayəsində biz 3500 kilometr uzunluğunda boru kəmərini inşa etməyə müvəffəq olduq. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır", - dövlət başçısı bildirib.
Müharibə bitdikdən sonra Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin kankanları (kəhriz ustaları) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun Mirəşelli kəndinin ərazisindəki Şəmsi kəhrizində yarımçıq qalmış bərpa-təmir işlərinə başlayıb.
Nümayəndəlikdən verilən məlumata görə, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən səkkiz mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.
Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Bu layihə üç fərqli, lakin sıx əlaqəli yanaşma çərçivəsində həyata keçirilir. Bunlar kəhrizlərin bərpası və icmaların və kankanların bacarıqlarının artırılmasıdır.
Rusiya Azərbaycandan tomat və alma idxalına müvəqqəti qadağa qoyub. Rusiya tərəfi qadağa müddətini göstərmir.
Bu barədə Rusiyanın Kənd təsərrüfatına nəzarət “Россельхознадзор” qurumu məlumat yayıb. Məlumata əsasən Azərbaycandan Rusiyaya idxal olunacaq tomat, pomidor və almaya qadağa dekabrın 10-da qüvvəyə minəcək. Guya Azərbaycandan Rusiyaya idxal olunan adı çəkilən məhsullarda hansısa zərərverici aşkar edilib.
Qeyd edək ki, Azərbaycan Rusiyanın əsas bitki mənşəli məhsullarının idxalatçısı hesab olunur. Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən Azərbaycan 2019-cu ildə Rusiyaya 172,359 min ton (bu Rusiyaya idxal olunan ümumi tomat və pomidorun 30,9%-i deməkdir) ixrac edib. Bununla da Azərbaycan birinci yerdə olub.
Alma, armud və heyva ixracatına gəldikdə, Azərbaycan ötən il bu ölkəyə 91,113 kin ton meyvə ixrac edib ki, bu da Rusiyaya ixrac edilən meyvələrin 9,7%-ni təşkil edir. Azərbaycan Rusiyaya alma, armud, heyva ixracaatında Moldova, Serbiya və Argentinadan sonra 4-cü yeri tutur.
Tədbir COVID 19 pandemiyası şəraitinə uyğun onlayn formada təşkil olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.
Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunur.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası haqqında danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Diqqətə çatdırılıb ki, müvafiq vəsait Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.
Fərmana əsasən Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılıq, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi və daim yenilənməsi təmin ediləcək.
Vurğulanıb ki, Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər.
“YAŞAT” Fondunun bank rekvizitləri:
Azərbaycan Respublikası daxilində ianələr üçün
Manat hesabı: AZ76IBAZ38090019447968925204
Xaricdən göndərilən ianələr üçün:
USD hesabı: AZ66IBAZ38190018407968925204
EURO hesabı: AZ46IBAZ38190019787968925204
Rubl hesabı: AZ83IBAZ38190018107968925204